Kültəpədə yazılmış tarix
Birinci Kültəpə
abidələri Babək rayonunun ərazisində yerləşir.
Abidələr sübut edir ki, burada Eneolit, Mis, Dəmir
dövründə yaşayış yeri olmuşdur. 105 il
bundan əvvəl Kültəpədə kəşfiyyat
xarakterli tədqiqat işləri aparılmış, burada əldə
olunmuş maddi mədəniyyət nümunələrinin bir
qismi 1905-ci ildə Tiflisdəki Qafqaz muzeyinə verilmişdir.
1951-ci ildə isə Azərbaycan
Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları O.Həbibullayevin
rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat
işlərinə başlanmışdılar. Həmin vaxtdan
başlayaraq 13 il ərzində müxtəlif dövrlərə
aid dörd mədəni təbəqə aşkar
edilmişdir. Birinci təbəqə Eneolit dövrünə
aid (6-4-cü minillikləri əhatə edir) olmaqla 18 tikinti
qatı aşkar edilmişdir. Tikintilər dairəvi formada
çay daşları və möhrədən inşa
olunmuşdur. Araşdırmalardan aydın olur ki, insanlar evləri
qızdırmaq üçün, otağın mərkəzinə
qoyulmuş ocaqdan və ya gildən hazırlanmış
manqallardan istifadə etmişlər. I Kültəpədə
tədqiqatlar zamanı aşkar edilmiş binalar ölkəmizin
Somutəpə, Qoyrətəpə, Yanıqtəpə və
başqa abidələrin oxşarıdır. Həmçinin
burada 85 qəbir aşkar edilmişdir.
Müəyyən
olunmuşdur ki, dəfn edilən adamlar, əsasən
arxasıüstə uzadılmış və müxtəlif
istiqamətlərə yönəldilmişdir. Maraqlı
burasındadır ki, dəfn olunan adamın
başlarının altına daş, gil qab
qırığı qoyulması adətinə Azərbaycanın
ilk Tunc dövrünə (IV-III minilliklər) aid
kurqanlarında təsadüf edilmişdir. Qəbirlərin
ikisində itlə dəfn olunma adətinə rast olunub. Bu kimi
faktlar qədim Şumerlə Naxçıvanın arasında əlaqələrin
olması və müəyyən əhali qrupunun Mesopotamiyadan
gələrək burada məskunlaşdığını
sübut edir. Burada xeyli sayda daşdan toxa, çəkic,
toppuz, həvəng dəstələr, sümükdən
hazırlanmış biz, qaşov və sair alətlər
aşkar edilmişdir. I Kültəpə abidələri
içərisində keramikadan hazırlanmış boyalı
qablar xüsusilə diqqətəlayiqdir.
İkinci təbəqə
İlk Tunc dövrünə aiddir. Bu təbəqədə
Kür-Araz mədəniyyətinə aid müxtəlif maddi-mədəniyyət
nümunələri aşkar edilmişdir. Binalar dairəvi, bəzən
də düzbucaqlı formada tikilmişdir. Bu dövrün
maddi-mədəniyyət nümunələrinin bir qismi obsidion
(dəvə gözü) və çaxmaq daşından
hazırlanmış oraq dişləri, qaşov və sairə
alətlərdən ibarətdir. Əmək alətlərinin
az bir hissəsi mərgümüş
qarışığı olan tuncdan hazırlanmışdır.
Kültəpədə
aşkar olunmuş Kür-Araz keramikası 3 mərhələdən
keçmişdir. Birinci mərhələ keyfiyyətli
bişirilmiş boz və qara rəngli qablar, ikinci mərhələ
çəhrayı astarlı qara və boz rəngli
yaxşı cilalanmış qablar, 3-cü mərhələ
yüksək keyfiyyətlə bişirilmiş nazik divarlı
qara və boz cilalı qablarla müşahidə olunur. Gil məmulatlarının
içərisində ocaq qurğuları diqqəti cəlb
edir. Onların bir qrupu nal şəkilli formada olub, əvvəlcə
məişətdə, sonra isə sitayiş məqsədilə
istifadə edilmişdir. I Kültəpənin 3-cü təbəqəsi
Orta və Son Tunc dövrünə aiddir. Bu dövrə aid
tikinti qalıqları çox az aşkar edilmişdir. O.Həbibullayevin
fikrincə, bu dövrdə binalar əsasən dördkünc
formalı olmuş, çay daşından və kərpicdən
tikilmişdir. Bu təbəqədə aşkar edilmiş gil məmulatı
əsasən çəhrayı, bəzən isə boz və
qara rəngdə olmaqla yaxşı
hazırlanmışdı. 4-cü təbəqə İlk Dəmir
dövrünə aid edilir. Bu təbəqədə aşkar
edilmiş tapıntılar əsasən gil məmulatlarından
ibarət olub, çəhrayı və boz rəngdə
bişirilmişdir. Bu dövrə həmçinin boyalı
qablar da aiddir. Yazıdan aydın olduğu kimi, I Kültəpədən
aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin
qalıqları Eneolit dövründən başlayaraq İlk Dəmir
dövrünədək böyük bir tarixi mərhələni
əhatə edir.
Hüseyn Əliyev,
Naxçıvan
Mədəniyyət.- 2009.- 21 avqust.- S. 6.