Mədəniyyət tariximizə töhfə

 

“Kultura i kulturnıye şedevrı Azerbaydjana - unikalnoye poslaniye buduşim pokoleniyam” kitabının təqdimat mərasimi keçirildi

 

Dünən M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olan «Kultura i kulturnıye şedevrı Azerbaydjana - unikalnoye poslaniye buduşim pokoleniyam» kitabının təqdimat mərasimi keçirildi. Kitab Azərbaycanın birinci xanımı, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizin, mədəni irsimizin qorunması gələcək nəsillərə çatdırılması sahəsindəki fəaliyyətinə həsr olunub. Kitabda eyni zamanda Mehriban xanım Əliyevanın YUNESKO İSESKO kimi mötəbər təşkilatlarda apardığı humanitar işlərə geniş yer ayrılıb.

Tədbiri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın apardığı xeyirxah işlərdən- kimsəsiz və xəstə uşaqlara göstərdiyi geniş miqyaslı qayğıdan, milli musiqimizin, ədəbiyyatımızın qorunması və təbliğindəki fəaliyyətindən bəhs etdi: «Yəqin çoxlarının yadındadır, ötən il bu vaxt Dövlət Filarmoniyasında bu kitabın Azərbaycan dilində təqdimatı keçirildi. O zaman mən qeyd etdim ki, gələn il bu vaxta qədər kitabın rus dilində versiyasını nəşr edəcəyik. Bu gün həmin nəşr nümunəsi sizlərə təqdim olunur. Bu nəşr Mehriban Əliyeva haqqında yazılmış «Mədəniyyətimizin mədəni incilərimizin hamisi» kitabının davamı, yenidən işlənmiş, əlavələr edilmiş rus dilinə tərcümə olunmuş variantıdır. Kitaba daxil edilmiş elə materiallar var ki, onlar ilk dəfə işıqlandırılır. Adıçəkilən kitabda Azərbaycanın birinci xanımının çıxışları nitqləri öz əksini tapıb».

Nazir tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, xoş təsadüfdən kitabın nəşrinin yekunlaşması Mehriban xanımın ad günü ilə üst-üstə düşüb: «Fürsətdən istifadə edərək çoxminli mədəniyyət işçiləri adından ölkəmizin birinci xanımını ürəkdən təbrik edir, ona uzun ömür, tükənməz enerji və ailə səadəti arzulayıram».

Təqdimat mərasimində iştirak edən hər kəs cənab nazirlə həmrəyliyini alqışlarla bildirdi.

Mədəniyyət və turizm naziri onu da vurğuladı ki, hazırda rəhbərlik etdiyi nazirlik tərəfindən bu kitabın ingilis dili versiyası da hazırlanır.

Elmlər Akademiyasının müxbir üzvü, Atatürk Mərkəzinin rəhbəri, professor Nizami Cəfərov çıxış edərək kitabı elmi-nəzəri baxımdan təhlil etdi.

Artıq bir neçə gündür ki, məlum kitabı mütaliə etdiyini bildirən millət vəkili, filologiya elmləri doktoru Elmira Axundova isə ilhama gələrək esse yazdığını dilə gətirdi: «Kitabdakı materialların 30 faizinin Mehriban Əliyevanın çıxışlarına, qalan 70 faizinin isə onun fəaliyyətinə həsr olunduğunun şahidi oldum. Bu bir daha təsdiq edir ki, Mehriban xanım danışmaqdan daha çox işləməyə üstünlük verir. Müəllifi olduğum esse yaxın günlərdə Rusiya mətbuatında çap olunacaq bununla da Rusiya ictimaiyyəti Mehriban xanım Əliyeva haqqında əhatəli məlumat əldə edə biləcək. Bununla yanaşı bu gün təqdimat mərasiminə toplaşdığımız kitab haqqında da öz təəssüratlarımı həmin yazıya daxil edəcəyəm». Millət vəkili Elmira Axundova Mehriban xanım haqqında yazdığı essenin bir parçasını toplantı iştirakçıları üçün oxudu.

Sonra kitabın elm adamları, tədqiqatçılar, jurnalistlər üçün faydalı olduğunu diqqətə çəkən E.Axundova onun elektron variantının müvafiq saytlarda yerləşdirilməsi təklifini irəli sürdü. Millət vəkilinin qənaətincə, bu həm bəzi kasad saytların zənginləşməsinə kömək edər. Elmira xanımın təklifi razılıqla qarşılandı.

Daha sonra söz Milli Məclisin deputatı xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaquba verildi. Natiq öz çıxışında Mehriban xanım Əliyevanın mədəni irsin qorunması sahəsində gördüyü işləri xüsusi vurğuladı və YUNESKO-nun xoşməramlı səfirinin son zamanlar Azərbaycan aşıq musiqisinin YUNESKO-nun Mədəni İrs siyahısına salınması uğrundakı səylərindən danışdı.

Xalq artisti Arif Babayev Mehriban xanım Əliyevanın Azərbaycan musiqisinin, xüsusən muğamlarımızın təbliği, qorunması və yeni istedadların üzə çıxarılması yolunda apardığı məqsədyönlü tədbirlərdən bəhs etdi.

İştirakçılar adından daha bir təklif irəli sürüldü: “Kultura i kulturnıye şedevrı Azerbaydjana - unikalnoye poslaniye buduşim pokoleniyam” kitabı gələcəkdə ərəb dilinə də tərcümə olunsun. Bildirildi ki, Mehriban xanımın Şərq-Qərb sivilizasiyalararası dialoqunda fəal iştirakı baxımından bu ərəb dünyası üçün çox maraqlı ola bilər.

Tədbirdə çıxış edən digər iştirakçılar da Mehriban xanım Əliyevanın fəaliyyətindən geniş söhbət açdılar, kitabın əhəmiyyətini vurğuladılar.

Tədbirin keçirildiyi zalda Mehriban xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən kitabların nümayiş olunduğu geniş sərgi iştirakçıların böyük marağına səbəb oldu. 

 

 

Mehparə

 

Mədəniyyət.- 2009.- 26 avqust.- S. 3.