Bənzər o, bir qocaman dağa ki...

 

«...1995-ci ilin yayı idi. Avqustun 25-də mənim 60 yaşım tamam olmalı idi. Ulu öndər Heydər Əliyev vətəndaş müharibəsinin ilk ocaqlarını söndürmüşdü. Gərginlik nisbətən sakitləşmişdi. Soyulmuş, talanmış bir ölkənin yaralarını sağaltmağa çalışırdı, eyni zamanda gələcəyinin layihəsini işləyirdi. İyun ayı idi. Əslində mən 60 illiyimi qeyd etmək fikrində deyildim. Ölkənin bu vəziyyətində yubiley keçirmək arsızlıq kimi görünərdi. Şair Ramiq Muxtar mənə yanaşdı. Dedi: «Sədərək» şirkəti var, sizin yaradıcılıq gecənizi keçirmək istəyir. Etiraz etmək istədim. Sözümü yarımçıq qoydu: «Anar müəllimlə danışmışıq, şirkət vəsait ayırıb, Mədəniyyət Nazirliyi iyunun 26-sı üçün filarmoniyanı verib».

 

Mən fakt qarşısında qaldım. Xülasə, gün gəlib çatdı. Səhər Anarla görüşdük, dəvətnamələr paylanmışdı. Anar Prezident Aparatına, ulu öndər Heydər Əliyevə dəvətnamə göndərməyimi məsləhət gördü. Dedim ki, bu qədər işin-gücün içində mən də dirənim ki, ad günümü edirəm. Ayıbdı! Anar bir an susdu.

- Bəs sonra biləndə ki, ölümdən qurtardığı bir adamın yaşı olub, bir dəvətnamə də göndərməyib, ona necə təsir edər? Sənə, mənə ayıb olmazmı? Biz dəvətnamə göndərək. Onsuz da işi başından aşır. Prezidentin vaxtı dəqiqə-dəqiqə hesablanıb. Prezidenti dəvət etmək ona sayğı deməkdir. Əlbət ki, gəlməyə vaxtı olmayacaq.

- Düz deyirsən, dəvətnamə göndərmək lazımdır.

Göndərdik. Anar Prezidentin köməkçisinə zəng etdi. Bir saat sonra hər şey dəyişdi. Heydər Əliyev kimi bir dahinin məntiqi də, təsəvvürü də çaşdırıb mat qoyması təbiidir. Belə olmasa, o, ulu öndər Heydər Əliyev olmazdı».

Bu əhvalat 1995-ci ilin yayında baş verib, tarixin on beş il öncəki səhifələrinə yazılıb. Düzü, əksəriyyətimiz həmin yay bizim həyatımızda nələrin baş verdiyini çoxdan unutmuşuq. Amma xalq şairi, bütün Azərbaycanın nəğməkar şair kimi çox sevdiyi Fikrət Qoca həmin 95-ci ilin yayını, ənənəyə xilaf çıxaraq (adətən, yubileylər ləngidilir axı...) vaxtından əvvəl keçirilən 60 illiyini, ölkənin çox ağır zamanlarında dövlət başçısının onun yubileyinə təşrif buyurmağını, fasilədə Azərbaycan yazıçıları ilə səmimi söhbətini ömür vəfa etdiyi qədər xatırlayacaq. Çünki Fikrət müəllim, bütövlükdə Azərbaycan mədəniyyətindən ötrü əməyi keçmiş, istedadı ilə mənəviyyatımızı zənginləşdirmiş bütün insanlar kimi, xalqımızın ulu öndərinin qayğısını, diqqətini şəxsən hiss edib.

Vəfatının növbəti ildönümünü kədərlə andığımız Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində mədəniyyətimizin inkişafı, tanınması üçün gördüyü işləri, mədəniyyət insanlarının istedadına daha geniş meydan verilməsinə göstərdiyi daimi qayğını unutmaq, bütün bunların üstündən sükutla keçmək, ən azından vicdansızlıq olardı. Düzdür, sovet hakimiyyəti illərində bu sayaq diqqəti, qayğını açıb-ağartmaq, mətbuat vasitəsilə yaymaq o qədər alqışlanmasa da, mədəni mühitə bir qədər yaxın olanlar nələrin baş verdiyindən, hansı əsərin uğurunda kimin xidmətinin olduğunu, kimin güclü əlinin təkan verdiyini yaxşı bilirdilər. Və bu söhbətlər istər-istəməz dildən-dilə, eldən-elə yayılırdı.

