İçərişəhər
qədimləşir
Tarixən insanların məskunlaşdıqları
ərazilər zaman keçdikcə şəhərlərə
çevrilir. Qədimliyi eradan
əvvəllərə gedib çıxan
İçərişəhər məhz belə abidələrdəndir.
İçərişəhər Azərbaycan şəhər
mədəniyyətinin başlanğıcı, nüvəsi,
mahiyyətidir. Azərbaycanın baş
kəndinin iç dünyasıdır.
İçərişəhər bizim qədimliyimizin,
kiçik şəhər icmasından böyük şəhər sivilizasiyasına
yüksəlməyimizin daşlaşan sübutudur. Şəhəri dörd
tərəfdən əhatəyə alan qala divarları, Qız qalası, Şirvanşahlar sarayı, bu
tikililərə bizləri aparan dolanbac küçələr və sairə tariximizin dərin keçmişindən xəbər
verir. Biz uzun illərin tarixi
mübahisələrinə məhz İçərişəhərdə
cavab tapırıq. Tarixçilərin qənaətincə,
İçərişəhərin təxminən 4000-5000 il yaşı var. Bu zaman kəsiyi ərzində
bir neçə mədəni təbəqə
formalaşıb. Təsadüfi deyil ki, şəhər tarixi və
mədəni inci hesab
edilir. Tarix boyu orada tikilən binalar və çəkilən yollar İçərişəhərdə təkrarolunmazlıq
ruhunu yaradıb. Minilliklər ərzində
İçərişəhər zamanın
sınağından çıxaraq öz
orijinallığını və dəyişilməzliyini
saxladı. Ötən əsrin 50-80-ci illərində sovet kinematoqrafçıları orta əsrin Şərqini canlandırmaq üçün məhz İçərişəhərdə
bir sıra çəkilişlər
apardılar. Təəssüflər
olsun ki, uzun illər İçərişəhəri
lazımi səviyyədə qoruyub
saxlamalıdır. Lakin son dövrlər
dövlət səviyyəsində görülən tədbirlər
belə demək mümkünsə, qədim abidəni xilas etdi. Respublika Prezidenti İlham
Əliyevin 2005-ci il 10 fevral
tarixli sərəncamı ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti
yanında İçərişəhər Dövlət
Tarix-Memarlıq Qoruğu haqqında
Əsasnamə təsdiq edilib. 2006-cı ilin avqust ayında verilən
daha bir sərəncamla
müvafiq orqanlara
Bakı şəhərindəki tarix-memarlıq abidələrinin təmiri, xarici
görünüşünün bərpası,
abadlaşdırılması və xüsusi
işıqlandırılması üçün
zəruri işlərin görülməsi, o
cümlədən İçərişəhərin bərpası
və qorunub-saxlanması üzrə dövlət
proqramının hazırlanması tapşırılıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may
2007-ci il 629 saylı fərmanı ilə
İçərişəhərə yeni
status verildi. Həmin fərmana Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət
və Turizm Nazirliyinin
tabeliyindən çıxarılaraq Nazirlər Kabineti yanında İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi
yaradıldı. Söhbətgedən dövrdə
ağına-bozuna baxmadan qədim şəhərin
tikililəri sökülür, yerində
təzə binalar tikilirdi.
Bundan sonra ilk olaraq
ərazidə aparılan tikinti işləri
dayandırıldı. Bərpa işlərinə start verildi. İçərişəhərdə
aparılan bərpa işlərinin prioritet
məqsədlərindən biri də bu qədim məkanı beynəlxalq səviyyəli
turizm obyektinə çevirmək idi ki, geridə qoyduğumuz üç
ildə bu sahədə
xeyli işlər görüldü.
Beləliklə,
xalqımızın maddi-mədəni irsinin
daşıyıcısı olan
İçərişəhərin YUNESKO-nun
Dünya İrs
Siyahısında unikal memarlıq-şəhərsalma
kompleksi kimi mövqeyinin möhkəmlənməsi və tarixi simasının bərpası istiqamətində
bu günə qədər
bir çox tədbirlər
görülüb və görülməkdədir. Ötən həftə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
İçərişəhər Dövlət Tarix-Memarlıq
Qoruğunun inkişafı tədbirləri
haqqında imzalanan sərəncam bu qədim şəhərə göstərilən
diqqətin daha bir nümunəsidir.
