Bir həftə Məşhəddə

 

İranın Məşhəd şəhərində keçirilmiş poliqrafiya avadanlıqları sərgisində Azərbaycan Respublikası naşirləri də iştirak ediblər. İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Mədəniyyət İnstitutunun dəvəti ilə İran İslam Respublikasının Məşhəd şəhərində keçirilən çap və qablaşdırma sənəti üzrə I Beynəlxalq sərgidə Azərbaycan Respublikasının nəşriyyat və poliqrafiya müəssisələrinin nümayəndələri də iştirak ediblər. Ötən ay Məşhəd şəhərində keçirilən sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüş və tədbirlərdə iştirak edib. İştirakçılar arasında «Şirvannəşr» kitab nəşriyyatının direktoru, yazıçı-publisist Qəşəm İsabəyli də vardı. Ondan səfər haqqında bir qədər ətraflı məlumat verməyi xahiş etdik.

 

- Bilmirəm yaşmı günahkardı, ya nədənsə son onilliklərdə heç Azərbaycandan çıxmaq həvəsim olmayıb. Amma sən saydığını say deyiblər. Gözləmədiyim halda Mədəniyyət və Turizm Nazirliyindən Aslan müəllim zəng edib, dostumuz Vaqif Bəhmənlinin təşəbbüsüylə və təbii ki, nazirin I müavini Ədalət Vəliyevin razılığıyla mənim İranda keçiriləcək beynəlxalq sərgiyə nümayəndə salındığımı xəbər verdi. Qəlbimdə isti duyğular baş qaldırdı... İnanmıram ki, İranı görmək arzusunda olmayan Azərbaycan vətəndaşı olsun. Elə bu təəssüratla da səfərə hazırlaşmağa başladım. Yola düşməzdən bir neçə gün əvvəl bizi Ədalət müəllim qəbul edəndə ikiqat sevindim. İrana gedənləri elə bil ürəklə seçmişdilər və hamı bir-birinə az qala məhrəm idi.

Kim nə xəyalla gedirdisə, deyə bilmərəm, amma mən zorla çadraya salınmış, yalnız gözləri işıldayan, hüquqsuz İran qadınlarını görməyə gedirdim. İranın hava limanında enib, daxili uçuşlar aeroportuna gələndə... köşklərdə, səyyar ticarətdə, iş başında qara çadralı qadınları görüb... az qala çaşdım. Bunlar mənim təsəvvür etdiyim qadınlar deyildi. Son dərəcə fəal, mütəhərrik, güləş, tanıdı-tanımadı, hər ona yaxınlaşıb, söz soruşana “can” deyən, ruzi qazanan iş adamlarıydı. Bakıda ilk baxışda səninlə belə səmimi danışan qız-qadınlara rast gələ bilməzsən. Elə bil bizimkilərdə, zahirən də olmuş olsa, bir az çəkingənlik var. İran İslam Respublikasının hüquqsuz bildiym qadınlarını isə çadralı görsəm də, çadrada görmədim. Müsəlman aləminin yüz illərlə qadın zinəti səviyyəsinə yüksəlmiş qara bürüncək burda - İranda onlara buxov deyildi, sadəcə dəb təsiri bağışlayırdı; ənlik-kirşanlı açıq sifət, qıvrım birçək, Şərq gözəllərinə xas qara qaşlar, sürməli gözlər... Səfərimizin son günü Tehranda Azərbaycan ailəsində olanda bir daha yəqin etdim ki, şahdan qalma Avropa kişi-qadın birgəyaşayışını İranın dini rejimi aradan qaldıra bilməyib. Necə ki, kitablarda oxuduğumuz məşhur əndərun-birunu - binalarda qadınlar və kişilər üçün müxtəlif yaşayış yerlərini görmədim. Bu, qısa İran təəssüratım.

- Səfərinizin məqsədi nə idi?