...Uşaqlığı mənim kimi sovet vaxtına təsadüf edənlərin yadında olar: televizorda Azərbaycan filminin göstərilməsi az qala hadisəyə çevrilirdi. Bəzi filmlərimizinsə təkcə adını bilirdik, kitabda, jurnalda gördüyümüz şəkillərindən tanıyırdıq. Səhv eləmirəmsə, VIII sinifdə oxuyurdum. Həftəlik proqramda «Bir cənub şəhərində» filminin adını görəndə çox maraqlandım. Adını eşidib özünü görmədiyim filmin nümayişini həsrətlə gözlədim. Həm də təkcə mən yox, məndən yaşca böyük olan ailə üzvlərimiz də. Film başladı, baxdım, xoşuma gəldi. Sonra istər-istəməz içimdəki sualı böyüklərə ünvanladım: «Burda nə vardı ki, onu göstərmirdilər?» Qəlbən sovet ideologiyası ilə heç zaman barışmamış rəhmətlik atamın milli adət-ənənələrin, yalnız Azərbaycana, Bakıya xas milli koloritin Sov.İKP-nin göstərişlərinə nə qədər uyğun gəlmədiyi, «Bİr cənub şəhəri»nin baş qəhrəmanının sovet adamına oxşamadığına görə eşitdiklərinə qulaq asdım. İndi dumanlı xatırladığım həmin söhbətdən mənim yeniyetmə dünyagörüşüm üçün təzə və maraqlı bir məqam yaddaşıma ilişdi: «Əgər Heydər Əliyev o vaxt işə qarışmasaydı, filmi tamam qadağan edəcəkdilər, müəlliflərin də başına, kim bilir, nə gələcəkdi».

İllər keçəndən sonra «Bir cənub şəhərində» filmi ilə bağlı təkcə mən yox, bütün maraqlananlar çox şey öyrəndi. Sadəcə, o zaman mənim uşaq ağlım bir kəşf etdi: «Deməli, dövlət başçısı sənətə, sənətkara qahmar çıxmalı, ona yiyə durmalıdır ki, mədəniyyət inkişaf etsin».

Heydər Əliyevlə cəmi bir neçə dəqiqə söhbət edən sənətkarlar, həm də təkcə Azərbaycan və ya postsovet məkanında yaşayan sənətkarlar yox, dünyaşöhrətli əcnəbi sənət adamları da bu insanın erudisiyasına, mədəniyyətin bütün sahələrindən professional nəzəriyyəçi-tənqidçi səviyyəsində xəbərdar olmasına heyranlıqlarını gizlətmirdilər. Həm də bu məlumatlılıq təkcə informasiya, bilik səviyyəsində yox, şüurun intuitiv qatında idi. Ulu öndər sənəti çox gözəl duyur və anlayır, həm də öz duyğularını dəqiq ifadə etməyi bacarırdı. Gəlin razılaşaq ki, nadir rast gəlinən belə böyük istedad həm siyasət adamına, həm də söz adamına eyni dərəcədə lazımdır. O həm də öz haqqını qorumağı bacarırdı.

Bu yerdəcə oxucularımızın yadına bir məqamı salmaq istəyirəm. Böyük bəstəkarımız Tofiq Quliyevin 80 illik yubileyi qeyd olunurdu. Yubiley tədbirinin sonunda yubilyar minnətdarlığını bildirərkən ağzından qaçırtdı ki, cənab Heydər Əliyev, Sizin mənə təbrik məktubunuzu kim yazıbsa, mənim barəmdə çox yaxşı, səmimi fikirlər işlədib. Salon ahıl mədəniyyət xadiminin bu deyimini xəfif gülüşlə qarşıladı. Əslində, burada qəribə və gözlənilməz bir şey yox idi. Dünya siyasət və dövlətçilik tarixində qəbul olunmuş normalara görə istənilən sənədi, o cümlədən hər hansı məktubu dövlət başçısının aparatında çalışan mütəxəssislər yazar. Sadəcə, qocaman bəstəkarın pərəstişkarları onun səmimiyyətinə, dövlət başçısına etdiyi ərkə öz reaksiyasını bildirdilər. Və birdən salonda əyləşmiş Heydər Əliyev kimsənin gözləmədiyi halda səhnəyə çıxdı, üzündəki mənəvi zövq ifadəsini pozmadan çıxışına başladı:

«Əziz Tofiq! Mən sənin 80 illik yubileyin münasibətilə sənə təbrik məktubu göndərmişəm. Onu da bil ki, mən göndərdiyim və ümumiyyətlə, yazdığım məktubların hamısını əvvəldən axıradək özüm yazıram. Siz də, hamınız da bilirsiniz ki, mənim dediyim sözlərin hamısı öz beynimdən gələn sözlərdir, heç vaxt əlimdə kağız olmayıbdır. Sənin bu yubileyini belə təntənəli şəkildə keçirməklə biz hamımız borcumuzu yerinə yetirmişik».

