Milli-mənəvi dəyərlərimiz və Heydər
Əliyev
Sözün əsl mənasında
ulu öndər Heydər Əliyev Azərbaycanın ən
böyük sərvəti hesab olunan milli-mənəvi dəyərlər
və mədəniyyətimizin keşikçisi idi... "Hər
bir azərbaycanlı öz milli mənsubiyyətinə görə
qürur hissi keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq" - deyən Heydər Əliyev azərbaycançılığı
millı bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi,
mənəvi dəyərləri təkcə milli varlığımızın
yox, həm də siyasi varlığımızın – dövlət
quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.
Mənsub olduğu
xalqın tarixi keçmişinə, mədəni irsinə və
mənəvi dəyərlər sisteminə sönməz məhəbbət
duyğularıyla yaşayan ümummilli lider həm də bu dəyərlərin
qoruyucusu idi. Hələ ötən əsrin 70-ci illərində
görkəmli dövlət xadimi, müdrik şəxsiyyət
kimi o, yaxşı başa düşürdü ki, aydın və
dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə
doğru inkişafının yolgöstərəni və bələdçisidir.
Milli dövlətçilik və milli-mənəvi dəyərlər
sıx daxili vəhdətdədir.Yalnız milli kimliyi bəlli
olan və özünü bir millət kimi dərk edən
xalqın bitkin inkişaf konsepsiyası ola bilər. H.Əliyev
nəinki bu konsepsiyanı yaratdı, həm də çox
böyük ustalıqla, səbir və təmkinlə həyata
keçirtdi. "Mən fəxr edirəm ki, azərbaycanlıyam!",
- deyən ulu öndər bütün həyatı boyu mənəvi-əxlaqi
və dini dəyərlərimizin, adət-ənənələrimizin
keşiyində durdu. Hələ sovetlər dönəmində
tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi
olan tarixi abidə və eksponatların qorunub
saxlanılması və gələcək nəsillərə
ötürülməsi məqsədilə Azərbaycanın
bütün bölgələrində
tarix-diyarşünaslıq muzeylərinin yaradılması
haqqında sərəncam imzaladı. Azərbaycan folklorunun
daha dərindən araşdırılması, aşıq sənətinin
inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində
ciddi tədbirlər həyata keçirildi. İti fəhmi,
intuisiyası ilə gələcək müstəqilliyi
duyub-hiss edən H.Əliyev o illərdə milli-mənəvi
intibah üçün möhkəm zəmin
hazırlayırdı.
1993-cü ildə
xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə
gələn H.Əliyev həyata keçirdiyi dövlət
quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi
quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə
başladı. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan
milli və dini bayramlar, adət və mərasimlər xalqa
qaytarıldı. H.Əliyev hər il qədim milli
bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa
çıxır, azad və müstəqil
xalqımızın Novruz sevinclərindən xüsusi zövq
alırdı.
H.ƏIİyev bu tədbirləri
təkcə Azərbaycan yox, bütün türk
dünyası miqyasında həyata keçirirdi. Ortaq türk
mədəniyyəti və mənəviyyatının öyrənilib
təbliğ edilməsi, keçmişdən gələcəyə
ötürülməsi yönündə müstəsna xidmətlər
göstərirdi. Qırğızların ''Manas" eposunun
1000 illik yubileyində iştirak və çıxış edən
H.ƏIiyev bütün türk dünyası üçün
əvəzedilməz müdrik bir şəxsiyyət
olduğunu bir daha sübut etdi.
H.Əliyev islamiyyətlə
bağlı olan dini-mərasim və adətlərin də
layiqincə keçirilməsi hər cür şərait
yaratdı. 1994-cü ildə Səudiyyə Ərəbistanına
rəsmi səfəri çərçivəsində müqəddəs
Kəbəni ziyarət etməsi, Mirmövsün Ağa ziyarətgahında
din xadimləri və möminlərlə görüşməsi,
Bibiheybət məscid-kompleksinin yenidən qurulmasına
xeyir-dua verməsi ulu öndərin dini-əxlaqi dəyərlərə
sadiqliyinin, Allahını və peyğəmbərini sevən
imanlı bir insan olmasının real təsdiqi idi.
Qloballaşan dünyada mənəvi dəyərlərin
böyük təhlükələrlə üzləşdiyi
məqamlarda H.Əliyev qətiyyətli bir lider kimi
mövqeyini ortaya qoyurdu. Ulu öndərin milli-mənəvi dəyərlərin
qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi
bəyanat problemə təkcə dövlət rəhbərinin
yox, həm də müdrik bir el
ağsaqqalının münasibəti idi.
"Biz öz milli-mənəvi
dəyərlərimizlə, adət-ənənələrimizlə
fəxr edirik", - deyən ümummilli liderin
işıqlı ideyaları bu gün də yaşayır və
həyata keçirilir.
İlham Zeynallı
Xalq qəzeti.-2008.-13 dekabr.- S.4.