Türkiyənin ilk qadın vəkili
Nəsillərə örnək ömür
XIX əsrin sonu, XX əsrin
əvvəllərində milli-mədəni dəyərlərimiz
üzərindən acı yellər əsir. Elmi-mədəni,
ictimai-siyasi xadimlərimiz haqsız ittihamlara, təqiblərə
məruz qalır. Bu səbəbdən də mühacirət
edirlər.
Öyrəndik ki,
yazıçı-jurnalist Vasif Quliyev tarixi
araşdırmaları zamanı maraqlı bir faktla
qarşılaşıb; Türkiyədə milliyyətcə
azərbaycanlı olan ilk qadın vəkil haqqında məlumat
toplayıb... Vasif müəllim hadisə haqda bunları dedi:
"Axtarış və
araşdırma zamanı öyrəndim ki, Türkiyədə
ilk vəkil qadın milliyyətcə azərbaycanlı olub. Bu
fakt məni çox maraqlandırdı və bu istiqamətdə
axtarışları davam etdirdim. Məlum oldu ki, bu qadın
xalqımızın görkəmli ictimai-siyasi xadimi Əhməd
bəy Ağaoğlunun qızı Sürəyyə xanım
Ağayevadır".
Bəs bu, necə olub ?
İran-Rusiya (1803 -1813),
(1826 -1828) müharibələri zamanı bugünkü Qafqaz ərazisi
itirilir. Ruslar həmin ərazidə müstəmləkəçilik
siyasəti aparır. Ziyalılar təqib və haqsız
ittiham edilir. Bu səbəbdən də qabaqcıl maarifçilər,
ictimai-siyasi xadimlər mühacirət edirlər. Həmin
mühacirlərdən biri də Əhməd bəy
Ağaoğlu olur. O, haqsız təqiblərdən yaxa
qurtarmaq və gələcək ictimai-siyasi fəaliyyəti
üçün münasib yer arayır. Bu məqsədlə
də Türkiyəyə gedir və İstanbulda məskunlaşır.
Onu da qeyd edim ki, o, İstanbula gedərkən ailəsi
Bakıda qalır... İşlərini sahmana salandan sonra həyat
yoldaşı Sitarə xanım Vəzirovaya məktub
yazır. Bildirir ki, tezliklə Türkiyəyə gəlin.
Sitarə xanım da ona cavab yazır : " Sən harda olsan ,
mən də orda olacağam. Uşaqları gətirirəm,
bizi qarşıla!" Onlar Batum şəhərindən
İstanbula yola düşürlər.
İllər bir-birini əvəz edir. Uşaqları böyüyür. O, övladlarını elmli,
bilikli görmək istəyir. Ona görə də
böyük qızı
Sürəyyəni Kolbenin
fransız məktəbinə
qoyur. Onunla özü fərdi şəkildə məşğul
olur... Ancaq çox çəkmir Sürəyyə " İttihad" məktəbinə
dəyişilir. Bu məktəb də hansı səbəbdənsə
bağlanır. Ona
görə də
"Bəzmi-aləm" qız
liseyində təhsilini
davam etdirir...
Sürəyyənin mənəvi
inkişafında və
dünyagörüşündə təkcə məktəb həyatı yox, eyni zamanda ailə
mühitinin - yəni evlərində keçirilən
yığıncaqların böyük
təsiri olmuşdu...
Belə ki, Türkiyənin ən görkəmli tarixçiləri, ictimai-siyasi
xadimləri tez-tez onlarda bir masa
arxasında otururdular.
Bu söhbətləri dinləyən
Sürəyyə sonralar
onların bəziləri
ilə ailəvi dost olur. "Türk
ocağı" toplantıları
onların daimi getdiyi yer olur.
Belə bir mühitdə böyüyən
və yetkinləşən
Sürəyyə ali təhsil almaq məqsədilə sənədlərini İstanbul
Universitetinin hüquq fakültəsinə verir.
Qeyd edim ki, o vaxt
bu fakültədə
yalnız oğlanlar oxuyurdu. Sürəyyə
Ağayevanın sənədlərini
ora verməsi şəhərdə əks-səda
doğurur... O, universitetdə
böyük səylə
oxuyur. Bir neçə xarici
dil - fransız, ingilis dillərini mükəmməl öyrənir.
