Azərbaycan Dövlət
Teatr Muzeyinin 75 illik yubileyi qeyd olunub
Dekabrın 16-da Muzey Mərkəzində
C. Cabbarlı adına
Azərbaycan Dövlət
Teatr Muzeyinin 75 illik yubileyi qeyd olunub. Tədbirdə
çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Teatr Muzeyinin tarixinə nəzər salıb: “Cəfər
Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılıb. Şərqdə və Cənubi Qafqazda öz profilinə görə yeganə olan bu muzeyin
yaradılmasında Bakı
Teatr Texnikumunun direktor müavini, Bakı Türk İşçi Teatrının
əməkdaşı, teatr
xadimi Ağakərim Şərifovun böyük
xidmətləri
olub. O, 1920-ci ildən
başlayaraq teatr tarixinə dair materialları toplamağa başlayıb, 1926-cı ildə
Teatr Texnikumunun məzunları ilə Moskvada olarkən oradakı Teatr Muzeyinin direktoru Baxruşinlə görüşüb,
ondan bu sahədə bir sıra məsləhətlər
alıb. Bakıda Teatr Muzeyi yaratmaqla
bağlı göstərdiyi
təşəbbüsdə Azərbaycanın görkəmli
ziyalıları və
teatr korifeyləri ona böyük dəstək olublar. Bu xüsusda Əziz Şərifin, Cəfər Cabbarlının,
Əzim Əzimzadənin,
Sidqi Ruhullanın və başqalarının
adlarını qürurla
çəkmək olar.
Beləliklə, 1927-ci ilin noyabrında
keçmiş Tağıyev
teatrının binasında
yerləşən dram
teatrının foyesində
muzeyin Sidqi Ruhullanın şəxsi arxivindən ibarət ilk sərgisi açılır. 1928-ci ildən
1934-cü ilə qədər
teatr şöbəsi
kimi fəaliyyət göstərən muzey
1934-cü ildə dövlət muzeyi statusu alır və noyabrın 25-də Azərbaycan Dövlət Teatr Muzeyinin açılışı olur.
1935-ci ildə muzeyə
Cəfər Cabbarlının
adı verilir. O vaxtlar Sovet
totalitarizm rejimi çərçivəsində formalaşan teatr incəsənəti böyük
təzyiqlər və
ideoloji təsirlər
altında yaşayırdı.
Artıq o dövrdə teatrın çox böyük bir tarixi var
idi və onun saxlanılması, növbəti nəsillərə
təqdim olunması böyük bir vəzifə idi”. Nazir Teatr
Muzeyinin ekspozisiyasının
yenilənməsi və
genişlənməsi ilə
bağlı müvafiq
qərarlar verdiyini bildirib:”Teatr Muzeyinin ekspozisiyasının
yenidən hazırlanması
çox vacib məsələdir. Teatr Muzeyinin ekspozisiya fondu zənginləşdirilməlidir.
Mən bununla bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına göstəriş vermişəm
ki, Teatr Muzeyi ilə birgə bu işi
həyata keçirsinlər.
Çox təəssüflü
haldır ki, bu gün Teatr
Muzeyinin ekspozisiyasında
yenilənmə aparılmır
və yeni tamaşalardan fotolar belə qoyulmayıb.
Şəhər və
region mədəniyyət
idarələri, teatrları
da bu işə
qatılmalı və
hazırlanan tamaşalardan
şəkilləri muzeyə
təqdim etməlidirlər.
Teatrdakı ekspozisiya tək arxivdə saxlanılmalı deyil, eyni zamanda yüksək
səviyyədə nümayiş
etdirilməlidir”. Daha sonra çıxış
edən muzeyin direktoru Nuridə Nurullayeva muzeyin əsas fondunda 135 mindən artıq eksponat toplandığını
qeyd edib. Muzeydə sənətkarlarımızın 700-ə yaxın şəxsi arxivi, müxtəlif tamaşaların proqram və afişaları, əlyazmalar, ayrı-ayrı
tamaşalardan çəkilmiş
foto və neqativlər, xatirə əşyalar, rejissor ekspliksiyaları, rol dəftərləri, geyim eskizləri, maketlər, kostyumlar, rekvizitlər qorunur və nümayiş etdirilir.
“Musiqi dünyası” jurnalının
baş redaktoru, əməkdar incəsənət
xadimi, professor Tariyel Məmmədov muzeyin saytı (www. jabbarli.ste.az) haqqında məlumat verib.
Tədbirdə Mədəniyyət
İşçiləri Müstəqil
Həmkarlar İttifaqı
Respublika Komitəsinin
sədri Cəmilə
Səttarova, Teatr Xadimləri İttifaqının
sədri, xalq artisti Azər Paşa Nemət, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru, Milli Məclisin deputatı,
professor Rafael Hüseynov, Rəssamlar
İttifaqının katibi,
xalq rəssamı Ağəli İbrahimov Azərbaycan Dövlət
Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum
İbrahimov, Dövlət
Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, Bakı Bələdiyyə
Teatrının rəhbəri,
xalq artisti Amaliya Pənahova kollektivi təbrik etmiş, xoş arzularını bildirmişlər.
Yubiley tədbiri
ədəbi-musiqili proqramla
davam etdirilib
Mədəniyyət.- 2009.- 18 dekabr.- S. 3.