Söz mülkünün xaqanı

 

Elmi seminar Xaqani irsinə yeni baxış formalaşdırdı

 

Ədəbi irsi 17 min beytlik divandan, 60 məktubdan ibarət bədii nəsrdən, «Şiniyyə» və «Mədain xərabələri» qəsidələri, "Həbsiyyə" və "Töhfətül-İraqeyn" poemalarından ibarət zəngin yaradıcılığa malik XII əsrin görkəmli Azərbaycan şairi Əfzələddin Xaqaninin vəfatının 810 illiyyi ilə əlaqədar M.F.Axundov adına Milli Kitabxanada ədibin yaradıcılığına həsr olunmuş milli seminar keçirilib. “Bakı-İslam mədəniyyətinin paytaxtı” çərçivəsində keçirilmiş yığıncaq İSESKO-Regional Mərkəzi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə akademik Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvü Teymur Kərimli, filologiya elmləri doktorları Tərlan Quliyev, İmamverdi Həmidov, Nüşabə Araslı və başqaları Xaqanı yaradıcılığına həsr olunmuş məruzələrlə çıxış ediblər. Məruzələrdə şairin yaradıcılığı ədəbi-tarixi olunub, ona həsr edilmiş tədqiqat işlərindən bəhs edilib. Elmi seminar AMEA-nın Ədəbiyyat İnstitunun direktoru, akademik Bəkir Nəbiyevin sədrliyi ilə keçirilib.

 

Seminarda giriş sözü ilə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında ilk əvvəl seminar iştirakçılarına mədəniyyət və turizm nazirinin salamlarını çatdırdı. Nazir müavini çıxışını davam etdirərək bildirdi: “İSESKO və İslam Konfransı Təşkilatının himayədarlığı ilə Bakı 2009-cu il üçün İslam ölkələrinin mədəni paytaxtı elan edilmişdir. Bu çərçivədə onlarla tədbir keçirilmişdir. Bunlardan ən böyüyü isə oktyabrda Bakıda baş tutan İslam ölkələrinin Nazirlər Şurasının Konfransı olmuşdur ki, 42 nazir və nazir müavinin, 20 beynəlxalq təşkilat rəhbərinin iştirak etdiyi bu tədbir Azərbaycanın mədəni həyatında uzun müddət unudulmayacaq hadisəyə çevrilmişdir. O cümlədən İslam Konfransı Təşkilatına daxil olan bir çox dövlətlərin mədəniyyət günlərinin paytaxtımızda keçirilməsi ilin hadisələridir. Bu gün keçirilən silsilə tədbirlərin sırasına İSESKO-nun yaxından iştirakı, Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən Xaqanı yaradıcılığına həsr edilmiş milli seminar da daxil olur. Hesab edirəm ki, Xaqani yaradıcılığı öz nəhəngliyi ilə buna layiqdir. Bu gün ediləcək məruzələr, aparılacaq diskussiyalar Xaqani yaradıcılığını elmi yanaşma baxımından bir daha diqqətə gətirəcək”.

Akademik Bəkir NəbiyevPoetik istedadla həyat həqiqətinin nadir vəhdətiadlı məruzəsində Xaqaninin həyat fəlsəfəsidən, yaradıcılığından, poetik istedadının müxtəlif imkanlarından geniş və hərtərəfli danışdı.

