Səadətin ünvanı - Səadət
sarayı
XX əsrin əvvəllərinin
- sürətlə inkişaf edən neft Bakısının ən
gözəl tikilisi, bu gün isə insanları səadətə
qovuşduran «Səadət sarayı». Bakının mərkəzində
qərar tutan bu möhtəşəm bina bəlkə də
ona görə belə heyrətamizdir ki, o, xoşbəxt
cütlüyün bir-birinə olan sonsuz sevgisindən
yaranıb.
Belə ki, «Səadət
sarayı» adlandırdığımız bu tikilini məşhur
Bakı milyonçusu Murtuza Muxtarov öz sevimili xanımı
Liza Tuqanovanın şərəfinə tikdirib. Sarayın tikilməsinin
çox maraqlı tarixçəsi var. Bir dəfə Avropaya səyahət edən cütlük İtaliyanın Florensiya şəhərində də
olur. O zaman Liza xanım italyan binalarının arxitekturasına, xüsusilə
də onlardan birinə dərindən valeh olur və
bu məftunluğunu həyat yoldaşına bildirir. Təxminən bir il sonra Bakını gəzərkən Muxtarov Lizanı Fars küçəsinə gətirir
və birdən Lizanın baxışları
uzaq İtaliyada gördüyü saraya bənzər bina ilə rastlaşır. Öz xanımının əllərindən öpən
Muxtarov onu yeni mülkləri münasibətilə təbrik
edir…
«Səadət sarayı»
adlanan bu mülkdə xoşbəxt cütlük həyatlarının
ən gözəl günlərini keçirəcəkdi. Saray Polşa memarı İosif Ploşko tərəfindən
fransız qotik üslubunda 1911-12-ci illərdə
tikilib. Muxtarov Ploşkonu xüsusi olaraq Moskvadan Bakıya dəvət etmiş və sonra da İtaliyaya
göndərmişdi ki,
sarayla yaxından tanış olsun. Sarayın hər sütunu, tağları, buta və gülləri,
pəncərə və
qapıları təkrarolunmaz
sənət əsəri,
memarlıq incisidir və bu detallar
binanın yanından keçən və ya içəri daxil olan hər
kəsi valeh edir.
Ploşko Muxtarov
üçün layihə tərtib edərkən
düşünürdü ki, o, Şərq üslubunda olacaq.
Lakin, “İsmailiyyə”
binası xoşuna gəldiyinə görə,
M.Muxtarov milli-şərq təfsirində
deyil, qotika üslubunda saray tikdirməyi qərara alır. Bu evin
fasad detalları fransız qotikası ruhunda nəfis işlənmiş, mərkəzi
qüllə formasındadır.
Fasadlarda olan nəfis sütunlar binaya xüsusi gözəllik verir. Sarayın klassik formalı üçmarşlı
mərmər pilləkəninə
açılan vestibülü
çox maraqlıdır.
Burada order üsullarından çox
fəal surətdə
istifadə olunub. Ön pilləkən təmtəraqlıdır, yarımdairəvi
tavan isə dekorativ elementlərlə doludur.
Təəssüf ki,
sevgi ilə təməli qoyulan bu bina sonadək öz sahiblərinə
qismət olmur. Belə ki, 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalından
sonra Muxtarovun evinə gələrək
ondan binanı tərk etməyi, sovet hakimiyyətinə tabe olmağı tələb edirlər. Bunu eşidən neft maqnatı tüfəngini götürür,
əvvəlcə iki bolşeviki, sonra isə özünü öldürür… Nəticədə
bina XI ordunun qərargahına çevrilir.
Bakıda qaldıqca həyatına təhlükələr
artan Liza xanım isə Türkiyəyə gedir və 1950-ci ilə qədər yaşayır.
Bina Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı
ilə ölkə əhəmiyyətli daşınmaz tarix və
mədəniyyət abidəsi kimi qorunur.
Muxtarovun tikdirdiyi gözəl
«Səadət saray»ı 100 il sonra da öz missiyasını
yerinə yetirməkdə davam edir. Hazırda əsaslı şəkildə təmir
olunan, Dövlət Nikah Qeydiyyatı İdarəsinin yerləşdiyi
bu bina sanki
içəri qədəm
qoyan hər kəsə əsl sahiblərinin xoşbəxt
ailə qurmaq baxımından xeyir-duasını verir.
Mədəniyyət.- 2009.- 26 avqust.- S. 16.