“Niyyət”in qələbəsi
“Bakı - İslam
Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin bağlanış mərasimi
çərçivəsində “Niyyət” bədii filminin nümayişi 18 dekabrda “Azərbaycan” kinoteatrında baş tutdu.
“Niyyət” tammetrajlı
bədii filmi kinorejissor Samir Kərimoğlunun kinosevərlərə
təqdim etdiyi sayca 3-cü ekran əsəridir.
Psixoloji dram janrında çəkilən
bu filmin süjet xətti kamil insan anlayışına
mənsub olan faktorları səmimi, ülvi hisslər, təhsil və dinlə əlaqələndirir.
Filmin ümumi
fonu, müxtəlif rakurslu çəkilişləri,
məntiqi dəyərləri
ilə tamaşaçıları
nəfəs çəkmədən
finaladək izləməyə
məcbur etdi.
Kinorejissor Samir Kərimoğlu digər filmləri də psixoloji janrda işlədiyinə görə,
zəngin təxəyyülünü
vizual təhlilə çevirərək, onu düşündürən məsələləri
emosional formada tamaşaçıya çatdırmaq
bacarığını bir
daha göstərdi. Sənədli və bədii təsvirlərin ardınca həmin kadrların psixoloji şərhi düzgün müəyyənləşdirilərək məntiqi mənasını
təsdiqləyirdi. Məsələn,
əsərin qəhrəmanı
Cahangir (Fuad Axundov) dindar insan olan Arifi
(Rövşən Məmmədli)
özünün getdiyi
əyri yola dəvət etdikdə Arif, otağın bir hissəsində Kəbə ziyarətgahının
şəkli asılmış
dar bir yerin
pərdəsini çəkərək
namazını qılmağa
başlayır. Pərdənin
arxa fonunda Cahangir daim üstündə
gəzdirdiyi içki
qabını başına
çəkir, öndə
isə Arif aydın səslə Allaha səcdə edir. Deməli Cahangir cəmiyyətin qaranlıq tərəfinin
təzahürü, səssiz
bəlasıdır. Və
yaxud da Arifin bacısının, qızı ilə söhbəti kadrını
xatırlayaq. Qadın
xoşbəxt halda qızı ilə söhbət edir. Tamaşaçı hərəkətdə
olan kameranın təqibi ilə personajı izləməyə
tam şəkildə macal tapmamış birdən kadrda dəyişiklik yaranır,
üstü güzgülü
şifonerin içindən
qız uşağı
çıxaraq yan otağa qaçır. Bu zaman obrazı
şifonerin güzgüsündən
izlədiyimiz məlum
olur. Hadisələrin
müxtəlif prizmalardan,
dəyişik, maraqlı
təsvirlərlə şərhi
tamaşaçını cəlb
edən amillərdəndir.
Rejissor hadisələri
ciddi təhlil edərək filmin ümumi kompozisiyasının
canlı təfsirinə
nail olmuşdur. Musiqi
materiallarının hadisələrlə
həmahəng səslənməsi,
personajların dəqiq,
aydın mizanlardakı
ifalarının məntiqli
traktovkası, monoloq və dialoqların psixoloji şərhi rejissorun peşəkarlığından
xəbər verir. Kadrlardakı lakonik, lakin əhatəli dialoqlar tamaşaçını
düşündürməyə, insanın həyatdakı əsl mövqeyini dərk etməyə vadar edir. Cahangir
yaraşıqlı, savadlı
bir gənc olsa da, cahilliyi
onu tənha və meşşan həyat sürməyə
alışdırır. Ariflə
görüşdükdən və onun saf,
təmənnasız yaxşılıqlarını
izlədikdən sonra o, təkliyin, yuvasızlığın, həyatdakı
mövqesizliyin əsl
dəhşət olduğunu
anlayır. Kin və əxlaqsızlıqla
zirehlənmiş fırıldaqçı
Cahangirin mənəvi
dünyasını onun
mükəmməl təhsili,
ailəsi yox, məhz Arifin paklığı, saf niyyəti, məsum görünüşü təmizləyir.
