Cənnətəbənzər məkan
Masallıda turizmin inkişafı üçün hər
cür şərait var
Maşınımız
Bakıdan çıxıb Bakı-Astara yoluna çıxanda
sürücüdən soruşdum ki, Masallıya neçə
saata çatarıq?
- Allah qoysa, üç saata
Masallıdayıq - dedi.
Uşaqlıq vaxtı
qarış-qarış gəzdiyim bu yerlərdən
ötrü çox darıxdığımdan üç
saatlıq yolumuz mənə çox uzun
görünürdü. Muğandan keçib subtropik zonaya daxil olanda içimdə
nəsə bir yüngüllük hiss etdim. Yaşıl
örtüyə bürünmüş cənub
dağlarına yaxınlaşdıqca daha rahat nəfəs
alırdım. Muğanın isti iqlimi cənubun sərin
havası ilə əvəz olunurdu.
Masallıya
sürücünün dediyi vaxtda çatdıq. Masallı 40-45 il öncə
gördüyüm Masallı deyildi. Ölkəmizdəki
sosial-iqtisadi və mədəni inkişafın bütün təzahürləri
bu rayonda da özünü qabarıq göstərirdi. Bu
torpağın füsunkar təbiəti fonunda yollar nisbətən
rəvanlığı ilə seçilir. Yolların kənarlarında
əkilmiş meşə zolağı qəlbə dinclik,
rahatlıq gətirir. Münasib yerlərdə qurulmuş,
bir-birindən səliqə-sahmanlı ictimai-iaşə obyektləri
qonaqların diqqətindən yayınmır. Sanki adamı dincəlməyə
səsləyir.
Yolların kənarında
ulu öndər Heydər Əliyevin müdrik kəlamları
böyük plakatlarda əks olunub. Onlardan birində deyilir:
«İqtisadiyyatı güclü olan dövlət hər
şeyə qadirdir».
Bəli, Azərbaycan
iqtisadiyyatı indi sürətlə inkişaf edir. Bu
inkişafın fonunda ölkəmizin füsunkar bir guşəsi
olan Masallı da öz yerini tapıb. Son 10-15 ildə burada
çoxlu sayda yeni yaşayış binaları, sosial-mədəni
obyektlər, səhiyyə və təhsil ocaqları inşa
olunub, parklar salınıb, küçələr genişləndirilib,
digər sosial yönümlü tədbirlər həyata
keçirilib.
Bütün bu gözəllikləri
seyr edə-edə, xəyala daldığım bir vaxtda
sürücü maşını saxlayıb - «Bu da dediyiniz
ünvan - Masallı Rayon Mədəniyyət və Turizm
Şöbəsi» - dedi. İlk həmsöhbətim şöbənin müdiri Lətifə
Mövsümova oldu. Gəlişimə çox sevindiyini
bildirdi: «Doğma qəzetimiz «Mədəniyyət»in əməkdaşını
rayonumuzda görmək mənə çox xoşdur».
Lətifə xanım 31
ildir ki, Masallı Rayon Mədəniyyət və Turizm
Şöbəsinə rəhbərlik edir. Əməkdar mədəniyyət
işçisidir. Rayonun tarixi, sosial, iqtisadi və təbii ki,
mədəni həyatı barədə geniş məlumata
malik bir insandır. Onunla söhbətimiz də bu axarda oldu.
Dediyinə görə, Masallı özünün
sosial-iqtisadi inkişaf göstəricilərinə görə
cənub bölgəsində yerləşən bir sıra
rayonları geridə qoyur: «Elmi-arxeoloji tədqiqatlar və
yazılı qaynaqlar göstərir ki, bu ərazidə qədim
insanlar təxminən 15-20 min il əvvəl yaşayıblar.
Antik dövrdə Manna, Midiya, Atropatena dövlətlərinə,
sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinə,
XVI-XVIII əsrlərdə Səfəvilər dövlətinin
ərazilərinə daxil olub. XVIII əsrin ortalarında
yaranan Talış xanlığı onu da əhatə edib».
