İzzət xanımın taleyi
II yazı
İzzət
Orucova 1909 - cu il sentyabrın 16 - da Bakı şəhərində
anadan olub. 20 yaşında ikən
əvvəlcə «Sevil», sonra isə «Almaz» filmlərində
çəkilmiş, Azərbaycan qadınlarının lirik və
dramatik obrazlarını təbii və inandırıcı
boyalarla yaratmağa müvəffəq olmuşdur. Cazibədarlığı,
çəkiliş meydançasında özünü təbii
aparması və hisslərini təmkinlə büruzə vermək
bacarığı ona uğur qazandırmışdır. Bu
iki filmdən sonra o, kinodan bilərəkdən
uzaqlaşmış və həyatını
bütünlüklə elmə həsr etmişdir. Lakin
İzzət xanımla apardığım söhbətlərin
birində o, belə bir fikir söylədi ki, əgər Cəfər
sağ olsaydı, onun filmlərində çəkilişləri
mütləq davam etdirərdim.
İzzət xanım
1932 - ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan
Neft Akademiyası) texnoloji fakültəsini bitirmişdir. Mühəndis
diplomunu alıb Kuybışev adına Azərbaycan Elmi - Tədqiqat
Neft Emalı İnstitutunda işləmiş, həmin institutun
əsasında yaradılan Neft Kimyası Prosesləri
İnstitutunda laboratoriya müdiri, Qeyri - Üzvi və Fiziki
Kimya İnstitutunda direktor, Aşqarlar Kimyası İnstitutunda
motor yağları üçün aşqar kompozisiyaları
hazırlama laboratoriyasının müdiri olmuşdur.
Texnika elmləri doktoru,
professor, Azərbaycan EA - nın akademiki, Azərbaycan Dövlət
mükafatı laureatı, respublikanın əməkdar elm
xadimi İzzət Orucovanı bir alim kimi dünyanın bir
çox ölkələrində yaxşı tanıyır,
onun elm aləmindəki kəşflərini yüksək qiymətləndirirlər.
O, keçmiş SSRİ - nin ən iri sənaye mərkəzlərində
və bir sıra xarici ölkələrdə elmi məruzələrlə
çıxış etmişdir.
İzzət
xanımın kinoya gəlişi, daha doğrusu, onun
böyük dramaturq Cəfər Cabbarlı tərəfindən
necə tapılıb kinofabrikə gətirilməsi barədə
müxtəlif rəvayətlər mövcuddur. Lakin fikirlər müxtəlif
olsa da, nəticə eynidir. Onu kino üçün Cəfər
Cabbarlı kəşf etmişdir.
Dialektika öyrədir ki, təsadüf
dərk edilməmiş qanunauyğunluqdur. C.Cabbarlı
artıq xeyli vaxt idi ki, «Sevil» filmində baş rolu oynayacaq gənc
azərbaycanlı qızı axtarırdı. Azərbaycanın
ilk qadın kinorejissoru Q.Salamzadənin «Kiçik pəncərədən
görünən dünya» kitabçasında belə bir xatirə
var: «Bakının küləkli günlərindən birində
mən Kommunist küçəsində (indiki İstiqlaliyyət
küçəsi - A.K) Cəfərlə rastlaşdım. O, əlləri
cibində o tərəf - bu tərəfə baxa-baxa gedirdi. Salamlaşdıq.
Mən soruşdum:
- Cəfər! Belə tozlu havada
hara gedirsən? Nə axtarırsan?
- Hara
getdiyimi özüm də bilmirəm. Ancaq nə
axtardığımı bilirəm. Kinoda Sevil rolunda oynamaq
üçün Sevili axtarıram. Gəlsənə mənə
kömək edəsən! Sən də kino işçisisən,
axı!
- Axtaran
tapar, - dedim.
- Əslinə
baxsan, tapmışıq. Birisi var, çox ciddi qızdır.
Alim olmaq istəyir. Görək yola gətirə biləcəyikmi?