“Xaqani təkcə Azərbaycanın deyil, həm də Yaxın Şərq ədəbiyyatının ən görkəmli simalarındandır. Tədqiqatçılar haqlı olaraq onu fəlsəfi qəsidənin banisi hesab edirlər. Xaqani ərəb, fars, türk dillərini mükəmməl bilməklə, həm də bu dillərdə şeirlər yazmışdır. Lakin o dövr əksər Azərbaycan şairlərinin üzləşdikləri səbəblər baxımından Xaqaninin də dilimizdəki yaradıcılığı bizə gəlib çatmamışdır. Lakin onun yaradıcılığında Azərbaycan ruhu, türk ahəngi kifayət qədərdir. O, öz türk ailəsini qürurla vəsf edir. Təkcə farsca yazdığı əsərləri bəs edir ki, Xaqaninin nə qədər böyük mütəfəkkir olduğu üzə çıxsın. Ziyalı tədqiqatçımız F. Köçərli öz oçerkində yazır ki, Xaqaninin əsərlərini oxuyan farslar iqrari-etiraz edərək deyirdilər ki, onun yaradıcılığından türk ətri gəlir. Professor Qafar Kəndli isə qeyd edirdi ki, Xaqani 12-ci əsrdə Azərbaycan bayrağını Şərqdə dalğalandırmış şair idi. Onun humanizm ideyaları poetik istedadla çulğalaşaraq həyat həqiqətlərini yaradıcı sferada canlandırmışdır. Şair Mənuçöhrün xüsusi fərmanı ilə dövrünün ədəbi-ictimai mühitinin ən ali məqamı sayılan -“Xaqani” adına layiq görülmüşdür. Tədqiqatçı H.Araslı özünün “X.Şirvani” əsərinə epiqraf kimi məhz onun “Azadlıqdan gözəl heç bir nemət yoxdur” kəlamını seçmişdir. Xaqani bu fikrə yalnız özündən əvvəlki müdriklərdən əxz edərək gəlməmişdir, onun həyat səhifələri də bu qənaəti doğurmuşdur. Onun “Həbsiyyə”si insanın azadlıq yanğısına dair ən mükəmməl əsərdir. Burada zindan həyatı təsirli poetik ifadələrlə qələmə alınmışdır. Onun cəsarətli istedadı, həqiqətsevərliyi, ibrətamiz yaradıcılığı tezliklə sarayı tərk etməsini şərtləndirmişdir. Teymur Kərimli haqlı olaraq qeyd edir ki, Xaqani yaradıcılığı Azərbaycan ədəbi məktəblər silsiləsinin iki möhtəşəm zirvəsidir. Onun poeziyası zəmanəsinin lirik-fəlsəfi şeirinin mahiyyətinə varmaqla yanaşı, həm də Nizami dünyasının epik qanunlarına keçiddir. Xaqaninin dərin poetik qənaətləri, orijinal təşbehləri özündən sonrakı şairlər üçün mənbə olmuşdur. Hətta Nizami kimi dahi şair də onun yaradıcılığına biganə qala bilməmişdir. Xaqaninin yaradıcılığını poetik ensiklopediya adlandırmaq mümkündür. Buna onun “Töhfətül-İraqeyn” əsəri gözəl misaldır”.

Akademikin geniş məzmunlu çıxışından sonra İSESKO-nun Tehran ofisinin rəhbəri Hassan Firdovsi çıxış edərək təmsil etdiyi qurumun bu tədbirdə təşkilatçı olmasından qürur duyduğunu bildirərək Xaqani yaradıcılığını Şərqə belə sığmayan poeziya adlandırdı.

“O, Şirvanda doğulsa da, əsərləri bizə daha geniş coğrafiyanı, böyük ideyaları göstərir. Xaqanini çoxları təqlid etmək istəsə də, bu ideyalar onun öz adı ilə bəşər mədəniyyətinə daxil olub“.

“Bahar Şirvani Xaqani Şirvaninin davamçısı kimi” məruzə ilə isə filologiya elmləri namizədi R.Aydəmirova çıxış etdi.

“12-ci əsrdə Yaxın və Orta Şərqdə əsərlərindəki bədii təravət və dərin ideya-estetik cəhətdən, dahi Nizami istisna olmaqla, Xaqaniyə bərabər ikinci bir şair olmamışdır. Onun səfərləri nəticəsində Azərbaycan ədəbiyyatına gözəl töhfə olan “Mədain xərabələri” və “Töhfətül-İraqeyn” adlı məsnəvisi meydana gəlmişdir. “Töhfətül-İraqeyn” xüsusi bir cəhətinə görə Yaxın Şərq ədəbiyyatında orijinal mövqe tutur: bu əsər epik şeir tarixində öz zəmanəsinə, mövcud üsul-idarəyə , haqsızlığa qarşı etiraz və üsyanın parlaq bədii ifadəsidir. Azərbaycan ədəbiyyatı tarixində Xaqani ənənələrini davam etdirən bir sıra şairlər yetişmişdir. Onların arasında 19-cu əsrdə yaşamış ustad sənətkarlarımızdan biri sayılan Mirzə Nəsrullah Bahar Şirvani də vardır. Şairin həmvətəni olan Bahar onun bir sıra qəzəl və qəsidələrinə, həmçinin məşhur “Töhfətül-İraqeyn” mənzuməsinə nəzirələr yazmışdır. Baharın bu toplusu H. Məmmədzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Farsca tərtib etdiyi “Divan”da “Töhfətül-Əhibba” məsnəvisinin adı isə mənbədə olduğu kimi , “Məsnəvi be tərige Töhfətül-İraqeyn” kimi göstərildiyi üçün bir çox ədəbiyyatşünaslar onu, adətən belə adlandırmışlar. Əslində isə əsər “Töhfətül-Əhibba” (”Dostlara hədiyyə”) adını daşıyır. Baharın məsnəvisi həcmcə daha kiçik olsa da, şair burada ilahiyyata və fəlsəfi motivlərə geniş yer verib. Bütövlükdə götürdükdə isə, hər iki şairin əsərlərində insan təbiətin uca varlığı kimi bütöv götürülür, əyilmək, ucalıqdan kənar çıxmaq-insanlığa xəyanət etmək deməkdir. Qədim yunan, hind fəlsəfəsi, zəngin türk adət-ənənələri, xalqın ənənəvi tərbiyə üsulu, İslam dininin proqressiv cəhətdən onların yaradıcılığında insana və insanlara fəlsəfi-bədii münasibət sistemi yaratmışdır. X.Şirvani və B.Şirvaninin poeziyasına nəzər salarkən hər iki sənətkarın poeziyasında mövzu baxımından çox yaxınlıq olduğunu görürük. Bütün bunlar bir daha onu göstərir ki, intibah dövrünün böyük şəxsiyyəti olan X.Şirvaninin irsi daima onun yolu ilə gedən şairlər tərəfindən öyrənilib, öyrəniləcək”.

