Yoxluğun təkcə gedişin deyil, Fərhad!
Fərhad Metesiz günlər...
Qazaxda “Gənc
Liderlərin Yay Universiteti” keçirilirdi. Doqquz günlüyə
Qazağa getmişdim. Nahardan sonra istirahət eləmək
üçün otelə qayıdanda gördüm ki, otaqda
qalmış mobil telefonuma Əsəd Nəsirli və Rəbiqə
Nazimqızı zəng eləyib. Rəbiqəylə
danışdım. Elə bildim ki, uşaqlar yenə bir yerdədirlər,
məni də həmişə oturduqları kafeyə
çağırırlar. Dedim “Çox sağ ol, Rəbiqə,
dəvət elədiyinə görə, amma gələ bilməyəcəm,
Qazaxdayam”. Rəbiqə “Fərhad ölüb” deyərək
telefonu söndürdü. Təkrar zəng elədim. Amma
bütün müqəddəs inanclara and olsun ki, hələ
bu ölümə inana bilmirəm.
Elə
bilirəm ki, Fərhad zəng eləyəcək və hal-əhval
tutacam.
- Nə
var, nə yox?
-
Yaxşıyam.
- Neynirsən?
Nə işlə məşğulsan?
- Heç,
Ağsuda qaralıram.
Və sonda
niyə zəng elədiyini bilib deyəcəm:
- Yarım
saat sonra Şirzadın kafesində olacağam.
Həyat
doğrudan da qəribədi, heç vaxt inana bilməzdim ki, Fərhadın
saytdakı şeirlərinin altından belə bir şərh
yazılacaq.
“Allah rəhmət
eləsin! ”
“Yoxluğun
təkcə gedişin deyil”, Fərhad. Yoxluğunun tərifi :
sənsizlik, səsinin eşidilməməyi, gülməməyin,
bizi axtarmamağın və daha yaza bilmədiklərindi...
“Bütün
acı xəbərlər gecə saatlarında gəlir” . Amma
sənin acı xəbərini gündüz aldım. Bir daha
inandım ki, poeziyanın bətnində “müqəddəs
yalan” var. Acı xəbərin zamanı olmur... olmur... olmur...
“Bir sabah
ayılıb görərsən ki, hər şey dəyişib,
yəni gördüyün kimi deyil nə varsa”. Bəli,
düz deyirsən, bir sabah ayılıb gördük ki, hər
şey dəyişib. Fərhad Mete yoxdur.
Bir
neçə gün əvvəl biz yenə “Araz” kafesinə
yığışdıq. Sən yox idin. Sənə zəng
etməyə heç kəsin gücü, bəlkə də,
cəsarəti çatmadı. İnsan hərdən çox
aciz olur, dost... İnsanın gücünü, taqətini
ağrı-əzab qədər heç nə əzmir, qamətini
əymir.
“Və bir
siqaret yandırıb xatırlayarsınız məni, mən
olmasam”. Hamımız səni xatırlayırıq. Siqaretimiz
olanda da, olmayanda da. Aramızda səni tapmırıq, səndən
zəng gəlmir, biz sənin ölümünü başa
düşə bilmirik. Anladıqca gözümüz daha da bərəlir,
dünyanı daha da iri görürük, amma sən o
böyük məkanda yoxsan. Təəssüf...
İki
ildir ki, Fərhadı tanıyırdıq, amma illərdir bir
yerdə olan dostlardan daha möhkəm bağlıydıq
bir-birimizə.
Fərhad deyərdi ki, həmişə tənha qalanda, darıxanda Salam Sarvanın bir şeirini yada salıram.
Mən öləndə buludlar göynən,
Yağışlar yernən ağlasın.
Dirimə ağlayan anam,
Ölümə eynən ağlasın.
Fərhad deyirdi ki, həmişə fəxr edirəm ki, Salam Sarvanı sağkən canlı-canlı görmüşəm. Hər dəfə dərsdən sonra Salam Sarvanın otağına gedib ədəbiyyat haqqında söhbət edərdik, Salam müəllimin vaxtı olmayanda salamlaşıb qayıdardıq. Bir daha Salam müəllimin otağına gedəndə Fərhad yanımızda olmayacaq. “Yoxluğun təkcə gedişin deyil”, yoxluğun bizim tənhalığımızdı, dost, tənhalığımız...
Heç vaxt unutmadığım bir xatirə var Fərhadla bağlı. Qış ayları idi. Fərhad qalın paltar geyinmiş və başına papaq qoymuşdu. Zarafat eləyərək dedim:
- Canına yaman baxırsan ha!
Gülümsəyərək dedi:
- Bütün ailəyə baxıram, mən olmasam, aclıq başlayar. Sənə nə var e.. öz əlün, öz başın.
Bir gün həmin hadisəni Anar Aminə danışdım ki, Fərhadla belə bir söhbətimiz oldu. Anarın gözləri doldu və ədəbiyyatın vəziyyətini söydü ki, istedadsızlar qaz vurub qazan doldururlar, Fərhad pulsuzluqdan... Sonra Fərhad üçün qəmləndiyimizi özünə də dedik. Fərhad yenə gülümsəyərək dedi:
- Mənim heç vecimə də deyil, mənim uşaqlarımın ikisi də xaricdə oxuyur.
Fərhad heç vaxt dərdə boyun əymirdi. “Dərdi bilərzik kimi qoluna dolayırdı”.