Mən
zarafatla:
- Cəfər!
Sən dilinlə ilanı yuvasından çıxararsan, necə
olur ki, ondan razılıq ala bilmirsən? - dedim.
- Görək
də, əgər başqasını tapmasaq məcbur
olacağıq ki, onun razılığına müvəffəq
olaq, - deyə Cəfər cavab verdi...»
Bəli, həmin
gənc və ciddi qız İzzət Orucova idi. Bu əhvalatdan
düz 40 il sonra işlədiyim «Kino» qəzeti
üçün müsahibə almaq məqsədilə
İzzət xanımla görüşdüm. Yaşı
60-ı haqlasa da xeyli cavan görünürdü. O, kinoya necə
gəlməsi, filmlərə çəkilməsi barədə
danışır, mən isə bu mehriban və zərif
cüssəli xanıma diqqətlə baxıb
düşünürdüm: elə bil İ.Orucova Sevili,
Almazı oynamayıb, əksinə Sevil, Almaz ekrandan həyata
atılaraq İzzət Orucova adı ilə öz sonrakı həyatlarını
yaşayırlar.
İzzət
xanımın söhbətlərindən məlum olur ki, o, rəfiqəsi
ilə birgə «Təyyarə» kinoteatrında (köhnə
univermağın binasında yerləşirdi - A.K.) səssiz xarici
filmə baxarkən C.Cabbarlı ilk dəfə onu burada
görür. Cəfər qət edir ki, məhz bu
irigözlü gənc qız Sevili oynamalıdır. O vaxtlar
müsəlman qadını üçün kinoya çəkilməyin
nə olduğunu bu gün dərk etmək çox çətindir.
Amma 20-ci illərin sonunda dini xurafat və qadınların əl-qolunu
bağlayan adətlər hələ güclü idi. Belə
bir şəraitdə qızın özündən və
atasından razılıq almaq müşkül məsələ
idi...
Seans
başa çatandan sonra tamaşaçılar hərə bir
tərəfə dağılışdı. C.Cabbarlı bu
iki qızın ardınca düşüb Çadrovıy
küçəsindəki (indiki Mirzağa Əliyev
küçəsi - A.K) evlərinə qədər getdi. Cəfər
həmin küçədə qonşuluqda yaşayan
tanışı Mövsüm İsmayılzadədən
İzzət xanımgilin ailəsi barədə ətraflı
məlumat alandan sonra qızın atası Mirzəağa
kişi ilə görüşdü. Onunla söhbət uzun
çəkdi və çətin oldu:
- Oğlum, deyə Mirzəağa
kişi karıxmış halda cavab verdi: - Mən sizə
heç cür kömək edə bilmərəm. Siz
özünüz yaxşı bilirsiniz ki, bu mümkün olan
iş deyil. Mən özüm bağbanam. Təbiəti də
çox sevirəm, teatrı, kinonu da. Kitab da oxuyuram. Ona
görə də qızıma məktəbə getməyə
icazə vermişəm. Amma kino? Yox, yox. Bu bizlik deyil.
Qonşular, qohumlar adama nə deyərlər? Məndən
incimə, oğlum. Mən başqa cür hərəkət edə
bilmərəm...
Lakin Cəfərin
geri çəkilmək fikri yox idi. İkinci dəfə o, bu
evə rejissor və aktyor İsmayıl Hidayətzadə ilə
gəldi. O da Cəfər kimi dilli-dilavər idi. Amma yenə də
həmin söhbət, həmin cavab. Bir neçə gündən
sonra Cəfər yenidən İzzət xanımgilə gəldi.
