Oruc tutmaq orqanizmə necə təsir edir?

 

Bu zaman qidalanmaya düzgün əməl edilməlidir

 

Bu gün müqəddəs Ramazan ayının beşinci günüdür. Oruc tutmaq İslamın əsas şərtlərindən biri sayılır. Müsəlmanlar orucu Allahın tövsiyəsi kimi, orucluğun təkcə ruha deyil, həm də cismə mütləq faydası olacağı kimi qəbul edirlər. Məlumdur ki, insan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidənqurma prosesi gedir.

Alimlər sübut ediblər ki, oruc tutanda orqanizmdəki həmin ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə qədər orqanizm dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir. Oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı köhnə hüceyrələr məhv olur, yenilər yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır.

Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və “yorulur”. Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və normal fəaliyyətini bərpa edir. Eyni zamanda maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır, nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir. Amma bizlər əksər hallarda bu ayda düzgün qidalanmamağımız nəticəsində fiziki çətinliklərlə üzləşirik. Bu, əksər hallarda artıq piylənmə (ya da zəifliklə) və mədə-bağırsaq sisteminin pozulması ilə nəticələnir. Bu cür xoşagəlməz halların baş verməməsi üçün mübarək dinimizdə bir sıra tövsiyələr var. Xüsusən bu il və bundan sonra gələcək olan Ramazan aylarının yay fəslinə təsadüf edəcəyini nəzərə alaraq qidalanmaya daha çox önəm vermək lazımdır. İsti vaxtlarda oruc tutarkən bəzi məsələlərə diqqət yetirilməlidir. Burada əsasən qazlı sulardan uzaq durmalı, xəmir xörəklər və balıq məhsulları digər qidalarla əvəz edilməlidir. Xüsusən də isti vaxtlarda ayran, süd və meyvə sularından bolluca istifadə etmək məsləhətlidir. Bundan əlavə, gün ərzində (imsaq və iftarda) 8-10 stəkan su içilməlidir.

Oruc tutarkən diqqət edilməli digər bir məsələ isə tərkibində kalsiumu və proteini çox olan qidaların qəbuludur. Bunun üçün ən gözəl vasitə məhz süd məhsulları, göyərti və meyvələrdir. Gün ərzində itirdiyimiz kalsium və proteinlər iftardan imsaqa qədər ödənilməlidir.

Orucluq müddətində insanların səhhətində problemlərin yaranmaması üçün hansı tədbirlərin həyata keçirilməsi barədə danışan həkim Samir Babayev bildirir ki, oruc tutmaq üçün ilk növbədə orqanizmin sağlam olması vacibdir. Onun sözlərinə görə, xəstənin tez-tez qidalanmasına ehtiyac olduğu və immun sistemində müəyyən problemlər yarandığı halda ona oruc tutmaq məsləhət görülmür. Şəkərli diabetdən əziyyət çəkənlərə isə oruc tutmaq qəti qadağandır. Həkim oruc tutmağın təkcə qidalanmadan yayınmaq deyil, onun böyük mənəvi əsaslara dayandığını qeyd edir: “Söhbət insanın özünün əsas instiktlərinə, nəfsinə hakimlikdən gedir. Oruc tutan adam tamamilə yeni bir mənəvi aləmdə olmalı və çalışmalıdır ki, yalan danışmasın, kiminsə xətrinə dəyməsin. İnsan orucluq zamanı kamilləşir, daxilən təmizlənir və öz instinktlərinə hakim olur. İnsan qida qəbulundan çəkinir və buna da çox dözümlü yanaşır”.

S.Babayevin dediyinə görə, orucluq zamanı hansısa patologiya və ya xəstəlik yaranıbsa, buna həkim tərəfindən rəy verilir. Rəy əsasında oruc tutma müəyyən prosedurlarla əvəz edilir və orucluq dayandırılır: “Bir müddətdən sonra xəstənin səhhəti imkan verərsə, o, qəzaları sonradan tuta bilər. Belə hal nadir hallarda olur”.

Həkim həmçinin qeyd edir ki, iftar zamanı əvvəlcə ilıq sudan istifadə olunmalı və bundan sonra qida tədricən mədəyə daxil edilməlidir: “Birdən-birə həddən artıq qida qəbul eləmək düzgün deyil. Qidalanma tədrici, hissə-hissə olmalıdır. Əvvəl duru, sonra isə bərk qidalardan istifadə edilə bilər”.

 

 

Fəxriyyə  

 

Mədəniyyət.- 2009.- 26 avqust.- S. 4.