Georgi Şaroyevin musiqi məktəbində
Bakıdakı 35
saylı onbirillik Musiqi Məktəbinin istedadlı
uşaqları Respublikamızda, həmçinin beynəlxalq
müsabiqə və festivallarda hər il uğurlu nəticələr
əldə edirlər. Məktəbin rəhbərliyi, təcrübəli
pedaqoji kollektivi uşaqların musiqi təhsilinin keyfiyyətinin
yüksəldilməsi üçün ciddi səy göstərir,
gərgin yaradıcılıq axtarışları aparır.
Müsahibimiz məktəbin direktoru, respublikanın əməkdar
müəllimi Yusif Vəliyev bu barədə
suallarımıza cavab verir.
- Əvvəlcə, rəhbərlik
etdiyiniz məktəb barədə oxucularımıza qısa məlumat...
- Məktəbdə 4
şöbə - fortepiano, xalq çalğı alətləri,
simli və nəfəsli alətlər, nəzəriyyə
şöbələri fəaliyyət göstərir. Bu
şöbələrdə 21 ixtisas üzrə 375 nəfər
şagird təhsil alır. Musiqi təhsili ilə 80 nəfər
müəllim məşğul olur. Onlardan dördü professor, biri
dosent, bir nəfəri isə baş müəllimdir.
Məktəbdə
istedadlı uşaqlar çoxdur. Respublikamızda, həmçinin
beynəlxalq müsabiqə və festivallarda qazanılan
sevindirici nəticələr bunu bir daha sübut edir.
Uşaqların musiqi təhsilinin yüksək səviyyədə
qurulmasında musiqinin dərindən öyrənilməsində
respublikanın əməkdar müəllimi, Bakı Musiqi
Akademiyasının dosenti Siala Sinamdzqvarişvili, Bakı Musiqi
Akademiyasının professoru Oqtay Abbasquliyev, Azərbaycan Milli
Konservatoriyasının professorları - Oqtay Quliyev və Arif
Babayev, müəllimlərdən Elbrus Məmmədov,
Gülnarə Həsənova və başqaları gərgin əmək
sərf edirlər.
Bandan başqa, xalq
artistləri Ramiz Söhrabov, Mənsum İbrahimov, Azərbaycan
Milli Konservatoriyasının professoru Məmmədağa Kərimov
istedadlı şagirdlərin düzgün istiqamətləndirilməsinə
yaxından köməklik göstərir, onlara lazımi məsləhətlər
verirlər.
Fərəhlə deyə
bilərəm ki, məzunlarımızın xeyli hissəsi
Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında,
Azərbaycan Milli Koservatoriyasında, Mədəniyyət və
İncəsənət Universitetində, həmçinin digər
musiqi ocaqlarında təhsillərini davam etdirirlər.
Yeri gəlmişkən
onu da qeyd etməliyəm ki, Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəhbərliyi məktəbimizdə
təhsilin səviyyəsinin yüksəldilməsi
üçün hər cür köməklik göstərir,
maddi-texniki bazamızın möhkəmləndirilməsinə
yardım göstərirlər.
- Yusif müəllim, məktəbimizin
adını daşıdığı Georgi Şaroyev kimliyi
haqda məlumatı yetərli olmayan oxucularımız da az
deyil...
- Bu məktəb dahi
Üzeyir Hacıbəyovun təklifi ilə 1935-ci ildə
Georgi Şaroyev tərəfindən
yaradılmışdır. Təsadüfi deyildir ki, bu musiqi ocağına
«Şaroyevin məktəbi» deyiblər. Qeyd edim ki, Üzeyir
Hacıbəyov XX əsrin əvvəllərində Azərbaycan
Dövlət Konservatoriyasını yaradarkən musiqi təhsili
üzrə ixtisaslı mütəxəssislərə ciddi
ehtiyac yaranır. Elə buna görə də Üzeyir bəy
Sankt-Peterburq Konservatoriyasının məzunu Georgi Şaroyevi
Bakıya dəvət edir. Gənc musiqiçi həyatını
Bakı ilə bağlayır, ailə qurur, ömrünün
sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji
fəaliyyətini davam etdirir. O, burada əvvəlcə müəllim,
sonralar isə kafedra müdiri və prorektor vəzifələrində
çalışır. Bununla bərabər o Bakıdakı
35 saylı Uşaq Musiqi Məktəbinin əsasını
qoyur, düz 35 il bu məktəbə ictimai əsaslarla rəhbərlik
edir.
