Çövkən - sağlamlıq və sevgi

 

At muraddır! Azərbaycanda minlərlə, bəlkə də milyonlarla gözəl, sərrast deyimlərdən biri də elə bu zərb-məsəldir. Məsələn, xalq arasında inama görə, əgər yuxuda at görmüsənsə, arzuna, istəyinə çatacaqsan. Atda bir müqəddəslik, həmişəyaşarlıq, məğrurluq var və daha neçə-neçə bu kimi müsbət keyfiyyətləri özündə cəmləşdirib. Atı nağıllarımıza, dastanlarımıza gətirən, əsas qəhrəmanlardan birinə çevirən də elə bu xüsusiyyətlərdir. «Koroğlu» dastanını oxuyub Qıratı sevməmək mümkün deyil. Sadalanan keyfiyyətlərə bu və ya digər formada başqa heyvanlarda da rast gəlmək mümkündür. Ancaq atı onlardan fərqləndirən bir xüsusiyyət də var - o, insanların əbədi dostu və köməkçisidir. Bəşər övladı tarixən atdan xeyir görüb, faydalanıb.

 

Çövkən- qaydaları pozulmaz oyun

 

Fiziki qüvvə tələb edən çövkən oyununda yüksək bacarığa, manevretmə qabiliyyətinə malik olmaq oyunda iştirak edənlər üçün ən əsas keyfiyyətlərdən biridir. Oyunun yaxşı alınması üçün həm minici, həm də at vəhdət təşkil etməlidir...

Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunurdu. Seçilmək üçün bir dəstənin üzvləri mütləq o biri dəstəninkindən fərqli geyimdə oyuna qatılırlar.

Bu oyunların özəlliyi ondan ibarətdir ki, yaş həddi tələb olunmur. Fiziki cəhətdən sağlam olan şəxs hər vaxt çövkənlə məşğul ola bilər.

Çövkənin müəyyən edilmiş qaydaları olduğunu diqqətə çəkən R.Ramazanov bildirdi ki, bu oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir. 10 dəqiqə fasilə olur. Oyunçunun xüsusi geyim formasına papaq, çuxa, at minmək üçün gen şalvar, yüngülboğazlı çəkmə daxildir. Oyunçular eyni formadan, eyni uzunluqda olan çomaqdan istifadə edirlər. Bu oyunda istifadə edilən top girdə və 38-41 sm arasında olur. Qapı çərçivəsindən cərimə meydançasına daxil olub topu qapıya vurmaq hesaba alınmır».

Çövkən oyunlarının hakimi isə, adətən, meydanı at üstündə müşayiət edir. Ona yan xətlərdə duran iki hakim də köməklik göstərir.

Oyunçu geyim qaydalarına əməl etməyəndə, kobudluq edəndə meydandan birdəfəlik və ya 2 dəqiqəlik qovula bilər. Mütəxəssis bildirir ki, əvvəlki illərdən fərqli olaraq builki turnirdə qaydalara daha düzgün riayət edirlər.

 

Həm mədəniyyət, həm idman

 

Bir neçə minillik yaşı olan atçılıq mədəniyyətimizin və tariximizin bir hissəsidir. Hələ qədim dövrlərdən başlayaraq, Azərbaycan bu gün dünyada populyar olan müxtəlif idman növlərinin meydana gəldiyi məkan olub. Güləş, qılıncoynatma, oxatma, at yarışları kimi cəsarət, igidlik tələb edən oyunlar çox böyük əhəmiyyət kəsb edib. Məsələn, Oğuz türklərindən bəhs edən «Kitabi-Dədə Qorqud» dastanında yazılır ki, bu diyarda igidlik göstərməyən, üz-üzə döyüşdə iştirak etməyən, öz cəsurluğunu nümayiş etdirməyən oğlanlara ad verilmirdi.

Maraqlıdır ki, bu dastanda qədim tarixə malik atüstü milli oyunlarımızdan biri olan və bu gün ölkəmizdə bərpa edilən çövkənin də adı çəkilir. Qeyd edək ki, həddindən artıq mürəkkəb və eyni zamanda maraqlı, olan bu oyun insanın atı ram etməsindən sonra meydana gəlib.

Nizami, Xaqani Şirvani, Xətai və başqa şairlərin əsərlərində, eyni zamanda qədim miniatür sənətimizdə çövkənlə bağlı maraqlı məlumatlar verilir. Qədim miniatürlərdə kişilərlə bərabər qadınlarımızın da çövkən oynamaları bu oyuna olan böyük maraqdan xəbər verir.

Britaniyalı səyyah M.Braun 1842-ci ildə çövkən haqqında öz fikirlərini belə izah edirdi: «Bu, atlarla əsl hokkey oyununa bənzəyir. Çox gözəl oyun növüdür və düşünürəm ki, qərblilər üçün də faydalı olardı».

Görkəmli özbək şairi Ə.Nəvai bu oyunu «çavqan» (fars dilində əlağacı), azərbaycanlılar «çövkən», əfqanlar «çovqan», taciklər «çavqonbozi» adlandırırdılar. Firdovsi, Ömər Xəyyam, Hafiz, İbn Sina, Xosrov Dəhləvinin əsərlərində də çövkənin adı xatırlanır. Orta əsr müəlliflərinin yazdıqlarından isə bəlli olur ki, o zamanlar çövkənlə məşğul olan məşhur oyunçular hətta sərhədlərdən kənarda da məşhur idilər.

