Dəyişkən təbiətli Şamaxı

 

Azərbaycanın bölgələrində mövcud olan turizm potensialı ilk növbədə regionlarımızın əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti ilə şərtlənir. Son vaxtlar müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, paytaxtdan regionlara gedən yolların bərpası nəinki xarici turistlərin, eyni zamanda yerli insanlarımızın da öz istirahətlərini bölgələrimizdə keçirməsinə maraqlarını artırır. Hazırda turizm mövsümünün qızğın dövrüdür. Bu səbəbdən də Azərbaycanın turizm üçün əlverişli olan rayonları ilə bağlı bilgilərimizi oxucularımızla bölüşməyi qərara aldıq.

 

Bu diyar şairləri, filosofları, memarları ilə məşhurdur

 

Şamaxı rayonu - Azərbaycanın tarixi vilayəti, keçmiş Şirvanşahlar dövlətinin yerləşdiyi qədim Şirvanın mərkəzidir. O, Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşir. Rayonun əsas hissəsinin iqlimi mülayim isti, yayda quru iqlimdir. Landşaft dəyişkəndir. Burada çölləri dağətəyi çəmənlər, daha sonra meşələr əvəz edir. Dəniz səviyyəsindən yuxarı qalxdıqca payız daha sərin olur, qışda qar bir o qədər çox qalır. Lakin bütövlükdə rayonun iqlimi mülayim, torpaqları münbit, flora və faunası zəngindir. Burada cüyür, qaban, çöl pişiyi, tülkü, canavar, ayı, çoxlu quş növləri yaşayır. Vələs, qayın, palıd kimi enliyarpaq ağaclar bitən meşələr, baharda al qırmızı lalələrə bürünən göy çəmənlər göz oxşayır. Rayonun ərazisində 50 növdən çox dərman bitkisi yetişir.

Şamaxı rayonunda görməli yerlər çoxdur. Pirsaat çayının sağ sahilində yerləşən Çuxuryurd qəsəbəsində əslən Rusiyadan olan molokanlar yaşayır. Onların hazırladığı dadlı günəbaxan yağı, turşuya qoyulmuş tərəvəz, dağ balı, tərəvəz və meyvələr çox məşhurdur. Qırxbulaq adlanan ərazidə çoxlu içməli su bulaqları var. Məlhəm kəndinin yaxınlığında özünün şəfalı xassələri ilə ad çıxarmış məşhur mağara yerləşir. Bütün Şərqin tanıdığı şair Əfzələddin Xaqani XII əsrdə bu kənddə anadan olub. Ümumiyyətlə, bu diyar özünün şairləri, filosoflar, memarları ilə məşhurlaşıb. Seyid Əzim Şirvani, İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabir, Hacı Zeynalabdin Şirvani, Məhəmməd Şirvani, Əzim Əzimzadə, Abbas Səhhət, Həmədi Şirvani, Fələki Şirvani - bu diyarın övladlarıdır (onların adlarında "Şirvani" sözünün tez-tez təkrarlanması Şərqdə qədimdən mövcud olmuş bir ənənə ilə bağlıdır. Adətən insan məşhurlaşandan sonra qəbul etdiyi soyadında onun anadan olduğu yerin adı əks etdirilir).

 

Rəsədxana Cənubi Qafqaz və Asiya regionunun ən modern elmi araşdırma mərkəzinə çevriləcək

 

Pirqulu qəsəbəsinin yaxınlığında yerləşən Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) dəniz səthindən 1400 metr yüksəklikdədir. Keçmiş SSRİ-də ən böyük teleskoplardan biri məhz burada quraşdırılmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidentlərindən biri - Azərbaycanda neft kimyasının əsasını qoymuş akademik Yusif Məmmədəliyev vaxtilə bu rəsədxananın təşkil edilməsi üçün çox işlər görüb. ŞAR ərazisində indi çalışan alimlərin təşəbbüsü ilə Y.Məmmədəliyevə minnətdarlıq əlaməti olaraq burada onun heykəli ucaldılıb.

