Həmrəylik
köşəsi
Təqvimin sonuncu yarpağı 31
dekabr Dünya Azərbaycanlılarının Həmrəylik
Günüdür. Bu gün müstəqil Azərbaycan
tarixinin təqviminin bayramıdır. Qüsur tutmaq istəməzdim,
ancaq deməyə də məcburam. İlin yalnız bir
günü xalqı birləşdirə bilməz, əgər
xalq ilboyu bir deyilsə. Azərbaycan müxtəlif xalqları,
onların adət-ənənələrini özündə
birləşdirən bir məmləkətdir. Bu mənada Azərbaycan
xəritəsini çoxrəngli xalçaya bənzətmək
olardı. Bu birlik bir gündə, bir ildə yaranan deyil. Bu
monolit birliyinin yaranması üçün illər gərək
olmuşdur. Zamanın sərt sınaqlarından
çıxmış bu birlik Azərbaycanda yaşayan
xalqların mənəvi-əxlaqi dəyərlərinin, adət-ənənələrinin
sayəsində mümkün olub.
Azərbaycan torpağının
aborigenleri olan türklər ayrı-seçkilik nə
olduğınu bilməyib. Əksinə, özündən
çox, başqa xalqları sevib, onların dəyərlərinə
hörmət və ehtiramla yanaşıb. Azərbaycan
torpağında yaşayan xalqlar bir-biri ilə o qədər
qaynayıb-qarışmışlar ki, onları
seçib-ayırmaq belə çətin olub. Belə ki, bu
xalqların toy və yas adət-ənənələri belə
eynidir. Azərbaycanda yaşayan xalqların xeyri-şəri bir
olub, burada ömür-gün sürmüş xalqlar bir-birləri
ilə sıx ünsiyyətdə olmuşlar, təmas
qurmuşlar. Bu gün azərbaycanlıları ümumi təbii
xarakter və təfəkkür birləşdirir. Ədalətli
insanlar etiraf edərlər ki, Azərbaycan türkləri
ümumi azərbaycançılıq ideologiyasının
yaradıcısı və yayıcısı olub. Özündə
bütün xalqlara sevgi bəsləyən azərbaycançılıq
ideala çevrilib. Azərbaycan türkü dilinin «Azərbaycan»,
dövlət ideologiyasının Azərbaycançılıq
olmasına sidqi ürəkdən razılaşıb.
Hətta belə bir məlumat da
mövcuddur. Azərbaycan dövlətinin milli atributlarından
olan gerbindəki səkkizguşəli ulduz bu torpaqda yaşayan
xalqların simvoludur. Bu, Azərbaycan türkünün ürək
genişliyindən, liberal dəyərlərə üstünlük
verməsindən irəli gəlir. Bütün tarix boyu bu
humanist dəyərlər Azərbaycan torpağına xeyir-bərəkət
gətirib. Bu yüksək bəşəri dəyərlərə
qarşı yalnız ermənilər arxa çevirdilər,
nankor çıxdılar. Ulu tarix də erməniləri nə
vaxtsa cəzalandıracaq.
Dünya birliyi gec-tez Azərbaycan həqiqətlərinin
doğruluğuna inanacaq və qəbul edecək. Azərbaycan
tolerant ve liberal dəyərlər ölkəsidir. Özü
də bu tolerantlıq səmimi, liberalizm son dərəcə təbiidir.
Elə bu özəlliklər dünya üçün
görk olasıdır. Nədənsə, bizlər Azərbaycanın
öyünüləsi, öyrəniləsi dəyərlərini
lazımınca - geniş formada, yüksək səviyyədə
dünyaya çatdırmırıq. Azərbaycanın ərazi
bütövlüyünün pozulduğu, torpaqlarının
işğala məruz qaldığı bir dönəmdə
bu dəyərlərin - Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması olduqca vacibdir.
Həmrəylik günündə
tolerantlıq və liberal dəyərlər əyani faktorlarla
qabardılmalı, lazımınca təbliğ
olunmalıdır. Ancaq təəssüf ki, dünya azərbaycanlılarının
gözlərini dikdikləri, böyük ümid bəslədikləri
Bakıda insanlar daha çox yeni il əhval-ruhiyyəsinə
köklənirlər. Bu da təbiidir. Çünki təqvim-tarix-il
dəyişikliyi insanlara assosiativ-psixoloji təsir göstərir.
Yeni ilin yüksək bayram əhval-ruhiyyəsində qeyd
olunmasında xalqımızın miladi təqviminə istinad
etməsinin və yaxın illərdə tarixə
qovuşmuş sovetizm nostalgiyasının da təsiri az deyil.
Bu məsələdə kütləvi-informasiya vasitələri
də yeni ilin xeyrinə çalışırlar. Televiziya və
digər kütləvi informasiya vasitələri bütün
gücləri ilə yeni ilin «qulluğunda dururlar».
İnsanların həyatında müəyyən
əhəmiyyət daşıyan təqvim dəyişikliyi
yetərincə qeyd olunmalıdır. Təqvimin dəyişməsi
ilə həyatda, cəmiyyətdə çox şeylər dəyişir,
çox nəsnələr alt-üst olur.
... İl də şərtidir,
gün də. Ancaq Azərbaycan adlı məmləkət
müqəddəsdir. Müqəddəs Azərbaycana hamımız
eyni gözlə - sevgi və məhəbbətlə
baxmalıyıq. Azərbaycan naminə birləşmək
haqqımız olduğu qədər də borcumuzdur.
Bütün çətinliklərə baxmayaraq, Azərbaycan
adımızdır, bayrağımız, gerbimiz və
himnimizdir!
İlin sonunda və
yazının axırında şüara bənzəsə də,
demək istəyirəm: «Azərbaycan naminə birləşək!»
Xeybər Göyyallı
Mədəniyyət.-2008.- 27 dekabr.- S.9.