Bir təşəbbüsün iziylə
“Mədəniyyət” qəzetinin Mərdəkanda
Murtuza Muxtarovun ev-muzeyini yaratmaq təklifi maraqla
qarşılanır
Milli mədəni dəyərlərimizin,
tarixi keçmişimizin, əvəzsiz sənət nümunələrimizin
qorunub saxlanması və gələcək nəsillərə
çatdırılması üçün son illər
respublikamızda iri miqyaslı layihələr həyata
keçirilmiş, diqqətəlayiq işlər
görülmüşdür. Təsadüfi deyil ki, həyata
keçirilən hər belə tədbir xalqımızın
beynəlxalq miqyasda daha yaxşı tanınmasına, Azərbaycanın
ulu keçmişinə və zəngin mədəniyyətinə
olan marağı daha da artırır. İndi dünyada elə
bir ölkə yoxdur ki, orada muğamlarımızı dinləməsinlər,
xalçalarımıza heyran olmasınlar, milli sənət
nümunələrimizlə maraqlanmasınlar. Ölkəmiz həm
də tədricən turizm diyarına çevrilməkdədir.
Paytaxt Bakıda, eləcə də regionlardakı tarixi abidələrimiz,
arxitektura nümunələrimiz, nadir qalalarımız, zəngin
eksponatları olan muzeylərimiz respublikamıza gələn
qonaqları valeh edir. Lakin bu sahədə görülən
işlərin miqyası nə qədər böyük olsa da
görüləsi işlər də az deyil. Bu mənada “Mədəniyyət”
qəzetinin irəli sürdüyü təşəbbüs
az bir zaman ərzində böyük əks-səda doğurub.
Redaksiyamıza olunan zənglər, şifahi müraciətlər
qeyd olunan təşəbbüsün
aktuallığını bir daha sübut edir. Əlbəttə,
bu heç də təsadüfi deyil. Söhbət
xalqımızın tanınmış tarixi şəxsiyyətlərindən
biri, məşhur neftxuda və mesenat Murtuza Muxtarovun vaxtilə
Mərdəkan qəsəbəsində tikdirdiyi və sonralar
bolşeviklər tərəfindən müsadirə olunmuş
malikanəsinin ev-muzeyinə çevrilməsindən gedir.
Siz kimsiniz, cənab Muxtarov?
Murtuza Muxtarov kimdir? Müasir nəsil onun haqqında nə bilir? Onun ev-muzeyinin yaradılması doğrudanmı, bu qədər
vacibdir?
İlk öncə qeyd
etmək lazımdır ki, H.Z.Tağıyev, Ş.Əsədullayev,
M.Nağıyevdən sonra milli Azərbaycan
burjuaziyasının və neft sənayesinin ən görkəmli
nümayəndəsi məhz Murtuza Muxtarov olmuşdur. Onun adı daha çox Bakıda neft
çıxarılması texnologiyasının inkişafı
ilə bağlıdır. Ali texniki təhsili
olmasa da, neft maqnatları içərisində neft
yataqlarının sirrini və qazma işlərini mükəmməl
öyrənmiş bu azərbaycanlı balası qısa bir
zaman kəsiyində çox böyük uğurlar
qazanmış, neft sahəsində ən tanınmış
mütəxəssislərdən biri olmuşdur. Müasirləri
Murtuza Muxtarovun istedadını yüksək qiymətləndirmiş,
onun qədər məşhur, neft işini onun kimi dərindən
bilən ikinci bir sahibkarın olmadığını
demişlər...
Diplomsuz neft mühəndisi kimi şöhrət
tapmış M. Muxtarov Azərbaycanın neft sənayesi tarixinə
özünün ixtirası ilə daxil olmuşdur. 1895-ci
ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə
qazıma dəzgahını quraşdırmış və
bunun üçün dövlət patenti almışdır. O,
bu ixtirasına «Bakı qazıma sistemi» adı vermişdir. Həmin dəzgahın əvvəlkilərdən
üstünlüyü çox idi. Onun digər
ixtirası da vardır. 1890-cı ildə
yaratdığı «Podrat qazma» kontoru Bakının
Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft
rayonlarında neft quyularının qazılmasında
böyük rol oynamışdır.