Azərbaycana gəlincə, ölkəmizdə 10-dan çox atüstü oyun növü var və bu oyunların tarixinin min ildən çox olduğu bildirilir. Onlardan ən çox tanınanı və seviləni çövkəndir. Azərbaycan SSRİ-nin tərkibinə daxil edildikdən sonra ittifaqın digər respublikaları arasında bu növ də daxil olmaqla, atüstü xalq oyunları üzrə mütəmadi yarışlar keçirilirdisə də, respublikamız bu yarışlarda iştirak etmirdi. 1000 il əvvəl həvəslə oynanılan «Çövkən», «Sürpapaq», «Baharbənd», «Yaylıq», «Gərdək qaçırmaq» və s. oyunlar haqqında əhalinin əksəriyyətinin, xüsusən də gənclərin heç bir anlayışı yox idi. Həmin dövrdə bu məsələ yüngül atletika mütəxəssisi, respublikanın əməkdar məşqçisi Fikrət Hüseynovun diqqətini cəlb edir. O, bu sahədə tədqiqat işləri aparmağa başlayır. Sirr deyil ki, 1000 il keçdikdən sonra milli atüstü oyunların bərpası gərgin axtarış və əmək tələb edirdi. Nəhayət, 1958-ci ildə Gəncənin Bağmanlar qəsəbəsinin çıxacağında kiçicik Cıdır düzü təşkil edən Fikrət müəllim 4 kolxozdan atları yığır və gəncləri öz ətrafına toplayır. Bu dövrə qədər Azərbaycan milli atüstü oyunlar üzrə ittifaqmiqyaslı yarışlarda iştirak edə bilmirdi. Bunu aradan qaldırmaq üçün Gəncə ətrafındakı 4 kolxozda 10-a yaxın xüsusi komandalar yaradıldı, məşqlər başlandı. O, Azərbaycan atüstü milli oyunlarının qaydaları haqqında məlumatları çap edərək, Cıdır meydanlarının rəhbərlərinə paylandı ki, ona müvafiq hazırlıq işləri görülsün və bizim komandalar bu yarışa qatıla bilsinlər. Bu məqsədlə hazırda Gəncədə yaşayan 85 yaşlı Fikrət müəllim Sovet İttifaqı Marşalı Semyon Budyonnıya müraciətdən sonra Azərbaycan komandası 1961-ci ildə Moskvaya dəvət alır. İlk yarış Azərbaycan və erməni çaparları arasında keçirilməli olur. Azərbaycan idmançılarının yarışa qatıldığını görən ermənilər çövkəni oynamaq üçün ərizə verirlər. Məqsəd Azərbaycan komandasını məğlub etmək idi. Lakin onlar buna nail ola bilmir və uduzurlar. Lakin 90-cı illərdən sonra müxtəlif bölgələrdə fəaliyyət göstərən atüstü idman komandalarının fəaliyyəti dayanır.

 

Yeni nəfəs

 

Atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi ilə 2005-ci ildən başlayaraq Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə turnir keçirilir. Sözügedən kubok uğrunda turnir ənənəvi olaraq Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin bazasında təşkil edilir. Turnirlər adətən hər ilin dekabrın 19-da start götürür. Yarışın təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Turizm Mərkəzidir. Qeyd edək ki, 2006-cı ilin 18 aprel tarixində ölkə prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi yaradılanda onun strukturuna Atçılıq Turizm Mərkəzi də daxil edilib. Mərkəz Respublika Atçılıq İdman Mərkəzinin Şəki filialının bazasında yaradıldı. Mədəniyyət və turizm naziri Ə.Qarayevin səyi ilə qısa vaxt ərzində yaradılan mərkəz elə həmin il atçılıq idmanı üzrə Marafon-45, Prezident Kuboku turnirlərini təşkil etdi. Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə turnirin ilk qalibi Ağstafa rayonunun komandası oldu. Əgər əvvəllər çövkənlə məşğul olan və yarışlarda iştirak edən cəmi 3 rayon vardısa, ötən 2 il müddətində onların sayı 13-ə çatıb.

 

4-cü başlayır

 

Dekabrın 19-da çövkən üzrə ənənəvi yarışlar özünün 4-cü ilinə qədəm qoyacaq. Yenə at kişnərtiləri, oyunçuların nərəsi, azarkeş sədaları Şəki Daşüz Atçılıq Mərkəzinə hakim kəsiləcək. Bu turnir həm bir mədəniyyət, həm də idman bayramına dönəcək. Atınızın dırnağı iti, qapınız etibarlı qorunsun, yeni yarışınız mübarək əziz idmançılarımız. Kimin, hansı komandanın qalib gəlməsindən asılı olmayaraq hamımız Azərbaycan qələbəsi üçün çalışaq.

 

 

Sabutay

 

Mədəniyyət.- 2009.- 18 dekabr.- S. 9.