Maye qızıl yaranan yerdə…
Milli sərvət deyəndə az qala hamımız Odlar yurdunun neftini, qazını xatırlayırıq. Nədənsə,
unuduruq ki, Azərbaycanda
yerin altı da, üstü də qızıldır.
Allahın bu torpaqda doğulub yaşamaq
şansı verdiyi bizlər, vətən
nemətlərinin qədrini bilsək, bir toplum halında dünyanın, bəlkə də,
ən zəngin dövləti, insanları olarıq. Elə bizim "Milli
sərvət" rubrikasını açmaqda
məqsədimiz də budur ki, Azərbaycana şöhrət gətirə
biləcək, amma ilk
baxışda milli sərvət olduğunu a
lazımınca qiymətləndirmədiyimiz və onlara münasibətdən söhbət açaq.
Əbədiyyət rəmzlərindən sayılan zeytunun adına hətta Qurani-Kərimdə də
çəkilir. Müqəddəs kitabımız buyurur ki, əgər insandan zeytun ətri gələrsə,
şeytan ona yaxın
düşə bilməz.
O ki qaldı müasir
Azərbaycan ərazisində zeytunun
yayılmasına, hələ VI-VII əsrlərdə Kür-Araz ovalığında geniş
zeytun plantasiyalarının olduğu, sonradan həmin
plantasiyaların hərbi yürüşlər zamanı viran qaldığı da
tarixə məlumdur. Gəncədə və Bakının Nardaran qəsəbəsindəki qədim zeytun ağaclarının isə təqribən
XII əsrdə əkildiyi güman edilir. Zeytun ağacı dünyada yeganə ağacdır ki, min il,
yəni on əsr (!) bar
verir. Beş
yaşında bara düşən zeytun ağacı təxminən 8
yaşında tam barvermə qabiliyyəti
qazanır. Dekortiv baxımdan da əlverişli ağac sayılan (zeytun
qışda yarpaqlarını tökmür,
12-15 dərəcədə şaxtaya davam gətirir) zeytun
ağacı həm də torpağın erozisiyasının
qarşısını aldığına görə,
sürüşmə ehtimalı olan yerlərdə,
yamaclarda əkilmək üçün
yararlıdır.
Azərbaycanda, xüsusən də Abşeron
yarımadasında zeytun
ağaclarının əkilməsinə planlı şəkildə
1900-cü ildə İspaniyadan zeytun sortlarının gətirilməsi ilə
başlanılıb. Sonradan yerli zeytun sortları da yetişdirilib.
Hazırda dünyada zeytun
yağı istehsalına görə birincilik
də İspaniyaya məxsusdur. İtaliya, Yunanıstan, Türkiyə, Tunis və Sudan da öncül zeytun yağı istehsalçıları hesab olunurlar.
Zeytun barədə bu
qiymətli fikirləri biz "Gilan Zeytun" MMC-nin direktoru Qurban Cabbarovla söhbətimizdə
öyrəndik. Qurban müəllim əsl
istehsalat təşkilatçısı kimi məşğul olduğu
sahəyə dair biliyini
artırmaqdan yorulmur. Bir
zamanlar Bakıda ad
çıxarmış, amma sonradan dağılıb viranə
qalmış zeytun yağı zavodunu dirçəldən Qurban
müəllim "Jalə" markalı zeytun
yağlarının istehsalından, bu zavodun tarixindən həvəslə söhbət
açır:
- İkinci Dünya
müharibəsindən sonra yaradılan bu zavod əsasən,
hökumətin sifarişi ilə işləyib.
Onun məhsulları geniş
satışa çıxarılmayıb. Bir
zaman Samur-Dəvəçi
kanalının Bakıya çəkilməsinin bir səbəbi də Abşeronda
zeytunçuluğu inkişaf
etdirmək olub. Çünki
zeytun ağacı suyu
çox sevir. Yerli Azərbaycan sortları əsasən İspaniya sortlarının əsasında yetişdirilib. Bu gördüyünüz sexləri keçən
il işə salmışıq. Bütün istehsal
avadanlığı İtaliyadan gətirilib.