M.Muxtarov həmçinin
tanınmış xeyriyyəçi, mesenat, daima
qurub-yaratmağa can atan, xarici ölkələrdə
gördükləri yenilikləri vətənində də tətbiq
etməyi özünün həyat amalı sayan
soydaşlarımızdan biri olub. Təsadüfi
deyil ki, onun bir əsr bundan əvvəl Bakıda tikdirdiyi
binalar bu gün də öz əzəməti, gözəlliyi,
yaraşığı ilə fərqlənir, müasir şəhərimizə
təkrarsız görkəm verir. Öz
dövrünə görə elm və texnikanın ən son
nailiyyətlərini öz ölkəsində tətbiq etmək
üçün milyonlarını əsirgəməyən
M.Muxtarov, həyatının sonuna kimi bu xeyirxah missiyasına
sadiq qalmışdır.
Arabaçı oğlu...
Murtuza Muxtarov 1857-ci ildə
Bakının Əmircan kəndində arabaçı ailəsində
anadan olub. Əmək fəaliyyətinə
də bu kənddə başlamışdır. O da Bakının bir sıra milyonçuları kimi
adi fəhlədən neft maqnatı səviyyəsinə
yüksəlmişdir. Uzun müddət
malakeşlik etdikdən sonra araba ilə neft
daşımış, xırda podratçılıqla məşğul
olmuşdur. Qara qızıl fontanları nəhayət
onun da üzünə gülərək, əlini milyonlara
çatdırmışdır. Murtuza təkcə
Bakıda yox, Maykop və Qroznı neft -mədən sahiblərilə
də müqavilə bağlayıb quyu qazırdı. Onun zavod və mədənlərlə, konstruktor
büroları ilə də texniki və işgüzar əlaqələri
vardı. Tez-tez Şimali Qafqaza gedirdi.
Burada Muxtarov çeçen generalı Tuqanovla
Liza xanımla Avropa səyahətinə
çıxan Muxtarovun qarşısında yeni bir həyat
açılır. Avropanı gəzib-dolanan
gənc milyonçunun dünyagörüşündə və
həyata baxışında mütərəqqi ideyalar baş
qaldırır. O, Venesiyada olarkən buradakı
binaların arxitekturasına valeh olur. Belə
binaları vətəni Bakıda da tikdirmək qərarına
gəlir. Vətənə qayıtdıqdan sonra
Bakıda cəmi bir il ərzində
(1911-1912) nəhəng bir saray inşa etdirir. Sarayın
sütunları, tağları, buta və gülləri, pəncərə
və qapıları, bəzək ornamentləri təkrarolunmaz
sənət əsərinə, memarlıq incisinə
çevrilir. Muxtarov bu binanın inşasına pul əsirgəmədiyi
kimi, onun memarı, ustalar da öz səy və əməklərini
əsirgəməyiblər.. Sarayın arxitektoru, məşhur polyak mühəndisi
Ploşko qotik üslubunda layihələşdirdiyi bu sarayı
məhz Muxtarovun arzusuna uyğun olaraq yaratmışdır.
Böyük zövq sahibi olan M. Muxtarov
xalqımıza əzəmətli binalar miras qoyub getmişdir.
Təkcə Bakı şəhərində, onun
ətraf kəndlərində deyil, habelə Rusiyanın şəhərlərində
və Avropanın bəzi guşələrində də onun
tikdirdiyi binalar bu gün də hamını valeh edir. Neçə-neçə bina məhz Muxtarovun
adı ilə bağlıdır. 1910-cu ildə
Əmircan kəndində tikdirdiyi məscid binası indiyədək
öz memarlıq quruluşu və əzəməti ilə
göz oxşayır.
“Abşeron möcüzəsi”
Muxtarov Bakının demək
olar ki, bütün xeyriyyə tədbirlərində
yaxından iştirak edir və maddi köməyini əsirgəmirdi.
Əsrin əvvəllərində M.Muxtarov
Mərdəkan kəndinin yarımsəhra və qayalıq ərazisində
gözəl bir bağ salmaq qərarına gəlir. Lakin
qumsallıq və əkin-biçin üçün
yararsız olan bu yerləri “gülüstana” çevirmək
elə də asan iş deyildi. Odur ki, Muxtarov vaxt
itirmədən buraya Lənkərandan münbit torpaq gətizdirir.
Tonlarla torpaq böyük bir əraziyə səpilir
və orada nadir ağaclar, bitkilər, çiçəklər
əkilir, quyular qazılır.
Az bir zaman ərzində
Muxtarov bu susuz ərazidə gülüstan yaradır. Həmin ərazidə bitkilərin sulanması
üçün arx düzəltdirir. Dünyanın
bir çox ölkələrindən bitkilər gətizdirir.
