Arxa plandan
ön plana
Oruc İzzətoğlu: "Bəlkə haçansa
böyük dalğa gəlib məni dənizə
qaytardı"
Müsahibim əməkdar
incəsənət xadimi Oruc İzzətoğludur. Bəlkə
də, çoxları fikirləşəcək ki, Oruc İzzətoğlu
kimdir. Əslində, sözün həqiqi mənasında bir
çox böyük layihələrə imza atıb. Xocalı
faciəsi haqqında böyük əzab-əziyyətlə
araya-ərsəyə gətirdiyi "Haray" filminin
adını çəkmək bəs edər. Ancaq nədənsə
müsahibimiz hər zaman arxa planda qalıb. Səhnələşdirdiyi
tamaşalar bu gün bir çox teatrın repertuarında layiqli
əsərlərdən sayılır. Bütün bunlar
haqqında onun öz dilindən eşitmək istədik.
- Oruc müəllim,
yaxşı olar ki, söhbətimizə tərcümeyi-halınızdan
başlayaq...
- 1949-cu ildə
Bakıda doğulmuşam. Təhsilimi 8 saylı internat məktəbində
almışam. Uşaq vaxtı atam rəhmətə getdi və
ailədə üç uşaq yetim qaldıq. Hərəmizi
bir internat məktəbinə qoydular. Çox böyük
çətinliklə birtəhər böyüdük. Bütün
bu əzablardan sonra ümidim var idi ki, hər şey
yaxşı olacaq. Məktəbi qurtarıb İncəsənət
Universitetinə daxil oldum. Sonra məşhur A.Efrosun rəhbərliyi
altında Moskvada ali teatr rejissorluğunu bitirdim. Elə həmin
dövrlərdə o vaxtkı Sankt-Peterburqun “Lensovet”,
Moskvanın "Malaya Bromnaya" teatrlarında təcrübə
keçdim. 1975-ci ildən peşəkar rejissor kimi fəaliyyətə
başladım.
- Məncə,
yaradıcılığınız bir teatrla bağlı
olmayıb?…
- Moskvada olanda mənə
təklif gəldi ki, qalıb orada işimi davam etdirim. Lakin həmin
il Azərbaycanın böyük rejissoru Tofiq Kazımov rəhmətə
getmişdi. Və teatrdakı boşluğu müəyyən
qədər doldurmaq üçün məni Bakıya dəvət
etdilər. Sonra məni göndərdilər Lənkəran
Dövlət Teatrına baş rejissor. Bir müddət orda
çalışdım. Sonrakı iş yerim Sumqayıt
Dövlət Teatrı oldu. Burda H.Cavidin "Afət" əsərini
səhnələşdirdim. Həmin vaxt tamaşa çox
böyük uğur qazandı. Bundan başqa bir neçə əsərə
də quruluş verdim. Müəyyən səbəblər
ucbatından işdən uzaqlaşdım. Akademik Milli Dram
Teatrında bir neçə tamaşaya quruluş vermişəm.
Sonuncu ən uğurlu tamaşam Mir Cəlalın "Dirilən
adam" əsəri əsasında hazırladığım
eyniadlı tamaşa oldu. Bu tamaşa həm teatr ictimaiyyəti,
həm də tamaşaçılar tərəfindən
çox sevildi. Bununla bağlı mənə çoxlu təbriklər
gəldi. Sanki teatra yeni nəfəs gəldi. Bütün
bunlar bir rejissor kimi məni çox sevindirir. Düzdü, bu
tamaşanı hazırlayana qədər çox əziyyətlər
çəkdim. Amma xoşbəxtəm ki, nəticə
yaxşı oldu. Eyni zamanda C.Cabbarlı adına İrəvan
Dövlət Teatrında Misir yazıçısı Tofiq Əl-Hakimin
"Karıxmış sultan" əsəri əsasında
"Hərraca qoyulmuş sultan" tamaşasını
hazırladım. İrəvan Teatrı ilə sonuncu işim
yeniliklərlə zəngin olan A.Babayevin əsəri əsasında
hazırladığım "Xilaskar" tamaşası oldu. Eyni
zamanda "Əzabkeş Zeynəb", "Diqqət, şəhərdə
manyak var" və s. tamaşaları da özümün
uğurlu işlərimdən hesab edirəm.
1995-ci ildə isə
Heydər Əliyev haqqında ilk bədii filmi-"Haqqa
doğru"nu çəkdim. İkinci filmim Xocalı faciəsindən
bəhs edən "Haray" oldu.
