Dahi Üzeyir bəyin tələbəsi

 

Bugünlərdə şəxsi arxivimi nəzərdən keçirirdim. Bir məktub diqqətimi cəlb etdi. Yarım əsr əvvəl yazılıb. Məktubu vaxtilə oxuduğum Lənkəran Pedaqoji Məktəbində musiqidən mənə dərs demiş Ağarəhim müəllim göndərmişdi. Dahi Üzeyir bəyin sevimli tələbələrindən olmuş Ağarəhim İbadov.

Xəyal məni gəncliyimə apardı. 1958-ci ilin yayında imtahanlar başa çatırdı. Ağarəhim müəllim məni yanına çağırdı. Qısa söhbətdən sonra mətləbə keçdi:

- Gənclərin və tələbələrin birinci festivalında bədii qiraət üzrə həvəsləndirici mükafat aldığını bilirəm. Görürəm xalq musiqisinə böyük marağın var. Lerikin kəndlərində folklor nümunələrini, xüsusilə mahnı bayatıları toplamaqda özünü bir sına.

Ağarəhim müəllimin tapşırığına əməl etmək üçün tətil müddətində dağ kəndlərini bir-bir gəzdim. Ağbirçəklərin ağsaqqalların yaddaşlarında yatıb qalan 12 mahnını qələmə alıb məktəbə apardım. Ağarəhim müəllim mahnılarla tanış oldu. Çayrud kənd sakinlərinin dilindən qələmə aldığım «Yar-yar», Monidigah kəndində el şənliklərində oxunan «Alça gül açdı» mahnıları xoşuna gəldi. Bir yerdə işlədikdən sonra Ağarəhim müəllim bu mahnıları nota köçürdü. Mahnılar məktəb xorunun repertuarına daxil edildi şəhərdə keçirilən kütləvi tədbirlərdə maraqla qarşılandı.

Məktəbi bitirdikdən sonra dağ kəndlərinin birində müəllim işləyirdim. Ağarəhim müəllimdən məktub aldım. Özünün bəstələdiyi «Gənc müəllim» mahnısını göndərmişdi. Şagirdlərə öyrətməyi məsləhət görürdü. Arzusunu yerinə yetirdim.

Ağarəhim İbadov 1910-cu ildə Lənkəran şəhərində anadan olmuşdu. Ömrünü gənc yaşlarından incəsənətə bağlamışdı. 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, dahi Üzeyir bəyin sinfində oxumuşdu. Nəfəsli alətlər sinfini bitirdikdən sonra Lənkəran Pedaqoji Məktəbində musiqi müəllimi işləmiş, ömrünün sonuna kimi bu təhsil ocağında çalışmışdı.

İkinci Cahan müharibəsində A.İbadov Qafqazdan Polşayadək döyüş yolu keçmişdi. Döyüş şücaətinə görə orden medallarla təltif olunmuşdu. O hərdən cəbhə xatirələrindən söhbət açardı. Xarkov şəhərində olarkən bir alman əsirinin truba çaldığını görür. Ona yaxınlaşıb trubanı alıb çalmağa başlayır. Alman onun musiqisinə valeh olur, vətənə yola düşəndə trubanı Ağarəhim müəllimə bağışlayır. Lənkəran Pedaqoji Məktəbində müəllim işlədiyi illərdə həmin musiqi alətindən istifadə edərdi.

Ağarəhim müəllim Lənkəran bölgəsində istedadlı bəstəkar kimi tanınırdı. O, yerli şairlərin sözlərinə bir neçə mahnı bəstələmişdi. Onun «Qaraquşum», «Bahar», «Gənc balıqçılar» mahnıları bu gün Lənkəran şəhərindəki bədii özfəaliyyət kollektivlərinin repertuarından düşmür. Nota aldığı talış mahnıları bu gün el şənliklərində səslənir.

A.İbadov pedaqoji məktəbdə folklor ansamblı yaratmışdı. Ansambl vaxtilə Bakıda, Moskvada, Polşanın Şakopane şəhərində keçirilən folklor festivallarında mükafata layiq görülmüşdü.

Gözəl insan, istedadlı pedaqoq və bəstəkar A.İbadov 61 yaşında dünyasını dəyişdi. Ürəklərdə xatirəsi, dillərdə nəğmələri qaldı.

 

 

Həmzə Vəliməmmədov,

əməkdar jurnalist

 

Mədəniyyət.- 2009.- 26 avqust.- S. 7.