Mərhum Heydər Əliyevin iştirak etdiyi hər tamaşadan, dinlədiyi hər konsertdən sonra səhnə arxasına keçib sənətkarlarla söhbət etməsi sənətsevərlərə bir ədəbi-bədii müzakirə təsiri bağışlayırdı. O özü də bunu etiraf edirdi: «Mən sadəcə olaraq gəlib «sağ olun, çox yaxşıdır» demirəm. Mən hökmən pyesin özünün, müəllifin, sonra da tamaşanın quruluşunun məziyyətlərini saf-çürük etməliyəm. Bu, heç kimdən - nə məndən, nə də onlardan asılıdır. Bunu heç kim düşünüb tapmamışdır. Bu, sadəcə, həmişə, bütün həyatım boyu olmuşdur. 30 il əvvəl Azərbaycanın rəhbəri olduğum vaxtdan bəri mən biganə qala bilmirəm. Mən öz fikrimi, öz rəyimi söyləməliyəm. Məsələn, mən bir neçə dəfə demişəm ki, səhnə xadimlərinin əməyi ən ağır əməkdir, hətta şaxtaçıların əməyindən də ağırdır, dənizdə neft çıxaran neftçilərn əməyindən də ağırdır. Bir sözlə, mən bunu təsəvvür edirəm. Mən teatrın səhnə arxasındakı bütün həyatını təsəvvür edirəm, səhnədə nələr baş verdiyini təsəvvür edirəm. Buna görə də bütün bunları bilərək və qiymətləndirərək sadəcə «sağ olun, yaxşıdır, sizə təşəkkür edirəm» sözləri ilə kifayətlənə bilmirəm. Bunu tamaşaya baxmağa gələn hər kəs edə bilər».

Təxminən iki ay əvvəl gözəl aktyor, Azərbaycanın xalq artisti Hacımurad Yegizarovdan müsahibə alırdım. Söhbət gəlib incəsənətə, mədəniyyətə dövlət qayğısından düşəndə görkəmli sənətkar ulu öndərimiz Heydər Əliyevi xatırladı:

- Çox maraqlı insan idi Heydər Əliyev. Təsəvvür edin, mənim həyatım barədə elə məlumatları bilirdi ki, onları yalnız mənim ən yaxın adamlarım billə bilərdi! Bəs tamaşaların, obrazın təhlili? Onunla hər ünsiyyət insana xüsusi zövq verirdi. Belə bir insana xidmət etmək özü bir fəxrdi. Bir dəfə dedim ki, əgər cavan olsaydım, aktyorluqdan (müsahibim gəncliyində idmanla, xüsusilə də boksla məşğul olmuşdu) əl çəkib Heydər Əliyevin mühafizə dəstəsində işləyərdim. Mənə ondan heç nə lazım deyildi. Bir aktyor həyatda öz zəhməti ilə nəyi qazana bilərdisə, mən hamısına özüm nail olmuşdum. Sadəcə, Heydər Əliyev kimi dahi şəxsiyyətə xidmət etməyi özümçün böyük şərəf bilərdim.

Mərhum prezidentimiz Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısından, sənət adamlarına hamiliyindən danışmaqla, yazmaqla bitən deyil. Həm də dahi şəxsiyyətlər uca dağ kimidir. Ona yaxın olduqca, böyüklüyünü layiqincə dərk edə bilmirsən. Amma uzaqlaşınca, əzəmətini daha yaxşı anlayırsan. Olsun ki, ulu öndərin xarakterinin bütövlüyünü, dünyagörüşünün genişliyini, dünyaduyumunun dərinliyini, uzaqgörənliyinin miqyasını tam qavramaqdan ötrü bizə hələ illər gərəkdir. Onun ruhuna ehtiram isə Azərbaycana, dövlətimizin maraqlarına, mədəniyyətimizin inkişafına töhfəmiz ola bilər.

Bu yazıya sonluq da elə ulu öndərin özünün müdrik kəlamı ola bilər: «Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərin ən yüksəyi, ən böyüyü mədəniyyətdir».

 

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2009.- 11 dekabr.- S. 3.