O öz qəhrəmanlarının
yolunu davam etdirdi
İlk milli kinoaktrisa İzzət Orucovanın anadan
olmasının 100, baş rolda oynadığı «Sevil»
filminin 80 illiyi münasibətilə
I Yazı
«Milli kino tariximizin səssiz
dövrünün ən yaxşı filmləri - Azərbaycan
qadınının sosial və mənəvi
azadlığı mövzusuna həsr olunmuş «Sevil» və
«Almaz» ilk türk aktrisası İzzət xanım Oruczadənin
adı ilə bağlıdır» («Ədəbiyyat qəzeti»,
23 aprel 1935 - ci il). «Sovetskiy kino» qəzeti hələ
İ.Orucovanın sağlığında dərc etdiyi «Öz
qəhrəmanlarının yolunu davam etdirərək» məqaləsində
yazmışdır: «Sevil» filmində baş rolda çəkilmiş
Bakı Sənaye İnstitutunun tələbəsi İzzət
Mirzəağa qızı Orucovanın tarixçəsi
öz-özlüyündə qeyri - adi və diqqətəlayiqdir.
Həm də Sovet Azərbaycanının bir çox
qadınlarının həyat yolunu əks etdirir...»
Azərbaycan Dövlət
Film Fondunda 89 il bundan əvvəl çəkilmiş köhnə
bir fotoşəkil saxlanılır. Keçmiş Kommunist
küçəsi ilə əllərində transparantlar,
bayraqlar tutmuş qadınlardan ibarət nümayişçi dəstələri
gedir. Çoxları çadraya bürünmüşdür.
Onların arasında çox az qızların sifətləri
görünür...
Ölkədə
kişilərlə qadınların bərabərliyi elan
olunmuş, Bakıda Əli Bayramov adına Qadınlar klubu
açılmışdır. Lakin əsrlərdən bəri
hökm sürən bəzi köhnəlmiş adət və ənənələr
qadınların ictimai yerlərdə görünmələrinin,
yeni həyat quruculuğunda iştiraklarının,
savadlanmalarının nəinki əleyhinə
çıxır, hətta fəal qadınları qətlə
yetirirdilər. Buna baxmayaraq ölkədə qadın
azadlığı uğrunda mübarizə davam edirdi. Belə
bir vaxda əlamətdar hadisə baş verdi...
«Sevil» filmi haqqında
29 oktyabr 1928-ci il. Azərbaycan Dövlət Akademik Teatrında böyük dramaturq C.Cabbarlının «Sevil» pyesinin ilk tamaşası gedir. Tamaşaçılar
nəfəslərini belə
dərmədən səhnədə
baş verən hadisələri diqqətlə
izləyirlər. Nəhayət
tamaşa başa çatır. Alqış
səsləri ətrafı
bürüyür. Tamaşanın
güclü emosional təsirindən qadınların
çoxu Sevil kimi başlarından çadranı birdəfəlik
çıxarırlar.
Bu hadisədən, pyesin
böyük müvəffəqiyyətindən ruhlanan gənc
dramaturq C.Cabbarlı «Sevil»in ekran variantını - film
üçün ssenari yazmağı qərara aldı.
O vaxlar rejissor A.Beknazarov
«Az. dövlətkino»da Azərbaycan və Ermənistan
studiyalarının birgə istehsalı olan «Vulkan üzərində
ev» tarixi-inqilabi filminin çəkilişlərini yenicə
başa çatdırmışdı. Kinostudiyanın
rəhbərliyi «Sevil»
filminin də çəkilişlərini ona
həvalə edir. Lakin filmin ikinci
rejissoru C.Cabbarlı olur.
Bu gün «Sevil»
melodramının yaradılması və ekrana
buraxılmasının 80 illiyini qeyd edərkən, filmin necə
ərsəyə gəlməsini xatırlamaq yerinə
düşərdi.
Filmin ssenarisi
C.Cabbarlının olsa da, sonradan Q.Braginski və A.Beknazarov da
ssenarini təkmilləşdirməyə cəlb olundular. Bu ənənə
lazım oldu-olmadı sovet hakimiyyəti dağılana kimi bir
sıra milli respublikalarda, o cümlədən Azərbaycanda da
davam etmişdir.