Gərgin və səmərəli
fəaliyyəti nəticəsində Georgi Şaroyev müəllim
və şagird kollektivinin, ictimaiyyətin dərin hörmətini
qazanır, professor olur, əməkdar incəsənət xadimi
fəxri adına layiq görülür.
Ölümündən
sonra 35 saylı Musiqi Məktəbinə Georgi Şaroyevin
adı verilmişdir.
Georgi Şaroyevin
Bakıda doğulmuş, sonralar isə Moskvada yaşayan 2
oğlu var. Onlardan biri tanınmış rejissor İoakim
Şaroyev, o biri isə Tümen Simfonik Orkestrinin baş
dirijoru, Rusiya Federasiyasının əməkdar incəsənət
xadimi Auton Şaroyevdir.
Yeri gəlmişkən
qeyd edim ki, keçən il Rusiya Federasiyasının Saxa
(Yakutiya) Respublikasının Yakutsk şəhərində
«Olonxo torpağında YUNESKO incilərinin
görüşü» adlı festival keçirilirdi. Mənim rəhbərliyimlə
məktəbimizin bir qrup musiqiçisi də bu festivalda
iştirak edirdi. Orada Saxa Respublikasının mədəniyyət
və mənəvi inkişaf naziri Andrey Borisovla səmimi
söhbətimiz oldu. O, mənə məlumat verdi ki, İoakim
Şaroyev Yakutiyanın ilk bəstəkarı haqqında teatr
tamaşasına rejissorluq etmişdir.
- Yakutiyada
iştirakçısı olduğunuz beynəlxalq
festivalın nəticələri barədə...
- Məktəbimizin
uşaqları respublikada və beynəlxalq müsabiqə və
festivallarda öz istedadlarını məharətlə
nümayiş etdirirlər. Onlar müxtəlif mükafatlara
sahib olur, diplomlara layiq görülür, laureat adı
qazanırlar. Bu baxımdan Yakutiyada keçirilən
festivalın nəticələri də fərəh doğurur.
Burada keçirilən «Olonxo torpağında YUNESKO-nun incilərinin
görüşü» adlı festivala Yaponiya, Koreya, Monqolustan,
Buryatiya, Türkiyə, Qırğızıstan, Azərbaycan,
Yakutiya, həmçinin digər ölkələrdən
musiqiçilər dəvət olunmuşdular. Bu festivalda məktəbimizin
şagirdləri Çinarə Abbasova (xanəndə),
Elçin Abdullayev (tar), Emin Sadaqlı (kamança)
böyük tamaşaçı rəğbəti
qazandılar. Çinarə Abbasovanın ifa etdiyi «Qatar»
muğamı, «Dilkeş» təsnifi, Ə.Tağıyevin «Azərbaycan»
mahnısı, «Ay qaşı-gözü qara qız», «Sarı
gəlin» xalq mahnıları tamaşaçılar tərəfindən
hərarətlə qarşılandı. Qazancımız isə
diplomlar və fəxri fərmanlar oldu.
Bundan başqa, keçən
il Rusiya Federasiyasının Saratov şəhərində II
Ümumdünya «Delfiya oyunları» festivalında şagirdlərimizdən
Rəbiyyə Mədətova (fortepiano), Ülvi Abdinov və
Sevinc Mustafayeva (xanəndələr), Samir Mahmudov (tar), Təbriz
Yusubov (kamança) uğurla çıxış etmişlər.
Festivalda birinci
yaş qrupunda Ülvi Abdinov (xanəndə, 11 yaş), ikinci
yaş qrupunda Sevinc Mustafayeva (xanəndə, 17 yaş), Rəbiyyə
Mədətova (fortepiano, 17 yaş) iştirak edirdilər.
İkinci turun nəticələrinə görə Ülvi
Abdinova və Sevinc Mustafayeva festivalın laureatı
adını qazanaraq gümüş medalla təltif olundular.
- İndi məktəbinizdə
işlər necə gedir?
- Məktəbimizdə
işlər öz ahəngi ilə davam edir. Şagirdlərin
musiqi təhsilinə ciddi diqqət yetirilir, rəngarəng tədbirlər
həyata keçirilir. İndi 8 Mart Beynəlxalq Qadınlar
Gününə, Novruz bayramına hazırlıq
görürük, teatrlaşdırılmış musiqi səhnəcikləri
hazırlayırıq. Ümumiyyətlə, görəcəyimiz
işlər çoxdur. Gələrsiniz, görərsiniz.
Söhbətləşdi:
Canalı Mirzəliyev
Mədəniyyət.-2009.-5 fevral.-S.7.