Nədənsə, bu dəfə Mirzəağa kişi onu
çox mehriban qarşıladı. Onların söhbəti
uzun çəkdi. Gənc dramaturq mümkün olmayan işi
reallaşdırdı. Ata qızının kinoya çəkilməsinə
icazə verdi. Amma bir şərtlə: Cəfərin
özü İzzəti gəlib evdən faytonla aparacaq və
faytonla da geri qaytaracaq. Mirzəağa kişi axırda Cəfəri
yola salıb evə gəldi. İzzəti
çağırıb dedi:
- Qızım, bu
çeşməkli kişi böyük adamdır, bəlkə
eşitmisən, Cəfər Cabbarlı. Teatr
üçün əsərləri o yazır. İndi bir dənə
kino çəkirlər. Adı «Sevil»dir. İstəyir ki, səni
də kinoya çəksin. Bilirəm, məhəllə
ağsaqqalları məni danlayacaqlar, amma kişinin
sözündən çıxa bilmədim. Yaxşı adama
oxşayır, elə bil üzündən nur
tökülür. Sabah hazırlaş, gəlib səni kinoya
aparacaq.
İ.Orucovanın xatirələrindən:
«Ertəsi gün institutdan gələn kimi təzə
paltarımı geyib hazırlandım. Bir azdan Cəfər
Cabbarlı gəlib çıxdı. Qapıda fayton
dayanmışdı. Biz faytona əyləşib kinostudiyaya gəldik.
O gündən Cəfər məni evimizdən həmişə
faytonla aparıb gətirərdi.
Mən
yavaş-yavaş kinonun nə olduğunu başa
düşürdüm. Kinonun çəkilişində
rejissor A.Beknazarovla bərabər C.Cabbarlı da iştirak
edirdi (C.Cabbarlı filmin həm də ikinci rejissoru idi - A.K). C.Cabbarlı
çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə
yenidən çəkilməsinə israr edərdi.
Heç
yadımdan çıxmaz. Sevilin çadranı
başından atması epizodu bir neçə dəfə təkrarən
çəkildi; amma bu səhnə yenə də Cəfərin
xoşuna gəlmədi. O, hər dəfə əllərini
bir-birinə vurub deyərdi:
- Yox,
İzzət, olmadı. Çarşabı başından
atmağın çox süni çıxır. Əsərin
əsas kulminasiya nöqtəsi də elə burdadır. Sən
çarşabı başından elə atmalısan ki, bu səhnə
tamaşaçıda cəhalətin və mövhumatın
qara pərdəsi olan çarşaba nifrət və qəzəb
hissi oyatsın...»
C.Cabbarlı həm
filmin, həm də Sevil rolunun uğurlu alınması
üçün bütün imkanlardan istifadə edirdi. Məsələn,
filmin bəzi epizodlarında Sevil düşdüyü vəziyyətlə
bağlı kədərli görünür. Çəkiliş
vaxtı İ.Orucovanı kədərli lentə almaq
üçün aktrisa ilə çox məşq edir, lakin
C.Cabbarlı istədiyini ala bilmirdi. Nəhayət,
çıxış yolu tapıldı. Hər dəfə kədərli
əhval-ruhiyyə yaradılması üçün
musiqiçi aktrisanın sevdiyi muğamları tarda
çalır, həmin an rejissorlar səhnəni istədikləri
kimi çəkirdilər. Belə dəqiqələrdə
İzzət xanım ətrafında, qohum-qonşuda cəhalətin,
nadanlığın qurbanı olmuş, miskin həyat
yaşayan sevilləri xatırlayır, onların
acınacaqlı həyatı gözləri önündə
canlanır və o, qəm - qüssəyə batırdı. Qız
sanki kino üçün anadan aktrisa doğulmuşdu:
ağıllı, incə təbiətli, qəhrəmanının
əhval - ruhiyyəsini ən xırda nüanslarına qədər
büruzə vermək bacarığı. Gənc aktrisa inadla,
həvəslə, şövqlə işləyirdi.
