Milli süfrə mədəniyyətimiz...
...əsrlər boyu inkişaf edərək bu
günümüzədək gəlib çıxmış
misilsiz xəzinədir
Ulu
babalarımızın və nənələrimizin əsrlər,
qərinələr boyu öz gündəlik həyat və
yaşam tərzində zaman-zaman, qətrə-qətrə
yığıb topladıqları təcrübə və vərdişlər
maddi- mədəniyyətimizin yaranması və
formalaşmasında mühüm rol oynayıb. Danılmaz bir həqiqətdir
ki, Azərbaycan xalqının çoxşaxəli və zəngin
mədəniyyəti içərisində süfrə mədəniyyətinin
öz yeri, öz gözəllikləri var. Süfrə mədəniyyəti
tarixən xalqımızın həyat tərzini, məişətini,
davranışını, zövqünü,
estetikasını, dünyagörüşünü
formalaşdıran əsas amil olmuşdur. Təsadüfi deyil
ki, tarixi eramızdan çox-çox əvvələrə
gedib çıxan antik mənbələrdə, o cümlədən
qədim ədəbi abidələrimizdən olan “Qabusnamə”də,
“Kitabi-Dədə Qorqud”da, nağıl və
dastanlarımızda, əcnəbi səyyahların səyahətnamələrində,
habelə digər saysız-hesabsız tarixi mənbələrdə
və qaynaqlarda xalqımızın süfrə mədəniyyəti,
yemək qaydaları, qonaq qarşılaması və sair barədə
olduqca qiymətli məlumatlar var. Bu qaydaların böyük əksəriyyəti
bu gün də öz bəşəri əhəmiyyətini
qoruyub saxlamaqdadır.Azərbaycan xalqı dünyanın o
xalqlarındandır ki, hər bir mövsümə, məqama,
şəraitə, mərasimə uyğun fərqli süfrə
mədəniyyətinə malikdir. Bu süfrələrin
çoxu elə mərasimin öz adı ilə adlanır. Məsələn,
məlum olduğu kimi hazırda müqəddəs Ramazan
ayı davam edir. Bu ayda ən çox
rastlaşdığımız süfrələ iftar və
imsaq, yaxud el arasında deyildiyi kimi obaşdanlıq süfrələridir.
Bundan əlavə xalqımızın bayram süfrəsi, toy
süfrəsi, qonaq süfrəsi və sair kimi zəngin maddi-
mədəniyyət nümunələri var. Qəzetimizin bu
sayında oxucularımızı milli mədəniyyətimizin
tərkib hissəsi olan süfrə mədəniyyəti
nümunələri ilə tanış edəcəyik.
Ramazan ayı və iftar süfrəsi
Azərbaycan
xalqının tarixən formalaşmış süfrə mədəniyyətinin
içərisində Ramazan süfrəsi xüsusi yer tutur. Ramazan süfrəsi bütün
digər süfrələrdən daha üstündür. Bu
süfrə adətən orucluq ayı ərzində gündəlik
olaraq iftar süfrəsi ilə başlayıb, imsaq - yaxud
obaşdan adlanan süfrə ilə sona yetir. Günün
demək olar ki, bütün işıqlı hissəsini oruc
tutan müsəlmanlar xüsusi astronomik cədvəl üzrə
təyin olunmuş vaxtda iftar süfrəsi açırlar.
İftar süfrəsi bəşər mədəniyyətinin
indiyədək yaratdığı ən ecazkar, ən cəlbedici
və müqədəs süfrəsidir. Halal
nemətlərlə o cümlədən su, xurma, halva, müxtəlif
şirniyyatlar olan iftar süfrəsində hər bir nemətin
öz yeri var. İftar süfrəsi son dərəcə sadə,
lakin olduqca səliqəli, təmiz, cəlbedici olur. İftar
süfrəsində müqəddəs Qurani-Kərimdə
haram buyrulmuş bircə şey belə ola bilməz. Odur
ki, bu süfrənin hazırlanması müsəlman qayda
qanunlarını bilənlərə həvalə olunur.
İftar süfrəsi
bir qayda olaraq oruc tutmuş şəxslər üçün
açılır. Bu süfrə adi süfrə
olmadığı üçün ətrafında əyləşənlər
də müəyyən qaydalara əməl etməyə
borcludurlar. İftar süfrəsi arxasında əyləşənlər
bir-birilərinə xüsusi mehribançılıq, diqqət
və qayğı nümayiş etdirməli, həssas
olmalı, nə qədər ac olsa da, öz nəfsini
saxlamağıbacarmalıdır.
