«Aşıq musiqisi antologiyası» təqdim olundu
Fevralın 2-də Muzey Mərkəzində “Azərbaycan
aşıq musiqisi antologiyası” diskinin təqdimat mərasimi
keçirildi.
Azərbaycan
aşıqlarının yaradıcılıq nümunələrinin
cəmləndiyi disk Mədəniyyət və Turizm Nazirliyi ilə
Fransanın “Maison des Cultures du Monde” (Dünya Mədəniyyət
Evi) Assosiasiyası arasında imzalanan müqavilə əsasında
“İNEDİT” səsyazma şirkətində istehsal edilib. 2
hissədən ibarət diskdə Azərbaycan aşıq məktəbinin
18 ən görkəmli nümayəndəsinin ifasında 31
saz havası toplanıb.
Təqdimat mərasimində
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev aşıq sənətinin
YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs
üzrə Reprezentativ siyahısına salınması ilə əlaqədar
müvafiq fayl hazırlanaraq təşkilata təqdim
olunduğunu bildirdi: «Bu gün aşıq musiqisinin də
muğamımız kimi dünya səviyyəsində təbliği
və milli-mənəvi incilər siyahısına
salınması istiqamətində nəzərdə tutulan
bütün işlər görülür. Bu qəbildən
olan tədbirlərdən biri də yaz aylarında Fransanın
məşhur Luvr muzeyində olacaq. Belə ki, burada
aşıq musiqisinin səsləndirilməsi nəzərdə
tutulur». Fransanın Azərbaycandakı səfiri Qabriel Keller və
“Maison des Cultures du Monde” Assosiasiyası “İNEDİT” şirkətinin
direktoru Pyer Bua Azərbaycan ilə Fransa arasında mədəni
əlaqələrin yüksək səviyyədə
olmasından söhbət açdılar.
P.Bua Azərbaycan
muğamlarının YUNESKO-nun Qeyri-maddi Mədəni İrs
Siyahısının şedevr nümunəsi
adlandırıldığını bildirmiş, təqdimat
üzrə aşıq sənətimizin də qeyri-maddi mədəni
irs siyahısına daxil ediləcəyini söylədi.
Azərbaycan
Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub,
diskin tərtibatçısı, YUNESKO-nun Azərbaycanda
qeyri-maddi irs üzrə eksperti, AMEA-nın Memarlıq və
İncəsənət İnstitutunun böyük elmi
işçisi, sənətşünaslıq namizədi Sənubər
Bağırova diskdə Azərbaycan aşıqlarının
az bir qisminin təmsil olunduğunu və bu xeyirxah işin davam
etdiriləcəyini bildirdi. Sonda aşıqların ifasında
müxtəlif el havaları dinlənildi.
Həmidə
Mədəniyyət.-2009.-5 fevral.-S.6.