Elitar musiqi ahəngli dekabr

 

Bakını küləksiz təsəvvür etmək mümkünmü? Mikayıl Müşfiq bu cənub şəhərindən cövlan edən küləkləri «bəstəkar küləklər» adlandırıb. Nakam şairin təbirincə desək, bu həftə əsən «bəstəkar» küləklər bizlərə sözün həqiqi mənasında elitar musiqilər çatdırır. Bu da təsadüfi deyil.

 

Dekabrın 8-də Bakıda III Beynəlxalq Mstislav Rostropoviç Festivalı başlayıb. Bu sənət bayramı Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Bir həftə davam edəcək festival klassik musiqi xiridarlarını elitar musiqi ilə görüşdürür. Azərbaycan Dövlət Filarmoniyasında keçirilən təntənəli açılış mərasimində əvvəlcə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. Nazir Azərbaycanda belə bir festivalın keçirilməsini, dünya miqyaslı klassik musiqi ifaçılarının paytaxtımıza gəlişini önəmli hadisə kimi qiymətləndirib. Sonra festivalın direktoru, dahi musiqiçinin qızı Olqa Rostropoviç festival iştirakçılarına uğurlar diləyib.

Ənənəyə görə, birinci axşam ev sahibləri - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Baş dirijor Rauf Abdullayevin idarə etdiyi orkestr çıxışa Azərbacyan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin dahi musiqiçinin xatirəsinə həsr etdiyi əsərlə başlayıb. Əsər ilk dəfə səslənib.

Konsertdə azərbaycanlı vokalçılar - Rusiya Böyük Teatrının solisti Elçin Əzizov, Azərbaycan Opera və Balet Teatrının soilsti Samir Cəfərov çıxış ediblər. Azərbaycanın böyük simfonik orkestri isə Qara Qarayevin, Fikrət Əmirovun, Oqtay Zülfüqarovun əsərlərini ifa edib.

Açılış mərasiminin ikinci hissəsində isə «Musiqi əsgərləri: Rostropoviçin Rusiyaya qayıdışı» sənədli filmi göstərildi. Uşaqlıq illəri Bakıda keçmiş, Azərbaycana böyük rəğbətlə yanaşan Mstislav Rostropoviçin dahiliyini anlamaq üçün bu sənədli filmə tamaşa etməyə dəyərdi.

Dekabrın 9-da və 10-da isə Filarmoniyanın səhnəsində Yuri Başmetin rəhbərlik etdiyi «Yeni Rusiya» simfonik orkestri çıxış edib. Srağagünkü konsertə gələnlər P.Çaykovskinin «Romeo və Cülyetta» üvertur-fantaziyasını və 6 nömrəli simfoniyasını, D.Şostakoviçin «Bayram üverturu»nu, eləcə də violonçel ilə orkestr üçün 1 nömrəli konsertini dinlədilər. Solist David Gerinqas idi. Əslən Litvadan olan violonçel ifaçısı dirijor Gerinqas hazırda Almaniyada yaşayır. Mstislav Rostropoviçin ən yaxşı tələbələrindən ardıcıllarından sayılan David Gerinqas dünyanın ən məşhur violonçelçilərindən sayılır. O, həm Rusiya Litvanın avanqardçı bəstəkarlarının əsərlərini Qərb dinləyicilərinə tanıdan ilk ifaçılardandır.

Qəzetimiz çapa hazırlanan saatlarda isə Azərbaycan Dövlət Filarmoniyasına toplaşan musiqisevərlər üç ölkə musiqiçilərinin yaradıcılıq tandeminə şahidlik edirlər. Onlar Rumıniyadan olan dirijor Kristian Badeanın idarəsilə «Yeni Rusiya» simfonik orkestrinin çıxışını dinləyirlər. M.Qlinka, S.Raxmaninov D.Şostakoviçin əsərlərinin səsləndiyi konsertin solisti tanınmış Azərbaycan pianoçusu Murad Adıgözəlovdur.

 

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2009.- 11 dekabr.- S. 5.