İftar süfrəsinin
yüksək mədəniyyətin təzahürü olan
qaydalarından biri insanların oruclarını ilk öncə
bir stəkan su və xurma ilə açmasıdır. Bu qaydanın mahiyyəti elmi
biliklərə söykənir və insan orqanizminin
sağlamlığına xidmət edir. İftar süfrəsi
yalnız yeyib-içmək və ləzzət almaları üçün
deyildir. İftar süfrəsinin öz fəzilətləri
var. Bu süfrənin ilahi qüvvəsi bir də ondadır ki,
insanın ömrü boyu yeyib-içdiyi nemətlər iftar
süfrəsində sanki qeyri-adi bir dada, tama, ləzzətə
malik olur. Kim həyatında oruc tutmayıbsa bu iftar süfrəsinin
sehrini başa düşə bilməz.
İftardan sonrakı süfrə
isə imsaq süfrəsi, yaxud obaşdan adlanır. Bu süfrənin
öz fəzilətləri və sirləri var. Halal
təamlar qoyulmuş, xüsusi zövqlə düzəldilmiş,
ətirli ədvalardan istifadə olunaraq hazırlanan xörəklərin
valehedici ətri insana yalnız maddi deyil, həm də mənəvi
ləzzət verir. İftar və imsaq süfrələrinin
arxasında əyləşmiş hər bir kəs
xalqımızın yüksək süfrə mədəniyyətinin
də şahidi olur.
Toy süfrəsi
Adından da
göründüyü kimi toy süfrəsi
xalqımızın toy-düyün adətləri ilə
bağlı olub. Toy
süfrəsii Azərbaycanda ən geniş yayılmış
və ən populyar süfrələrdən biridir. Toy süfrələri
adətən iri mağarlarda, çadırlarda təşkil
olunub. Tarixən bu süfrə arxasında bütöv bir
elat, kənd, oba camaatı əyləşib.
Təəssüf ki, son
zamanlar mili toylarımız öz məcrasından
çıxaraq ilkin mahiyyətini, klassik cazibədarlığını
və ləzzətini itirib. Təəssüf hissi ilə qeyd etmək lazımdır
ki, milli adət və ənənələrimizin içərisində
ən çox deformasiyaya uğrayanı və ən çox
tənqid olunanı məhz toylardır. Acınacaqlı bir
haldır ki, milli toylarımız demək olar ki öz
simasını iitirib. Bu sahədə böyük bir hərcmərclik
və xaosun olduğunu söyləyənlər
haqlıdırlar. Onu da qeyd edək ki, milli toylar öz
simasını itirdiyi kimi, milli toy süfrələrimiz də
öz gözəlliyini itirib. Bu bir həqiqətdir ki,
hazırda Azərbaycan toyları bir növ şan-şöhrət
nümayişi üçün “mədəni poliqona”
çevrilib.
“Mədəniyyət” qəzeti
bu barədə dəfələrlə məqalələr dərc
etmiş, müxtəlif peşə sahiblərinin rəy və
təklifləriniə geniş yer vermiş, müzakirələr
aparmışdır. Söhbət xalqımızın toy mədəniyyətinin
“lakmus kağızı” olan toy süfrələrindən
gedir.Təfərrüata varmadan qeyd edək ki, hazırda
şadlıq evlərindəki toylarımızda təşkil
olunan toy süfrələri öz zənginliyi, bolluğu, dəbdəbəsi
ilə diqqəti
cəlb etsə də özünün milli koloritini, əsl
simasını, cazibədarlığını itirməkdədir.
Əlbəttə toy etmək,
toy süfrəsi bəzəmək kimi məsələlər
hər kəsin şəxsi işi sayıla bilər. Lakin, unutmaq olmaz ki, toy ilk məkan
etibarilə həm də böyük bir auditoriya, ictimai məkandır.
Hər bir ictimai məkan isə konkret qayda-qanuna, hamı və
hər kəs üçün zəruri olan davranış
qaydalarına söykənməlidir.
Maraqlıdır ki, bu
gün toy süfrələrimiz hədən artıq
deformasiyaya uğradığı üçün bəzən
bu süfrələrin dünyanın hansı xalqına mənsub
olduğunu da ayırd etmək olmur.
Sevindirici haldır ki,
bütün bu deyilənlərə baxmayaraq hələ də
bəzi əyalət rayonlarımızdakı
yaşayış məntəqələrində, kənd və
qəsəbələrdə az da olsa əsl toy süfrəsinə
rast gəlmək olur.
Qonaq süfrəsi
Xalqımızın qonaqpərvərliyi onun tarixi qədər
qədimdir. Bir mahnıda deyildiyi kimi- “Sən
bizim ellərin ruhuna bir bax, bizdən inciməmiş bir əziz
qonaq”.