Deməli, anlaşılmaz,
çətin xarakterli
insanların da zəif bir nöqtəsi
var. Allaha, ulu yaradana olan
məhəbbət və
yaxud qorxu hissi. Dinə qayıdış, ağ libas filmdə mənəvi paklıq, saflıq rəmzi kimi verilmişdir.
Filmin finalında Arif Məkkə ziyarətinə gedərkən
təyyarədə vəfat
edir. Lakin o, özündən sonra belə bir insanın tövbə etməsinə
səbəb olur.
Filmdə
dinə,
adət-ənənələrə,
böyüklərə
və
uşaqlara, ümumiyyətlə, insanlara qarşı böyük bir ehtiram hiss olunur.
Filmin ekran həllində ssenarinin mühüm rolu var. Lakin rejissor ideyalarının ekran təzahürü, ümumi
kompozisiyanın vizual vəhdəti bəyaz çərçivədəki hadisələrdə tamaşaçının
özünü görməsi
deməkdir. Bu mənada
rejissor yüksək səviyyəli kinematoqrafik
tamaşa yaratmışdır.
Həyəcanla izlənən
kadrların sirayətedici
təəssüratına əsasən
deyə bilərəm
ki, “Niyyət” bədii filmi sıravilikdən çox-çox
uzaqda dayanaraq bədii və texniki cəhətdən koloritli ekran əsəri kimi rejissor kredosunu bir daha təsdiqləmiş
oldu.
Bir-iki personajla
çəkilmiş bu
ekran əsərində
diqqəti cəlb edən nüanslardan biri də aktyor
ansamblının gənc
və yeni olması idi. Rejissor onların fərdi istedadlarını
ön plana çəkərək, təbii,
sərbəst mizanlara
üstünlük vermişdir.
Aktyorların simasında
kamera hərisliyi və poetiklik qətiyyən hiss olunmurdu.
Peşəkar kollektivin
fərdi istedadları
yalnız hadisələrin
mahiyyətinin açılmasına
yönəlmişdi. Buna da
nail olunmuşdu. Belə
ki, hadisələrin gərgin, əhəmiyyətli
ardıcıllığı, məntiqli mənası aktyor ifasını kölgədə saxlayırdı.
Vizual hadisələr tamaşaçıya reallıq
qədər yaxın idi. Məsələn, axşamlar yas mərasimlərində qarınlarını
doyduran təsadüfi
dostlar özləri də bilmədən Cahangirin atasının yas məclisinə gedirlər. Xarakterik simalarla (çadırdakı
insanlar) işlənən
dinamik kadrlardan məlum olur ki, filmin kulminasiya
nöqtəsi məhz
burasıdır. Çünki
film boyu hadisələri
anlaşılmaz hərəkətlərlə
idarə edən qəhrəmanın kimliyi
məhz, bir kadrda, lakonik ifada, dinamik hərəkətdə, panoramlı
çəkilişlə və
musiqinin təsvirlə
uzlaşması ilə
paralel təqdim olunur. Məncə, bu kadrlara istinadən
tamaşaçı da
qeyri-ixtiyari olaraq öz-özünə “sən
kimsən?” sualını
verəcək.
Filmdə göstərilən
biganəlik, xəyanət,
qumarbazlıq, dünya
malına hərislik və yaxud da
dinə qayıdış,
möminlik motivləri
ayrı-ayrılıqda böyük
bir mövzudur. Lakin bir film daxilində səciyyələndirilən
müxtəlif keyfiyyətlərə
rejissor tamaşaçını
bezdirmədən aydınlıq
gətirir. Ümumilikdə
bir şəxsdə (Arif) cəmlənən müsbət cəhətlərin
qalibiyyəti bütövlükdə
İslam dininin, xeyrin qələbəsi kimi göstərilir. “Niyyət” filminə sürəkli alqışlar
qazandıran rejissor yaradıcılığı haqqında
çox söz demək mümkündür.
Ürəkdən arzulayırıq
ki, onu yeni
nailiyyətlərə ruhlandıran
bu alqışların
sədası ölkəmizdən
uzaqlarda eşidilsin.
Şəhla Bürcəliyeva,
Kinoşünas
Mədəniyyət.- 2009.- 23 dekabr.- S. 10.