Qorumaq dəyəri
Məşhur «Dədə Qorqud» filmində Dədə belə bir vacib fikir
söyləyir: «Torpağı qorumadınsa, əkməyinə
dəyməz, əkmədinsə qorumağına». Azərbaycan
Teatr Muzeyinin əməkdaşları
bu qorumaq
missiyasını öz üzərlərinə
götürməklə məsələnin birinci
tərəfini bizim üçün
(teatr adamları üçün)
açıq qoyurlar. Amma
əlbəttə ki, tarixlə maraqlanan adi
tamaşaçılar üçün muzey tarixi eksponatların saxlanc yeridir.
Noyabrın 25-də Dövlət Teatr Muzeyinin 75 yaşı
tamam olub. Muzeyin saytının yaradılması kimi vacib bir
məsələ bu ərəfələrdə
həll olunur. Deməli, muzey
deyəndə adamda statik,
cansız bir məkan təsəvvürü
oyadan bir yerdə dinamika daha da
artacaq. «Çörəyi ver
çörəkçiyə» deyiblər. Elmi
işlər yazan teatrşünaslar
üçün teatr
muzeyi böyük mənbədir.
Elə teatrla maraqlanan
adi tamaşaçı üçün
də bura maraqlı olmalıdır. Bu məkanın yeganə stixiyası nədir?
- Ən canlı sənət növünün
tarixinə cansız fotolar, geyimlər, məktublar,
kağızlar, kitablar, afişalar
səssiz-səmirsiz şəhadət verir...
Tarix
Cəfər Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyi
1934-cü ildə yaradılıb. Onun
yaradıcısı və ilk direktoru teatr xadimi Ağakərim Şərifov olub. Ağakərim Şərifov1923-cü ildən
Teatr Texnikumunda dərs
deyirdi. 1926-cı ildə o,
texnikumun ilk məzunlarının
köməyi ilə birinci sərgini
açır. Sərgi Tağıyev teatrının foyesində
açılır və sərginin materialları kimi Sidqi Ruhullanın
arxivindən istifadə olunur. Sərgidə Mirzə Cəlil, Haqverdiyev,
Cəfər Cabbarlı, Əziz Şərif iştirak
edir. 1927-ci ildə Dövlət Muzeyində
Teatr şöbəsi açılır.
1934-cü ildə isə dövlət teatr
muzeyi müstəqil fəaliyyət
göstərməyə başlayır.1935-ci ildə muzeyə
Cəfər Cabbarlının adı verilir.
İlk illərdə muzeyin
ekspozisiya zalı fəaliyyət göstərirdi.
Ağakərim Şərifov 1942-ci ilədək muzeyə rəhbərlik
etdi. 1968-ci ilə qədərsə muzeyə
Cəfər Cabbarlının həyat yoldaşı Sona Cabbarlı rəhbərlik edirdi.
Ağır müharibə illərində teatr
muzeyi tam qüvvəsi
ilə fəaliyyət göstərib. Hətta 1943-cü ildə
6 yeni ekspozisiya
zalı açılıb.
1990-cı ilədək muzeyin direktoru vəzifəsində
Hüseyn Cavidin
qızı Turan Cavid
çalışdı. Muzeyin
hazırkı direktoru Nuridə
Nurullayevadır. İldən-ilə zənginləşən teatr muzeyi arxiv
materiallarını qorumaqla bərabər
həm də dövlət əhəmiyyətli obyektdir.
Bu gün
Muzeyin bugünki fəaliyyəti barədə Teatr Muzeyinin əməkdaşlarından
məlumat aldıq. Onların söylədiyinə görə
muzeydə 135 mindən artıq eksponat var. Bu eksponatlar
teatr mədəniyyətimizin bir əsrdən artıq dövrünü
əhatə edir. Burda olan
nadir sənədlər sayəsində
teatrımızın təşəkkül dövrü,
müxtəlif inkişaf mərhələləri,
Azərbaycanın mədəniyyət tarixində misilsiz xidmətləri olan
maarifçi- ziyalılarımız, teatr korifeylərimiz, sənətkarlarımız
haqqında məlumat almaq mümkündür. Bu sənədlər proqram və afişalardan,
əlyazmalardan, neqativlərdən, geyim və
dekorasiya eskizlərindən,
tamaşaların müxtəlif pərdələri üçün qurulmuş
səhnə tərtibatlarının maketlərindən, şəxsi
əşya və rekvizitlərdən, teatr
kostyumlarından, obrazlara düzəldilmiş
kuklalardan, kinolentlərdən ibarətdir.
