Zorən rəqqasə, sonra ulduz...
Azərbaycan milli rəqs sənətimizin
ustadlarından olan Əminə Dilbazinin ifasında gözəllik, təbiilik duyulduğu kimi, şirin, koloritli
danışığı da bənzərsizdir.
Yaşının bu vədəsinəcən
şuxluğunu saxlayan
sənətkarımızın son vaxtlar üzünü
gülər görmək olmur. Bir yandan müharibə
ağrıları, o biri
yandan da… görkəmli
rəqqas müəyyən məsələlərdən çox sıxılır. Bir zamanlar
qazandığı ad-sanı, fəxri ad
və təltifləri «onlar
keçmişdə qaldı» söyləyən rəqs ulduzumuzun ürəyinə xal
salmaq insafdan deyil. Çox şeyi özünə dərd eləməsinə
qıymadığım Əminə xanımı
sıxıntılı, üzüntülü
vəziyyətdən qurtarmaq üçün dilə tutub
yola gətirmək
lazımıydı. Və deyəsən, bunu
bacardım. Hərçənd «ürəyinizdən keçənləri
söyləyin, yüngülləşərsiz» deməklə
söhbətə körpü salanda bir balaca
duruxdu. «A dərdin alem,
nə yazajaxsan» - bir növ etiraza,
könülsüzlüyə oxşayırdı. Amma Əminə xanım heç
vədə kimsənin gözünə cod,
adamayovuşmaz görünməyib. Elə bu səbəbdən yenə
başqa təəssürat yaratmaq fikrindən daşındı. Uzun illərdən bəri onu,
mərhum həyat yoldaşı, bəstəkar Cövdət
Hacıyevi tanıyan, bu evi
dəfələrlə gedib-gələn biri
kimi, Əminə xanımla söhbətlərimizdə
ərkyana şəkildə zarafatımdan
qalmadığımdan incə damarından yapışdım.
«Başımıza söz qəhət olmaz» deyib, ürəyini bir az da
yuxaltdım və yavaş-yavaş
başladıq dərdləşməyə:
- Vallah, heç
başım açılmer. Ev-eşik bir yandan, zənglər, gəlif-gedən
də bir yandan. Ora-bura çağırırlar, gedəmmerəm…
Ayə, baxma ey,
huşum-başım yerindədi, ta əvvəlki
adam döyüləm. Qabaq
bir gündə on yerə
yüyürürdüm. O «Sönməyən
ulduzlar» assosiasiyası var
ha, neçə il
oranın fəal üzvü kimi tədbirlərində iştirak
eləmişəm. İndi görörəm,
daha çatdırammıram. Qojalıx yaman şeymiş.
Qapını ki, kəsdirdi, yaxanı
qalıp əlində.
-Nə qocalıq deyib durmusuz, Əminə xanım. Sizə qoja deməyə adamın dilimi
dönər?
-Allah amandı, gör
nətəri bizim qazaxlılar kimi danışer. Ayə
bə niyə son vaxtlar tez-tez gəlif gaplaşmersan.
Vallah, hər dəfə səsini eşidəndə,
sənnən danışanda
o qədər gülörəm,
gözümnən yaş
gəler. Görüm, səni xoşbəxt olasan, dərd-sərimi unutdurorsan. Yoxsa, inan o qədər
şeyin fikrin çəkerəm. Məni ən
çox narahat eləyən, kədərləndirən
camaatın vəziyyəti,
müharibədi. İyirmi ildən
artıqdı xalqımız
əsir-yesir qalıf bu müharibənin əlində. Cavanlar qırılıf,
torpaqlar gedif, öy-eşiklər, abidələr
dağılıf. Düşmənin ürəyi bundan soyumuyuf, ölülərimizi
də qəristanlıqda
rahat yatmağa qoymorlar. İnan Allaha, bəzən
ailəm, balarım, ajdığım-susuzduğum yadımnan
çıxer. Qabaq yenə
kiminsə işinin dalınca yüyürördüm.
Ta ona güc-qüvvə
qalmıyıf. Doxsannandı. Buna görə yaşı
özümə dərd
eliyirəm. Yoxsa,
bir canım var dana,
özümə qalsa,
nəyin fikrini çəkəsiyəm. Amma olmor,
hər şeyi ürəyimə saleram.
İnnən belə xasiyyətmi
dəyişəjəh. Əvvəldən tərsəm, elə
də qalmışam.
-Bu «tərsliknən»
rəqsdə nə əcəb duruş gətirmisiz?
-Mənim həyatım tərs-məssəf
işdərnən doludu.
Heç
ağlıma gəlerdimi
ki, rəqqasə olajam. Məktəbdə oxuyanda gimnastika
ilə məşğul
olordum. Nə isə, günlərin
birində məktəbimizə
yuxarıdan xəbər
eleyellər ki, qoçaq uşaxlardan bir qrup göndərsinlər
gürcü məktəbinə.
İndi
7 nömrəli məktəb
yerləşir orda.
