Sadə və oyunsuz adam

 

Səttar Bəhlulzadə yüz il əvvəl Bakının qədim Əmircan kəndində çörəyi torpaqdan çıxan Bəhlul kişinin ailəsində dünyaya göz açmışdır. Ata iki qız övladının ardınca ona sonsuz sevinc bəxş edən ilk oğlan uşağının ona tezliklə ev-eşik işlərində dəstək olacağına çox ümidliydi. Lakin bu oğul payı Bəhlul kişinin istəyinin əksinə olaraq çörək pulunu torpaqdan, əkib-becərməkdən yox, torpağa sonsuz sevgidən çıxaran oldu. Sonda da təkcə ata-anaya, qohum-əqrəbaya yox, bütün millətə qürurverici övlad olaraq sənətinin qüdrəti ilə başqa millətlərə də doğmalaşdı. Ən böyük qazancı da yəqin ki, bir vaxtlar saç-saqqalını ağartdığı atasının üzünü ağartması, xalqına başucalığı bəxş etməsi oldu.

Doğma Azərbaycanı başdan-başa böyük məhəbbətlə dolaşıb, onun təbiətinə, sayagəlməz nemətlərinə vurğunluğunu bənzərsiz bir bədii biçimdə dünyaya göstərdi. Sonda da, dünyanı öz boyaları, öz cizgiləri, bənzərsiz və əlçatmaz “Səttar görümü” ilə tərk etdi, ecazkar rənglərində “əriyib” əbədiyyətə qovuşdu, adını sənət tarixinə yazdı. Rəssamlıq tarixində isə oxşarı olmayan “Sənətin Məcnunu” ayamasını qazandı. Məcnunluğu özünə kədərə bələnmiş sevinc gətirsə də, başqalarına “Səttar dünyası” adlı qeyri-adi, nəhayətsiz bir gözəllik qaynağı bağışladı.

Özünün və sənətinin bənzərsizliyinin nəticəsidir ki, o, bir ömürdə bəlkə də bir neçə tale yaşadı. 65 illik ömür payında dahi hesab edilməsi ilə yanaşı, onun özündə təzadlı dəyərləri hifz edən qəribə şəxsiyyət kimi qəbulu da, təbii idi. Çünki Səttar doğrudan da bənzərsiz və təkrarsız idi, ona görə ki, o, dünyanı müasirlərindən, rəssam həmkarlarından da çox fərqli duyur, görür və kətanda gerçəkləşdirirdi. Əslində, o qəribə barmaqlar və sanki “magik kristal”dan dünyaya göz qoyan baxışlar məhz belə bir nağılvari-ideal bədii gerçəklik yaratmaq üçün ona bəxş olunmuşdu.

O, bu qədər təzadlı olan dünyamızda özünü həm də lirika ilə ifadə edən “Kədər Məcnunu” idi. Odur ki, bütün ömrü də kədəri dərk etmiş bir şəxsiyyətin acılı-şirinli hekayətidir. Özü seçilən olsa da, bütün böyük şəxsiyyətlər kimi onun da qeyri-adi keyfiyyətləri ilə yanaşı, qəribə meyilləri, hətta çatışmazlıqları da vardı. Hələ uşaqlığından gələcək qeyri-adiliyinin qeyri-adi işığını özündə gəzdirən Səttar yəqin ki, elə bu cür də, ömür sürməliydi. Bu səbəbdən də zamanın maneələr dramatizmi də onu sındıra bilmədi. Sənət tarixinə də, yaratdığı ecazkar əsərləri ilə daxil oldu, müasirlərinin də yaddaşında həm də elə başqalarına bənzəmədiyinə, bütün ömrü boyu onu izləyən və zaman-zaman dramatikləşən kədəri sevinclə əvəzləyə bilmək qüdrətinə görə qaldı. Onu görənlərə, təmasda olanlara görkəmini xatırlatmağa ehtiyac yoxdur. Elə görməyənlər də bizə yadigar qalan çoxsaylı fotoşəkillərdən onun çox qəribə olduğunu görə biləcəklər. Əgər rəssamın sözlə portretini çəkmək kimi bir çətin işə qol qoysaq, onda deməliyik ki, onun çox sadə görkəmi vardı. Nimdaş geyimdən “boylanan” bu sadəlik zəmanəsinə görə o dərəcədə qabarıq idi ki, bəzən ona onu tanımayanların münasibəti də ağlasığmaz dərəcədə təzadlı və gözlənilməz olurdu. O, bundan çox vaxt inciməzdi də... Az qala bu dünyanın adamı olmadığını hər addımda hamıya sübut etdirən Səttar yəqin yəqin ki, elə bu cür də olmalıydı.

