40 yaşlı kitabxana

 

Bu yaxınlarda Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının 40 illik yubileyi keçirildi.   Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli təhsil ocağının 40 yaşlı kitabxanasının bu müddət ərzində minlərlə oxucuya xidmət göstərdiyini, onların intellektual səviyyəsinin yüksəlməsində, bədii-estetik zövqünün düzgün formalaşdırılmasında əhəmiyyətli rol oynadığını vurğuladı.

 

Elmi Kitabxananın direktoru, filologiya elmləri namizədi Aypara Behbudova öz çıxışında mərkəzin fəaliyyəti dövründə dünya kitabxana təcrübəsindən bəhrələnərək oxuculara yüksək səviyyədə xidmət göstərdiyini və bu prosesin daha geniş müstəvidə davam etdiriləcəyini bildirdi: «Hər cür müasir tələblərə cavab verən kitabxanada 5 oxu zalı fəaliyyət göstərir. Şöbələrin hər birində kompyuter və 1 ədəd idarəedici aparatla təmin olunmuş 21 yerlik elektron resursları zalı da var. 2000 - ci ildən kitabxanaya verilən ədəbiyyatların elektron katoloqu yaradılıb. Bu isə oxuculara kitabxananın fondu ilə yanaşı, İnternet vasitəsi ilə digər ölkələrin kitabxanaları ilə əlaqə yaratmağa imkan verir.

Kitabxananın 3 dildə - Azərbaycan, rus və ingilis dillərində sayıtı yaradılıb. Bundan başqa, həmin dillərdə “Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası” adlı kitab çap olunub. Amerika, Avropa, MDB, Türkiyə, İran və digər ölkələrin universitetləri, cəmiyyətləri, assosiasiyaları, nəşriyyatları, ayrı-ayrı elm və mədəniyyət xadimləri ilə əlaqələr yaradaraq, ədəbiyyat və informasiya mübadiləsi aparırıq.

Kitabxana dünyanın 40 ölkəsinin 200-dən çox elmi-müəssisəsi və kitabxanası ilə mübadilə aparır».

Kitabxanada mədəni-kütləvi tədbirlərin keçirilməsinin daim diqqət mərkəzində saxlandığını qeyd edən direktor, bu qəbildən olan tədbirlər haqqında da məlumat verdi: «Mütəmadi olaraq muxtar respublikanın və eləcə də ölkəmizin tanınmış yazıçı və şairləri, elm və mədəniyyət xadimləri ilə görüşlər keçirir, oxucu konfransları, ədəbi-bədii gecələr təşkil edirik. Bu siyahıya böyük maraqla qarşılanan kitabxana günlərini də daxil edə bilərik».

Yubiley tədbirində Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov, Türkiyənin “Yıldız” Texniki Universitetinin professoru Adil Allahverdiyev, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasının direktoru, filologiya elmləri doktoru Yusif Səfərov, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxanalar üzrə mütəxəssisi Südabə Məmmədova, AMEA-nın Naxçıvan bölməsinin Elmi Kitabxanasının direktoru Nuridə Kəngərli və başqaları çıxış edərək mədəniyyət ocağının Naxçıvanın həyatındakı əhəmiyyətindən bəhs etdilər.

 

 

 Hüseyn Əliyev,

 Naxçıvan

 

Mədəniyyət.-2009.-5 fevral.-S.6.