Mən sənsiz
yaşaya bilmirəm...
Bəs sən necə, ana yurdum?!
Hərdən televizorda Azərbaycanımızın
füsunkar təbiətini göstərirlər. Laləli çəmənliklər,
yaşıl meşələr,
dağlar, qayalar, çaylar...
Bu
Güman yerimiz, iman yerimiz, inam yerimizə - qəlbimizin ağrı guşəsinə dönmüş Qarabağımıza - Ağdamımıza dönmək istəmirikmi, ay mənim sağ qalanlarım? Düz 16 ildir ki, yurd hicranındayıq, ay sağ olmuşlar! Düz 16 ildir ki, Vətən nisgili, Vətən həsrəti içimizi od-alov kimi yandırır. Bu 16 ildə Vətənimizin hər yeri gözəlləşib, hər qarışı qəşəngləşib. Uca binalar, çil-çıraqlı, səliqə-sahmanlı asfalt yollar, uzun körpülər, enli küçələr. Parklarda gözəl-gözəl məkanlar, əyləncələr, konsertlər. Göydə ulduzlar, yerdə oxuyan ulduzlar. Gözəlliklər bol-bol... Amma... Torpağımız işğaldadırsa, bütün bu gözəllik və rahatlıqların damarı qaçır mənim ürəyimdə. Yaraşıqlı küçələrdə bir-birindən gözəl xarici maşınlar, müxtəlif biçimli, müxtəlif modalı (hələ bəzən ədalı, vecsiz) adamlar. Daha nələr-nələr! Amma nə olsun? Vətənin bir parçası işğalda qalıbsa, bütün bu gözəlliklərə xal düşür axı...
Kimin nəyi yoxdursa, onu axtarar. Kimi var-dövlət, kimi vəzifə, kimi şan-şöhrət... Mənə isə doğma yurdum, yuvam gərək...
Mən o doğma doğum yerimə, o cənnətməkan yurduma getmək istəyirəm. Hara baxıram, harda oluramsa, o gözəl yurd-yuvama oxşar bir element axtarıram. Amma azını tapıram, çoxunu yox. Vallah-billah bənzərsizdir o yerlər. Axı, hardan bilim, ömür vəfa edəcəkmi? Gedib görə biləcəyəmmi - bənzərsiz meşələrdən, dağlardan, bağlardan ibarət o gözəlimi? Düz 16 ildir... Həyat isə durmur, dayanmır, yaman sürətlə gedir. Bir gündə üç gün qocalıram. Hər «qaçqın» atmacası ürəyimdən bir kərpic qoparır. 42 yaşımdan 50 yaşıma qədər səngər həyatı, əsgər ömrü yaşadım. Ondan sonrakı məhsul-mənasız illərim isə daha çox. 16 ildir ki, qaçqın-köçkünlük küncünə sığınmış, 62 yaşıma çatmışam. Vətən işğal olunan gündən ad günü keçirməmişəm. Bundan qorxmuşam. Mənə elə gəlir ki, ad günümü qeyd etsəm, «uzun ömür, can sağlığı» əvəzinə işğal «sağlığı», «qorxub qaçan» təbriki eşidərəm o məclisdə... Daim bu fikirdəyəm ki, doğum günümü yalnız orada qeyd etməliyəm. Orada ey, orada!..
Ömrə bax... Ömür yox, 16 illik hədər!.. Görəsən, kim bilər içimdəki dərdimi, a dərdim?! Kim necə başa düşür, özü bilər. Amma öz bildiyim odur ki... Qarabağım işğaldadırsa, bu 62 yaşlı, 16 yaşlı ömür mənim nəyimə gərək...
İstəsəm də, istəməsəm də, yaşlaşıram daha. O yerlərsiz sevinc də tükənib qəlbimdə. Hərdən də fikirləşirəm ki, yox, mən indi daha mübariz olmalı, o cənnət məkanımızı işğaldan qurtarmaq, düşmənləri o müqəddəs yerlərdən vurub çıxarmaq, o yurda dönmək, o yurd yerləri ilə görüşmək, Vətənimizə salamımı çatdırmaq üçün mən hamıdan daha artıq nikbin yaşamalı, ruhdan düşməməli, ölməməliyəm! Ayağımı o yerlərə qoyub: - Salam, mənim doğma yurdum! - deməliyəm. Ey cənnət-məkanım, gör neçə illərdir sənin həsrətinlə ömür sürmüşəm. Təbrik elə doğum günümü, qəbul elə məni, Vətən! Axı, mənfur düşməni məhv edib, səni azad etmişik. İndi sənin sinəndə qürurla gəzməməliyikmi?! İndi sənin üstündə vüqarlı bir vətənpərvər kimi dayanmağa haqqım var!.. Sənin uğrunda gecə-gündüz mənfur düşmənlərlə vuruşub şəhid olan dostları-silahdaşları yad edəcəyik, Vətən!.. Şəhid ruhlarına dualar oxuyacağam - onlarla birgə döyüşdüyümüz hər bir səngərdə...
O qəhrəman, igid silahdaşlarım, o saf əqidəli insanlar heç vaxt yadımdan çıxmayacaq! O cəsur, o cəsarət və qorxmazlıq rəmzi, həyatda necə yaşamaq nümunəsi, gələcək gənclərə örnək olası o müqəddəslər yaddan çıxarmı heç?!
Bu neçə illərdə - sənsiz illərdə sənli xatirələr yaşatdı məni, Vətən! İndi isə hüzuruna gəlmişəm. Salam, doğma yurd! Xoş gördük, ana Vətən! Mənəm, doğma oğlunam, doğma Ağdamım! Qəbul et bizləri, ey şəhidlər və qazi-şahidlər yurdum, vətənsevərlər oylağım! İndi sənin üstündə adi bir daşın kimi dayanmağa, vətəndaşın kimi yaşamağa haqqım var, Vətən!..
İnanıram ki, gələcək o gün, o dövran. Gələcək o zaman. O gözəlim yurdda doğum günümü sənin bütövlüyünlə birgə qeyd edəcəm, azad edəcəyim Vətən! İndiyə qədər isə elə belə gün keçirmişəm, sənə dönmək üçün səbr etmişəm. Tanrıya yalvarmışam ki, mənə səbr, dözüm, bir də sağlam can versin. Ömür keçir. Günlər hiss olunmadan yürüyür. Xəyallara dalıb xatirələr yazıram. Bir taledi, bir qismətdi düşüb bəxtimə. «Yaşayıram» Ağdamsız, Qarabağsız. «Yaşayıram» belə...
Neçə illərdir yol gedirəm gecə-gündüz - çata bilmirəm Vətənə. Bəzən içimdə hicran, həsrət damla-damla toplanıb vulkana dönür. Bu vulkan suallar da püskürür: «Vətən bu qədər uzaq deyil axı, nədən gedib o məkana çata bilmirsən?» «Axı, bu qədər asta yerişlə gedib Vətənə çatmaqmı olar?!» Mən səninçün darıxıram, sən necə, Vətən?!
Qədəhləri qeyrət meyi ilə doldur və səbr elə. Bir gün gəlib sənin qoynunda qeyd edərik ad günümüzü, ana yurdum!..
Həmişə əsgər Hacı Əkbər
Mədəniyyət.- 2009.- 28 avqust.- S. 5.