Sərəncama əsasən, İçərişəhərin
ərazisində uçmuş və uçmaq təhlükəsi olan
tarix-memarlıq abidələrinin yerində ənənəvi
küçə şəbəkələri olduğu
kimi saxlanılmaqla turizm
infrastrukturu obyektlərinin qurulması,
yaşayış binalarının təmiri və mühəndis-kommunikasiyalarının
dəyişdirilməsi, ərazidə
abadlaşdırma işlərinin aparılması üçün 2009-cu il
dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Nazirlər Kabineti yanında İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinə
3 milyon manat məbləğində
vəsait ayrılıb. Beləliklə, tarixi şəhərlərə
xas olan turist axınının İçərişəhərə
cəlb edilməsi, mövcud potensialdan səmərəli istifadə etməklə
beynəlxalq standartlara cavab
verən turizm infrastrukturunun
yaradılması, ərazidə tarixi
irsimizə uyğun şəkildə təmir-bərpa
və abadlaşdırma işlərinin davam
etdirilməsi məqsədilə bir
sıra işlər görüləcək.
Daş
döşəmələr qəmbərlə
əvəz edilir
İçərişəhərin
mövcud vəziyyət ilə
tanış olmaq üçün
ora yollandıq. İlk
baxışdan adama elə gəlirdi ki, qədim şəhərin daşlara
hopmuş harmoniyası pozulur.
Asəf Zeynallı küçəsindəki daş döşəmələr sökülərək
qəmbərlə əvəz edilir, yeni və qədim binaların bəzilərində
təmir işləri aparılırdı. Kiçik karvansarada təmir-bərpa,
Qız qalasında aparılan konservasiya
işləri isə artıq tamamlanıb. Sərəncamdan irəli gələn
işlərin yerinə yetirilməsi ilə bağlı məlumat
almaq üçün
İçərişəhər Dövlət Tarix-Memarlıq
Qoruq İdarəsinin mətbuat xidmətinin
rəhbəri Rahib Azəri ilə əlaqə
saxladıq. O, bəzi məsələlərin müəyyənləşdirilməsinə
ehtiyac olduğunu bildirdi: «Mən bu
suallara münasibət bildirə bilməyəcəm.
Çünki prezidentin
sərəncamından sonra bəzi məsələlər
müəyyən olunmalıdır. Əvvəla 3 milyon manat bütün
şəhərə ayrılıb, tək İçərişəhərə
deyil. Onun nə
qədərinin İçərişəhərə
ayrılacağı hələ bilinmir. Bəzi
məsələləri müəyyənləşdirdikdən
sonra münasibət bildirmək olar».
Maraqlıdır, sərəncama uyğun ayrılan vəsait hesabına
İçərişəhər Dövlət Qoruğunda
hansı binalar söküləcək?
Rəssam-memar Mirteymur sözügedən sərəcamı
təqdirəlayiq hal kimi
dəyərləndirdi: «İçərişəhərin ərazisində
uçmuş və uçmaq
təhlükəsi olan, tarix-memarlıq əhəmiyyətinə
malik olmayan tikililəri
ümumi bir adla «lazımsız tikililər» kimi ümumiləşdirmək olar.
Çünki belə lazımsız,
daxmayabənzər, uçulub-tökülmüş
tikililər İçərişəhərdə çoxdur. Həmin daxmalarda
ya tənha və evsiz-eşiksiz
adamlar yaşayır, ya
da it-pişik
yuvalarına çevrilib ki,
bu da
antisanitariyadır». Memar belə tikililərin
sökülməsinin kor-koranə deyil, peşəkar
qaydada aparılmasının tərəfdarıdır:
«Bunun üçün
YUNESKO və yerli mütəxəssislərdən
ibarət komissiya təşkil
olunmalıdır. Çünki bəzi adamlar yalnız öz ciblərini
düşündüyündən söküntü
işlərini kor-koranə də apara bilərlər.
Eyni zamanda həmin
sökülən binaların yerində yeni
üslublu binalar deyil, XIX əsrə uyğun
binaları tikilməlidir. Əslində peşəkar memar yeni binanı çox asanlıqla XIX əsr tikilisinə
çevirə bilər». Mirteymur hazırda Asəf Zeynallı
küçəsində aparılan döşmə işlərini
müsbət qiymətləndirir: «Orta əsrlərdə
İçərişəhərin küçələri qəmbər
daşlarla döşənmişdi. İndi belə döşəmə işlərini
aparmaqla köhnə şəhərin qədimliliyini
özünə qaytarırlar». İçərişəhərin
su sistemi də hər
zaman insanlarda maraq hissi doğurub.