Masallı
inzibati rayonu 1930-cu ildə yaradılıb. Bir tərəfdən
Xəzər dənizi, digər tərəfdən isə
Talış dağları ilə əhatələnir. İqlimi
subtropikdir. Viləş, Tatyan, Alvadı, Mafara və digər
çaylar rayon ərazisindən axaraq Xəzər dənizinə
tökülür. 16 min 663,5 hektar meşə sahəsində
palıd, fıstıq, azat (nil), dəmirağac, vələs,
qızılağac və digər nadir ağaclar bitir. Hazırda
rayonun əhalisi 200 min nəfərə yaxındır. Əhalinin
əsas məşğuliyyəti isə kənd təsərrüfatıdır.
Rayonun mədəni həyatı
Lətifə
xanımın dediyinə görə, hazırda rayonda 15 mədəniyyət
evi, 28 kənd klubu, 79 kitabxana, o cümlədən 1 mərkəzi,
1 şəhər, 1 uşaq, 2 qəsəbə, 74 kənd
kitabxanası, tarix-diyarşünaslıq, Heydər Əliyev
muzeyi, rəsm qalereyası, 1 mədəniyyət-istirahət
parkı, 26 turist obyekti, 1 uşaq incəsənət məktəbi,
117 tarix və mədəniyyət abidəsi mövcuddur: «Klub
və mədəniyyət evlərində 115 bədii özfəaliyyət
kollektivi fəaliyyət göstərir ki, onlardan ikisi xalq
kollektivi adını daşıyır. Bu ada yiyələnmiş
Mahmudavar kənd Mədəniyyət evinin «Halay» folklor
mahnı və rəsq ansamblı nəinki ölkəmizdə,
hətta onun hüdudlarından kənarda da yaxşı
tanınır. Kitabxanalarımızın fondunda 458,2 min
nüsxə kitab vardır ki, onlardan 86 mindən çoxu
latın qrafikası ilə çap edilmişdir. 2009-cu ilin 6
ayı ərzində bu siyahıya min nüsxə də əlavə
olunmuşdur».
Onu da öyrəndim ki,
son illərdə Masallı Rayon İcra Hakimiyyətinin
yaxından köməkliyi ilə rayonda mədəniyyətin
inkişafı, təbliği istiqamətində bir sıra
mühüm tədbirlər həyata keçirilib. Mədəniyyət
ocaqlarında əsaslı təmirlər aparılıb,
invertar və avadanlıqlarla təmin olunub. Bu da mədəni-kütləvi
tədbirlərin daha dolğun və məzmunlu olmasını
şərtləndirir.
L.Mövsümova
söhbət əsnasında Masallıda turizmin
inkişafına dair Mədəniyyət və Turizm Nazirliyi ilə
rayon rəhbərliyinin birgə hazırladıqları tədbirlər
planına uyğun olaraq daxili turizmin inkişaf etdirilməsi ilə
əlaqədar mühüm tədbirlər görüldiyini də
diqqətimizə çatdırdı: «Ötən müddət
ərzində rayonda olan turist obyektləri qeydiyyata
alınıb. Cari ilin may ayında respublikada daxili turizmin
inkişaf etdirilməsinə dair müşavirə də məhz
Masallıda keçirildi. Lisenziyası olmayan turist obyektlərinin
rəhbərləri ilə söhbətlər aparılıb.
Hazırda 20 turist obyekti lisenziyalı fəaliyyət göstərir.
Qeyd edim ki, əvvəlki illərdən fərqli olaraq
rayonumuza gələnlərin sayı xeyli çoxalıb. Ölkəmiz
təbii sərvətlərlə, o cümlədən
müalicəvi mineral sularla zəngindir. Masallılılar da
öz İstisuyu ilə fəxr edir. Allah bu şəfa
ocağını bizə əvəzsiz bir nemət kimi bəxş
edib. İlin isti aylarında oraya gələnlərin sayı
xeyli artıb. Çünki əsl cənnəti
xatırladır».
