Misilsiz memarlıq incisi Təzəpir

 

Bütün Şərqdə nadir gözəlliyi ilə diqqəti cəlb edən, yaşı bir əsrdən çox olan Təzəpir məscidi..

Bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Təsadüfi deyil ki, Qafqaz Müsəlmanları İdarəsi məhz burada yerləşir. Bu əzəmətli tikilinin həm maraqlı tarixçəsi var. Bu tarix isə bir daha sübut edir ki, Təzəpir məscidi ziyarətgah timsallı memarlıq abidəsidir. Buranın müqəddəsliyinə tapınan insanlar zaman-zaman bu yeri ziyarət ediblər. Qəbrin itməsinə baxmayaraq həmin türbə bu günə qədər qorunub-saxlanılır. Müqəddəs türbəyə daxil olmaq üçün pilləkənlərlə məscidin altına düşmək lazım gəlir.

Ziyarətgahın tarixi olduqca qədimlərə, XIV-XV əsrlərə gedib çıxır. Tədqiqatçılar təsdiq edirlər ki, məscidin dərin suxur qatları altında mövcud olan türbəsi, zəmanəsinin görkəmli alimi övliyası Əbu Seyid Abdullaya məxsus olub. Ziyarətgahın yerləşdiyi məkan ötən əsrin ortalarına qədər "Xəlfədam" adı ilə tanınırdı. Hazırda isə bu yer Təzəpir məscidinin yerləşdiyi ərazidir. Zaman keçdikcə Əbu Seyid Abdullanın türbəsi dağıntılara məruz qalıb. Lakin pirin kəramətinə böyük etiqad göstərən insanlar onun tamamilə dağılmasına imkan verməyiblər.

Ziyarətgah zaman-zaman Bakı əsilzadələri tərəfindən təmir olunub. 1817-ci ildə sonuncu Bakı xanı Hüseynqulu xanın kürəkəni Qasım bəy məscidi əsaslı bərpa etdirib. İbadətgahın əsl tikintisi isə XX əsrin əvvəllərində başlayıb. Belə ki, məscidin əsaslı bərpasından təxminən 90 il sonra zəngin möminlərdən sayılan Nabat xanım Xocabəy qızı Aşurbəyli-Rzayeva birmərtəbəli məscid binasının yerində yeni ibadətgahın tikintisinə başlayır. Deyilənlərə görə, Seyid Yəhya Bakuvinin nəslindən olan bu qadın belə bir məscid tikdirməyi əhd edibmiş əhdinə sadiq qalaraq, sonunucu zinət əşyasına qədər satıb binanın inşa etdirir. Türbə üzərində yeni məscid tikildiyinə görə xalq arasında bu günə qədər bu tikili Təzəpir məscidi adlanır.

Məscid Nabat Aşurbəyli-Rzayevanın vəsaiti ilə Zivərbəy Əhmədbəyovun layihəsi əsasında 23 iyul 1905-ci ildə tikilib.

Bu abidə özünün həcm-məkan memarlıq həllinə görə tək Bakının şəhərsalma strukturunda deyil, həm də Abşeronun dini tikililəri arasında xüsusi yerlərdən birini tutur. Təzəpir məscidi digər yerli memarların yaradıcılığından fərqli olaraq, Avropa təhsili görmüş, yüksək təfəkkürə malik professional bir memarın əməyidir. Ona görə bu abidə dini tikililər arasında özünəməxsusluğu ilə seçilir.

Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə məsciddə aparılan əsaslı təmir-bərpa işlərindən sonra isə abidə daha da gözəlləşərək əsl memarlıq incisinə çevrilib.

 

 

Mədəniyyət.- 2009.- 21 avqust.- S. 16.