Türk ulusunun
təmas nöqtəsi
Elçin
Qafarlı: «Azərbaycan təşkilatın ən fəal
üzvlərindəndir»
“Bakı İslam Mədəniyyətinin
Paytaxtı - 2009” mədəniyyət ili öz işini uğurla başa
çatdırdı. İl çərçivəsində
ölkəmizdə keçirilən əlamətdar hadisələrdən
biri də Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi ilə
TÜRKSOY Daimi Şurasının
26-cı toplantısı oldu. Qeyd edək ki, 1992-ci ilin ortalarında
Türkdilli ölkələrin mədəniyyət
nazirliklərinin daimi Konseyninin,
1993-cü ildə isə onun icra qurumu TÜRKSOY-un
yaranması türkdilli ölkələrin
mədəniyyət və incəsənətinin
tanıdılması və inkişaf
etdirilməsinə xidmət edir.
Maraqlıdır, qurum buna
nə dərəcədə nail olub? Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin
TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı ilə söhbətimiz bu barədə oldu.
- Azərbaycanla TÜRKSOY arasında əlaqələr
hazırda hansı səviyyədədir və Azərbaycan qurumun fəal üzvlərindəndirmi?
- Azərbaycan TÜRKSOY təşkilatının qurucusu olan dövlətdən
biridir. Qurumun bütün tədbirlərdə yaxından iştirak edən, yüksək səviyyəli
sənətçi və mədəniyyət xadimləri ilə
təmsil olunan Azərbaycan təşkilatın
ən fəal üzvlərindəndir. Hazırda əlaqələr
ən yüksək həddədir. Bu il Azərbaycan təşkilatda dönəm koordinatorluğunu həyata keçirirdi
və sədrliyin yekunu olaraq
TÜRKSOY Daimi Şurasının
Bakıda keçirilən 26-cı toplantısında təşkilat
üçün önəmli qərarlar
qəbul olundu. Məsələn,
Türkiyənin Mersin və Şimali Kipr Türk Respublikasının Girnə şəhərlərində
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının 100 illiyinə
həsr olunmuş TÜRKSOY Opera günləri, Antalya
və Ankarada Azərbaycan kinosunun
110 illiyinə həsr olunmuş fotosərgi
təşkil olundu. TÜRKSOY-a üzv
ölkələrin milli kitabxana
rəhbərləri Bakıda toplandı. Novruz
bayramı tədbirlərində Rəşid Behbudov
adına Dövlət Mahnı Teatrının kollektivi
yüksək peşəkarlıq nümayiş
etdirdi. İl ərzində
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bəxtiyar
Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərini
səhnələşdirdi. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri
ansamblı, “Oğuzlar” kollektivi,
Azərbaycan Dövlət mahnı və rəqs
ansamblının solistləri, Naxçıvan Dövlət
Filarmoniyasının mahnı və rəqs kollektivi
Türkiyənin müxtəlif şəhərlərində konsert proqramları ilə
çıxış etdilər. Rəssamlarımız, heykəltəraşlarımız,
fotoqraflarımız, aşıq, şair
və yazıçılarımız TÜRKSOY-un
tədbirlərində fəal iştirak
ediblər. Xalq yazıçısı Anar, xalq şairi Zəlimxan Yaqub və başqaları təşkilatın
mərkəzi binasında qəbul ediliblər. 6 üzv ölkənin opera
solistlərinin iştirakı ilə beynəlxalq layihə-
Hacıbəylinin “Koroğlu” operası”
beynəlxalq layihəsi hazırlandı və bu
ilin sentyabr ayında Bişkek, Almatı, Ankara
və Bakı şəhərlərində səhnəyə
qoyuldu. Demək olar ki, dünyada ilk dəfə belə bir
layihə TÜRKSOY tərəfindən həyata keçirildi. Dahi Üzeyir bəyin türk
dünyasında daha geniş
tanıdılması, “Koroğlu”
operasının bu ölkələrin
repertuarına salınması ilk mərhələ
idi. Biz türk dünyasının ümumi
qəhrəmanına həsr olunmuş “Koroğlu” operası vasitəsilə türk xalqlarının zəngin opera sənətini dünyaya
tanıtmağı planlaşdırmışıq. Gələn
il bu operanın
Rusiyanın və Avropanın bir neçə
şəhərində səhnələşdirilməsi nəzərdə
tutulur.
Hazırda “Dədə Qurqud
İrsi” mədəni turizm
marşrutunun, “Türk
xalqlarının musiqi alətləri” və
“Türk xalqlarının mətbəxi”
kataloqlarının hazırlanması istiqamətində Azərbaycan
tərəfinin təklifləri nəzərdən keçirilir.
