Dədə Qorqudun gedişi...
Avqust ayında itkilərimiz
az olmayıb. Niyazini, Şahmar Ələkbərovu, Məhluqə
Sadıqovanı, Həsən
Məmmədovu itirmişik.
İtkilər demişkən,
Füzuli və Cəbrayılın əlimizdən
getməyini bu məqamda xatırlamamaq olmaz. İndi Qarabağdan yox, sənətkar itkisindən
söz açacağam.
Həsən Məmmədov
barəsində danışmaq istəyirəm. Altı il əvvəl aktyoru 65 yaşındaykən son mənzilə yola salacağımızı ağlımıza
gətirməzdik. Ağlımıza
gəlməyənsə, bu
dəfə də başımıza gəldi...
Həsən Məmmədov sənətə
riyaziyyatçı olmaq
fikrinin daşını
atandan sonra bağlanmışdı. Salyandan Bakıya gələcəyin riyaziyyatçısı
kimi tanınmaq eşqiylə gələn
qarabuğdayı oğlan
universitetdə çox
duruş gətirməyib
sənədlərini Teatr
İnstitutuna vermişdi.
Və xoşbəxtlikdən qəbul
olunmuşdu. Əlbəttə,
bu xoşbəxtlik daha çox bizim üçünüydü,
belə bir ustad aktyor qazanmışdıq.
İlk tanışlıqdan
şükranlı insan
kimi yadımda qalan Həsən müəllimsə bu taledən, deyəsən, çox da məmnun
deyildi. Hər halda, Həsən
Məmmədovun axır
on ildəki yaşantıları bunu nişan verirdi - o daha çox
çaşqınlıq içindəydi,
elə bil zamanı tam kəsdirə bilmirdi, bu da mövqeyində,
baxışlarında ziddiyyətli
məqamlara gətirib
çıxarırdı.
Yaxından tanıyanlar,
yəqin təsdiqləyər: o, saçı dümağ
ağarmış uşağa bənzəyirdi. Saflıq və daha çox sadəlövhlüklə dolu
uşağa. Siyasət,
zamanın təbəddülatları
onluq deyildi. Heç kim məndən inciməsin, Həsən Məmmədov
üçün ən
yaxşısı elə
sovet dövrüydü.
Adını nə qoysaq belə, sabitlik varıydı, hamı bilirdi sabah yuxudan duranda
nə ilə məşğul olacaq, hara gedib, hardan
gələcək. Kino
ustadı Həsən
müəllim bu sabitliyə alışmış,
zamanın nəbzini tutmuşdu. Bilirdi ki, dövlət kino sənayesi üçün pul ayırır, Azərbaycanın
da öhdəliyində
beş-altı tammetrajlı film var və bunların
bir-ikisində mütləq çəkiləcək.
Maaş,
qonorar, mükafat, dövlət hesabına festivallara, görüşlərə
getmək də öz yerində. Otuz ilə yaxın
belə firavanlığı,
qazandığı halal
pullarla rahat yaşamağın mümkünlüyünü
görmüş, hər
il filmlərə çəkilmək, bir-birindən maraqlı ekran qəhrəmanlarını
canlandırmaq səadətini
yaşamış,
dövlətin təltiflərindən
dadmış sənətkar
sovet dağılandan sonra ürək açan nəylə üzləşdi ki?..
Heç yadımdan çıxmaz: hələ
müstəqilliyi təzəcə
qoxulayıb, havasını
ciyərlərimizə çəkən
vaxtlarıydı, oturub
dərdləşirdik. Əslində mən ondan müsahibə götürürdüm, amma
indi baxıb görürəm, sən demə, əməlli-başlı dərdləşirmişik.
Dedi ki, «İstintaq»dan bu yana bir
fərli rola çəkilməmişəm. O zaman «İstintaq»ın ekrana çıxmasından on ildən artıq vaxt keçmişdi. Bu müddətdə Həsən müəllim
neçə rola çəkilmişdi. Di gəl, heç biri ürəyincə deyildi. Həmin söhbətimizin üstündən
on yeddi ildən artıq zaman ötüb. Onun bütün yaratdıqlarını göz
önümə gətirib
düşünürəm. Qırx il kinoya
bağlı aktyorun sənət ölçüləri
baxımından təqribən
20 illik fəaliyyəti
yadda qalıb. «Böyük dayaq»dakı Qaraş, «Arşın mal alan»dakı Əsgər, «Bir cənub şəhəri»ndəki Murad, «Yeddi oğul istərəm»dəki Bəxtiyar, «Gün keçdi»dəki Oqtay, «Axırıncı aşırım»daki Abbasqulu bəy Şadlinski, «Arxadan vurulan zərbə»dəki Əhməd Qəmərli, «İstintaq»dakı Murad Abıyev, «Bizi bağışlayın»dakı
Nəriman, «Birisi gün gecəyarısı»ndakı Baba Əliyev, «Evlənmək istəyirəm»dəki Mirzə Səfər və əlbəttə ki, Dədə Qorqud rolları... Həsən müəllimin
çəkildiyi filmlərin
sayısa əllidən
çoxdu...
