Şöhrət ondan qaçaq idi...

 

      Bir payız günüydü. Bığ yeri təzəcə tərləmiş ortaboylu, qarayanız oğlan dərsə tələsirdi. Beşmərtəbə həndəvərində bir kişi ona yaxınlaşdı. Həyatında ilk dəfə gördüyü saçı çallamış, dolu, cüssəli kişinin «bala, texnikuma gedirsən» sualı oğlanı yolundan saxladı. O düz tapmışdı. Səkkizilliyi yayda bitirmiş bu yeniyetmə Asəf Zeynallı adına Musiqi Texnikumunun birinci kurs tələbəsiydi. Hələ sənət yollarında ilk addımlarını atırdı. Qarşısında dayanmış altmış yaşlı bu kişisə həyatın çox dolanbaclarından keçmiş, uğur və şöhrət, qibtə və nifrət görmüş birisiydi. Artıq onu sənət aləmində heç nəylə təəccübləndirmək mümkün deyildi.   

   Kişi ilk dəfə gördüyü oğlanın bayaqdan əlində bərk-bərk tutduğu tardan gözünü çəkmədən ikinci sualını verdi: «Məni tanıyırsan?». Oğlan utandığından dilini sürüyə-sürüyə bircə kəlmə «yox» deyə bildi. «Xanəndə Mütəllim Mütəllimovam»-söylədi kişi. Amma bu təqdimat da qarayanız oğlanın yadına heç nəyi salmadı. Xanəndə atüstü tanışlıq və söhbəti yekunlaşdırdı: «Dərslərini yaxşı oxu... İndisə get, oğlum, gecikərsən». Əslindəsə o qəfil tanışından ayrılmaq istəmirdi. Onu yolundan saxlayan oğlanın əlindəki tarıydı. Qarabağdan başlayan sənət yollarında, yeri gələndə bir orkestri əvəzləyən, daim yanğısıyla onu oxutduran, yol yoldaşı saydığı tar. Oğlan gözdən itənəcən arxasınca baxdı. Doluxsunmuşdu. Təkrarsız səsinin, ifasının, min bir qatlı istedadının müqabilində altmış yaşını təltifsiz-filansız qarşılayan, çox haqsızlıqlar görmüş xanəndənin sənətdən küsüb getmək istədiyi vaxtda səhər o başdan tarla görüş onu təsirləndirmişdi. Xanəndə sanki hamının görəcəyindən ehtiyatlanıb, ehmalca qəhərlənmiş gözlərini sildi və sakitcə yola düzəldi.

   Bu Möhlət Müslümovun Mütəllim kişiylə ilk tanışlığıydı. O, xanəndənin böyük sənətindən xəbərsiz olduğundan görüşün əhəmiyyətini anlamamışdı. Yalnız dərsdən evə dönərkən səhər başına gələnləri danışanda atasının «sən heç bilirsən, kimlə tanış olmusan» sözlərindən sonra sanki ayılmışdı. İndi Azərbaycanın tanınan tarzənlərindən sayılan Möhlət Müslümov qırx il əvvəlki görüşü təəssüflə xatırlayır. Sonralar nə səbəbdənsə geniş ünsiyyət qura və ətraflı tanış ola bilmədiyi xanəndəylə o vədə doyunca danışmamaq acısıdı onu yandıran:

   Mütəllim Mütəllimov Bakının Maştağa qəsəbəsindəki Seyidlər qəbiristanlığında uyuyur. Öz vəsiyyətinə görə. Onun son aqibəti bəzilərini çaş-baş salır. Gözlərimin və qulaqlarımın şahidiyəm. Maştağada bununla bağlı mübahisə edənləri güclə inandıra bilmişəm ki, Mütəllim kişi sizin kənddən deyildi. «Bəs haralıydı» sualının cavabında o əsl azərbaycanlıydı deməyim öcəşənləri sakitləşdirirdi. Nədən ki, bütün muğamsevərlərin onu özününkü, həmyerlisi bilməsinin səbəbi məhz budu. Əlavə izah və şərhə, nəsə axtarmağa ehtiyac qalmır. Hərçənd doğulduğu yer, kökü-köməci bəllidi Mütəllimin. Yüz il əvvəl Ağcabədidə Kərbəlayi Ələkbərin ailəsində dünyaya gəlmişdi. İldən savayı doğum tarixinə şahidlik edən dəqiq aygün yoxdu. Bir o məlumdu ki, payızda təvəllüd tapıb. Bu barədə soruşanlara «əzgil dəyəndə doğulmuşam» söyləyərdi. Dünyadan köçünü sürəndəsə 1980-ci ilin ortasıydı. Yayın nəfəsi təzə-təzə duyulurdu. Yetmiş bir yaşını bitirməyə macal tapmayan sənətkar canını götürüb gedirdi. Mənə elə gəlir, içi özü qarışıq buna sevinənlər çoxuydu. Ta heç kimin yerini dar eləməyəcəkdi. Özününsə «gör-gövdən efirə yaraşmır» deyib onu televiziya ekranına buraxmayanlardan, «iranlı» damğası üzündən fəxri ad almamaq umu-küsüsündən canı qurtaracaqdı. Qocalığın gəlişini heç bir mükafatsız və danışılanlara görə, vur-tut iyirmi yeddi manat təqaüdlə qarşılayan xanəndə sarsılmışdı. O belə sonluğa layiq deyildigüman ki, gözləmirdi də. Çox da sənəti onu xalq məhəbbəti və bir parça çörək sarıdan heç zaman darda qoymamışdı. Amma on illər boyu səsi və yüksək peşəkarlığıyla xalqa, dövlətə xidmətinin qarşılığını tam almamışdı. Nə qədər mübahisə doğursa belə, azacıq vicdanı və insafı olanlar, yəqin, mənimlə razılaşarlar. Açığı, ölməz ifasının vurğunu kimi onun «Qarabağ xanəndələri» albomuna və «Muğam» ensiklopediyasına daxil edilməsindən xəbər tutanda xeyli sevinmişdim. Demək, Mütəllim ifasıyla muğam dünyasını zənginləşdirmişdi. Unudulmadığının və zaman-zaman yaşayacağının təsdiqi bir daha ortaya çıxmışdı. Bir yana baxanda xanəndənin arxasız-dayaqsız öz «gücünə» yerini, qiymətini alması adamı nə qədər sevindirirsə, o biri yandan bəzi məsələlərə təəccüblənirsən. Doğrudanmı, belə böyük layihələrdə diqqətdən kənarda qalmayan sənətkarın radio-televiziyada yada salınmasına, xatirə və yubiley gecələrinin keçirilməsinə, adının əbədiləşdirilməsinə əngəl olası ciddi səbəblər var. Yalanı yoxdu, həmişə bu barədə düşünəndə mənə elə gəlir ki, lazımi addımların atılmasına səbəb rəsmi, bürokratik əngəllərdən daha çox, qeyrət məsələsidi. Belə olmasıydı, hələ iyirmi beş il əvvəl xalq musiqisinin yorulmaz tədqiqatçısı, mədəniyyətimizin cəfakeşi Firudin Şuşinski Azərbaycan Televiziyasında müəllifi və aparıcısı olduğu «İfaçılıq sənəti» verilişini Mütəllim Mütəllimovun ifasında «Mirzə Hüseyn segahı»yla başlamazdı. Onda hələ ölkəmiz müstəqil deyildi. Firudin Şuşinski heç nəyə məhəl qoymadan dünyasını dəyişmiş Mütəllimin səsini əsirlikdən, unudulmaqdan qurtarmışdı.