AMEA-nın müxbir üzvü Teymur Kərimli “Ə.Xaqaninin humanizmiadlı məruzəsində şairin fəlsəfi ideologiyasına aydınlıq gətirdi.

“Azərbaycan ədəbiyyatında dahi şair, filosof-sənətkar kimi tanınan Xaqani yaradıcılığının da aparıcı motivlərindən birini məhz ictimai ədalət uğrunda mübarizə, humanist ideyaların təbliği təşkil etməkdədir. Bu isə bütövlükdə orta əsrlər Azərbaycan ədəbi məktəbinin əsas xüsusiyyətlərindən biri kimi nəzəri cəlb edir. Bu baxımdan Xaqaninin “Töhfətül-İraqeyn” poeması zəngin bədii-fəlsəfi material verir. Xaqani şeiri yüksək sənətkarlıqla yanaşı, həm də dərin sosial-fəlsəfi məzmuna malikdir. Şair bir çox əsərlərində ictimai ədalətsizliyə, sosial şərə qarşı çıxmış, dağıdıcı müharibələri tənqid etmiş, məzlumların müdafiəsinə qalxaraq, Tanrının insani xoşbəxtlik üçün bu dünyaya gətirdiyi fikrinin qızğın tərəfdarı olmuşdur.

Orta əsr sənətkarlarının əksəriyyəti kimi Xaqaninin də humanizmi dual müstəvidə özünü büruzə verir; yəni filosof-şair dünyanı bir-biri ilə barışmayan iki qütbə bölür. Bunlardan biri şairin özünün də daxil olduğu kamil insanlar, ariflər, ikincisi isə cahillər, nadanlar, bir sözlə humanist keyfiyyətlərdən məhrum olan insan formalı canlılardır. Xaqani “dünya” və “insan” deyərkən məhz ikinci zümrəni nəzərdə tutur və bəzən adama elə gəlir ki, şairin təqdimində bu ikinci qrup birincini xeyli üstələyir. Bəzən isə paritet yaratmaq üçün şair başqa pozitiv qüvvələrin köməyinə müraciət edir ki, onlardan biri antropomorf cizgilər aşılanmış Günəş obrazıdır. Günəş həm də ucalıq simvolu kimi alçaqlıq simvolu olan Dünyaya qarşı qoyulur. Xaqaninin təbliğ etdiyi humanist ideyalar sonrakı əsrlərdə azərbaycanlı sənətkarlar tərəfindən davam və inkişaf etdirilmiş, xüsusən Nəsimi yaradıcılığında kamil və cahil insan qarşıdurması yeni yüksək bədii səviyyədə təqdim edilmişdir.

Xaqani öz sosial fəlsəfəsinin şərhində islami dəyərlərə söykənmiş və onların qızğın müdafiəçisi kimi çıxış etmişdir. Bununla yanaşı, ümumən orta əsr Azərbaycan ədəbiyyatına xas olan tolerantlıq və dözümlülük də Xaqani humanizminin ayrılmaz əlamətlərindən biri kimi xüsusi əhəmiyyət kəsb edir”.

Filologiya elmləri doktoru Tərlan Quliyev “Əfzələddin Xaqaninin əsərlərinin vəzni” məruzəsində XII əsr poeziyasının nəzəri məsələlərinə toxundu.

“Azərbaycan şairləri zaman-zaman Şərqin 3 böyük dilində-ərəb, fars və türk dillərində yazmışlar. Xüsusilə fars dilində yazan şairlərimiz fars poeziyasını ideya, məzmun baxımından zənginləşdirməklə bərabər, poetik yöndə də inkişaf etdirmiş, onun sənətkarlıq baxımından da şöhrət tapmasında mühüm xidmətlər göstərmişlər”.

Elmi seminarda filologiya elmləri doktoru İmamverdi Həmidovun “Xaqaninin ərəb ədəbiyyatşünaslığında öyrənilməsi”, filologiya elmləri namizədi Leyla Əliyevanın “Xaqani ingilisdilli tədqiqatlarda” məruzələri də dinlənildi. Məruzələrdən sonra çıxışlar ətrafında müzakirələr aparıldı.

 

 

Sabutay

 

Mədəniyyət.- 2009.- 18 dekabr.- S. 5.