Filmin hazırlıq
dövründə baş rolu - Sevili kim oynayacağı məsələsi
ortaya çıxanda C.Cabbarlı mütləq türk (azərbaycanlı)
qızının ifa edəcəyini bildirdi. Lakin vaxt ötür,
aktrisa isə tapılmırdı. A.Beknazarov
bundan istifadə edərək, heç kimlə razılaşdırmadan
İrəvandan Nora Arzumanovanı
çağırtdırır və onunla kino sınaq çəkilişləri aparır.
Bundan xəbər tutan C.Cabbarlı kinostudiyanın rəhbərliyinə
qəti etirazını
bildirir və Sevil roluna azərbaycanlı
qızı tapdığını
söyləyir. O, vaxt
itirmədən Azərbaycan
Sənaye İnstitutunun
tələbəsi İzzət
Orucovanı kinostudiyaya
gətirir, onu kino sınaq çəkilişlərindən çıxarır və Sevil roluna təsdiq
etdirir. A.Beknazarov əlacsız qalıb həmyerlisi, erməni qızı Nora Arzumanovanı
gəldiyi kimi də geri qaytarır.
Filmin digər personajlarının da təsdiqi ilə C.Cabbarlının özü
məşğul olurdu.
Xalq artisti A.Gəraybəyli
ilə sağlığında aldığım müsahibədən:
- «Sevil» pyesinin ekran variantı bizim hamımızı
maraqlandırırdı. Mən teatr səhnəsində Balaşı artıq oynamışdım. Deyildiyinə
görə yaxşı
alınmışdı. «Sevil»
filminə aktyorları
Cəfər özü
seçirdi. Bir gün o, teatrda məni görüb dedi :
- Ağasadıq, sabah
bir zəhmət çək, studiyaya gəl, səni, Rza Əfqanlını,
- sonra daha bir neçə nəfərin də adını
çəkdi, amma yadımda qalmayıb - daha doğrusu,
birinizi Balaş roluna çəkmək fikrindəyik. Sağlıq
olsun, görək sınaq çəkilişlərindən
necə çıxacaqsınız.
Sınaq çəkilişləri
zamanı hiss edirdim ki, Balaş rolunda Cəfər məni
görmək istəyir. Sonra Tbilisiyə qastrol səfərinə getdim. Tamaşalarımız yaxşı
keçirdi. Zallar həmişə adamla dolu olurdu. Bir
axşam tamaşadan sonra Cəfərdən teleqram aldım. Yazırdı ki, «Sevil» filmində Balaş roluna təsdiq olunmusan. Teleqramı dönə- dönə oxudum. Sevincdən özümə
yer tapa bilmirdim. Tezliklə Bakıya qayıtdım.
Bu günə kimi o da
yadımda qalıb ki, «Sevil»in ilk çəkilişindən əvvəl
məşq zamanı Cəfər mənə rolumla
bağlı bəzi məsləhətlər verib axırda
dedi:
- Ağasadıq,
Balaş üçün Sevil evin bir küncündə oturub,
ərinin buyruqlarını dinməz-söyləməz yerinə
yetirən aciz bir qadındır. Əvvəllər
bank məmuru, sonralar
bank müdiri olan Balaş isə düşünür ki, onun arvadı bozbaş bişirən savadsız bir qadın yox, kübar ailədə böyümüş, yüksək
cəmiyyətdə tanınan
bir xanım olmalıdır. Sənin Balaşın ekranda belə görünməlidir...
İzzət xanım Orucovanın Sevili kimi, mənim Balaşım da yaxşı alındı.
O dövrün mətbuatında,
elə sonralar da bu barədə
çox yazılıb...»
«Sevil» filmi qadın
azadlığı, məhdud dünyagörüşlü
meşşanların, nadanların azadlıq yolunda əngəl
olmaları kimi aktual məsələyə toxunur, eyni zamanda cəmiyyətdə
öz yerini axtarıb tapa bilməyən, dədə-baba
qaydalarına xor baxan, hətta öz doğma atasını belə
bəyənməyən balaşları ifşa edir.
