Bakı beynəlxalq kitab sərgisinə hazırlaşır

 

Bakıda 10-12 sentyabr tarixlərində “Bakı İslam Mədəniyyətinin Paytaxtı - 2009” layihəsi çərçivəsində I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sərgi, Muzey Mərkəzində saat 10:00-dan 19:00-dək davam edəcək. Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.

Sentyabrın 10-da təşkil olunacaq açılış mərasimində bir çox dövlət təşkilatlarının rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən 60 nəşriyyatın nümayəndəsi və 30 ölkədən olan nümayəndə heyətinin iştirakı gözlənilir.

Sərgidə müstəqillik əldə etdikdən sonra ölkədə çap olunan kitablar, məqalələr və digər sənədlər, həmçinin 10 ölkənin milli kitabxanasının nəşrləri təqdim olunacaq. Qeyd edək ki, ekspozisiyada nümayiş etdirilən kitabların satışı da təşkil ediləcək. Sərgi son illərdə nəşr olunmuş kitabların nümayişinə, satışına, müəlliflər və digər ölkələrin nəşriyyat-poliqrafiya təşkilatları arasında danışıqlar aparılması və müqavilələr bağlanmasına yeni imkanlar açacaq.

Üç gün davam edəcək sərgi çərçivəsində həmçinin Azərbaycanın milli musiqisi də səsləndiriləcək.

Bundan başqa, sərgidə mədəniyyət, turizm, səhiyyə, elm və başqa sahələrə aid stendlər də yer alacaq.

 

 

Mədəniyyət.- 2009.- 28 avqust.- S. 1.