Keçən il Azərbaycan Qafqaz Universitetində keçirilən- TÜRKSOY-un da dəstəklədiyi
-“Türk Xalqları Uşaq
Ədəbiyyatı” Beynəlxalq Konfransında təşkilatımızı
baş müdirin müavini F.Purtaş təmsil
edib. Daha sonra TÜRKSOY ilə Qafqaz
Universiteti arasında əməkdaşlıq
anlaşması imzalanıb, universitetin iki tələbəsi TÜRKSOY təşkilatında
1aylıq təcrübə keçib.
Bundan başqa, xalça
ustası Pərvin Kazımov, şəbəkə ustası Tofiq Rəsulov ve misgər
Şaiq Süleymanov
25 sentyabr - 4 oktyabr
tarixlərində Ankara Atatürk
Mədəniyyət Mərkəzində TÜRKSOY-un
dəstəklədiyi “Avrasya Əl Sənətləri”
sərgisində öz işlərini nümayiş etdiriblər.
- Üzv dövlətlər təşkilatı
gələcəkdə türk
dünyasının YUNESKO-su kimi görmək istəyir. Bu
istiqamətdə hansı addımlar
planlaşdırılır?
- Bizim də məqsədimiz zəngin
ümumtürk mədəniyyətini beynəlxalq
arenada lazımi səviyyədə
tanıtmaq və təbliğ etməkdir. Fəaliyyətimizin
coğrafiyasını, beynəlxalq əlaqələrimizi
genişləndirməyə başlamışıq. Bu il ərzində YUNESKO, Avropa Şurası, Avropa
Komissiyası və MDB-nin Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondu ilə əməkdaşlığın
genişləndirilməsi məqsədi ilə
qarşılıqlı səfərlər təşkil olunub. Bu görüşlər zamanı gələn il Parisdə və Brüsseldə TÜRKSOY tərəfindən
Novruz bayramının keçirilməsi
planlaşdırılmış, Avropa
Şurasının Təhsil, Mədəniyyət və İrs, Gənclik və İdman
İdarəsinin baş direktoru
Qabriela Battaini-Draqoni iki qurum arasında mədəniyyətlərarası
dialoqun və əməkdaşlığın
qurulması məqsədilə TÜRKSOY ilə birgə memorandumun imzalanmasını təklif edib. Dekabrın 16-da isə Moskvada
TÜRKSOY ilə MDB-nin Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondu arasında əməkdaşlıq Sazişi imzalanıb. Bundan
başqa, türk
dünyasının maddi və qeyri-maddi mədəni irs
siyahılarının hazırlanması istiqamətində müvafiq işlər aparılmaqdadır.
Maddi-mədəni irslə bağlı məlumatlar TÜRKSOY
nəzdində fəaliyyət göstərən türk mədəni irsinin
qorunması üzrə Bakı Beynəlxalq Mərkəzində
toplanmaqdadır. Qeyri-maddi mədəni
irslə bağlı TÜRKSOY-un 3-cü
seminarının gələn il Azərbaycanda
keçiriləcəyi nəzərdə tutulub.
Artıq biz daha böyük və uzunmüddətli layihələr
hazırlamağa başlamışıq. Məsələn, bu ilin aprelində İstanbulda “Türk ləhcələri
arasındakı tərcümə işlərinin bugünkü vəziyyəti və
qarşılaşdığı problemlər” adlı beynəlxalq
simpozium keçirdik.
Məqsədimiz türk xalqlarının ədəbiyyatının
birbaşa tərcüməsilə
orijinallığının qorunmasıdır. Artıq ilkin bəhrələr var.
Bu
yaxınlarda hörmətli qələm ustamız Ramiz Əsgər türkmən ədəbiyyatının
görkəmli nümayəndəsi- tanınmış şair, yazıçı və publisist Oraz Yağmurun “Qarabağlı ananın
ağısı” və Özbək poeziyasının
tanınmış nümayəndələrinin əsərlərindən
seçmə nümunələrini “XX əsr özbək şeiri antalogiyası” adı ilə Azərbaycan
dilinə tərcümə edərək “TÜRKSOY
kitabxanası seriyası” başlığı altında çap etdirİb.
- Başqa xalqların birgə musiqi və sənət festivalları olduğu halda, türk xalqlarının bu
tip birgəlikləri yoxdur.
Əlbəttə, «Koroğlu” layihəsi istisna edilməklə.
- TÜRKSOY yarandığı gün
türkdilli xalqların musiqi
və sənət festivallarını və görüşlərini
təşkil edib. Hər il keçirilən opera
günləri, rəssam, fotoqraf, heykəltəraşlar
və şairlərin görüşləri, rəngarəng Novruz bayramı tədbirləri, türk dünyası aşıqlar
festivalı və digər bu kimi tədbirlərdə bütün
türk dünyasından peşəkar sənətçilər
iştirak edirlər. Bu
il ikincisi keçirilən
“Min nəfəs bir səs”
türkdilli ölkələrin Beynəlxalq
teatr festivalında TÜRKSOY-un
8 üzv ölkəsindən, Makedoniya, Bolqarıstan və digər Balkan ölkələrindən türkdilli
teatrlar iştirak ediblər.