Lətifə xanım bu
sözləri çox fərəhlə dedi və onun da əlavə
etdi ki, dəniz səviyyəsindən 1620 metr yüksəklikdə,
Viləş çayının sahilində yerləşən
bu sanatoriya hələ qədim zamanlardan şəfa
ocağı kimi tanınıb, buraya gəlib gedənlərin
sayı heç vaxt azalmayıb. Lətifə xanımla
söhbətimizi yekunlaşdırıb, İstisuya
yollandım.
Cənnətin bir addımlığında...
İstisu sanatoriyası
ilə Masallı şəhərini 13 km-lik bir məsafə
ayırır. Maşınımız Ərkivandan
keçib Qəriblərə üz tutanda göyün mavi dərinliklərindən
Dəmbəlov dağının yaşıl zirvəsi
görünür. Heyif ki, bu mənzərəni təsvir etmək
gücündə deyiləm.
Bu mənzərəni
seyr edə-edə İstisu sanatoriyasının girəcəyinə
çatdıq. Sürücü maşını bir
bulağın yanında saxlayıb, «isti yay günlərində
bu sərin bulaq suyundan içmədən getmək
günahdır», - dedi.
Sərin bulaq suyunda ilə
əl-üzümüzü yuduq, doyunca içdik. Canımıza,
ruhumuza rahatlıq gəldi.
Min bir dərdin dərmanı –
İstisu
Ta qədim zamanlardan
insanlar bu yerə - İstisuya şəfa ocağı kimi
baxıblar. Onun yaranma tarixi barədə el arasında
müxtəlif rəvayətlər söylənilir. Əvvəllər
məhdud və primitiv şəkildə fəaliyyət
göstərən İstisu illər keçdikcə
şöhrətlənmiş, böyüyüb inkişaf
etmişdir.
Yay fəslində
burada həyat sanki qaynayır. Yaşıllığa
bürünmüş dağlar qoynunda dincəlmək, təbiətin
gözəlliklərini seyr etmək, çayların,
bulaqların, şəlalələrin zümzüməsinə
qulaq asmaq, təmiz dağ havasından doyunca udmaq, səs-küydən
uzaq olmaq üçün bu yerlərə gələnlərin
sayı ilbəil artır. Ən başlıcası isə
insanlar burada şəfa tapırlar. Bu suyun tərkibində
hidrogen-sulfid, maqnezium-hidrokarbonat, hər litri 30 milliqram yod və
b. maddələrlə zəngindir. Ən möcüzəlisi
isə odur ki, bu su yerin təkindən, 90-250 km dərinlikdən
60 dərəcədən yuxarı istilikdə
çıxır. Bu məhlul da xəstələri iynəsiz,
dərmansız sağaldır.
