Mədəni dəyərlərin vahid gen qaynağı

 

Folklorşünas-alim AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev “Oxşar dəyərlərin gen qaynağı- geneoloji nəzəriyyə” (“Elm və təhsil”, 2009) adlı dəyərli monoqrafiyası ilə elmi ictimaiyyətlə görüşə gəlib. Mən bu kitabı oxuyandan sonra bu qənaətə gəldim ki, folklorumuzdakı uçan xalça (ya sehrli xalat) obrazının folklorşünaslıq tarixində analoqu yaradılıb. Belə ki, ibtidai mədəniyyət dövrünün uçan xalçası çox-çox sonralar fizik alimlərə cahanşümul dərəcədə əhəmiyyətli olan elmi kəşflər aparmağa stimul verdiyi kimi, professor A.Nəbiyev bu əsəri ilə dünya humanitar elmi qarşısında geniş intəhasız üfüqlər açıb. Necə ki, uçan xalça (sehrli xalat) peyk sistemlərinin, təyyarənin ixtirasına rəvac verdi, eləcə A.Nəbiyev yeni universal nəzəriyyə ilə bəşəriyyətin humanitar düşüncə tarixində başlanacaq inqilabi ideyanın başlanğıcını qoydu. Bu əsərin elmi mahiyyətini ilə yanaşı, ictimai-siyasi nöqteyi-nəzərdən böyük missiya daşıdığını da qeyd etməliyik. Sakini olduğumuz XXI əsrdə qırğın-qiyamətlərin, ədalətsizliklərin artdığı göz-görəti acı həyat reallıqlarıdır. Kitabda verilmiş yeni nəzəriyyə bəşəriyyəti genişmiqyaslı sülhə səsləyir. Özü sadəcə gözoxşayıcı şüarlar, yaxud ictimai-siyasi səpkili pamfletlər şəklində yox, bəşəriyyətin tarixi yaddaşını silkələyib oyatmaqla-özünəqayıdışa səsləməklə, onları bir ata-ananın (Adəm-Həvvanın) övladları olmasını düşündürə-düşündürə sülhə çağırır. Müəllif kitabın - “Nəticəhissəsində göstərir: Təqdim edilən nəzəriyyə oxşar mədəni dəyərlərə ən yeni yanaşma olub, oxşar süjetlərin gen düşüncəsindən xalqların folklor yaradıcılığının yayılmasının tarixi spesifikasını açıqlamağa imkan verir. Bu isə tarixən eyni geneoloji qaynaqdan olan xalqların yenidən özünə qayıdacağına, vahid xalqa çevrilib sərvətləri dünyanın yeni nizamına uyğun olaraq bölüşdürəcəyinə ümidləri artırır”.

Bu fikirlər bir daha onu sübut edir ki, alim burda təkcə yeni elmi nəzəriyyənin bünövrəsini qoymaqla elmi müstəvidən dəyərli bir irs yox, həm də dünyanı narahat edib düşündürən qlobal problemlərin həlli istiqamətində də özünün alim səsini ucaltmışdır. Özü bu xeyirxah ideya yalnız humanitar sahənin mütəxəssislərini deyil, dəqiq elmlərin bilicilərini özünə səfərbər edəcək dərəcədə dünyanın bütün elm xadimlərinə ümumilikdə isə insanlığa ünvanlanmışdır. Bununla damədəni dəyərlərin vahid gen qaynağının öyrənilməsini” (səh.81) zəruri hesab edən professor, həm dünyamızı siyasi sabitliyə dəvət etmiş, həm elm aləminə dəyərli töhfə vermişdir.

Əlbəttə, əsl alimin xidməti yalnız onun elmə nailiyyəti məhdudlaşmır, həm də insanlıq qarşısında mühüm mənəvi missiyanı yerinə yetirir-insanlar, xalqlar arasında sülh, dostluq, qardaşlıq körpüsü yaratmaqla böyüklük, ağsaqqallıq nümayiş etdirir. Azad müəllim də bu əsəri vasitəsilə bəşəriyyətin müdrik yolgöstərəni kimi çıxış etmişdir.

“Xalqların öz tarixi gen, mənşə birliyinə qayıdışı prosesini ” (səh. 79) - mərhələsini gözləyən professor Azad Nəbiyev bu barədə hələ çox-çox əvvəllər insanlara ilahi qüvvə vasitəsilə iki dəfə “mesajlar” göndərildiyini vurğulayaraq yazır:

“Cəmiyyətin bu sürətli yüksəliş və tərəqqi dövrü barədə tarix ərzində insanlara iki dəfə çox mühüm informasiyalar ünvanlanmışdır. Bunların birincisi hələ tam oxuyub başa çatdıra bilmədiyimiz Zərdüşt nəğmə himnləri vasitəsilə olmuşdur. Ünvanlanma tarixindən yüzilliklər ötsə , cəmiyyət hələ onların şifrəsini aça bilməmişdir.

İkincisi isə daha qüdrətli və ilahi informasiya ötürücüsü - böyük Yaradanın dörd mələyindən biri olan Həzrəti Cəbrayıl vasitəsilə dünyanın sonuncu peyğəmbəri Məhəmməd peyğəmbər əleyhissəlama cəmiyyətə çatdırmaq üçün nazil edilmiş dünyanın sonuncu səma kitabı Qurani-Kərimdə öz əksini tapmışdır.” (səh.79-80).

Göründüyü kimi, müəllif bu tezislərin hələ çox qədimlərdə ilahi-səmavi qüvvələr tərəfindən söylənildiyini bildirməklə, bu ilahi şifrələrin kodunu aça bilmək üçün özünün nəzəri baxışlarını sistemə salıb bir monoqrafiya kimi müasir dünyaya təqdim etmiş, bəşəri-mədəni dəyərlərə yeni baxış müstəvisində yanaşmaqla dünyanı ədalətli gələcəyə dəvət etmişdir. Onu da nəzərdən qaçırmaq olmaz ki, bu zaman alim təkcə ümumi nəzəri humanitar fikirlərlə kifayətlənməmiş, bu yöndəki bilgilərini paralel olaraq riyazi model düsturların köməkliyindən istifadə etməklə açıqlamışdır. Başqa sözlə, humanitariya sahəsində aparılan tədqiqatı riyazi formullarla dayükləmiş”, məqsədə yetməyin həlli mümkün olan bütün variantlarından istifadə etmişdir.

Biz də professor A.Nəbiyevin bu xeyirxah ideyasını - filoloji fikir nəzəriyyəsini ürəkdən alqışlayır və bütün elm sahələrini bu istiqamətdə tərəfdaşlığa səsləyirik!

 

 

Şakir Əlifoğlu,

AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi

 

Mədəniyyət.- 2009.- 26 avqust.- S. 12.