Vaxtilə bu quyular elə
qurulub ki, suyu təmizlənsin. Bunun
üçün quyunun
içərisində təmiz yuyulmuş qumdan və çay
daşlarından üç-dörd qat yaradılırdı. Ən
aşağı qat gil
yataq olub. Gil suyu saxlayırdı.
Quyuların dərinliyi 4-8 metr, bəzən
də 12-14 metrə çatırdı. İndi
isə İçərişəhərdə vur-tut
6-7 quyu qalıb. Onların da
çoxunda su yoxdur. Bu baxımdan memar hesab edir
ki, qədim şəhərdə mühəndis-kommunikasiya
işlərinin görülməsi də vacibdir:
«Kommunikasiya belə demək mümkünsə,
şəhərin qan damarı hesab olunur. 2003-cü ildən
bəri İçərişəhərlə bağlı bir sıra sərəncam və fərmanlar verilir. Təəssüf ki,
kommunikasiya işləri qeyri-peşəkar
aparıldığından onun fəsadları
indi üzə çıxır. Ümid edirik ki, prezidentin
verdiyi son fərmandan sonra çatışmazlıqlar
da aradan qaldırılacaq».
Qədim şəhər Yeni ili qarşılayır
İçərişəhər Yeni ili
qarşılamağa hazırlaşır.
2010-cu ilin gəlişi
münasibətilə İçərişəhər
Dövlət Tarix-Memarlıq
Qoruğunun ərazisində
bayram tədbirləri
keçiriləcək. Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq
Qoruq İdarəsi tarixi bir məkanda
bayram ab-havasının
yaradılması üçün
müvafiq hazırlıq
işləri görür. Artıq İçərişəhərin
əsas meydanlarında
dekorasiya işləri
başa çatmaq üzrədir. Qız qalasının
ətrafında təbii
şam ağacları
əkilmiş və orijinal üslubda bayram lampaları ilə işıqlandırılıb.
Qoşa Qala qapılarının
yaxınlığındakı meydanda da ənənəvi
bayram atributlarından
istifadə olunmaqla müvafiq işlər həyata keçirilməkdədir.
Bir sözlə, bayram günlərində İçərişəhərə
gələcək insanların burada
vaxtlarını şən və maraqlı keçirməsi üçün hər cür
şərait yaradılacaqdır. Bununla yanaşı, qoruq idarəsinin təşəbbüsü ilə
bayram günlərində Şirvanşahlar
sarayında uşaqlar üçün
Yeni il şənliyinin
keçirilməsi də nəzərdə tutulur.
Şah sarayında təşkil olunacaq şənlikdə uşaqları
qış mövzusunda maraqlı interaktiv tamaşalar, habelə
Yeni il hədiyyələri,
müsabiqə və viktorinalar gözləyir.
Ümumən, bayram ab-havasını duymaq, İçərişəhərin tarixinin yeni səhifələrini
öyrənmək və vaxtlarını mənalı
keçirmək baxımından uşaqlar
üçün gözəl şərait
yaradılacaqdır. Onu da
öyrəndik ki, tamaşalardan
biri kiçikyaşlı sakinləri üçün təmənnasız təşkil
olunacaq. Söhbətgedən bu qədim
məkanda milli bayramımız Novruzun qeyd olunmasına
alışdığımızdan, yeni ilə
belə hazırlıq işlərinin getməsi bir qədər təəccüblü görünür. İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin
rəisi Mikayıl Cabbarov bunu
belə izah edir:
“İçərişəhər bir
neçə minillik tarixinin
növbəti ilini yola
salır. Bu tarixi məkanda ənənəvi
olaraq qeyd olunan ən mühüm bayram Novruz bayramı olsa da, fikrimizcə, Azərbaycan
xalqının tarixi və mədəni irsi olan İçərişəhərin
populyarlaşdırılması məqsədilə Yeni il və digər bayramlar da yüksək səviyyədə
təşkil olunmalıdır. Şirvanşahlar
sarayında uşaqlar üçün
Yeni il şənliyinin
təşkilində əsas məqsəd İçərişəhər
abidələrinə diqqəti cəlb etməkdir”.
Mehparə
Mədəniyyət.
- 2009.- 30 dekabr.- S. 14.