Sözün qısası, gəldik
məktəbə. Sən demə,
rəqs ansamblı yaratmaq üçün uşaxlar seçmək istiyirmişlər. Nə isə,
onu oynadıf yoxladılar, bunu oynadıf yoxladılar, növbə çatdı
mana. Dedim, mən oynuyan
döyüləm. Çox
dedim az
eşitdilər. Axırda qaldım
çar-naçar. Dedilər, nə
oynayajaxsan. Qayıtdım ki, bizdə idmanda əl hərəkəti eləyəndə
«hoptsa», «hoptsa» deyirik, elə olarmı? Razılaşdılar. İndii qalmışam belə,
«hoptsa» deyə-deyə
atılıf-düşörəm, camaat da uğunuf
gedir. Axırı, dedilər, bəsdi.
Deyinə-deyinə evə yollandım.
Aradan bir neçə gün keçmiş məktəbə xəbər
çatdırdılar ki,
bəs o «hoptsa» deyən qız yenə gəlsin. Lap cinnəndim. Getdim ora. Dedim, məni ələ salıfsız, keçən
dəfə aləmi üstümə güldürdüz,
bəs eləmədimi?
Qaçıf aradan çıxmax
istiyəndə, tutuf geri qaytardılar. Və beləcə duyumun, hərəkətin yaxşıdı
deyif, məni rəqsə yazdılar.
15-16 yaşım vardı
onda…
-Demək, zornan da rəqqasə
olarmış, özü
də əlasınnan!
- Açığı,
bizi ki, başladılar öyrətməyə,
bir-iki aydan sonra rəqsə məhəbbətim yarandı.
Üstəlik bizə
maaş da verirdilər. Çətin vaxtlarıydı. Atamız rəhmətə getmişdi.
Anam üç uşaqnan təkcə qalmışdı.
Mən qazandığım pulnan evə kömək eleyerdim. Bir müddət ötdü,
kollektivimiz filarmoniyanın
mahnı və rəqs ansamblı oldu. Maddi vəziyyətimiz lap yaxşılaşdı. Mənnən o vaxt rəqsə gələnlərdən ancaq
rəhmətlik Əlibaba
Abdullayev sənətkar
kimi ad qazandı.
- Sənətinizin
şahlıq dövründə
«Çinar» ansamblını
yaratmaq fikri hardan meydana çıxdı?
- Bizim qadınlarımız tarix
boyu qəhrəmanlıqlarıyla
kişilərdən geri
qalmıyıflar. Mən də
istədim ki, qadınlarımızın hünərini,
qeyrətini göstərim.
Həkimləri sevdiyimdən ansamblı
indiki Tibb Universitetində yaratmaq qərarına gəldim.
Qaldı
ad məsələsinə, təsadüfi döyül.
Bilirsiz ki, çinar xalqımıza məxsus qədim, uzunömürlü
ağacdı. Çinar sox vaxt cavanların məhəbbətinin şahidi
olor axı. Rəqs də savanlıx, məhəbbətdi. Düz əlli
ildi bu ansambl
yaşıyır. Ölüm,
haraları gəzməmişik
«Çinar»nan.
- Bir vaxt rejissor Tofiq
İsmayılov haqqınızda
«Prima» adlı bədii-sənədli
film çəkdi. Noldu filmin
taleyi?
- Allah Tofiq müəllimə can sağlığı
versin. Min bir
əzab-əziyyətnən, haralardan pul tapıb o filmi ərsəyə gətirdi.
Şərtimiz də o vədə
bu oldu ki,
nə vaxt yubileyim keçirilsə, onda göstəriləjəh.
Yubiluyin də biri keçif,
biri duror. Dərdin alem, bu qədər danışdıx, amma deyəjəyimin biri qaldı axı: Vaxtilə elini-obasını,
torpağını sevən
milyonçularımız nə
qədər adamın
əlinnən tutuflar.
Belə oğlanlarımız indi də var. Qoy onlar unutmasınlar ki, yaxşılıx qayıdıf yiyəsini tapır. Belələri sənətkarına, aliminə kömək-dirək
dursalar, ağsaqqalarımızın,
ağbirçəklərimizin də dərdi yüngülləşər. Sovetin vaxtında canımı-qanımı,
cavanlığımı sənətə
qurban vermişəm, axır illərəcən
dizimi qatdıyıf öydə oturmamışam.
Əvəzində, yadınızdadı,
bir ara
mənim kimi yüzlərnən adamlar nə günə düşmüşdü. Doğrudanmı biz buna layiqiydik. Yenə sağ olsun dövlətimiz, sonradan bizi əməlli-başlı
təmin eləyən
təqaüd ayırdı.
Nə qədər sənətkara
mənzil verildi.
Bunlar zarafat məsələ döyül. Güzəranımız əvvəlkinə baxanda xeyli yaxşılaşıb.
Giley-güzar eləmək insafdan
olmaz.
- Amma öz aramızdı, buracan gələsən, doxsanın belini qırmayasan, adama insafsız deməzlər?
- Sağ ol dərdin alem, Allah mətləbini versin. Yəqin, buracan gətirən, inşallah bir azca da qıyar...
-
Elə isə bugünkü doxsanın
mübarək, Əminə xanım. Qaldı bircə
addım: yüz-düz...
Seymur Elsevər
P.S. Yubilyarı təbrik edən çoxsaylı sənətsevərlər
sırasına Teatr Xadimləri
İttifaqının əməkdaşları da
qoşuldu.
Mədəniyyət.
- 2009.- 30 dekabr.- S. 19.