- Qurban müəllim, bu gün bizim
marketlərdə xaricdən gətirilən müxtəlif cür zeytun
yağlarına rast gəlirik. Bəs bizim yerli zeytun
yağları İspaniyadan, yaxud İtaliyadan gətirilən
yağlardan hansı cəhətinə
görə fərqlənir?
- Turşuluğu
0,8 faizə qədər olan zeytun yağı ən yaxşı yağ sayılır. Bizim
yağların turşuluğu 0,5-0,6 faizdir. Yağın turşuluğu
onun qiymətinə təsir edir: turşuluq
azaldıqca qiymət də baha olur. Bu səviyyəni saxlamaq üçün texnoloji qaydalara ciddi riayət etmək lazımdır.
- Texnoloji qaydalara
riayət edəndə də məhsul baha
başa gəlir...
- Elədir. Bizim zavodda
yağ soyuq sıxma üsulu ilə alınır. Soyuq
sıxma zamanı yağın bir qismi tullantıya qarışır, itki çox
çıxır. Buna görə də fikrimiz var ki,
yaxın gələcəkdə ikinci soyuq sıxma üsulundan da istifadə edək. Düzdür,
ikinci sıxmada keyfiyyəti birinci qədər yüksək olmayacaq. Ondan yalnız
xörək bişirmək üçün
istifadə etmək olar, dərman kimi yox. Amma
hər halda bizim yağ yenə də xaricdən gətirilən
bir çox yağlardan keyfiyyətli çıxacaq. Çünki Azərbaycan zeytunu
digər sortlardan
yağlılığının, vitamininin
çox olması ilə fərqlənir. Bunu təkcə mən yox,
mütəxəssislər də deyir,
"Zeytun dostu" cəmiyyətinin
üzvləri də təsdiqləyir.
- "Zeytun dostu"?
Müəssisənizin nə maraqlı adı var...
- Bəli, təkcə adı yox, fəaliyyəti
də maraqlıdır. "Zeytun dostu" MMC Türkiyədə
yaradılıb. Dünyanın bir çox zeytun
istehsalçıları həmin cəmiyyətin üzvüdür, mən də bu qurumun üzvüyəm.
Cəmiyyət tez-tez seminarlar,
təqdimatlar keçirir, mən də həmin
tədbirlərdə iştirak edirəm. Düzdür, həmin tədbirlərə
toplaşanların çoxu zeytunçuluğun inkişafından daha çox öz məhsullarının reklamı ilə
məşğuldurlar.
- Əslində, zeytun
yağının reklama ehtiyacı yoxdur. Bütün dünya zeytun
yağının nə qədər xeyirli
olduğunu bilir. O ki qaldı müəyyən texnoloji
sirlərə, təbii ki, sıxım
üsulları, saxlanma qaydası çox fərqlidir.
- Zeytun istehsalçıları etiraf edirlər ki, zeytun ağacının bitmədiyi ölkələrə
göndərilən zeytun
yağlarının hamısının tərkibi
qarıışıqdır.
- Etiraf edək ki,
bu gün ölkəmizə
də mənşəyi bəlli olmayan xeyli qida məhsulları gətirilir,
o cümlədən də zeytun
yağı. Bəs biz evdə onun keyfiyyətini necə müəyyən edə
bilərik?
- Sadəcə, zeytun
yağını soyuducuya qoyun.
Əgər donursa, deməli,
yaxşıdır. Tamam donursa,
deməli, 100 faiz qatqısız
yağdır.
- Sizin zavodda təkcə
zeytun yağı yox,
digər qida məhsulları da istehsal olunur?
- Elədir. Bu zavodun
zeytun şorabaları həmişə məşhur
olub. İçinə qırmızı
bibər, limon, badam qoyulmuş yaşıl zeytun
şorabalarına tələbat var. Biz həm də bir
neçə adda hazır zeytunlu
təamlar buraxmağa
hazırlaşırıq. Məsələn, üstünə
zeytun yağı tökülmüş
zeytun şorabası ilə nərə
balığı, ya da
zeytunla holland pendiri...
- Qurban müəllim, bizə çay təklif edəndə zeytun
mürəbbəsinin da dadına
baxdıq...