Maraqlıdır
ki, hətta çəkiliş qrupu üçün işin
qızğın çağında belə İzzət
xanım institutda bircə dərs belə buraxmadı. Təbiətcə
həlim və bir qədər cəsarətsiz olan bu qız təhsillə
bağlı məsələ ortaya çıxanda həddindən
artıq inadkarlıq edirdi. İ.Orucova o vaxtı institutun 3 -
cü kursunda oxuyurdu. Çəkiliş qrupu da öz işini
elə qururdu ki, aktrisa yorulmasın, dərslərdən geri
qalmasın. İzzətin atasına söz vermiş
C.Cabbarlı bu işlərə özü şəxsən nəzarət
edirdi.
Nəhayət,
«Sevil» filminin çəkilişləri tamamilə qurtardı.
Film ekranlara buraxıldı. Həmin gün İ.Orucova
anasını və qohumlarını filmə baxmağa
aparmışdı. Hamının biletlərini Cəfər
Cabbarlı özü almışdı. Həmin gün bir
çox azərbaycanlı qadın öz
çarşabını həmişəlik olaraq atdı. O
gün çarşabı çıxaranlardan biri də
İzzət xanımın anası idi.
«Sevil»
filminin uğuru ən cəsarətli ümidləri belə
ötüb keçdi. Minlərlə azərbaycanlı
qadın özlərinin mənəvi azadlığı
üçün bu filmə borcludur. Film harada göstərilirdisə,
istər şəhərdə, istərsə də kənddə
olsun, nümayişdən sonra oturacaqların söykənəcəklərində
qara yaylıqlar və çadralar atılıb qalırdı.
Lakin az adam bilir ki, bu film İzzət xanıma necə təsir
göstərib. Film üzərində iş heykəltəraşın
əsər üzərində son ştrixlər vurmasına bənzəyir:
film aktrisanın xarakterindəki əsas, başlıca cəhətləri
üzə çıxartdı, xırda, ikinci dərəcəli
nüansları isə bir kənara atdı.
Bundan sonra İ.Orucova institutda
işini davam etdirdi. Hər iki sahə bu nərmənazik
qızcığazdan bütövlük, həmişəlik
ona xidmət göstərməyi tələb edirdi. Kinofabrikdə
İzzətlə birgə işləyən kino işçiləri,elm
sahəsində böyük alim kimi tanınan, dünyaya ilk
turboburu kəşf edən mühəndis M.Kapelyuşnikov
qızın daxilində gedən təlatümü, onun iki yol
ayrıcında qalmasını yaxşı başa
düşürdülər. Ona görə də hərə
öz bildiyi kimi gənc qıza öz məsləhətləri
ilə kömək etmək istəyirdi.
- Artıq belə davam edə bilməz,
İzzət. Siz xəstələnə bilərsiniz, - deyə
kino işçiləri onu inandırmağa
çalışırdılar: - Aktrisa - yalnız istedad demək
deyildir. Bu, həm də hər gün çoxlu enerji tələb
edən əməkdir. İncəsənətə xidmət
etməklə siz vaxtınızı, ürəyinizi,
düşüncələrinizi, ağlınızı bu
işə sərf edəcəksiniz.
Əgər nəyə isə
nail olmaq istəyirsinizsə, seçin - ya kino, ya da elm, - deyə
alim İzzət xanıma tövsiyə edirdi: -
Yadınızdadırmı, iki dovşan ardınca qaçan
ovçu nəyə nail oldu.
İ.Orucovanın xatirələrindən:
«Məni ilk azərbaycanlı kinoaktrisa adlandırırlar. Mən
bəzən düşünürəm: bu doğrudurmu?
Ümumiyyətlə, mən aktrisa olmuşammı? Axı, mən
oynamamışam, yox - mən kamera qarşısında iki
qadın taleyini yaşamışam. Onlar mənim müasirlərim
idi, demək olar ki, həmyaşıdlar idik. Bu
qadınların hər ikisi mən idim. Lakin başqa həyat
situasiyasına salınmışdım. Mənim çəkildiyim
hər iki film - «Sevil» və «Almaz» ümumi bir mövzuya həsr
olunmuşdu: Azərbaycan qadınının taleyinə,
qadın azadlığına...»