1960-cı illərin əvvəllərində
məşhur həkim-alim, musiqiçi, şair, bəstəkar
Mirkazım Aslanlı-Sarəng elmi şəkildə sübut
edib ki, sözügedən su ilə revmatizm və onun fəsadları,
dəri, böyrək və sidik yolları, mədə-bağırsaq,
radikulit, prostat, hiportaniya, qaraciyər və öd yolları,
qadın, travmatik zədələnmə və s. xəstəlikləri
müalicə etmək olar. Alimin bu kəşfi o vaxtlar
böyük maraq yaradır. Rəsmi dövlət xətti ilə
SSRİ-nin ayrı-ayrı yerlərindən 12 alim İstisuya
ezam olunur. Aparılan tədqiqatlar Azərbaycan aliminin kəşfini
təsdiq edir. Beləliklə, İstisu şəfa
ocağı 1971-ci ildə Ümumittifaq müalicəvi
sanatoriyası statusu alıb. Bütün bu işlərdə
ümummilli liderimiz Heydər Əliyevin böyük əməyi
olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra
ikinci dəfə rəhbərliyə gələn Heydər Əliyev
1997-ci ildə «Sanatoriya və kurortların özəlləşdirilməsi
haqqında» fərman imzalayıb. Məlum fərmandan sonra
1998-ci ildə bu şəfa ocağı iş adamı
İldırım Allahyarov tərəfindən özəlləşdirilib
və «Fatimeyi-Zəhra şəfa sanatoriyası»
adlandırılıb. Elə həmin vaxtdan da burada
genişmiqyaslı bərpa, tikinti-quruculuq işləri
görülməyə başlanılıb. İndi sanatoriyada
Avropa standartlarına uyğun müalicə vannaları, istirahət
üçün kotteclər, 160 yerlik mehmanxana, digər
infrastruktur obyektləri mövcuddur. Vanna korpusunda aparılan əsaslı
təmir işləri tibbi-gigenik tələblərə tam
cavab verir. Müalicə ocağında uzun illərdən bəri
problem olan kanalizasiya sistemi yenidən qurulmuş, üç
kilometr kənardan sanatoriyaya içməli su xətti çəkilib.
Ərazinin relyefi nəzərə alınaraq xəstələrin
rahat hərəkət etmələri üçün səkilər
yenidən qurulub. Burada mədəni-məişət,
ictimai-iaşə obyektləri də yeniləşdirilib,
onların estetik görünüşü xeyli
yaxşılaşdırılıb. Ən başlıcası
isə sanatoriyaya gələnlərə indi nümunəvi
tibbi xidmət göstərilir. Gəzinti yerlərində
yazılmış «Bir kurs müalicə bir il yaşamaq deməkdir»
şüarı bura gələnlərdə böyük inam
yaradır.
Sanatoriyada
müalicəyə gələnlərin mədəni istirahəti
də nəzərdən qaçmayıb. Vaxtaşırı
olaraq rayon mədəniyyət və turizm şöbəsi
burada konsertlər təşkil edir, müxtəlif tədbirlər
həyata keçirir. İstirahətə gələnlər
Viləş çayındakı çimərlikdən, dəvə
və atla gəzintidən də istifadə edirlər. Eyni
zamanda onlar üçün qonşu Yardımlı, Lənkəran,
Lerik və Astara rayonlarına turist səfərləri də təşkil
olunur. Bütün bunlarla yanaşı, yeməkxanada verilən
yüksək keyfiyyətli yeməkləri də nəzərə
alsaq, burada istirahət etməyə dəyər.
Ötən illərə səyahət
Yadımdadır, ötən
əsrin 60-cı illərində bu yerlərə valideynlərimlə
gələrdim. O zaman burada yaxın kəndlərdən
olan insanlar meşədən ağac qırıb balaca-balaca
komalar tikirdilər. Muğandan, Mildən və başqa yerlərdən
gələn insanlar həmin o komalarda qalıb primitiv vannalarda
çimərdilər. İşıq əvəzinə neft
lampası, yemək bişirmək üçün odun
yandırardılar. Hara gəldi zibil tökülürdü. Bütün
yayı zir-zibil əlindən tərpənmək, üfunətdən
nəfəs almaq olmurdu. Onda mənim 10-12 yaşım
vardı. Bunlara əhəmiyyət vermirdim. Mənimki Viləş
çayında çimmək, dağ-daşda gəzmək
idi.
Yanar dağa, Mişara,
Şəlaləyə uşaq marağı ilə baxmağa
gedirdim, yorulmazdım, usanmazdım.
İndi nə 40-45 il əvvəlki
komalar var, nə neft lampası, nə də odundan
çatılmış tüstüləyən ocaqlar. Allahın
bəxş etdiyi gözəlliyə insanlar da əlavə
gözəllik verib, bir harmoniya yaradıblar. Mən
gücüm çatan bu gözəlliyi vəsf etməyə
çalışdım.