Moskvalı sənətşünas Qriqori Anisimovun təbirincə desək, Səttarın bu dünyaya sığışmadığını söyləməyə tam əsası vardı. Fiziki mənada bizimlə - hamı ilə olsa da, əsl dünyası emalatxanası, bir də ünsiyyətdə və əhatəsində olduğu çox sadə adamlar idi. Adi kənd adamına ən qiymətli əsərini qızırqanmayan rəssam, onu xoşu gəlməyən ən yüksək vəzifəliyə belə verməzdi. Bu gün rəssamlarımızdan biri çox baha qiymətə alınmış əsərlərinin Roma Papasının, Monika Beluççinin kolleksiyasında saxlanılmasını özünə böyük fəxr sayırsa, o vaxt Səttar təmənnasız verdiyi əsərini Azərbaycanın ucqar bir dağ kəndində, sadə bir insanın evində asılmasından qürur duyurdu. Onun el məhəbbəti qazanmasında bu amilin də mühüm rol oynadığı danılmazdır. Səttarın el içində hələ sağlığında “Aramızda gəzən dahi” deyə çağırılması da artıq hökuməti onu ən yüksək formada dəyərləndirməsindən də çox yüksəkdə dururdu.

Səttar əgər özünə həmdəm saydığı təbiət motivlərilə onların öz “dilində” danışmağı bacarırdısa, bu onun həm də xalqına, Vətəninə bağlılığından irəli gəlirdi. Yalnız vətənin, xalqının dərdini və sevincini bilən, ona acıyan, bundan fərəhlənən kəs ona qəlbində bu cür təsirli və çoxmənalı qürur heykəli ucaltmağı bacardı.

Onun sehrkar fırçası, bu cür təsirli, çoxmənalı, ecazkar və solmaz boyaları doğma Azərbaycan təbiətini sözün əsl mənasında bizim üçün yenidən kəşf etdi. Səttar fırçası bizə Vətən torpağını Vətəndə yaşaya-yaşaya təzədən tanıtdırdı desək, yanılmarıq.

Səttar sözü üzə deməkdən çəkinməzdi, qarşısındakı adamın kimliyindən asılı olmayaraq. Bunun da “əvəzini” ona dolayısı çatdırırdılar. Daha çox gücləri ona veriləcək qonorarı azaltmağa çatırdı. Təsəvvür edin, əgər səviyyəcə ona az-çox bərabər, hətta aşağı olan rəssamların əsərinə 10-15 min rubl verirdilərsə, 1961-ci ildə ona onda da, indi də Azərbaycan rəngkarlığının şah əsərlərindən biri sayıla biləcək “Xəzər gözəli” əsərinə cəmisi 600 rubl qiymət qoyub almışdılar. Bu əsəri tablonun artıq alındığından bixəbər olan qazaxıstanlılar Moskvada sərgidə görüb, onu almaq üçün Bakıya uçaraq rəssama bu işin təkrarı üçün 25 min rubl verməyə hazır olduqlarını bildirmişdilər! Amma təbii ki, Səttara belə yollarla təsir etmək çətindi. O, pul qazanmaqdan çox uzaq olub, alnına yazılan missiyasını həyata keçirməklə məşğul idi. Dilində Füzulinin qəzəlləri olan rəssamın missiyası isə başqalarına xoşbəxtlik, sevinc bəxş etmək idi və o, bunu yaxşı duyduğundan şərəflə də yerinə yetirdi. Yaşadığı zamandan asılı olaraq doğma yurdu Azərbaycan sağlığında onu sona qədər tanıda bilməsə də, onun özü Azərbaycanı tanıtdı.