Filmdə
tamaşaçı məhəbbət
üçbucağı ilə qarşılaşır: bankın
müdiri təyin olunmuş Balaş, kölə qadın səviyyəsinə
enmiş, sonradan öz azadlığı uğrunda mübarizəyə
qalxan gözəl və gənc Sevil və gününü
bahalı restoranlarda eyş-işrətdə keçirən
Edel.
Filmdə məhəbbət
üçbucağı ilə yanaşı,
tamaşaçı inqilab dalğasının Bakını da
bürüdüyünü, azad yaşamaq uğrunda
mübarizə aparan Sevilləri öz qoynuna
aldığını görür. Sevili
artıq tanımaq olmur, o, yeni həyat qurucusuna çevrilmişdir. Kino əsəri
Sevilin inqilabdan əvvəl və inqilabdan sonrakı ilk illərdə həyat yolunu əks etdirir, Sevil bu inqilabi hadisələrin
burulğanına düşür,
özünü itirmir,
sonra ölkədə
gedən proseslərdə
yaxından iştirak edir.
«Sevil» filmi 1929 - cu ildə ekranlara buraxıldı. Az bir vaxtda böyük
müvəffəqiyyət qazandı.Bu
uğurun qazanılmasında
baş rolların ifaçıları İ.Orucovanın
və A.Gəraybəylinin
əməklərini xüsusi
qeyd etmək lazımdır. İzzət
xanımın cazibədarlığı,
qadın ləyaqəti,
çəkiliş meydançasında
özünü təbii
aparmaq bacarığı,
ciddiliyi, A.Gəraybəylinin
professional oyunu: Sevil və Balaş obrazlarını baxımlı
etmişdir.
Filmin birinci yarısında biz kölə
Sevillə
Film səssiz olduğu
üçün burada qaldırılan məsələlərin
geniş şəkildə həllinə imkan verilmir. Bununla belə mövzunun aktuallığı,
müasir həyatla səsləşməsi kino
əsərinin uğurunu
təmin etmişdir.
Bu işdə operator İ.Frolov,
aktyorlardan B.Beletskaya (Edel), Cənnət xanım (Gülüş)
və A.Bəzirganovun
da (Əli bəy) xidmətləri az olmamışdır.
«Sevil» sovet
kinematoqrafiyasında 20 - ci illərin ənənələrini
davam etdirir. Bu ənənə cəhalətə, köhnəlmiş
qayda-qanunlara qarşı çevrilən bir sənətin ilk
addımları, eyni zamanda sovet ideologiyasını, inqilabi
ideyaların tərənnümü idi.
C.Cabbarlı pyesi ekran
üçün işləyərkən, kino sənətinin
imkanlarından istifadə etmiş, ssenariyə bir sıra
maraqlı epizodlar, yeni obrazlar daxil etmişdir. Filmdə bir qədər
sxematiklik hiss olunsa da ideya-bədii məziyyətlərinə
görə «Sevil» uğurlu ekran əsəridir.
Filmin bəzi
nöqsanlarını göstərməklə bərabər
«Bakinskiy raboçi» qəzeti ilk tamaşadan sonra
yazmışdır: «Film öz tamaşaçısını
tapdı. Azərbaycan ictimaiyyəti bu filmdən sonra çox mühüm suallara cavab tapa bildi. Çünki
burada hər şey, Azərbaycan qadınının zəngin
aləmi, onun neçə vaxtdan bəri lənətlədiyi
köhnə qayda-qanunlar
dəqiq, anlaşıqlı
bir şəkildə nümayiş etdirilmişdir.
Bəlkə buna görə «Sevil» filmi nümayiş etdirilən salonlarda tamaşaçıların hiss və həyəcanı bitib-tükənməz, ölçüyə
gəlməz idi...»
Ailə-məişət
mövzusunda çəkilmiş «Sevil» filmi təbliğat
funksiyasını yerinə yetirsə də, Azərbaycan
kinosunda qadın surəti ilk dəfə olaraq burada ikinci planda
deyil, böyük həcmdə, qabarıq şəkildə
yaradılmışdır. Həm də filmdə o
dövrkü azərbaycanlı qadınlarının ümumiləşdirilmiş
obrazı öz bədii həllini tapmışdır.
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi
Mədəniyyət.- 2009.- 26 avqust.- S. 11.