Bu sözlərdə böyük
bir həqiqət var. Xalqımız minillər boyu ölkəmizə
gələn, torpağımıza ayaq basan, qapımızı
qonaq-qaranı ən əziz, ən doğma adamı kimi qəbul
edib, Evindəki ən ləziz yeməyi, ən əziz əşyanı
məhz qonağın qarşısına qoyub. Təsadüfi
deyil ki, xalqımız , “qonaq Allah qonağıdır” - deyib həmişə.
Xalqımızın
qonaqpərvərliyi haqqında ən qədim tarixi mənbələrdə,
qaynaqlarda, folklor nümunələrində istənilən qədər
maraqlı məlumatlara rast gəlmək olar. Belə tarixi mənbələrdən
biri məşhur avropalı səyyah Marko Polonun səyahətnaməsidir.
Hələ XIII əsrdə ölkəmizə gəlmiş
bu səyyah özünün yol qeydlərində Azərbaycanın
təbiəti, tarixi, şəhərləri və insanları
haqqında məlumat verən səyyah həm də milli
süfrə mədəniyyətimizə heyran olduğunu gizlətmir.
Təbriz, Şamaxı, Gəncə, Bakı kimi şəhərləri
gəzən Marko Polo hər eldə, hər obada
rastlaşdığı süfrə mədəniyyətinə
də biganə qala bilməmiş, yediyi, daddığı,
işdiyi təamları heyranlıqla təsvir etmişdir. Bu
venesiyalı səyyah Təbriz və Şamaxı şəhərlərində
qarşılandığı məclislərdə şahidi
olduğu “süfrələrin vəsfəgəlməz gözəlliyi
qarşısında insanın bihuş olduğunu” bildirir.
Digər bir italyan səyyahı
Katerino Zenonun XV əsr Azərbaycanda süfrə mədəniyyəti
haqqında verdiyi məlumatlar da olduqca maraqlıdır. Ağqoyunlu hökmdarı Uzun Həsənin
qonağı olmuş Zeno yazır: - “Mən sarayda yer verildi. Mən
hər gün şah süfrəsində nahar edə bilərdim”.
Gördüklərini möcüzə adlandıran Zeno hər
dəfə süfrə arxasında oturarkən yemək əvəzinə
burdakı gözəlliyə baxıb “doyduğunu” bildirir.
Göründüyü kimi hələ 500 il əvvəl milli
süfrə mədəniyyətimizə heyran olan
avropalının dedikləri xalqımızın qonaqpərvərliyi
ilə yanaşı, zəngin bir mədəniyyət sahibi
olduğunu sübut edir.
Onu da deyək ki, milli
süfrələrimiz haqqında maraqlı məlumat verən əcnəbiərdən
biri də ingilis diplomatı Antoni Cenkinsondur. Onun xatirələrində ən
maraqlı yerlərdən biri Şamaxı xanı Abdulla xanla
olan görüşüdür. Tarixdən məlum
olduğu kimi, Şamaxı tərəfindən böyük
qonaqpərvərliklə qarşılanan Antoni Cenkinson burada
gördüklərinə heyran qalır. İngilis səyyahını
ən çox heyrətləndirən isə xanın onun
şərəfinə açdığı qonaq süfrəsi
olub. İngilis diplomatı Antoni Cenkinson öz gündəliyində
yazır: - “Kral və onun yaxın adamları çadırda
bardaş qurub oturmuşdular. Lakin mənə belə oturmaq
çətin olduğunu görcək, əlahəzrət stul
verilməsini əmr etdi. Və mənə dedi ki, adət
etdiyim qaydada oturum. Nahar vaxtı çatanda yerə süfrələr
salındı və müxtəlif cür xörəklər
verildi. Bu xörəklər növlərinə
görə cərgə ilə düzülmüşdü. Mənim
hesabıma görə süfrədə 140 cür xörək
vardı. Bu xörəklər yeyildikdən sonra qabları
süfrə ilə birlikdə
yığışdırıb, təzə süfrələr
saldılar. Ortaya 150 dövrə meyvə və başqa
ziyafət yeməkləri gətirildi. Belə ki, iki dəfə
də 290 cür yemək verildi”.
Göründüyü
kimi, milli mətbəximiz, xörəklərimiz, süfrə
mədəniyyətimiz əcnəbiləri hələ
çox-çox illər bindan əvvəl heyran edib, öz
sehrinə salıb. Hər bir əcnəbi isə təbii
ki, burdan gedərkən özü ilə təkcə
qızıl, qaş-daş, sərvət deyil, həm də
müəyyən mənada mədəniyyət aparıb.
Çünki, xalqımızın milli süfrə mədəniyyəti
əsrlər boyu inkişaf edərək bu günümüzədək gəlib
çıxmış misilsiz xəzinədir. Bu xəzinənin
açarını gələcək nəsillərə
çatdırmaq bizim borcumuzdur.
C.Tağıyev
Mədəniyyət.- 2009.- 26 avqust.- S. 5.