Böyük türk sevdalısı
- Seyid Cəfər Pişəvəri
Tarixi şəxsiyyətin anadan olmasının 117-ci
ildönümü münasibətilə tədbir
keçirilib
Avqustun 26-da Azərbaycan
Yazıçılar Birliyinin “Natəvan” klubunda (bu otaq Seyid Cəfər
Pişəvərinin iş otağı olub) 1945-1946-cı illərdə
Güney Azərbaycanda qurulmuş Milli Hökumətin banisi
Seyid Cəfər Pişəvərinin anadan olmasının
117-ci ildönümü münasibətilə dəyirmi masa
keçirilib. AMEA-nın Şərqşünaslıq
İnstitutu, Dünya Azərbaycanlıları Konqresi (DAK) və
“21 Azər” Təşkilatının təşəbbüsü
və təşkilatçılığı ilə
keçirilən tədbirdə tədqiqatçı-alim Əkrəm
Rəhimlinin Seyid Cəfər Pişəvəriyə həsr
olunmuş kitabı da iştirakçılara təqdim edilib. Tədbirə
Azərbaycanın tanınmış tarixçi alimləri,
siyasi, ictimai xadimləri, diaspor təşkilatlarının rəhbərləri,
yazarlar, tələbələr, güneyli-quzeyli fəallar
qatılıb. Konfrans Seyid Cəfər Pişəvərinin
xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə
başlayıb.
AMEA-nın Şərqşünaslıq
İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva
26 avqustda Güney Azərbaycan Milli Hərəkatının
simvoluna çevrilmiş bir şəxsiyyətin - Seyid Cəfər
Pişəvərinin ad günü olduğunu
xatırladıb: “Azərbaycan xalqı tarix boyu azadlığa
can atıb. Azərbaycanın Quzeyində 1918-ci ildə Xalq
Cümhuriyyəti qurulduğu kimi, Güneydə də
1905-1911-ci illərdə Məşrutə İnqilabı (Səttarxan
hərəkatı), 1920-ci ildə Azadistan dövləti
(Şeyx Məhəmməd Xiyabani hərəkatı) və
1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin
rəhbərliyi altında Milli Hökumət yaradılıb. Onların
hamısı xəyanətlər nəticəsində
süquta uğramasına, qan içində boğulmasına
baxmayaraq, ikiyə bölünmüş xalqımızın
taleyində böyük rol oynayıb və iz qoyub. Bunun nəticəsi
olaraq, 1991-ci ildə Azərbaycanın Quzeyində müstəqillik
əldə olunub”.
Onun sözlərinə
görə, Əkrəm Rəhimlinin Pişəvəriyə
həsr etdiyi kitabda Milli Hökumətin banisinin həyat və
yaradıcılığı, siyasi fəaliyyəti və s.
geniş şəkildə əks olunub.
DAK həmsədri, VHP sədri,
millət vəkili, şair Sabir Rüstəmxanlı bildirib
ki, Pişəvəri ilə bağlı müxtəlif
kitablar yazılıb. Ancaq həmin əsərlərdə
ziddiyyətli məsələlər var. Lakin Əkrəm Rəhimli
həmin mübahisələrə işıq salan bir kitab
yazıb: “Pişəvəri Güney Azərbaycan tarixində
dəyərli 3 şəxsiyyətdən biridir, yəni Səttarxan
və Xiyabaninin davamçısıdır. Bunlar bir xalqın
azadlıq mübarizəsinin üç mərhələsidir.
Hər biri Azərbaycan xalqının qeyrətli oğludur,
şəxsiyyətidir”.
Onun sözlərinə
görə, Pişəvəri öz xalqının
qurtuluş yolunu axtardığı üçün hər
cür xarici yardıma normal baxırdı. Ona görə də
onun sovetlərin işarəsilə hərəkət etməkdə
günahlandırmaq əsassız fikirdir. Bu gün Güney Azərbaycanda
istiqlal mübarizəsi davam edir. Çünki Pişəvərinin
idealları hələ həyata keçməyib: “Hesab edirəm
ki, bu kitab Güney Azərbaycanda yayılmalıdır. Bundan əlavə,
Milli Elmlər Akademiyası qarşısında məsələ
qaldırılmalıdır. Çünki Güney Azərbaycanla
AMEA-nın Şərqşünaslıq İnstitutunun tərkibində
bir şöbə məşğul olur. Bunun üçün
ayrıca institut yaradılmalıdır. Eyni zamanda ABŞ-da,
Avropada Güney Azərbaycan üzrə strateji institutlar
qurulmalıdır. Azərbaycanda isə AMEA-nın nəzdində
Güney Azərbaycan Araşdırma İnstitutu
yaradılmalıdır. Əgər millətimizin taleyini,
bütövlüyünü düşünürüksə,
bütün bunlar mütləq həyata keçirilməlidir”.
DAK Daimi
Şurasının sədri Əjdər Tağızadə
vurğulayıb ki, Pişəvəri Güney Azərbaycanda
dövlətçilik ənənəsinin əsasını
qoyan bir şəxsiyyətdir: “Pişəvəri böyük
bir türk sevdalısı idi, ictimai-siyasi xadimdi. O, sosial ədalət
istəyirdi”. Onun sözlərinə görə, bu gün
Pişəvərinin ruhu qəlblərdə yaşayır. Hazırda
Güney Azərbaycanda Pişəvərinin ruhuna oxşar
istiqlal mübarizəsi gedir və Azərbaycan türkləri
tezliklə öz müstəqilliyini əldə edəcək.
Tədqiqatçı-alim
Pərvanə Məmmədli, “21 Azər” Hərəkatının
iştirakçısı, filologiya elmləri doktoru Sabir Nəbioğlu,
nəğməkar şair Vüqar Əhməd və
başqaları çıxış edərək öz fikirlərini
bildiriblər. Konfransın sonunda tədbir
iştirakçıları Fəxri Xiyabanda mərhum Seyid Cəfər
Pişəvərinin məzarını ziyarət ediblər.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2009.- 28 avqust.- S. 5.