“Xilaskar” Tiflis səhnəsində
Bugünlərdə Cəfər Cabbarlı adına
İrəvan Dövlət Azərbaycan Dram Teatrı
Gürcüstanın Tiflis şəhərində qastrolda olub.
Səfər zamanı kollektiv sənətsevərlər
qarşısında Aqşin Babayevin “Xilaskar” və İsi Məlikzadənin
“Subaylarınızdan görəsiz” komediyası ilə
çıxış ediblər. Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
baş tutan səfər barədə təəssüratlarını
bölüşən rejissor Oruc Qurbanov, səhnə əsərinin
böyük maraqla qarşılandığını bildirdi.
- “Xilaskar”
tamaşası noyabr ayının 26-da Tiflisin məşhur
Şota Rustaveli teatrının səhnəsində
oynanıldı. Onu da qeyd edim ki, ilk Azərbaycan truppası idi
ki, bu dünyaşöhrətli teatrın səhnəsində
çıxışına şərait
yaradılırdı.
Əsas
tamaşaçımız Gürcüstan azərbaycanlıları
idi. Tamaşaya Azərbaycanın Gürcüstandakı səfiri
Namiq Əliyev, Ukraynanın səfiri, Rusiya və digər səfirliklərin
nümayəndələri, Gürcüstanın diaspora naziri,
gürcü teatr ictimaiyyəti, Gürcüstan Teatr Cəmiyyətinin
sədri Qiqa Lorkipanidze, Tiflis Azərbaycan Dram Teatrının bədii
rəhbəri Qoça Kapanadze və teatrın kollektivi, Suxumi
teatrının aktyorları dəvət edilmişdilər. Qonaqlar
arasında məxsusi olaraq Gürcüstanın sabiq prezidenti
Eduard Şevardnadzeni qeyd etmək istərdim. Köməkçisi
bildirdi ki, Berlin divarının sökülməsinin iyirmi
illiyi münasibətilə o, Almaniyaya dəvət
olunmuşdu. Səhhətində yaranmış problemlə əlaqədar
olaraq səfərdən imtina etdi. Sonra Almaniyadan göndərilən
xüsusi təyyarə ilə getməli oldu. Amma sizin
teatrın dəvətini alan kimi razılığını
verdi. Tamaşanın yaxın dostu Heydər Əliyevə həsr
edilməsi onu maraqlandırmışdı.
- Tamaşadan sonra
Şevardnadzenin rəyini öyrənə bildinizmi?
- “Xilaskar”ımız barədə
rəyini soruşduqda cənab Şevardnadze dedi: “Çox
yaxşı etmisiz ki, Heydər Əliyev barədə
tamaşa hazırlamısız. Mən dilinizi bilməsəm də,
tamaşada mənə hər şey aydın idi. Çünki
o hadisələr mənə tanış idi”. Xatirə
üçün fotolar çəkdirib ayrıldıq. Ayrılarkən
məlum oldu ki, Şevardnadze iqamətgahında bizi qəbul edəcək.
Bu xəbər hamımızı çox sevindirdi. Deməli,
tamaşa onun çox xoşuna gəlmişdi. Səhəri
Gürcüstan Teatr Cəmiyyətində
görüşümüz oldu. Bizi cəmiyyətin sədri,
SSRİ xalq artisti, “Sahillər” (“Bereqa”) çoxseriyalı
televiziya filminin quruluşçu rejissoru Q.Lorkipanidze qəbul
etdi. İki qonşu xalqın teatr sənəti barədə maraqlı
söhbətlər oldu. Söhbət əsnasında
Q.Lorkipanidze bizim böyük teatr rejissorumuz Tofiq Kazımovla
Moskva Teatr İnstitutunda SSRİ xalq artisti D.Popovun və
M.Knebelin rejissor kursunda təhsil aldıqlarını və
möhkəm dost olduqlarını xatırlatdı.
“Tofiq institutun
gözü idi. Hamı ona gələcəyin böyük
rejissoru kimi baxırdı. Hətta bizi Moskvada saxlamaq fikirləri
də var idi. İkimizin də vətənpərvərliyi buna
imkan vermədi, mən Gürcüstana, o da Azərbaycana
qayıtdı... Heyif Tofiqdən... O məndən iki yaş
böyük idi. Hər dəfə mənə deyərdi ki,
Qiqa, mən səni doğma qardaşım qədər sevirəm.
Təəssüflər olsun ki, biz iki qardaş yad rus dilində
danışmağa məhkumuq».
- Gürcüstanın
daha hansı bölgələrində qastrol səfərində
oldunuz?
- Marneulidə, Bolnisidə,
Qardabanidə, azərbaycanlıların yaşadıqları Kəpənəkçi
və ermənilərlə sərhəd olan Sadaxlı kəndində.
