«Keşikçidağ»da tarix
yaşayır
Təkraredilməz relyefə,
təbiətə malik və çoxsaylı abidələrlə
zəngin olan tarixi məkan... Elə bir məkan ki, hər
qarışında tarixin rənglərdə təsviri ilə
rastlaşırsan. Bu gözəlliyi özündə əks
etdirən yer Ağstafa rayonunda yerləşən
“Keşikçidağ” mağaralar kompleksidir.
Qoruq Ceyrançöldə,
Gürcüstan sərhəddinə yaxın ərazidə qum
daşlardan ibarət monastır kompleksidir. 2007-ci ilin
sonlarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə Keşikçidağ silsiləsinin bir hissəsini əhatə
edən mağaralar kompleksi «Keşikçidağ» Dövlət
Tarix-Mədəniyyət Qoruğu elan edilib.
Ulu əcdadlarımızın
sitayiş və sığınacaq yeri olan mağaralar bu
günə qədər qorunub. Ərazidə
monastır-memarlıq abidələri ilə yanaşı,
10-larla mağara-məbəd kompleksi var. Bunların
çoxunda xristianlığa dair mövzularda freskalar işlənib.
Maraq doğuran məqam ondan ibarətdir ki, mağaraların
divarlarındakı rəsmlər sistemli deyil, pərakəndə
şəkildə işlənib. Deməli, rəsmlər
qeyri-peşəkar rəssam tərəfindən çəkilib.
Freskalar əsasən müxtəlif dini səhnə və
obrazları əks etdirir. Bu faktın özü deməyə
imkan verir ki, sözügedən mağaralar çox-çox əvvəllərdən
mövcud olub. Mağaraların birinin divarlarında müxtəlif
ölçü və formada xaç işarələrinə
də rast gəlmək mümkündür. Böyük
ölçüdə təsvir edilən xaç rus provoslav
kilsəsinə aiddir. Bu da ehtimal yaradır ki, freskaları
işləyən rəssam rus mənşəli olub. Freskalarda
diqqətçəkən mövzulardan biri də
xristianlıqda məşhur olan «Sirli axşam» mövzusudur.
Mağara-məbəd
kompleksindəki freskaların işlənmə tarixinə gəlincə,
onları XIX əsrin birinci yarısına aid etmək olar. “Keşikçidağ”da
yerləşən məbəd-monastırların memarlıq
quruluşu da maraq doğurur. Onlar Azərbaycan ərazisindəki
alban məbədləri ilə eynilik təşkil edir. Məsələn,
mağaraların bəzisi kvadrat formalıdır. Tavanları
isə günbəzşəkillidir və hisdən qaralıb.
Mağaralarda qəbirlər də aşkar edilib. Onlar qum
daşından ibarət döşəmədə səliqə
ilə qazılıb. Qəbirlərdən tapılan kəllələr
də maraq doğurur. Məlumdur ki, İslam dininin Cənubi
Qafqazda yayılması ilə əlaqədar olaraq
Gürcüstanla həmsərhəd bölgədə
yaşayan alban əhalisinin kiçik bir qismi gürcü
xristianlığının təsir dairəsində qalıb
və tədricən assimliyasiyaya uğrayıb.
«Keşikçidağ» qoruğundakı qəbirlərdən
birində həm gürcü, həm də azərbaycanlılara
məxsus kəllələrin aşkar edilməsi də məhz
bu tarixi hadisələrlərin sübutlarındandır. Hətta
bəzi qəbirlərdə tapılan kəllələrin orta
əsrlərdə assimliyasiyaya uğrayaraq gürcüləşmiş
albanlara aid olduğu bildirilir. Deməli,
«Keşikçidağ» tarixi bir məkan olmaqla yanaşı, həm
də Azərbaycan və Gürcüstan arasındakı
çoxəsrlik mədəni-dostluq əlaqələrinin
özünəməxsus bir rəmzi kimi də dəyərləndirilə
bilər.
Mədəniyyət.- 2009.- 18 dekabr.- S. 16.