-Hər şeydən əvvəl görüb-götürmək. Məşhəd şəhərində keçirilən sərgiyə əsasən İranın müxtəlif şəhərlərindən çap, qablaşdırma avadanlıqlarıyla yanaşı, karton məhsulları da gətirilmişdi. Əlbəttə bu gün İran qapalı, bir qədər də təcrid olunmuş vəziyyətdədi deyə, çap maşınlarının nümayişində əsasən yığcam və az tiraja hesablanmış avadanlıqlardan daha çox istifadə edildiyini yəqin etdik. Bu da təbii ki, çap məhsullarının maya dəyərinin azalmasına hesablanıb. Xırda laminatorlar, kəsim dəzgahları, rəngli çap avadanlıqları şəxsən mənim üçün daha çox maraqlıydı. İştirakçıları qonaq dəvət edən iki mətbəədə də olduq. Bunlardan biri İmam Rza (ə) ziyarətgahının vəsaiti ilə inşa edilib, avadanlıqla təchiz olunmuş təzə mətbəə idi ki, bura əsasən Quran, dini ədəbiyyat nəşrləri üzrə ixtisaslaşıb. Həmin bu mətbəədə bərk qabıqlı kitabların üz qabığının hazırlanmasını müşahidə elədik. Bu texniki tərəqqiydi ki, mən buna baxanda qızlarımızın əl üsulu ilə kartondan cild hazırlaması əziyyətini göz önünə gətirdim. İkinci mətbəə isə özəl idi. Əslində ailə mətbəəsiydi. Burda əsasən qablaşdırma materialları, müəyyən qisim də jurnal-kitab çapı həyata keçirilirdi. Onlar bizə işbirliyi təklif etdilər. Hər hansı sifarişi sürətlə, normal qiymətə çap edib birbaşa Bakıda bizə təhvil vermək şərtini də üstlərinə götürürdülər. Bu mətbəə rəhbərliyi ilə söhbətdə onu da öyrəndik ki, İranda vergiylə müəssisə və təşkilatları boğmaq prinsipi yoxdu. Sadəcə “Vergi borcun var, işlə, bir il ərzində ödə”... Ona görə də nəşriyyatlar texniki vasitələr ala bilir, iş qura bilir.

- Bu texniki vasitələr İran dövlətinin öz istehsalıydımı?

- Xeyr. Çexiya, Almaniya, Yaponiya və s. ölkələrdə istehsal olunmuş avadanlıqlar üstünlük təşkil edirdi. Amma qənddoğrayan avadanlığı dediklərinə görə sahibkarların öz ixtirasıydı.

- Dediyiniz kimi, İran hardasa təcrid vəziyyətində yaşayır, bəs xammalı hardan alır?

- Sərginin sonuncu günü Təbrizdən gələn karton istehsalçılarıyla görüşdük. Bu sualı mən də onlara verdim. Dedilər, biz karton üçün kağız və s. xammalı sizin başınız üstündən - Rusiyadan alırıq. Özü də təklif elədilər ki, əgər Bakıda dayaq məntəqəmiz olsa, pul məsələsində bizi diksindirməsəniz, belə də dedilər, iş qurarıq və hər iki tərəf üçün faydalı olar. Təbrizlilər onu da dedilər ki, az da olsa Naxçıvanla ticarət əlaqələrimiz var. Onlara qablaşdırma materialları satırıq.

- Maraqlıdır, bəs işgüzar səfər çərçivəsində hər hansı təcrübə əldə edə bildinizmi?

- Biz ora təcrübəsiz getməmişdik. Sadəcə görüb-götürmək prinsipi var. İranı gördük, onların mətbəələrinin imkanlarını gördük, insanlarıyla ünsiyyətdə olduq, tanışlıq əldə elədik. Əslində bizim Bakıda bu gün az qala Avropa dəyərləri səviyyəsində çap maşınları və çap ustaları var. Təəssüf ki, bəzi nəşriyyatlarımız bəzən kitabı-jurnalı qoltuğuna vurub Türkiyə deyin bir gedir. Amma bir məqamı da qeyd edim ki, qablaşdırma materialları istehsalı bizdə təəssüf ki, İran səviyyəsində deyil. Bu sahədə hələ ki, onlardan öyrənməyə dəyər.