   Xanəndə Mütəllimlə bağlı həmsöhbətimlərin sırası genişdi. Oğlu Qəhrəman, qızı Dilguşə, nəvəsi, adını yaşadan Mütəllim, xalq artisti Canəli Əkbərov, sənət vurğunu, xeyriyyəçi Arif Mədətov, qocaman tarzən Firudin Ələkbərov, onun həmkarı Valeh Rəhimov və başqaları məxsusi ehtiram və yanğıyla xatırladılar onu. Həmsöhbətimin ən yaşlısı Firudin müəllimin tanınmış muğam ifaçısı qırxıncı illərdən tanıması, o zamankı dövlət estradasında, filarmoniyada, «Azkonsert»də birgə çalışmaları, el məclislərində və rayonlarda konsertlərdə iştirakı barədə söylədikləri daha maraqlıdı: «Bir dəfə ona çoxdan deyilmiş toyun gününü unudub, başqa məclisə gedən Müətəllimi birinci sifarişçi cəzalandırmaq qərarına gəlir. Özü də məhz toy günü, necə deyərlər, sənətkar başındaykən. Xanəndəni camaat bu kənddə gözlədikləri halda, sorağı qonşu kənddən gəlib. Xəbəri həmin kənddən növbəti məclisə təşrif buyurmuş qonaq gətiribmiş. Mütəllimin onu saymadığını düşünən birinci sifarişçi sarsılır və heyfini almaq üçün həmin yerə yollanır. O mağara daxil olanda xanəndə həmişəki təki şövqlə oxumağındaymış. Çağırılmamış qonaq adamların diqqətlə qulaq asdığını görüb, ayaq saxlamaq məcburiyyətində qalır. Muğam dəstgahı bitir. Bu ifaya hayıl-mayıl qalan tamaşaçıların gözləri dolur, alqış sədaları göyə yüksəlir. Sən demə, acıqlı qonaq da bu ifaya laqeyd qala bilmədiyindən əli-qolu boşalır. Mütəllimə xətər toxundurmaq əvəzinə, ona yaxınlaşaraq, «sənətin qanının arasına girdi» deməklə ordan uzaqlaşır».

   1963-cü ildən xanəndəylə ünsiyyətdə olmuş Canəli müəllimin ağızdolusu danışdıqlarından bir-iki yarpaq: «Ləyaqətli kişiydi, abır-həya mücəssəməsiydi. Ailəvi get-gəlimiz vardı. Böyüyün-kiçiyin yerini gözləyən, pərdə saxlayan adamıydı. Sənətinəsə söz ola bilməzdi. Bizim böyük xanəndələrimiz içərisində hörməti gözlənilənlərdəniydi. Ona «əmi» deyə müraciət olunardı. Mən bu fikirdəyəm ki, nə qədər xalqımız var, o yaşayacaq, seviləcək».

   Xanəndədən yadigar lentlər çox deyil. 1951 1963-cü illər arası yazılan «Mirzə Hüseyn segahı» (iki variantda), «Bayatı Şiraz», «Orta Mahur», «Çahargah» muğamları, «Apardı sellər Saranı», «Şirin olur» «Nazlı yarım» mahnıları, ölümündən bir az qabaq Rafael Hüseynovun onunla müsahibəsi ola bilsin daha bir-iki xırda-para şeydən savayı, radionun fondunda nəyinsə qaldığı söylənmir. 1967-ci ildə Hövsanda el şənliyində ifa etdiyi «Bayatı Qacar» muğamını həvəskarların maqnitofona yazması faktı məlumdu. Həmin ifanı audiokasetdə bu günədək tarzən Valeh Rəhimov qoruyub saxlayır. Bir ki, Bakıda xanəndənin sənətini çox yüksək qiymətləndirən Kürdəxanı Hövsan kəndlərində məhərrəmlik aylarında məxsusi dəvətlə müəyyən məclislərdə mərsiyyələr oxuduğu bəllidi. Ehtimala görə şəxsi əllərdə həmin məclislərə şahidlik edən lent yazıları da mövcuddu. Televiziyayasa buraxılmadığından, təəssüf ki, heç bir təsvirli material yoxdu.

 

 Seymur Elsevər

 

Mədəniyyət. - 2009.- 23 dekabr.- S. 5.