Vüsal Nuri, Tapdıq Türksoy, Rəbiqə Nazimqızı, İlham Çərkəz, Anar Amin, Fərhad Mete və mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə gənc yazarlar kimi görüş keçirirdik. Həmin gün Fərhada “Mədəniyyət” qəzetinin aprel nömrələrindən birində cap olunan “Diş” hekayəsinin qonorarını verdim. Sevindi, bu onun ilk qonararı idi. Gülümsəyərk dedi:
- Ədəbiyyatdan axır ki, xeyir gördük.
Həmin gün eşitdik ki, Azərbaycan Yazıçılar Birliyində “Ulduz” jurnalının aprel nömrəsində çap olunan Gənc Ədiblər Məktəbinin üzvlərinin dərc olunmuş yazılarına qonorar verirlər. ADPU-dan çıxandan sonra Yazıçılar Birliyinə gedib qonorarlarımızı aldıq. Fərhad gülümsəyərək İlhama dedi:
- Ta Ağsuya işləməyə getməyəcəm, bu gün iki yerdən qonorar almışam. Yazıb, pulumu qazanacam..
Bu şirin zarafatdan sonra hamımız Səlim Babullaoğlunun otağına “doluşduq”. Bir qədər söhbət elədik, Səlim bizi “Kopelhausda bir axşam” adlı bir layihəyə dəvət elədi. Elə pilləkənlərdən düşürdük ki, Elxan Zal Qaraxanlıyla rastlaşdıq. Həmin gün Elxan Zalın kitabının imza günü idi. Elxan Zal bizə kasıb şairlərə kitabını bağışladı. O günün də Şirzadın kafesində keçirdik...
Bir gün yenə Şirzadın kafesində oturub yemək yeyərkən Fərdad dedi ki, hekayə yazmışam yarımçıq qalıb, gətirib verim tamamla, çap olunsun. Doğrudan da, elə də oldu. “Kəpənək” adında hekayəni ikimiz yazdıq. Bu müqəddəs yadigarı, yəqin ki, ömrümdə unutmayacağam. Sonra yenə təklif elədi ki, mənim yarımçıq qalmış yazılarım var, gətirim bir qədər düzəlt, əlavə elə, ikimizin adından çap eləyək, vaxtım yoxdur, tamamlaya bilmirəm. Razılaşdım.. Hətta Rəbiqəylə roman yazmaq istəyirdilər. Fərhadla bağlı bütün arzularımız yarımçıq qaldı... İp qırıldı, arzular yarımçıq qaldı... indi yellənən həmin ipdən heç kəs yapışa bilmir...
Fərhadla bağlı o qədər xatirələr var ki, bu yazını yazanda hiss elədim ki, onun haqqında kitab da yazmaq olar. Fərhad özü dünyanın ən maraqlı kitablarından biri idi. Kitab haqqında kitab yazmaq asandı. Vay o şairlərin halına ki, onlar ancaq boş kağızdırlar, amma onlar haqqında kitablar yazılıb.
“Bir azdan ölüm dəyişəcək yerin, keçəcək divarın o tərəfinə.” Kaş belə olaydı, Fərhad, ölüm sənin həyat divarının o tərəfinə keçəydi, səndən uzaqlaşaydı, səni o əcaib qollarının arasına almayaydı. Kaş hər şey sənin şeirlərin qədər gözəl olaydı.
May ayında “Ulduz” jurnalında nəşr olunan Gənc Ədiblər Məktəbinin şair üzvləri haqqındakı yazımda qəsdən Fərhad Metenin şeirləri barədə sonda yazmışdım. Həmin məqalənin Fərhada aid hissəsi belə idi. “Və bu da son - Fərhat Mete “Ulduz”un ən qocaman şairi. Jurnalda əsas və dəyərli imza sayıb şeirini əvvələ salıblar. Mən yeməkdən sonra limonad içməyi sevirəm, çünki ağzımda ən son onun dadı qalır. Məhz ona görə də onun haqqında ən sonda yazdım. Fərhad haqqında yazmaq çətindi. Çünki onu oxuyarkən hər şey gün kimi aydın olur. O, nəyi necə və nə üçün yazdığını bilir. “Şairlərin ulduzu” adlı həmin məqalədə qeyd etmişdim ki, Fərhad Mete haqqında yazmaq çox çətindir. Onda heç ağlıma da gəlməzdi ki, Fərhad haqqında yazmaq bir zaman çətinlikdən əzaba çevriləcək.
Bir neçə gün öncə şairə Elnaz Eyvazlı ilə telefon söhbətində Fərhad haqqında danışırdıq. Elnaz xanım səsi titrəyə-titrəyə dedi :
- Fərhaddan soruşdum ki, oğlun necədi? Dedi ki, böyüyüb məni danlayır, deyir ki, ata, evə tez gəl.
Vüsal Coşqun Dəniz deyir ki, mən Fərhadın şeirlərindən sonra sevdim sərbəst şeiri.
Fərhad haqqında çox adamların fikrini yaza bilərəm.
Amma hamının bir fikri var: Ədəbiyyat çox dəyərli şairini, gənc yazarlarsa ən yaxın dostlarını itirdilər.
Sənin ölməyinə inanmıram, amma sənə rəhmət oxuyuram.
Özüm-özümü başa düşə bilmirəm.
Sən istəməzdin ki, biz bu qədər kədərli olaq, əfsus ki, biz sənin istədiyin kimi ola bilmirik.
Dərdi dillə demək olmur, bilmirsən “ah”mı çəkəsən, “təəssüf” eləyəsən, yaxud “kaş belə olmayaydı” deyəsən...
Fərid Hüseyn
Mədəniyyət.- 2009.- 21 avqust.- S. 13.