Bağın mərkəzində isə son dərəcə
yaraşıqlı bir bina tikdirən Muxtarov yenə də
memar Ploşkoya müraciət etmiş və bu bağ evini də
onun layihəsi əsasında inşa etdirmişdir. Deyilənlərə görə, bu bağ
sözün həqiqi mənasında cənnəti
xatırladırmış. Qədim dünyanın yeddi
möcüzəsindən biri olan “Semiramidanın asma
bağları”na bənzər nadir və təkrarsız
bir gözəlliyi M.Muxtarov doğma vətənində
yaratmışdır. Neçə-neçə
iqlimdən gətirilmiş nadir və təkrarsız bitkilərin,
güllərin, çiçəklərin hər kəsi valeh
edən bu bağı “Abşeron möcüzəsi” də adlandırmaq
olar.
Sonralar - 1965-ci ildə
adı dillər əzbəri olan bu bağ Azərbaycan Milli
Elmlər Akademiyasının Botanika İnstitutuna, daha sonralar
isə AMEA-nın dendrarisinə çevrilib. Dendrari yunan dilində işlənən “dendra”
sözündən götürülüb, mənası “nadir
ağaclar məskəni” deməkdir.
Maraqlıdır ki, bizi
valeh edən bir çox filmlər - “Arşın mal alan”, “O
olmasın, bu olsun”, “Qorxma mən səninləyəm”, “Dərviş
Parisi partladır”, “Başsız atlı” və sair məhz bu
bağda çəkilib.
Muxtarovun bağında S.Yeseninin
muzeyi
M.Muxtarovun 12 hektar sahəni
əhatə edən bağının ərazisində rus
şairi Sergey Yeseninin də ev-muzeyi vardır. 1924-1925 -ci
illərdə Bakıya gələn şair Bakı şəhər
partiya təşkilatının katibi Çaginin dəvəti
ilə məhz burada- Muxtarovun bağ evində
yaşamış, bir müddət bu yerlərdə yazıb
yaratmışdır. Nə qədər
paradoksal görünsə indiyə kimi burada M. Muxtarovun
ev-muzeyi yaradılmayıb. Muxtarovun bağ
evi isə bu günədək qapıları
qıfıllanmış halda saxlanmaqdadır. Biz orada olarkən öyrəndik ki, bağ evinin içərisinə
girməyə icazə verilmir. Binadan
konfrans zalı kimi istifadə olunduğunu öyrəndik.
Əslində buraya gələn insanları daha
çox cəlb edən, maraqlandıran əsas obyekt də məhz
M. Muxtarovun yaşadığı binanın interyeridir. İndiyə
kimi bu binanın muzeyə çevrilməməsi isə
tariximizə biganə münasibət olmaqla yanaşı
, həm də böyük ədalətsizlikdir. Milli mədəniyyətimizin nadir nümunələrini
daha yaxından öyrənmək, təbliğ etmək
üçün bağ evinin tezliklə Murtuza Muxtarovun
ev-muzeyinə çevrilməsinə böyük ehtiyac
vardır. Axı necə ola bilər ki, hələ sovetlər
zamanından bəri bağ evinə gələn qonaqlar
Yeseninin muzeyi ilə tanış olduqları halda , bu
mülkün əsl sahibi, milli mesenat, məşhur neftxuda,
adı tariximizlə bağlı olan M.Muxtarov kimi bir şəxsiyyəti
tanımasınlar. Əslində burada Muxtarovun
ev-muzeyini yaratmaqla biz həmçinin milli tariximizin ən zəngin,
ən maraqlı, ən keşməkəşli bir
dövrünün, neft Bakısının tarixini
yaşatmış və gələcək nəsillərə
çatdırmış olarıq. Bir
çox tarixi hadisələrin şahidi olmuş bu bağ
evində zəngin eksponatları olan məşhur bir muzey
yaratmağın vaxtı çoxdan çatıb.
“Mədəniyyət” qəzetinin
bununla bağlı irəli sürdüyü təşəbbüs
artıq geniş ictimaiyyət tərəfindən dəstəklənməkdədir.
İnanırıq ki, qəzetimizin bu xeyirxah və vətənpərvərliyə
söykənən təşəbbüsü tezliklə əlaqədar
təşkilatların diqqətini cəlb edəcəkdir.
C.Tağıyev
Mədəniyyət.- 2009.- 21 avqust.- S. 8; 9.