O vədə Həsən müəllim çox şeydən narazıydı.
Yəqin, elə bu səbəbdən milli mədəniyyətimizdəki
mövqeyinə özü
belə qiymət vermişdi: «Desəm narazıyam, elə zənn edəcəklər
ki, Həsən Məmmədovda qətiyyən
təvazökarlıq işartısı
yoxdu. Amma insaf xatirinə, nəyə qane ola bilərəm. Azərbaycanın ən yaxşı kinoaktyoru sayılıramsa, bunu özümdə, mənə
qarşı münasibətdə,
həyat şəraitimdə...
çox şeydə hiss eləmirəm. Axı, mən nədən razı qalmalıyam. Son bir neçə ildə filmə çəkilməməyimdən, yoxsa «Azərbaycanfilm»in qırxa yaxın
aktyoru kimi bayıra atılmağımdan.
İncimə və elə fikirləşmə
ki, sualını qəribçiliyə salıram.
Düzü belədi.
Bu mövqe, bəlkə də, mövqesizlik yaxşı səslənir- məni əsla qane etmir».
Üstəlik,
davamçı yetirmək məsələsinə münasibəti
də aktyor bədbin fikirlərlə doluydu. Sənətkar «gəl, dərs de» təklifinin
yoxluğundan söz açdıqdan sonra «nəyə lazımdı o dərs» deməklə
ürəyi soyumamışdı.
Və ürəyindən
keçənləri beləcə
ard-arda düzmüşdü:
«Mən niyə kimisə aldatmalıyam? Niyə aktyor şan-şöhrəti, güzəranı barədə
illüziyalar yaratmalıyam?
Heç kim sual verməsə də, dərs desəm o xüsusda
indiki təki tez-tez öz-özümdən soruşaram:
nə istəyirsən,
Həsən Məmmədov?
Sənin çatdığın
şöhrət zirvəsi
bu deyilmi? Günün-güzəranın
yel oynadan telə bənzəmirmi? Niyə dünyanı hələ indi-indi başa düşmək istəyənləri aldadırsan,
onları arxanca hara aparırsan? Yoxsa öz gününə
salacaqsan onları? Yox qardaş, heç kimə belə zülm eləmək olmaz».
Əlbəttə,
sonradan ona müəyyən diqqət göstərildi, məişət
qayğıları, deyəsən, nisbətən azaldı. Bununla belə, sanki o yorulmuşdu,
cana doymuşdu, hər şey gözündən düşmüş,
maraqsızlaşmışdı. Ona bir-iki dəqiqəliyə
baxmaq kifayət eləyirdi ki, bu insanın könülsüz, həvəssiz
gəzib-dolandığını,
teatra gəlib-getdiyini anlayasan. O, teatra ki, gəncliyi
və axır on ili burda
keçdi. Nə gizlədim, qəlbimdə
yalnız kino aktyoru Həsən Məmmədov var. Təkrarsız
səsi, ağır yerişi, qayğılı
gözləri, jest və
mimikasıyla ekranı
dolduran Həsən Məmmədov. Kinonun dili hərəkət,
kadra düşəcək
səhnələri kameraya
«danışmaq» məharətidi.
Mən bilmirəm, bunca parlaq obrazları yaratmaq üçün Həsən müəllimə
hər dəfə kamera qarşısında neçə dubl dayanmaq lazım gəlib. Nəticəsə
adamı çaş-baş
qoyur: insan özgəsinin həyatını
necə məharətlə,
inandırıcı şəkildə
yaşayarmış!
Zamanı, hadisələri
daşlaşdıran kinonun dilini bilən sənətkar Milli
Dram Teatrın səhnəsində həmin qüdrətdə
görünmürdü, bəs deyərdin, səhnədə
nəfəsi çatmır. İşsizlik ucundan kinostudiyadən teatra üz tutmuş aktyor «zorən təbibə» bənzəyirdi. Bekar qalmamaq
və hardansa çörəkpulu qazanmaq
məcburiyyətini yaşayan
kövrək qəlbli
insanın içində
nə müsibətlər
çəkdiyini təsəvvür
etmək çətin
deyildi. Həyatın, zamanın, mühitin
özü kimi ürəyi də xilaf çıxdı ona. Qismətinə uzun illər
sovet aktyoru kimi tanınmaq, yaşamaq düşmüş
sənətkar həmin
illərdə sovet kinosu günü kimi qeyd olunan
bir tarixdə - 27 avqustda dünyasını
dəyişdi. Bu da elə-belə deyil. Bu simvolikada da
nə isə var...
Seymur Elsevər
Mədəniyyət.- 2009.- 26 avqust.- S. 7.