2009 nə ilə yadda qaldı?
Azərbaycan turizminə
baxış
Turizm müasir dünyada
iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. Əksər ölkələrin büdcəsinin
formalaşmasında bu sahənin müstəsna rolu var. Təbii-coğrafi baxımdan əlverişli
mövqedə yerləşən və zəngin təbii
resursları olan Azərbaycanda da turizm sahəsindən gözləntilər
çoxdur. Çünki ölkəmizdə bu sahənin
inkişafı üçün kifayət qədər potensial
var. Üstəlik, Azərbaycan dövlətinin həyata
keçirdiyi uğurlu siyasət nəticəsində
ölkəmizdə turizm sahəsi böyük nailiyyətlər
qazanır və gün-gündən inkişaf edir.
Bütün regionlarımızda yeni turizm obyektləri tikilir,
mədəni-tarixi qoruqlar yaradılır və bərpa edilir.
Regionlarda infrastrukturun yaradılmasını dövlət
öz üzərinə götürüb.
Digər tərəfdən,
İtaliya, Türkiyə, İspaniya və turizmdən
külli miqdarda gəlir əldə edən digər ölkələrin
təcrübəsi də onu göstərir ki, ilkin mərhələdə
dövlətin dəstəyi olmadan turizmin sürətli
inkişafına nail olmaq mümkün deyil.
Məhz bu baxımdan, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
imzalanan fərman və sərəncamlar, Mədəniyyət
və Turizm Nazirliyinin apardığı təbliğat işləri
(ölkəmizin beynəlxalq turizm sərgilərində
iştirakı, dünyanın aparıcı televiziya
kanalları ilə yaxından əməkdaşlıq, orada Azərbaycanın
turizm potensialını əks etdirən reklam roliklərinin
yerləşdirilməsi), beynəlxalq təşkilatlarla, o
cümlədən Ümumdünya Turizm Təşkilatı,
İslam Konfransı Təşkilatı, GUAM, İƏT və
başqa beynəlxalq qurumlarla sıx əməkdaşlıq və
onların işlərində fəal iştirak etməsi
dövlətin bu sahəyə böyük ümidlər bəslədiyinin
sübutudur.
Antiböhran tədbirləri
keçirildi
2009-cu il
dünyada baş verən maliyyə böhranının
iqtisadiyyatın bütün sahələrinə təsiri ilə
yadda qaldı. Turizm sahəsi də bu baxımdan istisna təşkil
etmədi. Turizm üzrə mütəxəssislər bu və
ya digər ölkələrdə vaxtaşırı
toplaşaraq «Avropa turizmini böhrandan necə xilas etməli?»
mövzusunda müzakirələr apardılar. Belə
tədbirlərdən biri də bu il martın 26-da Bakıda
baş tutdu. Ümumdünya Turizm Təşkilatının
Avropa üzrə Komissiyanın 49-cu iclasında BMÜTT-nin
Avropa Komissiyasına üzv ölkələrin nümayəndə
heyətləri, qurumun yetkililəri, tanınmış turizm
mütəxəssisləri iştirak edirdi.
49-cu sessiyada turist xidmətlərinin müxtəlifliyinin təmin edilməsində hansı istiqamətlərə daha çox üstünlük verilməsi, iqtisadi böhran nəticəsində özəl sektorla dövlət arasında münasibətlərin necə qurulması, dünya bazarında Avropa ölkələrinin rəqabətə davam gətirə bilməsi üçün bazar iqtisadiyyatında qiymətlərin tarazlaşdırılması və iqtisadı böhrana qarşı birgə tədbirlərin görülməsi məsələləri müzakirə edildi.
Sentyabr
ayında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi
və Yunanıstan Turizmin İnkişafı Nazirliyi Əməkdaşlıq
Komitəsinin işçi qrupunun ikinci sessiyası
keçirildi.
Tədbir iki ölkə arasında turizm əlaqələrinin
daha da genişlənməsinə və inkişafına, həmçinin
ikitərəfli turist axınının çoxalmasına
hesablanmışdı.
Azərbaycan il ərzində 15 beynəlxalq
turizm sərgisində iştirak etdi
Müasir
dövrdə Azərbaycan kimi öz müstəqilliyini yeni əldə
etmiş ölkələr üçün beynəlxalq
turizmin inkişaf etdirilməsi olduqca vacib məsələdir. Bunun bir yolu da beynəlxalq
turizm sərgilərində iştirakdan keçir. Sərgilər
turizm bazarının və səyahətlərin
coğrafiyasının genişləndirilməsinə imkan
verir. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi
ölkəmizi 15 beynəlxalq turizm sərgisində təmsil
edib. Bu sərgilər Madrid, Vyana, Mərakeş, İstanbul,
Berlin, Riqa, Pekin, Honkonq, Bəhreyn, Dubay, Tokio, Paris, Daşkənd,
Astana və Londonda baş tutub.
