Azərbaycanın birinci xanımı
“XXI əsrin böyük
qadını” fəxri
titulunun nominantıdır
Zəmanəmizin bir
sıra görkəmli qadınları, o cümlədən
İngiltərə kraliçası II Yelizaveta, Amerika Birləşmiş
Ştatlarının indiki dövlət katibi Hillari Klinton,
öz xeyirxah əməlləri ilə dünya şöhrəti
qazanmış Tereza Ana və başqaları bu mühüm fəxri
ada layiq görülüblər. Bu il iyulun axırlarında isə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva bu beynəlxalq səviyyəli titula
layiq görülmək üçün nominant kimi irəli
sürülüb.
Mehriban xanım Əliyevanın
öz ölkəsinin mədəni sərvətlərinin
inkişafına, Şərq və Qərb mədəniyyətlərinin
yaxınlaşmasına yönəlmiş, mənəvi
yaradıcı inteqrasiyaya kömək edən geniş fəaliyyəti
göz qabağındadır. Onun rəhbərlik etdiyi H.Əliyev
Fondu bu fəaliyyəti həyata keçirmək
üçün festivallar, sərgilər, konsertlər, mədəniyyət
sahəsi ilə əlaqədar digər tədbirlər təşkil
edir. Bircə misal göstərək: Azərbaycan musiqi
folklorunun ənənəvi klassik forması olan muğamı təbliğ
etmək məqsədilə Bakıda Muğam Mərkəzi
yaratmaq barədə Prezident İlham Əliyevin dəstəklədiyi
təşəbbüsün müəllifi ölkəmizin
birinci xanımıdır.
Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə təhsil, səhiyyə və
idman sahəsində geniş və çoxşaxəli iş
aparılır.
Heydər Əliyev
Fondunun prezidenti uşaqlara, onların problemlərinə
xüsusi diqqət yetirir. Fondun xeyriyyə proqramı Azərbaycanda
uşaq evlərinin yenidən qurulmasını və modernləşdirilməsini,
məktəblər açılmasını, diabetdən və
digər ağır xəstəliklərdən əziyyət
çəkən uşaqların müalicə
olunmasını əhatə edir. Qocalar evlərinə hər
cür müasir tibbi kömək göstərilir.
Mədəniyyət.- 2009.- 26 avqust.- S. 3.