Kaspi vilayətinin Cələ kəndində
oynadığımız “Subaylarınızdan görəsiz”
tamaşasını qeyd etməyə bilmərəm. Biləndə
ki, azərbaycanlıların yaşadıqları bu kənddə
indiyə kimi teatr tamaşası göstərilməyib,
teatrın rəhbərliyi orda pulsuz tamaşa göstərmək
qərarına gəldi. Uşaqların sevincinin həddi-hüdudu
yox idi. Hara gedirdiksə azərbaycanlılar bizi hörmət və
ehtiramla, duz-çörəklə
qarşılayırdılar. “Xilaskar” tamaşası dörd dəfə
oynanıldı. Hər dəfə də Heydər Əliyevin
Qarabağ həqiqətləri barədə dedikləri səhnədən
səslənəndə ermənilər salonu tərk edərək
foyedə baş-başa verib pıçıldaşdıqdan
sonra əsəbi halda yenidən salona qayıdırdılar.
Noyabrın 30-da növbəti
tamaşamızı göstərdik və tələsik Tiflisə
qayıdıb Tiflis Azərbaycan Dram Teatrında Üzeyir
Hacıbəylinin “Ər və arvad” komediyasına baxdıq. Tamaşadan
sonra maraqlı fikir mübadiləsi aparıldı.
- Şevardnadze ilə
görüşünüz baş tutdumu?
- Bəli,
Gürcüstanın iki qaçqın teatrının
üzvü xalq artistləri Qeorqi Kaftaradze, Dmitri Conani və
dörd nəfər bizim teatrın nümayəndələri
dekabrın 2-də Şevardnadzenin iqamətgahına gəldik.
Təcrübəli siyasətçini yorğun və fikirli
gördük. İrəvan teatrının direktoru və
baş rolun ifaçısı İftixar Piriyev birdən bədahətən
Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”
poemasından dostluğa həsr olunan parçanı
gürcü dilində əzbərdən dedi. Şevardnadzenin
sanki çöhrəsi açıldı, könlü
şadlandı, üzünə təbəssüm qondu.
Sualımızı gözləmədən “Xilaskar”
tamaşası barədə söhbət açdı:
“Çox yaxşı etmisiz ki, Heydər Əliyev barədə
tamaşa hazırlamısız. Dilinizi bilməsəm də,
tamaşadan hər şeyi başa düşdüm. Olduqca
mürəkkəb bir dövr idi. Heydər Əliyev təkcə
Azərbaycanın deyil, bütün Qafqazın lideri idi...
Çətin anlarımızda biz gürcülərin köməyinə
çatdı. Bakı-Tiflis-Ceyhan neft kəmərinin cəkilişi
ilə əlaqədar bizə torpaqhaqqı cüzi pay
düşürdü. Heydər Əliyev Gürcüstanın
çətin vəziyyətini görüb Azərbaycanın
payını bizim respublikaya verdi. Bu bizim üçün
böyük dəstək idi... Olduqca gözəl və məftunedici
tamaşa idi”.
İftixar Piriyev Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin adından ona xatirə olaraq saz hədiyyə etdi. Xatirə
şəkilləri çəkdirib ayrıldıq. Həyətə
düşərkən üstündə ortası oymalı iri
xaç olan qranit plitə diqqətimi cəlb etdi. Mühafizə
rəhbəri maraqla baxdığımı görüb mənə
dedi ki, burda Şevardnadzenin xanımı dəfn edilib. Bir az
aralıda isə yığcam, incə zövqlə düzəldilmiş
çardaq var idi. Mühafizəçinin dediyindən bəlli
oldu ki, hər axşam Şevardnadze xanımının məzarı
önündəki bu çardaq altında oturub uzun
ömrün acılı-şirinli xatirələrinə
dalır...
Olduqca
düşündürücü və kövrək bir mənzərə
idi...
- Oruc müəllim,
Gürcüstan barədə daha hansı diqqəti cəlb edən
həqiqətlərlə tanış oldunuz?
Maraqlı qastrol səfəri
oldu. Bir maraqlı faktı da qeyd edim; Gürcüstan Dövlət
Universitetində Heydər Əliyev Fondunun təşəbbüsü
ilə yaradılmış “Azərbaycanın Dostları”
guşəsində Heydər Əliyevi anım günü
keçirildi və həmin tədbirdə Azərbaycanın
Gürcüstandakı səfiri N.Əliyev teatrın
kollektivini uğurlu qastrol səfərinə görə fəxri
fərmana da layiq gördü. Bundan başqa İrəvan
Dövlət Azərbaycan Dram Teatrı Q.Lorkipanidze tərəfindən
Gürcüstan Teatr Cəmiyyətinin fəxri fərmanı
ilə də təltif edildi. Qastrolun son günü Kvemo Kartli
qubernatorunun müavini Hüseyn Yusifov kollektivə
quberniyanın fəxri fərmanını təqdim etdi. Uğurlu
qastrol səfərinə görə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevə qubernator adından minnətdarlığını
bildirdi. Həmçinin teatrı növbəti ilin may
ayında yenidən qastrol səfərinə dəvət etdi.
Söhbətləşdi: Aytən AYDINQIZI
Mədəniyyət.- 2009.- 11 dekabr.- S. 8-9.