Yusif Səmədoğlunun doğum günü qeyd
olundu
Dekabrın 25-də Səməd
Vurğunun ev-muzeyində xalq yazıçısı Yusif Səmədoğlunun
doğum günü qeyd edildi. Tədbirin dəvətnaməsində
qeyd olunduğu kimi bu, mərhum yazıçının onsuz
keçirilən 11-ci doğum günü idi. S.Vurğunun
ev-muzeyinin direktoru Aybəniz Vəkilova qonaqları
salamladıqdan sonra bildirdi ki, tədbir əslində bir ailə
tədbiridir. Ona görə bura yığışan insanlar
Yusifin, bizim ailənin ən doğma, ən yaxın
adamlarıdır.
Tədbirdə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, millət vəkili Elmira Axundova, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və başqa tanınmışlarla yanaşı, Y.Səmədoğlunun həyat yoldaşı, qızları, nəvəsi, yaxın qohumları, dostları, eyni zamanda media nümayəndələri iştirak edirdilər.
Tədbiri olduqca maraqlı təşkil edən Aybəniz xanım qısa çıxışları nəzərə almasaq doğum gününü Y.Səmədoğlunun sevdiyi musiqilər və heç zaman unutmadığı xatirələr üzərində qurmuşdu. Xatirələrdə kimlər yox idi; Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev, Səid Rüstəmov, Niyazi, daha kimlər, kimlər...
Tədbir Y.Səmədoğluna həsr olunmuş “Kainatn astanasında” sənədli filminin nümayişi ilə başladı. “Qətl günü” romanından parçalar oxunan filmdə Y.Səmədoğlunun müxtəlif vaxtlarda öz yaradıcılığı, ata ocağı barədə söylədiklərini əks etdirən videomateriallar əks olunmuşdu. Eyni zamanda Anar, Vaqif Səmədoğlu, Yusif müəllimin qızı Mehriban xanım və başqalarının Y.Səmədoğlu barədə xatirələri yer almışdı.
İlk musiqili çıxışı skripkaçı Ceyhun etdi. Çıxışa kiçik bir giriş verən Aybəniz xanım bildirdi ki, Yusif Səmədoğlu 9 il skripka sinfinə gedib. Ən çox sevdiyi mahnılar isə “Sarı gəlin” və “Tut ağacı boyunca” olub. Ceyhun bəy də elə həmin mahnıları xüsusi bir həzinliklə ifa etdi.
İfaların
ardınca muzeydə qorunub saxlanan daha bir maraqlı
videoyazı təqdim edildi. Bu 90-cı illərin
əvvəlində televiziyada
populyar olan “Aktual ekran” verilişi
idi. Hansı ki, bu verilişdə Yusif Səmədoğlu çıxış
edərək o zamankı
milli azadlıq hərəkatı barədə
maraqlı fikirlər söyləmişdi.
İkinci musiqili qonaq Opera və Balet Teatrının
solisti Həsən Ənami idi. O, əvvəlcə
Ü.Hacıbəyovun “Sənsiz”ini,
ardınca isə Aybəniz xanımın arzusu ilə “Toska” operasından Kavaradassinin ariyasını
ifa etdi.
A.Vəkilovanın tədbir iştirakçılarına
sürprizlərindən biri
də Yusif müəllimin 25 yaşında
- 1960-cı ildə dahi
bəstəkar Qara Qarayev barədə yazdığı oçerk
oldu. Oçerkin bir-neçə maraqlı
abzasını tədbir
iştirakçılarının diqqətinə çatdırdıqdan
sonra bildirdi ki, oçerk bütövlükdə “Ədəbiyyat
qəzeti”ndə çap
ediləcəkdir.
Tədbir boyu çıxış edən
yalnız iki nəfər oldu - Y.Səmədoğlunun yaradıcılığından
dissertasiya işi yazan Lətifə Əliyeva və Mədəniyyət İşçiləri
Müstəqil Həmkarlar
İttifaqının Respublika
Komitəsinin sədri
Cəmilə Səttarova...
Lətifə xanım Yusif
Səmədoğlunu təkcə
bir yazıçı
deyil, həm də böyük bir ictimai-siyasi xadim kimi dəyərləndirdi
və tədqiqat işində ona yaxından yardımçı
olanlara təşəkkürünü
bildirdi.
C.Səttarova isə qısa
çıxışının ardınca təmsil etdiyi qurum adından
Y.Səmədoğlunun bir
neçə maraqlı
fotoşəklini muzeyə
hədiyyə etdi.
Tədbir 1995-ci ildə “Gülüstan” sarayında keçirilən
Y.Səmədoğlunun 60 illik
yubiley tədbirinin videoyazısı ilə başa çatdı. Daha doğrusu,
ümummilli lider Heydər Əliyevin də iştirak etdiyi tədbirin ən maraqlı epizodları nümayiş
etdirildi.
Əvvəlcə Yusif müəllimin
“Şöhrət” ordeni
ilə təltif edilməsi ilə bağlı sərəncam
oxundu. Sonra ustad aşıq
Ədalət Nəsibov
“Yanıq Kərəm”
havasını ifa etdi.
Ümummilli lider
Heydər Əliyevin S.Vurğun, onun ocağı, nəvə-nəticələri,
Yusif Səmədoğlunun
yaradıcılığı, şəxsiyyəti, eyni zamanda 90-cı illərin ortalarındakı siyasi vəziyyət barədə
geniş çıxışı
isə həm 60 illik yubileyin videoyazısına, həm
də Y.Səmədoğlunun
doğum günü mərasiminə yaddaqalan bir yekun oldu.
Şərif.
Mədəniyyət.-2008.-27 dekabr.-S.2.