Cəlil Məmmədquluzadənin
daha bir xidməti
Azərbaycanda ilk məktəb muzeyini o
yaratmışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 6 fevral 2009-cu
il tarixli sərəncamına əsasən böyük
yazıçı - dramaturq, publisist və ictimai xadim Cəlil
Məmmədquluzadənin anadan olmasının 140 illik yubileyi
Naxçıvan Muxtar Respublikasının elm, mədəniyyət,
təhsil ocaqlarında müxtəlif səpkili silsilə tədbirlərlə
qeyd olunur.
Cəlil Məmmədquluzadənin
həyatına, ictimai fəaliyyətinə nəzər
saldıqda görürük ki,görkəmli ədib geriliyə,
savadsızlığa, dini xürafata qarşı mübarizə
aparmış, həmişə xalqı milli oyanışa səsləmiş,
yeniyetmə və gənclərdə milli məfkurənin
formalaşmasına çalışmışdır. Bu
cür yüksək milli-mənəvi missiyanı o, təkcə
özünün ədəbi-bədii yaradıcılığı
vasitəsilə deyil, həm də geniş ictimai fəaliyyəti
ilə də həyata keçirmişdir.
Məlum olduğu kimi,
C.Məmmədquluzadənin həyatının müəyyən
bir dövrü Naxçıvanın Nehrəm kəndindəki
müəllimlik fəaliyyəti (1890-1897-illər) ilə
bağlı olmuşdur.
Naxçıvanın Nehrəm
kəndində müəllim işlədiyi illərdə C.Məmmədquluzadə
yalnız dərs deməklə kifayətlənməmiş, həm
də şagirdlərdə vətəni, xalqı sevmək,
onun tarixinə hörmətlə yanaşmaq və dərindən
öyrənib mənimsəmək hisslərini də
aşılamağa çalışmışdır.
Bu məqsədlə C.Məmmədquluzadə
1896- cı ildə müəllim işlədiyi Nehrəm kənd
məktəbində muzey yaratmağa təşəbbüs
göstərmiş və buna icazə verilməsi
üçün Xalq Məktəbləri İdarəsinin
müdiriyyətinə yazılı müraciət
etmişdir.Bir müddət keçdikdən sonra öz
müraciətinə Xalq Məktəbləri İdarəsinin
müdriyyətindən müsbət cavab alan C.Məmmədquluzadə
müəllim həmkarlarının da köməyindən
istifadə etməklə Azərbaycanda ilk dəfə olaraq məktəbdə
o dövr üçün heç də ənənəvi
olmayan milli muzey yaratmağa nail olmuşdur. Muzeydə Azərbaycanın,
o cümlədən Naxçıvan diyarının tarixinə
dair maddi-mədəniyyət nümunələri
toplamışdır.
Naxçıvanda muzey
işinin tarixinə dair məlumatlar əldə etmək məqsədilə
1999-cu ilin mayında oradakı yaşlı nəslin nümayəndələrindən
biri, filologiya elmləri namizədi, vaxtilə Naxçıvan
Dövlət Tarix Muzeyində işləmiş, mərhum Lətif
Hüseynzadə ilə görüşüb söhbət
etmişəm. Onun verdiyi məlumata görə C.Məmmədquluzadənin Nehrəm
kənd məktəbində
təşkil etdiyi muzeydə əsasən saxsıdan hazırlanmış
küpələr, kuzələr,sənəklər, misdən
hazırlanmış məişət
əşyaları, mis
pul sikkələri, xalça və xalçaçılıq məmulatları, toxuma əl işləri və s. bu
kimi dəyərli əşyalar toplanmışdır.
Əşyaların toplanması
işinə sonrakı
vaxtlarda müəllimlərlə
yanaşı, şagirdlər
və onların valideynləri də cəlb edilmiş, muzey get-gedə
zənginləşdirilmişdir.
Nehrəm kənd məktəbində
muzey yaratmaq sahəsində göstərdiyi nəcib təşəbbüsə
görə sonralar Xalq Məktəbləri İdarəsinin
müdiriyyətinin təşəkkürünü alan C.Məmmədquluzadə
Azərbaycanda ilk dəfə məktəbdə müasir tipli
muzey yaradaraq muzey işinin əsasını qoymuşdu.