Eyni zamanda yola
saldığımız ildə Bakı şəhərində
də beynəlxalq turizm sərgisi təşkil edildi. AİTF-2009 sərgisində
22 ölkədən 98 şirkət iştirak etdi. Bu sərginin bir özəlliyi də o oldu ki, sərginin
ekspozisiya sahəsi 30 faiz artmışdı. “Bakı-İslam
mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ili
çərçivəsində Mədəniyyət və
Turizm Nazirliyinin dəvəti ilə İslam Ölkələri
Elm, Təhsil və Mədəniyyət Təşkilatına
(İSESKO) üzv ölkələr, o cümlədən Mərakeş,
Malaziya, İordaniya, İndoneziya, Birləşmiş Ərəb
Əmirlikləri (BƏƏ) və İran İslam
Respublikası ümumi stenddə turizm potensiallarını
nümayiş etdirdilər. Azərbaycanın
turizm potensialını təbliğ etdirmək
üçün reklamdan da geniş istifadə edilir. İki
ildir CNN və «Euronews» kanallarında Azərbaycanın turizm
potensialını əks etdirən reklam çarxları
göstərilir. 2009-cu ildə CNN-də «Bakı İslam mədəniyyətinin
paytaxtı» mövzusunda daha bir çarx da nümayiş
etdirilib. Bundan başqa, Azərbaycanın
turizm potensialının xarici nəşrlərin adı
altında beynəlxalq auditoriyaya çatdırılması məqsədilə
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
ilə nəhəng oxucu auditoriyası olan 70-ə yaxın
xarici nəşrə müraciətlər ünvanlanıb.
Müraciəti müsbət qiymətləndirən Rusiyada nəşr
edilən «Vokruq sveta» jurnalı ilə razılaşmaya görə
260 səhifəlik bələdçi kataloqu hazırlanıb.
Fransada nəşr edilən «Mondeos» jurnalı ilə
(İsveçrə, Belçika və başqa fransızdilli
ölkələrdə yayımlanır) artıq müqavilə
imzalanıb. Razılaşmaya əsasən bu brend altında
hazırlanacaq bələdçi kitabı 2010-cu ilin mart
ayında hazır olacaq. Bundan başqa,
Böyük Britaniyanın tanınmış nəşrlərindən
olan «Hedonist» jurnalı (ABŞ və digər ingilisdilli ölkələrdə
yayımlanır), Birləşmiş Ərəb Əmirliklərinin
«Explorer Publishing» (ərəb ölkələrini əhatə
edir) jurnalları ilə də müqavilə bağlanıb.
Almaniyanın «Rother Wanderfuhrer» (bir sıra Avropa ölkələrində
yayılır) nəşrinə də belə bir layihə təklifi
ilə müraciət edilib.
Turizm İnstitutunun 200 məzununun iş yeri
hazırdır
Ölkəmizdə
turizm üzrə mütəxəssis hazırlayan Azərbaycan
Turizm İnstitutunun fəaliyyəti 2009-cu ildə qənaətbəxş
olub. 2010-cu
ildə institutun ilk məzun buraxılışı olacaq.
ATİ-nin 300 məzununun 25 nəfəri ikili diplom alacaq.
İnstitutla Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti
arasındakı razılaşmaya görə, 25 nəfər həm
ATİ-nin, həm də adıçəkilən universitetin
diplomunu alacaq. Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin mətbuata verdiyi məlumata görə, 300 məzunun
artıq 200 nəfərinin iş yeri hazırdır.
Bundan başqa,
ATİ turizm sahəsinə aid bütün qurumlarla yaxın
münasibətlər qurub. Eyni zamanda institut tələbələrini
təhsil və təcrübə məqsədilə
Yunanıstana, Şimali Kiprə, Türkiyəyə göndərir.
Təkcə onu qeyd etmək kifayətdir ki, yola
saldığımız ildə ATİ bu ölkələrə
100-ə yaxın tələbə göndərib.
Mehmanxanalara lisenziya verilməsi qaydaları dəyişdirildi
Azərbaycanda
turizm infrastrukturu da genişlənir. Bunu son illər
tikilən mehmanxana və mehmanxana tipli obyektlərin
statistikasını apardıqda aydın görmək
mümkündür. 2003-cü ildə Azərbaycanda cəmi
iki turizm obyekti tikildiyi halda, 2009-cu ilin əvvəlindən ilin
sonuna qədər 20-yə yaxın mehmanxana istifadəyə
verilib, 60 mehmanxana və mehmanxana tipli obyekt tikilməkdədir.
Bu gün Azərbaycanda 370 mehmanxana var. Bunun 79-u Bakının
payına düşür. 270 mehmanxana və 227 turizm şirkəti
lisenziya əsasında fəaliyyət göstərir. Bu
mehmanxanalarda 28 min 286 gecələmə yeri var. Bu yerlərin 8
mindən çoxu Bakıdadır. Bu gün Azərbaycanda
hotel tikintisi sərmayəçilər və iş
adamları tərəfindən böyük maraqla izlənilir.
Bununla bərabər 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi qanunsuz fəaliyyət göstərən mehmanxanalar barədə də bir sıra tədbirlər həyata keçirildi.
