Qara Qarayevin musiqi dünyası – dünən, bu gün, sabah

 

Zəngin və yüksək mədəniyyətə malik olan xalqımız daim özünün yetişdirdiyi adlı-sanlı, görkəmli, istedadlı övladları ilə fəxr edir. Dahi bəstəkar, ictimai xadim, akademik, böyük müəllim və gözəl insan olan Q.Qarayev məhz belə nurlu, işıqlı insanlardandır. Ömrü əbədiyyətə qovuşmuş dahi bəstəkarın bu gün 91 yaşı tamam olur. Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə dahi bəstəkarın 90 illik yubileyi bütün dünyada böyük təntənə ilə qeyd olundu.

 

Q.Qarayevin adı Azərbaycan xalqı üçün daimi və əzizdir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada hər bir kəs bu dahi sənətkarın musiqi dühasının sehrinə düşməsin, onun “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən, “Leyli və Məcnun” simfonik poemasından xəbərsiz olsun. Q.Qarayev öz əsərləri ilə daim sevilən və insanı düşündürən sənətkardır, çünki o, həmişə doğma torpaqdan qüdrət almış, muğam, aşıq musiqisi, xalq nəğmələri kimi milli musiqimizin saf çeşməsindən su içmişdir.

Eyni zamanda Q.Qarayev bəşəri hörmət qazanmış sənətkardır. Çünki sənət yolunda yeni cığırlar açaraq, yalnız özünəməxsus üslub yaratmış bəstəkar təkcə öz xalqının deyil, həm də dünya musiqi tarixinin bütün dövrlərinin nailiyyətlərini mənimsəmiş, dünya musiqi mədəniyyəti xəzinəsini misilsiz əsərləri ilə zənginləşdirmişdir.

Qudrətli bəstəkarın irsi son dərəcə geniş və zəngindir. Bunu onun müraciət etdiyi müxtəlif janr və rəngarəng mövzularda görmək olar. Demək olar ki, Q.Qarayev bütün janrlarda eyni coşqunluqla çalışmış, novatorluğu və bədii cəhətdən yüksək səviyyəsi ilə fərqlənən yeni əsərlər yaratmışdır. Bəstəkarın geniş şöhrət qazanmış və musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuş baletləri, simfonik poeması, simfoniyaları, kamera-instrumental əsərləri, kinofilm və teatr tamaşalarına yazılmış musiqisi bunu bir daha təsdiq edir.

Qeyd etdiyimiz kimi, bəstəkarın yaradıcılığı mövzu cəhətdən də çox zəngin və rəngarəng olmuşdur. Onu ən müxtəlif dövrün şair və yazıçılarının yaradıcılığı, xalq əfsanələri cəlb edirdi. Bura N.Gəncəvi, V.Şekspir, A.Puşkin, İ.Servantes, Ö.Xəyyam kimi dahi korifeylərin adları daxildir. İstər klassik Şərq, istər müasir məişət və istərsə də bir sıra dünya xalqlarının mövzularından bəstəkar eyni ilhamla və məharətlə istifadə edərək onları özünün təkrarolunmaz musiqisi ilə ölməzlik zirvəsinə qaldırmışdır.

Q.Qarayevin ən vacib mövzulara, kəskin həyati konfliktlərə həsr olunan yüksək idealları, insan mənəviyyatının zənginliyini və gözəlliyini tərənnüm edən baletləri həqiqi insanpərvərlik ruhu ilə doludur. İncə, lirik hisslərlə yazıb-yaradan sənətkar heyranedici ustalıqla öz qəhrəmanlarının daxili aləminə nüfuz edir. Bəstəkarın baletləri Azərbaycan balet sənətinin inkişafında əhəmiyyətli və keyfiyyət etibarı ilə yeni bir mərhələ sayılır. Sənətkar öz əsərlərində rəqslərin əyləndirici ünsürlərə malik olması təsəvvürlərinə tamamilə üstün gəlmiş, realist musiqili - xoreoqrafik dram yaratmışdır.

Q.Qarayevin “Yeddi gözəl” baletində klassik irsə müraciət edilmişdir. O, keçmiş və qədim bir əfsanə vasitəsi ilə öz xalqının gözəl mənəvi xüsusiyyətlərini və azad surətdə sevib-sevilmək arzularını tərənnüm etmişsə, “İldırımlı yollarla” baletində müasir dövrün olduqca mühüm bir mövzüsunu- irqi ayrı-seçkilik və müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizə mövzusunu təcəssüm etdirmişdir.