Hər ölkənin teatrı tamaşalarını öz dilində təqdim etmiş
və bu çox böyük maraqla
qarşılanmışdır. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı festivalda
“Çığ” (Uçqun)
tamaşasını göstərib. “Koroğlu”
operası layihəsi isə bu tədbirlərin
ən böyüyüdür.
- Bu gün türk xalqlarının əksəriyyətinin
öz dövlətləri var
və onlar öz mədəniyyətlərini
qoruya bilirlər. Elə türk
xalqları da var ki, dövlətləri yoxdur
və müəyyən mədəni-mənəvi basqı
altındadırlar, öz mədəniyyətlərini,
sənətlərini qoruya bilmirlər. Bu layihə və festivallarla
onların folklorunu, mədəniyyətini,
kinosunu qorumaq mümkündürmü?
- TÜRKSOY təşkilatı bütün
dünyada yaşayan türk xalqlarının mədəniyyətinin
inkişafına imkan daxilində köməklik
edir, dəstək verməyə
çalışır. Qurum Qaqauz, Tuva, Saha-Yaqut
folklor kollektivlərinin fəaliyyətinə
yardım edir. Keçən il “Başqurd şəcərələri”
kitabı və Xakas xalq
dastanı olan “Xan Mirgen” kitabı təşkilatın dəstəyi
ilə türk dilinə tərcümə
edilərək çap olunub.
- TÜRKSOY-un mədəniyyətə
verdiyi əsas prioritetlər və
yaxın vaxtlarda
planlaşdırdığınız tədbirlər...
- Əsas prioritet türk
mədəniyyətinin yaşadılması, inkişaf
etdirilməsi və dünya xalqlarına
tanıdılmasıdır. Gələnilki ən
böyük tədbirlərimizdən isə
Astana şəhərində keçiriləcək
“Türk dünyası şəhərsalma
və memarlıq qurultayı”nı, “18-ci Xəzər şeir axşamları”nı, «13-cü rəssamlar
buluşması»nı, «13-cü Opera
günləri»ni, “Koroglu” operasının Avropada və “İstanbul Avropa mədəniyyət
paytaxtı 2010” çərçivəsində İstanbulda səhnəyə
qoyulmasını, Avropada Novruz
bayramının keçirilməsini və oktyabrda
Bakıda keçiriləcək “Şərq-Qərb” beynəlxalq
kinofestivalı çərçivəsində türk dünyası filmlərinin
panoramının təşkil olunmasını, noyabrda ayında Bakıda nəzərdə tutulan “Türk xalqlarının musiqi
alətləri” simpoziumunun keçirilməsini
və s. qeyd etmək
istərdim. Gördüyünüz kimi, qurumun fəaliyyəti
genişlənməkdə, inkişaf etməkdədir.
- Necə düşünürsünüz,
TÜRKSOY üçün ən yaddaqalan və önəmli il
hansı olub?
- Təşkilat üçün ən
önəmli il yola salmaqda olduğumuz 2010-dur.
Belə ki, 2-3 oktyabr tarixlərində Naxçıvan şəhərində
keçirilən Türkdilli dövlətlərin
Başçılarının 9-cu Zirvə Toplantısında
çıxış edən Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyev, Qazaxıstan Respublikasının Prezidenti
Nursultan Nazarbayev,
Türkiyə Respublikasının Prezidenti
Abdullah Gül və
Qırğızıstan Respublikasının Prezidenti Kurmanbek Bakiyev TÜRKSOY-un builki fəaliyyətini yüksək qiymətləndirib
və təşkilata hərtərəfli dəstək
göstərilməsini vurğulayıblar. Bu
sözlər öz əksini tədbirin sonunda dövlət başçıları tərəfindən
imzalanan Naxçıvan Bəyannaməsində
tapıb. Bu böyük bir
tarixi hadisədir. Əlbəttə, TÜRKSOY-a belə yüksək dəstəyin
verilməsi bizi ruhlandırır, böyük ümidlər verir.
İnanırıq ki, bu
dəstək ümumtürk mədəniyyətinin
inkişafına böyük təsir
göstərəcək. Zirvə toplantısının yekununa əsasən, Türkdilli
ölkələrin Əməkdaşlıq Şurası
yaradılıb. Zənnimcə, 3 oktyabr tarixini türk
dünyasının birliyinə yönəlmiş gün olaraq hər il bayram kimi
qeyd etmək lazımdır.
Mehparə
Mədəniyyət.
- 2009.- 30 dekabr.- S. 10.