Nazirliyin mütəxəssisləri
lisenziya alan bəzi mehmanxanalarda
apardıqları monitorinq nəticəsində bir çox
neqativ hallarla qarşılaşıblar. Quba,
Nabran, Xaçmaz, cənub bölgəsində və daha bir
neçə regionda 40-a yaxın hotel lisenziyasız işlədiklərindən
fəaliyyətləri dayandırıldı. Nazirlik qərara
aldı ki, 2010-cu ildən etibarən Azərbaycanda fəaliyyət
göstərən mehmanxanaların lisenziya məsələsinə
daha çox diqqət yetirilsin və bu iş təkmilləşdirilsin.
Bundan əlavə, mehmanxanalarda hələ də problem olan
kadr çatışmazlığını aradan qaldırmaq
üçün 2010-cu ildən etibarən lisenziyaların
mehmanxanada işləyən ixtisaslı kadrların sayına
görə verilməsi müəyyənləşdirildi.
2009-cu ildə həmçinin
yeni mehmanxana komplekslərinin tikilməsinə də start
verildi. Xızı və Dəvəçi
rayonlarında inşa olunması nəzərdə tutulan turizm
komplekslərinin tikintisinə başlanması ilə
bağlı Küveyt və Çexiya sərmayəçiləri
ilə danışıqlar aparılır. Qusardakı
Şahdağ Qış-Yay İdman-Turizm Kompleksinin
inşası da davam edir. 5000 insanın yerləşə biləcəyi
istirahət mərkəzinin tikintisinə 2 milyard avro vəsait
xərclənəcək. Bu məbləğin 25 faizi dövlət,
75 faizi özəl şirkətlərin öhdəsinə
düşəcək.
Azərbaycan turizmdən ildə 4 milyard 640 milyon dollar gəlir
götürür
2008-ci illə
müqayisədə 2009-cu ildə ölkəmizə gələn
turistlərin sayında artım müşahidə olunub. Dünyadakı
maliyyə böhranı ilə əlaqədar turistlərin
sayı 15-18 faiz azalıb, lakin buna baxmayaraq Azərbaycanda
turistlərin sayında artım müşahidə edilib.
2008-ci ildə isə Azərbaycana 1 milyon 898 min 939 nəfər
qonaq gəlib və onlardan 1 milyon 408 min 988 nəfəri turist
hesab olunur. 2009-cu ilin birinci yarısının nəticələrinə
görə demək olar ki, bu il ötən ilə nisbətən
ölkəmizə gələn insanların sayı artıb.
Belə ki, ilk altı ayda Azərbaycana 783 min 208 nəfər
insan gəlib ki, bu da ötən ilin altı ayı ilə
müqayisədə 309 nəfər, yəni 0,3 faiz
çoxdur.
Qeyd edək ki, bir neçə
il əvvəl Azərbaycandan xarici ölkələrə
gedən turistlər 70 faiz təşkil edirdi. Bu il isə
bu rəqəm 55 faizdir. Dövlət Statistika Komitəsinin məlumatına
görə, 2008-ci il ərzində Azərbaycanın dövlət
büdcəsinə 190 milyon ABŞ dolları vəsait daxil
olub. Mədəniyyət və Turizm Nazirliyin
apardığı hesablamalara görə isə nəqliyyatdan,
yeməkdən, suvenirlərin alınmasından, ekskursiyalardan
gələn gəlirlər də nəzərə
alınmaqla, Azərbaycanda xarici vətəndaşın bir həftəlik
istirahəti 700-800 dollara başa gəlir. Bu məbləği
il ərzində gələn turistlərin sayına vurduqda təxminən
4 milyard 640 milyon ABŞ dolları təşkil edir.
Bakı Turizm İnformasiya Mərkəzi bir sıra layihələrə
imza atdı
Bundan başqa, Azərbaycan
hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının
birgə layihəsi əsasında yaradılan Bakı Turizm
İnformasiya Mərkəzi də il ərzində
bir çox önəmli layihələrə imza atdı. Mərkəzin
www.bakutourism.az adlı internet portalı fəaliyyətə
başladı. Bu, Azərbaycanda qurulmuş yeganə onlayn
sistemidir. Azərbaycanın turizm məhsulları bu virtual texnologiya
ilə bütün dünyada reklam olunur. Bakı Turizm
İnformasiya Mərkəzində həmçinin əməkdaşların
təcrübəsinin, bilik və bacarığının
artırılması məqsədilə vaxtaşırı
müxtəlif mövzularda treninq-kurslar keçirilib.
Nəticə: Beləliklə,
ölkəmizdə turizmin inkişafı yönündə
2009-cu il ərzində görülən
işlərə qısaca nəzər saldıq. Nəticə olaraq onu demək istərdik ki, bu sahə
Azərbaycanda yenicə təşəkkül tapır.
İnkişafda olan hər bir sahədə problemlər və
çətinliklər olur. İnanırıq ki, ölkəmizin
adı bir neçə ildən sonra dünyanın bu sahədən
ən çox gəlir götürən ölkələri
ilə bir sırada çəkiləcək.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 18 dekabr.- S. 10.