Görkəmli
yazıçının bu möhtəşəm işi «Azərbaycanda
muzey işinin yaxşılaşdırılması
haqqında» Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
imzaladığı 6 mart 2007-ci il tarixli sərəncamında
lazımınca qiymətləndirilib. Bununla əlaqədar söhbətgedən sərəncamda
qeyd olunur: «XIX əsrin ikinci
yarısından etibarən
Azərbaycanın ictimai-
siyasi,mədəni fikir həyatında sürətlə cərəyan
edən proseslər öz növbəsində
muzey işinin təşkilinə təkan
vermiş və ölkəmizdə müasir
tipli muzeylərin yaranmasına başlanmışdır.
İlk belə muzeylərdən biri görkəmli maaarifpərvər yazıçı
C.Məmmədquluzadənin təşəbbüsü və
yaxından iştirakı
ilə XIX əsrin sonlarında təşkil olunmuşdur».
113 il bundan əvvəl
C.Məmmədquluzadə tərəfindən muzeyin
yaradılması o dövr üçün böyük hadisə
idi. Həmin muzey ən azından Nehrəm kəndinin əhalisinin xalqımızın
tarixi keçmişi haqqında məlumatlar əldə etmələrinə
köməklik etmiş,
digər tərəfdən
isə Azərbaycanda və onun ayrılmaz
parçası olan qədim Naxçıvan diyarında XIX əsrin sonu XX əsrin əvvəllərində muzey əhəmiyyətli əşyaların
toplanmasına, şəxsi
kolleksiyaların yaranmasına
öz təsirini göstərmişdir. Buna
əyani nümunə
olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki
dövrdə Naxçıvan
şəhər sakini
Balabəy Əlibəyovun
mövcud olmuş şəxsi muzeyini göstərmək olar.
C.Məmmədquluzadə
XIX əsrin sonlarında Azərbaycanda ilk müasir tipli muzeyin
yaradılmasına təşəbbüs göstərib və
buna nail olmaqla XX əsrin sonlarında özünün xatirəsinə
muzeylər təşkil edilməsinə mənəvi haqq
qazanmış oldu.
C.Məmmədquluzadə
irsinin toplanması, qorunması, öyrənilməsi və təbliği
işini uzun illər indiki Naxçıvan Dövlət Tarix
Muzeyi və C.Məmmədquluzadə adına Naxçıvan
MR Ədəbiyyat Muzeyi həyata keçirmiş və bu sahədə
işlər indinin özündə də davam etdirilir.
Ədibin vaxtilə
müəllim işlədiyi Şərur rayonunun Cəlilkənd
və Babək rayonunun Nehrəm kəndlərində 1989-91-ci
illərdə yaradılan xatirə muzeyləri və
Naxçıvan şəhərindəki ev-muzeyi görkəmli
yazıçının həyat və fəaliyyətini,ədəbi
irsini təbliğ edirlər.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev 1999-cu ilin
oktyabr ayında Naxçıvan Muxtar Respublikasının 75
illik yubileyinin qeyd olunduğu günlərdə
Naxçıvanda olarkən Cəlil Məmmədquluzadənin
ev-muzeyinin rəsmi açılış mərasimində
çıxış edərkən demişdir: «Bilirsiniz, mən
xoşbəxt günlərimdən birini yaşayıram, nə
üçün? Çünki arzuma çatmışam. Çünki
Mirzə Cəlilin ev-muzeyini yaratmaq istəmişəm, bunu da yaratmışam. Azərbaycanın mötəbər
adamları ilə bir yerdəyəm və bunu bir
yerdə açırıq.
Allah Mirzə Cəlilə rəhmət
eləsin! Mirzə Cəlilin irsi, şəxsiyyəti, xidmətləri
Azərbaycan xalqının
qəlbində əsrlərlə
yaşayacaqdır».
140 illik yubileyinin qeyd
olunduğu bir vaxtda Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
yazıçı-dramaturq C.Məmmədquluzadənin əziz
xatirəsinə ehtiram əlaməti olaraq muzeylərimiz onun ədəbi
irsini və ictimai fəaliyyətini dərindən öyrənib
təbliğ etməklə bu yubileyə öz töhfələrini
verməyə səy göstərirlər.
Nizami Rəhimov,
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru
Mədəniyyət.- 2009.- 26 avqust.- S. 6.