Şəxsi maşını-zadı yoxdu. İstəsəydi ala da bilərdi, amma elektrik qatarını onu Əmircandan şəhərə aparıb-gətirən ən gözəl minik sayırdı. O, həyatdan, təbiətdən götürdüyü sadəliyə və təbiliyə sanki haram qatmaq istəmirdi. Görkəmli filoloq Kamil Vəli Nərimanoğlunun təbirincə desək, “Səttar bu günahlı dünyanın günahsız uşağıydı. O, günaha batmadı”. Bu fikrə əlavə edib deyirik ki, sadəcə Səttarın buna heç vaxtı da, yoxuydu. Onun bu əvəzsiz keyfiyyətini müasirləri də bilirdilər. Əlindən heç nə gəlməyən də, böyük ixtiyar sahibi olan da... Onu Azərbaycanın hər yerində sevirdilər. Çünki adamlarla ünsiyyəti sadə və oyunsuz idi.

Böyük rəssamlar insanlara sevinc və gözəlliyi duymanı bəxş edən gül-çiçəyə bənzəyirlər. Odur ki, onların nəyisə “qazanmaq” iddiası yox, acılı-şirinli taleləri olur.

Bəziləri ən gözəl əsərini lap cavanlığında, çoxları isə orta yaş dövründə, bir qismi də qocalığında yaradır. Səttar o az sənətkarlardandır ki, yaradıcılıqda həmişə cavan və təravətli, amma müdrik qaldı. Odur ki, yaratdıqları hər hansı dəyərləndirmə çərçivəsinə də sığışmır. Belə olan halda rəssam adına iddialı olan hər kəs başının üstündə həmişə Səttar Bəhlulzadə kimi bir sənət dühasının olduğunu unutmamalıdır...

Tanrı ona nəyisə qızırqansa da, ondan inam və arzulamaq istedadını əsirgəməmişdi. Elə bu kifayət idi ki, sadə və qəribə çöhrəli əmircanlı balasını, Azərbaycan oğlunu dahi zirvəsinə yüksəltsin, onu rənglərin sehrkarına çevirsin. Səttar bir qərinəlik yaradıcılığının lap əvvəlindən donmuş sayılan sənət zirvəsinə yönəli istedadların, ehtirasların və zövqlərin yürüşünə qoşuldu. Sonda da, elə bir zirvəni fəth etdi ki, çoxları hələ də bu ucalıqdan səslənənin kölgəsində itməyə məhkumdurlar. Bütün varlığı, qeyri-adi duyğular aləmi olan bu çəkdikləri də, görünənləri zahiri görkəmdən daha çox daxilinin-mahiyyətinin ifadəsi olan Səttar dühasının sonda nur heykəlinə dönməsi də, məntiqi sonluq idi.

Ana təbiət yorğanına büküb Səttarı bağrına basanda da, onun qoyub getdiyi “bədii iz”dən heç bir nigaranlığı yoxdu. Bir çoxları kimi heç vaxt Fəxri Xiyabanın həsrətini çəkməyən rəssamın ruhən sevimli anasına, ünsiyyətə üstünlük verdiyi sadə adamlara qovuşmaq istəyinin əleyhinə getməyə də, heç kəs cürət etmədi, bunu ona qıymadılar. Səttar belə Səttar idi. Bu haqqı o, sağlığında qazanmışdı. Rəngləri sanki nağıllar dünyasından baş alıb gələn Səttar yaratdıqları ilə ona qədər adi sayılan mənzərə janrını poetika, lirika və romantika, ən başlıcası isə fəlsəfə ilə zənginləşdirdi. Bu sənətə əsl xidmətin nəticəsi idi.

Odur ki, bundan sonra biz bildik-bilmədik, Azərbaycana - onun bənzərsiz bir guşəsi olan qədim Əmircan kəndinə dünyanın hər yerindən ömründə onun adını eşitməyən adamlar üz tutacaqlar, Səttar sənətinin ziyarətinə, onun ruhunun iksiri olan ecazkar rənglər dünyasını görməyə, zövq almağa və dəyərləndirməyə tələsəcəklər.

 

 

Ziyadxan Əliyev,

əməkdar incəsənət xadimi

 

Mədəniyyət.- 2009.- 18 dekabr.- S. 8.