2009-cu il BMT-nin tövsiyəsi ilə beynəlxalq astronomiya ili elan olunub. Azərbaycanda da bu sahə tədqiq edilir. 2010-cu ildə 50 yaşı tamam olacaq Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yenidən qurulması barədə prezident İlham Əliyevin imzaladığı sərəncam rəsədxananın yeni siması, maddi-texniki bazasının gücləndirilməsi, təmir- tikinti işlərinin aparılması və müasir tələblərə cavab verən yeni cihazlarla təchiz olunmasına xidmət edir. Ötən il bu tip sərəncamla ayrılan 5 milyon manat maliyyə vəsaitinə daha 3 milyon manat əlavə olundu. Qurumun elmi işlər üzrə direktor müavini Elçin Babayevin sözlərinə görə, hazırda rəsədxanada təmir-tikinti işləri gedir. Obyektin müasir tələblərə cavab verəcək səviyyədə tam yenidənqurulmasını başa çatdırmaq üçün ayrılan maliyyə vəsaiti həm də astrofizika elminin inkişafına verilən qiymətdir. Rəsədxana müasir tələblərə uyğun olaraq qurulandan sonra bu sahə Cənubi Qafqaz və Asiya regionunun ən modern elmi araşdırma mərkəzinə çevriləcək. Bu gün elmi kadr potensialına görə seçilən Şamaxı rəsədxanası elektron işıq qəbuledici sistemlərinin və yeni elektron tipli elmi tədqiqat üsullarının tətbiqi sahəsində uğurlar əldə edir. Bununla yanaşı, kadr potensialının hazırlanmasına da xüsusi diqqət yetirilir. Gələn il Şamaxıda astrofizika sahəsində tədqiqat aparan alimlərin beynəlxalq konfransı keçiriləcək. Bu sahədə əldə edilmiş təcrübə öyrəniləcək. Radioastronomik tədqiqatlar istisna olmaqla, bütün sahələrdə tədqiqat aparılan rəsədxanada ulduzlar, günəş sistemi və ətraf planetlər öyrənilir, asteroid və kometalar tədqiq edilir, günəş-yer əlaqələri araşdırılır.

 

Tarixi abidələrin 11 əsr yaşı var

 

Rayonda bir çox tarixi abidələr var. Bunlardan Cümə məscidi (VIII-X əsrlər); Pirmərdəkan türbəsi (XIII-XIV əsrlər); Şahxəndan türbəsi (XVII əsr); 7 türbədən ibarət olan Yeddi günbəz kompleksi (XVIII əsr); Əfsanəvi Qalayi-buqurt qalasının qalıqları (XII-XVI əsrlər) rayona gələn turistləri daha çox maraqlandırır. Eyniadlı dağ kəndinin yaxınlığında yerləşən Qalayi-buqurt qalası sanki sal qayaya yapışıb. Gülüstan qalasında (VIII-XV əsrlər) Şirvanşah Şahrux İran qoşunlarının hücumunu mərdliklə dəf edib. Qalanın içində Şirvanşahın sarayı və unikal su təchizatı sistemi salamat qalıb. Buradakı gizli su kəməri müdafiə istehkamlarını su ilə təchiz edirmiş. Suyu saxlamaq üçün nəzərdə tutulan daş çarhovuzlar və su qülləsi də salamat qalıb.

Rayonun ərazisində yerləşən Pirqulu qoruğu 1968-ci ildə yaradılıb. Üç hissədən ibarət olub ümumi sahəsi 1521 hektar olan bu qoruğun ərazisinin 1362 hektarı dəniz səviyyəsindən 800-2000 metr yüksəklikdə yerləşən meşələrdir. Qoruğun florasına 45 növ nadir və endemik bitki daxildir, onların çoxunun adı “Qırmızı kitab”a daxil edilib.

 

2008-ci ildə Şamaxıya 66 min turist gəlib

 

Göründüyü kimi, Şamaxının da Azərbaycanın əksər rayonları kimi, turizm potensialı böyükdür. Elə buna görə də yerli turizm şirkətləri tərəfindən turizm mövsümü ərzində buraya çoxlu sayda turlar təşkil edilir.

Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsinin aparıcı məsləhətçisi Rafael Tağızadənin qəzetimizə verdiyi məlumata görə, təkcə bu ilin birinci yarım ilində Şamaxını 20 min turist ziyarət edib: «Havaların soyuması ilə əlaqədar rayonumuzun qonaqlarının sayında bir qədər azalma müşahidə edilib. Ümumiyyətlə götürdükdə isə istirahət etmək arzusunda olanlar çoxdur. İnsanlar əsasən Çuxurdyurd-Pirqulu zonasında yerləşən Avaxıl, Nağaraxana kəndləri ərazisində fərdi kənd evlərində dincəlməyə üstünlük verirlər». Bununla bərabər, R.Tağızadənin dediyinə görə, Şamaxıda 22 mehmanxana mehmanxana tipli obyekt lisenziya ilə fəaliyyət göstərir. «Sehrli həyat», «Qızıldaş», «Qoşabulaq», «Babayurd», «Dağlar qoynunda» s. istirahət mərkəzləri il ərzində ən çox qonaq qəbul edən obyektlərdir.

R.Tağızadə onu da bildirdi ki, 2008-ci ildə Şamaxıya 66 min turist gəlib.

 

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2009.- 26 avqust.- S. 8.