Gördüklərimi
fotoaparata köçürdüm, eşitdiklərimi diktofonun
yaddaşına yazdım.
«Allahın nemətinin qədrini bilək»...
Bu sözlər vanna
otaqlarının qarşısında, isti suyun
çıxdığı yerdə yazılıb. Bura gələn
hər bir insan əvvəlcə suyun çıxdığı
yerə gəlir və Allahın möcüzəsi
qarşısında səcdə edərək dua edir:
«İlahi, bu neməti biz çox görmə». Sonra da növbə
ilə vanna otaqlarına girirlər. Vanna qəbul edən
insanların çay stolu arxasında etdikləri söhbətlər
də maraqlı olur. Ən çox da bu suyun şəfasından
danışırlar. Gəlişimin birinci günü
kanadalı telejurnalist də çəkiliş
aparırdı. O, isti suyun çıxdığı yeri
çəkdikdən sonra uzun müddət həmin yerə
çox diqqətlə baxdı və başını
buladı. Tərcüməçi onun dediklərini dilimizə
çevirdi: «Allah sizə böyük nemət verib. Bu, əsl
möcüzədir. Görürəm ki, xalqınız bu nemətin
qədrini bilir. Xoşbəxt insanlarsınız».
Qocaların söhbəti
Vannadan
çıxıb yaxınlıqdakı çayxanada əyləşirəm.
Diqqətimi qonşu stolda oturan 5-6 nəfər
yaşlı adamın söhbəti çəkir. Yaxınlaşıb
özümü təqdim edirəm və onların fikirləri
ilə maraqlanıram.
Masallının Ərkivan
kənd sakini İsmayıl Məmmədov deyir ki, bura lap
uşaq vaxtlarından gəlib-gedir: «O zaman nəqliyyat yox idi. Araba
ilə adamlar gəlib buradan su aparardılar. Qoca adamlar ayaqlarını
həmin suya qoyandan sonra ağrıları kəsərdi. Mənim
də ayağımda qaşınma var idi. Valideynlərim məni
bura gətirdi. Elə o dərd-bəlam o vaxtlardan burada
qaldı».
Saatlı rayonundan gəlmiş
Savad Abbasov isə bildirir ki, belində, ayaqlarında olan
ağrılar onu çox incidirmiş: «Məsləhət
gördülər ki, bu sanatoriyaya gəlim. 5
gündür ki, gəlmişəm. Artıq
ağrılarım azalıb. Çox yer gəzmişdim,
müalicə etdirmişdim, heç bir xeyri
olmamışdı. İndi özümü çox
yaxşı hiss edirəm. Əlimdə imkanım olsaydı,
bu yeri bütün dünyaya tanıdardım. Belə yerləri
işıqlandırmaq lazımdır. Qoy insanlar gəlib burada
dincəlsin, şəfa tapsınlar».
Saatlının digər
sakini, ixtisasca müəllim olan Əkbər Seyfullayevin dedikləri
də maraqlı idi: «Mənim oynaqlarımda ağrılar var
idi. Həkimlərə müraciət etdim. Dedilər,
revmatizmin var, oynaqların da duz yığılıb. Buranı
məsləhət bildilər, 3 ildir bura gəlirəm.
Artıq heç bir ağrım qalmayıb».
Bu yaşlı
insanların hamısı sanatoriyanın müdiriyyətindən,
həkimlərdən, təmizlikdən, səliqə-sahmandan
razılıqla danışdılar.
Sanatoriyanın rəy kitabından
sətirlər
«Allah bu yeri, bu gözəlliyi
sizə hədiyyə edib. Burada necə gözəl
insanlar var. Onların qonaqpərvərliyi adamı valeh edir. Mən
dünyanın çox kurortlarında olmuşam.
Qonağın belə qarşılanmasını görməmişəm.
Bu sanatoriyaya rəhbərlik edən İldırım müəllimin
böyük ürəyi var. Burada hər şey
yaxşıdır. Xidmət, yemək, müalicə, üstəgəl
təbiətin gözəlliyi».