- Necə bilirsiniz, nəşriyyat-poliqrafiya müəssisələrinə dövlət güzəşti lazımdırmı?

- Bilirsiniz, biz on nəfər naşirin İrana səfəri Mədəniyyət və Turizm Nazirliyinin qonşu ölkənin eyni sahə nazirliyinin rəhbərliyilə işgüzar əlaqələri sayəsində baş tutdu. Özü də bu səfər, necə deyərlər, əlimizi cibimizə salmadan həyata keçdi. Bu, əslində dövləti güzəştdi. Bir də var pul, kredit, vergi güzəşti. Bunsuz bu gün sırf kitab-kitabçılıq üzrə ixtisaslaşan nəşriyyatlar üçün işləmək son dərəcə ağır olur. Bu dərdlərimizi isə biz çox halda lazımi yerlərə çatdıra bilmirik. Açığı demək lazımdı, bu gün Azərbaycan naşirlər dağınıq fəaliyyət göstərir. Onları birləşdirən bir qurum belə yoxdu. Son görüşümüzdə nazir müavini Ədalət müəllim bu barədə danışdı və bunu bizim öhdəmizə buraxdı. Biz naşirlər bizə daha doğma olan Mədəniyyət və Turizm Nazirliyində hansısa bir qurumda hökmən birləşməliyik.

Bu həm bizim fəaliyyətimiz üçün faydalı, həm də dərdlərimizi deməyə əlimiz uzun olar.

- Siz axı özəlsiniz...

- Mən demirəm ki, bizim tematik planlarımızı nazirlik təsdiq eləsin, çap işimizə müdaxilə eləsin, bunu demirəm. Hansısa mədəni tədbirdə, ölkənin çap-kitab işlərində biz belə halda yaxından iştirak edə bilərik. Nazirliyin dəstəyi qarşısında hansısa bir nəşr işini boynumuza da götürə bilərik. İnanıram ki, sabah həm kredit almaq yolumuz yaxınlaşar, həm də dar məqamda sifarişlərimiz olar.

- Qəşəm müəllim, unutmayaq ki, siz İrana - tarixi köklərlə bizə bağlı bir ölkəyə səfər etmişdiniz...

- Bilirsiniz, hər hansı bir ölkəyə hərə bir məqsədlə gedir. Şəxsən mən ordakı bacı-qardaşlarımızı görmək, Şərqi lərzəyə salan, əslən azəri türkü olan Şah İsmayıl Xətainin, Nadir şahın, Şah Abbasın qəbirlərini ziyarət etmək, Firdovsinin, Xaqaninin, Şəhriyarın, Ömər Xəyyamın aramgahlarında olmaq arzusundaydım. Biz Firdovsinin qəbrini ziyarət elədik, həmçinin Nadir şahın qəbri üstdə olduq.

- Daha çox diqqətinizi cəlb edən nə oldu?

- Mən İrana gedənə qədər ordakı qardaşlarımızın məktəb arzusunu o qədər də dərindən hiss eləmirdim. Hətta təyyarədə mübahisə də elədik. Bir dəstəmiz deyirdi, məktəb olmasa da olar. Azərbaycan türkcəsində qəzetlər çap olunur, kitablar çıxır...bəsdi. Amma İranda bir daha yəqin etdik ki, məktəb millətin həyatıdır. Yad dildə əlifba öyrənən bugünkü türk balası, sabah mütləq yad olacaq. Acınacaqlı hal odur ki, Tehranda, Məşhəddə Azərbaycan türkünün ailəsində də əsasən farsca danışılır. Həyat yoldaşı fars olan ailələr isə labüd sabahın türkü olmur...

 

 

Söhbətləşdi: Mehparə

 

Mədəniyyət.- 2009.- 23 dekabr.- S. 12.