Bəstəkarın musiqili səhnə əsərləri içərisində onun C.Hacıyevlə birlikdə yazdığı və milli opera sənətini zənginləşdirən “Vətən” operasını da xüsusi qeyd etmək lazımdır. Böyük vətənpərvərlik ruhu ilə yazılmış “Vətən” operası öz ideyası ilə bu günlərlə səsləşərək, vətənpərvərliyi tərənnüm edir, Azərbaycan gənclərinə vətənə böyük sədaqət hisslərini aşılayır. Heç təsadüfi deyil ki, 28 yaşlı sənətkar bu operaya görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Azərbaycan simfonik və kamera-instrumental musiqisinin inkişafında ən mühüm səhifələrdən biri Q.Qarayevin adı ilə bağlıdır. Onun bu janrda yazdığı əsərləri bütün dünyanı gəzərək ən müxtəlif ölkələrin simfonik orkestrləri tərəfindən ifa olunur. İllər boyu simfonik musiqinin müxtəlif janrları üzərində işləyən Q.Qarayev mühüm yaradıcılıq prinsiplərinə daim sadiq qalmışdır. Bəstəkar, simfoniya, poema və süitalarında muğamlardan, xalq mahnı və rəqslərindən, aşıq yaradıcılığından ustalıqla yararlanmışdır. Bununla yanaşı, rus, türk, ispan və başqa xalqların musiqisnin bir sıra xüsusiyyətlərindən istifadə etmişdir.

Q.Qarayevin yaradıcılığında onun istedadını eyni dərəcədə parlaq və maraqlı sürətdə xarakterizə edən daha bir musiqi sahəsi vardır. Bu, kamera-instrumental musiqidir. Azərbaycan musiqisi üçun bu sahə olduqca yeni idi. Məhz buna görədir ki, Q.Qarayevin instrumental-kamera əsərləri xüsusi ilə diqqətəlayiqdir.Gənc bəstəkarın Puşkin şeirinin gözəlliyinə valeh olduğu və “Tsarskoye selo” heykəlinin - sındırdığı su qabına kədərlə əyilmiş qızın poetik obrazını musiqi vasitəsi ilə əks etdirdiyi vaxtdan uzun illər keçsə də, fortepiano üçün yazılmış əsər bu vaxta qədər radio verilişlərində və konsertlərdə səslənir.

Bəstəkarın bütün yaradıcılığı boyu müraciət etdiyi və yalnız doğma xalqının poetik folklorunu deyil, həmçinin digər xalqların da lirik şeirlərini əhatə etdiyi vokal əsərləri onun yaradıcılıq qüdrəti və əzəmətini çox gözəl təcəssüm etdirir. Bəstəkarın romansları, mahnıları bu janrda yazılmış ən gözəl sənət nümunələridir.

Kinonu öz xarakteri etibarı ilə “böyük müasir bəstəkarlıq məktəbi” adlandıran Q.Qarayev, kino musiqisi üzərində də çox məhsuldar işləmiş, klassikaya çevrilən əsl sənətkarlıq nümunələri yaratmışdır. “Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan” və s. kinofilmlərə, “Nikbin faciə”, V.Şekspirin “Antonio və Kleopatra” dram tamaşalarına yazdığı musiqi onun yaradıcılığının parlaq səhifələrini təşkil edir.

Q.Qarayev istedadlı publisist kimi özünün musiqi-estetik görüşlərini də son dərəcə inandırıcı və sadə şəkildə ifadə edib. Müasir bəstəkarlıq yaradıcılığı üslubundakı tipik və xarakterik cəhətləri elmi dəlillərə əsaslanır. Bəstəkarın tutarlı fikirləri və uzaqgörənliyi, həmçinin Azərbaycan musiqisinə həsr olunmuş məruzə və məqalələrində də öz əksini tapmışdır.

Q.Qarayev yaradıcı kadrların tərbiyəsinə böyük əmək sərf etmişdir. 1946-cı ildən etibarən Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfini aparan Q.Qarayev onlarca bəstəkar yetişdirmiş, bütöv bir musiqi-yaradıcılıq məktəbi yaratmışdır. Arif Məlikov,Vasif Adıgözəlov, Adil Bəbirov və başqaları onun ənənələrini davam etdirmişlər.

İllər keçəcək, qərinələr dolanacaq, dahi Azərbaycan bəstəkarı Q.Qarayev musiqisinin zəngin xəzinəsi insanların ilham mənbəyi olaraq qalacaqdır. Onun özünə qarşı sonsuz tələbkarlığından doğan və bizə qoyub getdiyi irs dərinliyi və zənginliyinə görə tükənməzdir. Bizdən sonra gələcək nəsillər bu tükənməz xəzinədə özləri üçün hər dəfə yeni-yeni tapıntılar kəşf edəcəklər.

 

 

Jalə Qulamova,

sənətşünaslıq namizədi

 

Mədəniyyət.-2009.-5 fevral.-S.3.