Muzeydə qorunan eksponatların əksəriyyəti
orijinal materiallardır.
Muzeyin
içində ayrı-ayrı fondlar fəaliyyət
göstərir. Arxiv Memuar
fondunda 700-dən çox
şəxsi arxiv qorunur.
Muzeyin ən maraqlı fondlarından biri də fotoneqativ fondudur. Ən orijinal şəkillər,
onların surəti və neqativi bu fondda saxlanılır. Eskiz-maket fondunda ilk teatr rəssamlarından
tutmuş bu günə
qədər dekorasiya və geyim eskizləri qorunur. Azərbaycanın
görkəmli karikaturaçı rəssamı
Ə.Əzimzadənin teatr tariximizi, el-oba şənliklərini
və dini adətləri əks etdirən
rəsmləri də olduqca dəyərli
sənət nümunələridir.
XIX əsrin sonu, XX əsrin əvvəllərində
teatrımızın yaranmasında və inkişafında misilsiz xidmətlər göstərmiş sənət
fədailərimizə aid materiallar,
həmin dövrün teatr
həyatını əks etdirən yastıq və ipək parçalar üzərində
yazılmış proqramlar, ilk Şərq konsertində istifadə olunmuş musiqi alətləri
böyük maraq doğurur. Azərbaycan
teatrının yüksəliş dövründə böyük iz qoymuş sənətkarlarla, Şərqdə
və Avropada məhşur olan
Azərbaycan musiqisi, opera
və balet sənəti ilə
bağlı olduqca dəyərli materiallar muzeyin zəngin fondundan xəbər verir.
Operetta
janrında ilk tamaşanın proqramı, Musiqili Komediya, Gənc
Tamaşaçılar və Kukla
teatrlarının fəaliyyəti ilə bağlı unikal sənədlər Teatr
Muzeyində bu günə qədər qorunub saxlanılır.
Azərbaycan teatrının
ayrılmaz hissəsinə çevrilmiş
Azərbaycan Dövlət Rus Dram Teatrına aid çoxlu fotoşəkillər, kostyumlar, proqram və afişalar, eləcə də bölgə
teatrlarından bəhs edən müxtəlif eksponatlar
teatr tariximizi öyrənmək,
tədqiq etmək üçün dəyərli
nümunələrdir.
Bundan başqa muzeyin Ekspozisiya, Kütləvi iş
və Fonoteka şöbələri fəaliyyət
göstərir.
Muzeyin şah libası
Muzeyin direktor müavini
Sevinc Mikayılovadan muzeyin
ən nadir və maraqlı
eksponatlarını soruşuruq. «İlk teatr
tamaşamızın - 1973-cü ildə hazırlanmış
«Hekayəti-vəziri-xani-Lənkəran»ın afişası, Həbib
bəy Mahmudbəyovun rəhbərlik etdiyi
ilk teatr
truppasının üzvləri toplanmış 1888-ci ilə aid olan fotoşəkil muzeyin ilk
eksponatlarındandır. Və yaxud «Ağa Məhəmməd Şah
Qacar» tamaşasında Hüseyn
Ərəblinskinin geyindiyi şah
libası və tac da sizin üçün
maraqlı ola bilər» deyə Sevinc xanım məlumat verir.
«Teatr Muzeyinin son vaxtlarda
təşkil etdiyi səyyar sərgilərə
gəldikdə isə, bunlar Azərbaycan
teatrının 135 illiyinə həsr olunmuş
səyyar və yubiley sərgiləridir. Həsən
Turabovun anadan
olmasının 70 illiyi, Mehdi
Məmmədovun anadan olmasının 90 illiyi, Rafiq Əzimovun anadan olmasının 70 illiyi
ilə əlaqədar sərgilər təşkil etmişik. Espozisiyada dəyişikliklər
edilib. Əvvəllər nümayiş
olunmuşlar yeniləri ilə əvəz
edilib».
Muzeyin fondu aktyorlar, rejissorlar və rəssamların şəxsi
arxivlərini muzeyə bağışlaması sayəsində
zənginləşir. Fonda yeni
daxil olmuş materiallara Ofeliya Məmmədzadənin
və Məmmədkamal Kazımovun şəxsi arxivləri aiddir.
Muzeyin 75 illik yubileyində daha bir yenilik isə yenicə
nəşr olunmuş kitabdır. Müəllifləri
Nuridə Nurullayeva və Sevinc
Mikayılova olan bu kitab Teatr Muzeyinin
75 illik yubileyinə həsr olunub.
A.Dadaşova
Mədəniyyət. - 2009.- 11 dekabr.- S. 7.