1934 - cü ildə C.Cabbarlı
«Almaz» pyesini ekranlaşdırmağı qərara alanda
İ.Orucova təhsilini başa vurub, Elmi-Tədqiqat
İnstitutunda fəaliyyətə başlamışdı.
Yenidən çəkilişlərdə iştirak etmək
üçün təxminən bir il işdən ayrılmalı
idi. O, bu məqsədlə işlədiyi institutun rəhbərliyinə
müraciət edəndə, o vaxtkı direktor
M.Kapelyuşnikov kəskin şəkildə etirazını
bildirmişdi. Lakin iş elə gətirdi ki, Moskvadan ezamiyyətdən
qayıdarkən qatarda təsadüfən C.Cabbarlı ilə
bir kupedə olur. Dramaturqun şirin söhbətləri,
müsahibini özünə cəlb etmək
bacarığı Kapelyuşnikova elə güclü təsir
göstərir ki, o özü İzzət xanımı
kabinetinə çağırıb çəkilişlərə
icazə verdiyini bildirir.
İ.Orucova deyirdi ki, C.Cabbarlı
Almazla bağlı filmi fikrən bütünlüklə
görürdü. O, bu filmə özü quruluş verəcəkdi.
Lakin bu ona qismət olmadı. Sınaq çəkilişləri
başa çatar - çatmaz o, vəfat etdi. Onun işini gənc
rejissorlardan Ağarza Quliyev və Qriqori Braginski davam etdirdilər.
C.Cabbarlının dəfni zamanı yaradıcı qrup söz
verdi ki, filmi onun xatirəsinə həsr edəcəklər.
1935 - ci ilin sonunda film hazır oldu.
Əgər «Sevil»də hadisələrin
ikinci yarısından sonra Azərbaycan qadınının fəallaşmasını
görürdüksə, «Almaz»da filmin qəhrəmanı yeni
quruluşun təmsilçisi kimi özünü bilərəkdən
hadisələrin burulğanına atır. İ.Orucova
Almazı tamaşaçılara kənddə real qüvvə
kimi təqdim edir. Gələcək onunladır, heç bir
qüvvə onun gördüyü işin
qarşısını ala bilməz. İzzət xanım
Almazı cəsur, öz işinə sədaqətli, kommunistlərin
ideyalarına qəlbən inanan bir qəhrəman kimi
yaratmışdır.
«Almaz» filmi kino ulduzunun
şöhrətini möhkəmləndirdi. Tənqidçilər
istedadlı qızın gözəl gələcəyindən
xəbər verirdilər. Lakin İzzət xanım onların
həyəcanlı və tərifli məqalələrini
oxuyaraq, öz həyatı barədə daha çox
düşünürdü. Ailədə ona heç bir
söz demirdilər. Hamı diqqətlə onun hansı yolu
seçəcəyini gözləyirdi. Nəhayət, məhəbbət
elmə qalib gəldi...
1935 - ci ildə İ.Orucova
qonşuluğunda yaşayan Mövsüm İsmayılzadə
ilə ailə qurur. Lakin bu xoşbəxtlik uzun sürmür.
1937 - ci ildə M.İsmayılzadəni xalq düşməni
kimi həbs edirlər. Əvvəlcədən həbs
olunacağını hiss edən ər dərhal arvadından
ayrılır. Bununla da İzzət xanımı və
körpə oğlu Yılmazı sürgündən xilas
edir.
Həyatın
ağrı-acılarına dözərək İ.Orucova sonralar
qarşısına qoyduğu məqsədə doğru inamla
irəlilədi, ekranda yaratdığı Sevil və Almaz
obrazlarının yolunu həyatda davam etdirdi. İzzət
xanımın adı Azərbaycan kino tarixinə ilk milli
kinoaktrisa, Azərbaycan elm tarixinə isə ilk azərbaycanlı
qadın böyük kimyaçı-alim kimi daxil oldu.
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi
Mədəniyyət.- 2009.- 28 avqust.- S. 10.