Sən elə bir zirvəsən...
12 dekabr 2003-cü il. Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün.
Bütün xalqı sonsuz kədərə, göz yaşlarına qərq edən o soyuq qış günündən bu gün bizi 5 illik zaman ayırsa da, xalqımız yenə o itkinin hüznünü ilk gündə olduğu kimi yaşamaqdadır. Bunu Fəxri Xiyabana axışan insan seli bir daha təsdiqləmiş oldu. Bu sel, bu axın sübut etdi ki, zaman keçdikcə xalqın dahi oğluna, ulu öndərinə, ümummilli liderinə olan sevgisi, millət ehtiramı daha da böyüməkdə, ürəklərdəki yeri dərinləşməkdədir. Bu, ümumilikdə el məhəbbətinin təzahürüdür. Çünki yenə də minlərlə insan sinələrinə sıxdıqları tər qərənfillər, qızılgül dəstələri ilə dahi öndərin Fəxri Xiyabandakı məzarı önündən ehtiramla, sevgi ilə keçdi.
Bu insan seli
arasında ulu öndərin
daim diqqət mərkəzində saxladığı mədəniyyət
təmsilçiləri, mədəni irsimizin təəssübünü
çəkən insanlar, ədəbiyyat və incəsənət
xadimləri də var idi.
Azərbaycan tarixinin
taleyüklü hadisələrlə dolu otuz ildən artıq
bir dövrü Heydər Əliyevin adı ilə
bağlıdır. Bu dövr ərzində dahi lider Azərbaycan
dövlətini və millətini zamanın ən çətin
sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi,
iqtisadi və mədəni-mənəvi tərəqqisinə
nail olmuşdur.
Heydər Əliyev
özünün uğurlu, strateji dövlət idarəçiliyi
proqramında mədəni və mənəvi intibahı
iqtisadiyyatda və sənayedəki uğurlarla əlaqələndirərək,
vahid məcrada həyata keçirirdi.
O öz zəngin siyasi fəaliyyəti
ilə ölkəmizin hərtərəfli inkişafı
prosesinə təkan vermiş, onu daim yüksəliş yoluna
çıxarmış, Azərbaycan xalqı və dövləti
qarşısında misilsiz tarixi xidmətləri ilə yadda
qalmışdır.
Ulu öndər ölkənin inkişafı üçün bütün sahələrin tərəqqisini vacib sayır və heç bir istiqaməti unutmurdu. Bu mənada o, mədəniyyətimizin böyük təəssübkeşi idi. Tarixən qədim və zəngin olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəyə yüksəlməsində Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ümummilli liderimiz mədəniyyəti daim xalqın böyük sərvəti hesab edərək, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində öz diqqət və qayğısını əsirgəmirdi. O, həm də mədəniyyət, incəsənət, musiqi, ədəbiyyat sahəsinin bilicisi kimi də tanınırdı. Ölkənin həyatında baş verən əsaslı mədəni proseslərin, mədəniyyət hadisələrinin daim önə çəkilməsinə əhəmiyyət verirdi. Ona görə də tam cəsarətlə demək olar ki, mədəniyyətimizdə mövcud olan böyük simalar və onların yaratdığı ölməz nümunələr heç zaman Heydər Əliyev zamanında olduğu qədər həqiqi dəyərini almamışdır. Xalqımızın yetişdirdiyi mədəniyyət, incəsənət xadimləri, ədəbiyyatımızın simaları, musiqimizin korifeyləri, bir sözlə, milli mədəniyyətimizin canlı daşıyıcıları və bütünlükdə dəyərli mənəvi xəzinəmiz ulu öndər tərəfindən daim yüksək qiymətləndirilib. Onun böyük sənətkarlara qayğı və məhəbbəti, təbii ki, ilk növbədə vətəni Azərbaycana, onun maddi-mənəvi dəyərlərinə sonsuz sevgisindən qaynaqlanırdı. Bu mənada mübaliliğəsiz demək olar ki, H.Əliyevin sayəsində Azərbaycan ədəbiyyatı, musiqisi, rəngkarlığı, xalq sənətkarlığı, teatr və kino sənəti dünya arenasında uğurla təmsil olunaraq mədəniyyətimizin və bu kontekstdə xalqımızın mənəvi irsinin böyüklüyünün isbatına çevrilmişdir.
Beləcə, daim sənətə və sənətkara xalqın xəzinəsi, qiymətli incisi kimi yanaşan və bunu onlara göstərdiyi diqqət və qayğısı ilə təsdiqləyən böyük xalq oğluna ehtiram, minnətdarlıq ifadə etməyə gələnlərin sırasında bu sahə insanlarının əksəriyyət təşkil etməsi də təsadüfi deyil.
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi, eləcə də qurumun tərkibindəki idarə və müəssisələr, teatr və konsert kollektivləri, mədəniyyət və incəsənət xadimlərimiz əbədiyyətə qovuşmasının 5-ci ildönümündə də ulu öndərə dərin ehtiram nümayiş etdirdilər.
Ulu öndərin abidəsi önünə qızılgül dəstələri düzən mədəniyyət və turizm nazirinin müavinləri Ədalət Vəliyev, Teymur Mehdiyev, nazirlik aparatının rəhbəri Firudin Qurbanov, Bakı Şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Əlikram Əliyev, nazirliyin şöbə müdirləri və ümumilikdə mədəniyyətimizin təəssübkeşləri ulu öndərin ruhu qarşısında baş əydilər.
Beləcə, bu insanlar anım günündə bir daha həmrəylik nümayiş etdirərək Heydər Əliyevin ruhu qarşısında dahi liderin ideyalarına sonsuz sədaqətlərini bir daha nümayiş etdirdilər.
Həmidə Nizamiqızı
Mədəniyyət.-2008.- 13 dekabr.- S.2.