Praktiki biliyini artırmaq üçün məhkəmələrdə
cinayət proseslərini
izləyir. Beləliklə
o, tez bir zamanda İstanbulun hüquq aləmində tanınır... Ona qeyri-rəsmi iş tapşırılır. Vaxtilə demokratik
cümhuriyyətin daxili
işlər naziri olmuş Behbud bəy Cavanşir Avropaya gedərkən yolüstü İstanbulda
Əhməd bəy Ağaoğlunun qonağı
olur. Sonra onu erməni
terrorçusu Misak Torlakyan öldürür.
Həmin
qətlin məhkəmə
prosesinə Sürəyyə
də dəvət olunur. Ona məsuliyyətli bir iş - ingilis dilindən tərcümələrə
nəzarət etmək
tapşırılır. O da
bu işi yüksək səviyyədə
yerinə yetirir. Daha sonra bir neçə
məhkəmədə iştirak
edir. Tapşırılan
işin öhdəsindən
bacarıqla gəlir...
Beləliklə, aidiyyəti
təşkilatlarda tanınır
və etimad qazanır...
Sürəyyə Ağayeva 1925-ci ildə təhsilini uğurla başa vurur. Atasının məsləhəti ilə
Ankarada Camal Nazim bəyin yanında çalışır.
Həmin
vaxt SSRİ-nin Türkiyədəki fövqəladə
və səlahiyyətli
səfıri M.Suriç
onu Rusiya ilə Türkiyə arasında ticarət işləri ilə məşğul olan "Neftsindikat" şirkətində
vəkil işinə dəvət edir. O, əvvəlki işi qalmaq şərtilə orada işləməyə
də razılıq verir. Səriştəli və savadlı
bir vəkil kimi daim Türkiyənin
hüquq-məhkəmə həyatında
çətin və ağır məhkəmə
proseslərinə dəvət
edilir. 1930-cu ildə Dövlət Şurasında işə
qəbul olunur. Bir müddət "Tənzimat"
dairəsində nizamnamə
hazırlamaq işi ilə məşğul olur.
O, Türkiyənin
ilk vəkil qadını
kimi hüquq aləmində gündən-günə
məşhurlaşır. Təcrübəli bir hüquqşünas kimi beynəlxalq tədbirlərə dəvət
olunur. Uzun müddət müxtəlif
komissiyaların rəhbəri,
Azadlıq fıkirlərini
yayma cəmiyyətinin,
türk-Amerika universitetləri
dərnəyi və ali təhsilli
türk qadınları
dərnəyinin yaradıcılarından
biri olur. Ümumdünya Hüquqşünas Qadınlar Assosiasiyasının
vitse-prezidenti, Uşaq
Dostları Dərnəyinin
sədri seçilir.
O, öz vəsaiti hesabına uşaq evi açır. Əlbəttə, təsadüfı deyil ki, Sürəyyə
xanim dünya ictimaiyyəti arasında uşaqların yaxın dostu və qadın
hüquqlarının alovlu
müdafiəçisi kimi
tanınır.
Sürəyyə Ağayeva həm də dövri mətbuatda görkəmli
bir publisist kimi də tanınır. Onun "Bir
ömür də belə keçdi" və ingilis dilində çap olunan "Lendradada gördüklərim" adlı
kitabların müəllifıdir.
Bu əsərlər, sözsüz ki, oxucuların rəğbətini
qazanmışdı.
Sürəyyə Əhməd
bəy qızı Ağayeva 86 illik ömrünün 80 ilini Türkiyədə yaşayır.
1989-cu ilin (1903-1989) dekabrında dünyasını
dəyişir. Ölümündən
bir il
qabaq -1988-ci ildə yaxın qohumu Nigar xanım Axundova ilə görüşür. Söhbət
əsnasında deyir:
"Məndən soruşurlar
ki, vətənin haradır? Deyirəm: - Şuşada doğulmuşam,
orada dil açmış, addım
atmış və yerimişəm. İlk dəfə orada
ulduzlu səmanı seyr etmişəm, güllərin ətrini duymuşam. Azərbaycanlı səsi, musiqisi
eşidəndə uşaqlıq
illərim yadıma düşür. Xatirələr məni qoynuna alır".
Söhbəti qələmə aldı:
Savalan Fərəcov
Mədəniyyət.-2008.-18 dekabr.- S.14.