- Xoşunuza gəldimi?
- Çox. Şəxsən mən limonlu zeytun mürəbbəsini
daha çox bəyəndim.
- Zeytun kimi
faydalı, tullantıya getməyən meyvə çətin
tapılar. Məsələn, yağı
sıxılmış zeytun
tullantısı əsl bioyanacaqdır. Əgər zavodun ocaqxanasında zeytunun
çəyirdəyini yandırsaq, müəssisədə heç bir yanacaqdan istifadə etməyə ehtiyac qalmayacaq. Həm
tullantımız olmayacaq, həm də məsrəfimiz
azalacaq. O ki qaldı zeytunun tullantıya çevrilən lətinə,
onu da kəpəyə
qatanda mal-qara üçün çox
qidalı yem sayılır. Həmin
tullantını gübrə əvəzinə də işlətmək
olar. İndi özünüz deyin, zeytun qədər faydalı ağac
varmı? Bu ağac beş yaşında bara düşür, sonra da min (!) il
meyvə verir. Meyvəsinin
yaşılı da, vaxtı ötmüş qarası da
faydalıdır. Yarpaqları saralıb tökülmədiyindən
dekorativ əhəmiyyəti böyükdür, kökləri dərinə
işlədiyindən torpağın eroziyasının
qarşısını alır.
Zeytun yağı həm
sağlamlıqdır, həm də gözəllik. Baxın, bizim xanımlar, tərkibinin nə olduğunu bilmədiyiniz bahalı kremlərə,
şampunlara pul xərcləyirsiniz.
Amma həmin kremin əvəzinə
dərini yumşaltmaq üçün
zeytun yağı çəkə bilərsiniz,
saçınızı möhkəmlətmək, uzatmaq üçün
tüklərin dibinə zeytun yağı da sürtə bilərsiniz. Fikirləşirəm
ki, yaxın gələcəkdə zeytun yağı əsasında şampun və sabun
istehsalına da başlayaq.
Bilirsiniz, bizdə zeytunun
insan orqanizminə faydası barədə
təbliğat demək olar ki, yoxdur.
- Elə bizim də,
"Mədəniyyət" qəzeti olaraq,
bir məramımız da
süfrə mədəniyyətini, sağlam
qidalanma mədəniyyətini
oxucularımıza aşılamaq, həm də bütün milli sərvətimiz
sayılacaq nemətləri tanıdıb onların qədrini
bilməyə çağırmaqdır.
- Çox xeyirxah
iş görürsünüz.
Təssəvür edin ki,
əgər 2 yaşlı bir
uşağın yeməyinə hər gün
1 xörək qaşığı zeytun
yağı qatılsa, o, ömrü
boyu mədə-bağırsaq xəstəliklərindən
əziyyət çəkməz. Yaşlı insan
hər gün 4-5 xörək
qaşığı zeytun yağı yeməlidir.
Yəqin türk filmlərində görmüsünüz. Elə zeytun yağını nəlbəkiyə töküb çörəyi də ona batırıb yemək ən sağlam, ən doyumlu qəlyanaltıdır.
Əslində bizim bu
ekskursiyamızı qızıl mədəninə səfər
kimi də qiymətləndirmək olar. Çünki qədim
dövrün müdrik
insanları zeytun yağını maye qızıl da
adlandırıblar. Zeytun tutmalarını
və yağını çox sevən bir insan kimi
şəxsən deyə bilərəm ki,
əcdadlarımız yanılmayıblar. O ki
qaldı apteklərdə dərman kimi
satılan "Jalə" zeytun
yağına, onun damla-damla
sıxıldığını da gördük, dadına da
baxdıq.
Təəssüf ki, ağız
dadı elə bir duyğudur
ki, onu yalnız fərdi
qaydada yoxlayıb qərar çıxarmaq
olar. Biz isə
yalnız bunu deyə bilərik: zeytun ağaclarının qədrini bilin, onları qoruyun, bir də canınızın, gözəlliyinizin
qədrini bilib, mətbəxinizdən zeytun yağını əksik etməyin.
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.
- 2009.- 30 dekabr.- S. 23.