- Filmi izləmişəm.
Doğrudan da təsirli filmdir. Bilirəm ki, qışda
çəkilişlər aparmaq heç də asan deyil.
- "Haray" filminin
çəkilişləri çox
çətin oldu.
Təsəvvür edin ki, üç ay qış ərzində gecələr
çəkilişlər aparmalıydıq.
Nəticədə böyrəyim soyuqladı.
Həkim
mənə 10 günlük
möhlət qoymuşdu.
Əgər tələb olunan
tapılmasaydı, həyatımı
itirə bilərdim.
Psixoloji cəhətdən çox
pis vəziyyətdə
idim. Həyatımdan əlimi üzmüşdüm.
Düzdü, möcüzə sayəsində pul tapıldı, amma həyata ikinci qrup əlil kimi qayıtdım. Bunların nəticəsində romanım
ərsəyə gəldi.
Əsərdə bütün bu
hadisələri qələmə
almışam. İndi əsərlərimi
çap etdirmək istəyirəm.
- Nəyə görə
hansısa teatrda daimi olaraq işləmirsiniz?
- Sumqayıt
teatrından ayrılandan
sonra işsizəm. Nə qədər çalışsam da, heç yerdə birdəfəlik oturub işləməyə nail ola bilməmişəm,
neçə dəfə
müraciət etsəm
də... Amma mən heç
vaxt fəaliyyətmi dayandırmadım. Quruluş verdiyim
tamaşalar insanlar tərəfindən yaxşı
qəbul edilib.
Bunlara baxmayaraq, bir dəfə
də olsun heç bir teatrdan iş barədə təklif
almadım. Amma ümidimi hələ
də itirməmişəm.
Gözləyirəm.
- İndi dediniz
ki, əsərlər də yazırsınız.
Rejissorluq və yazıçılıq
bir-birinə mane olmur ki?
- Bəlkə də, bu söz bir
az bayağılaşıb,
amma belə cavab verə bilərəm ki, mən incəsənət
vurğunuyam. Heykəltəraşlıqdan başqa hər
şeyi bacarıram.
Tamaşalarımın çoxunda rəssam
işini özüm görmüşəm. Qaldı yazmağa,
mən uşaqlıqdan
yazıram. Maddi imkansızlıq
ucundan onları çap edə bilmirəm. Roman, povest, dram əsərləri
yazmışam və bunların bir çoxu yaşadığım
həyatda başıma
gələn hadisələrlə
bağlıdır. "Əlvida deməyə tələsmirəm" adlı
romanda bayaq dediyim kimi öz
həyatımı yazmışam.
- Bu yaxınlarda 60 yaşınız
tamam oldu. Kimlərdən təbrik aldınız.
Bu 60 ildə Oruc
İzzətoğlunun qazandıqları
və itirdikləri nə olub?
- Çox sağ
olun. Ən azından 60 illiyimi
yadıma saldığınıza
görə minnətdaram.
Təəssüf ki, heç
kimdən təbrik almadım. Bir-iki nəfər cavan
aktyor zəng etmişdi. Başqa heç kim.
Bu illər ərzində
çox şeylərlə
mübarizə apardım.
40 ildir gücüm
çatan qədər
çalışıram. Amma işsizəm.
Bircə təsəllim mən olmayanda daim yaşayacaq tamaşalarımdır.
Bu məni çox
sevindirir. Ən əsası keşməkeşli
həyatım 60 il mənə dözüm və səbirli olmağı öyrətdi. Gördüyüm pisliklərdən güc aldım. Bundan sonra da gücüm
çatan qədər
çalışacam. Mübarizə aparmaq üçün
gəlmişik bu həyata. Mənə belə gəlir
ki, söhbətimizi burada bitirsək yaxşı olar. Sonda fikrimi 8-ci sinifdə oxuyarkən gördüyüm
mənzərə ilə
bitirmək istəyirəm.
Uşaq vaxtı dənizi seyr edərkən görürdüm ki, iri ləpələr xırda balıqları sahilə atır. Balıqların çabaladığını görüb, onları ovcuma alıb suya atdım. Amma nə fayda,
mənim balaca ovcuma çox az balıq
yerləşirdi. Sahildəki balıqlar
isə çox idi. Mən indi özümü həmin balaca balıqlar kimi hiss edirəm. Bəlkə haçansa, böyük
dalğa gəlib məni dənizə qaytardı.
Xanım Cəfərova
Mədəniyyət.- 2009.- 21 avqust.- S. 7.