Bu sətirlərin
müəllifi Moldavanın Azərbaycandakı səfiridir.
Səhiyyə Nazirliyinin
kollektivi adından yazılan rəydə isə deyilir: «Qoy,
Allah həmişə bu müqəddəs ocağı
qorusun».
«Əziz İstisu rəhbərliyi
və burada çalışan insanlar. Sizə əlvida
demirəm. Ona görə əlvida demirəm ki, buranın təbiəti
və insanları mənim yaddaşıma əbədi həkk
olundular. Çalışacam ki, bu yerlərə həmişə
gəlim».
Bu isə Nigar Səmədli
adlı bir nəfər Bakı şəhər sakininin rəy
kitabına yazdıqlarıdır.
Sanatoriyanın rəy
kitabında yüzlərlə insanın təəssüratları
yer almışdı. Hamısında da təbiətin
möcüzəsi ilə insan əməyinin vəhdəti
olan bu nicat ocağı haqqında xoş fikirlər və
istirahət mərkəzinin rəhbərliyinə minnətdarlıq
vardı.
Masallıda turizmə önəm
verilir
Onu da qeyd edim ki, bu
sanatoriyaya təkcə Bakıdan və respublikanın
ayrı-ayrı bölgələrindən deyil, habelə Rusiya
Federasiyasından, Gürcüstandan, Kanadadan, ABŞ-dan,
Fransadan, Türkiyədən və dünyanın başqa yerlərindən
üz tutanların sayı ilbəil artır. Bu da onu
göstərir ki, Masallıda turizmin inkişafı
üçün potensial var. Buradakı subtropik iqlim şəraiti,
təbiət mənzərələri, tarixi yerlər, qədim
maddi-mədəniyyət nümunələri turizmin
inkişafına təkan verən amillərdir. Turizmə həvəs
göstərən bir çox yerli iş adamları tərəfindən
inşa edilən taxta kotteclər, yerli qırmızı kərpicdən
və kubik daşlardan yüngül konstruksiya ilə tikilən
evlər buraları daha yaraşıqlı göstərir.
«Türkan», «Nil bulağı», «Karvan», «Dəmirağac»,
«Masallı», «Rasim», «Sim-sim», «Kondinsioner» və digər istirahət
ocaqları son illər daha çox tanınır. Rayon İcra
Hakimiyyəti, rayon mədəniyyət və turizm şöbəsi
bu iş adamlarına yaxından dəstək olur. İndi
Masallıda turizmin inkişafı ön plana çəkilib.
Son söz əvəzi
Masallıda
12 günlük istirahət ürəyimcə oldu. İstirahətin
sonuncu günü İldırım Allahyarovla
görüşdüm. Söylədim ki, doyunca gəzdim,
yaxşıca istirahət etdim. Amma bu dağların zirvəsinə
uşaqlıqda qalxdığım kimi qalxa bilmədim.
İldırım
müəllim dayandığımız yerdən Dəmbalov
dağının zirvəsini göstərib dedi: «Gələcəkdə
o dağın zirvəsinə kanat çəkdirəcəm,
orada restoran tikdirəcəm. İnşallah, onda arzuna
çatarsan. Hələliksə planlarımız çoxdur. Ən
böyük arzum doğma Azərbaycanın bu əvəzsiz
guşəsini beynəlxalq turist mərkəzinə
çevirməkdir».
Onunla
xudahafizləşib maşına əyləşdim. Yolboyu
qurduğum xəyallar məni gələcəyə apardı.
Xəyalən İldırım Allahvarovun tikdirdiyi kanatla Dəmbalov
dağının zirvəsinə qalxdım. Orada ingilis, rus,
fransız, alman və başqa dillərdə danışan
insanları gördüm.
Fərahim Dünyamalıoğlu
Mədəniyyət.- 2009.- 28 avqust.- S. 8-9.