Müasir oxucu yararsız kitabxana istəmir

 

   Məlumdur ki, elmə, dünyəvi biliklərə, tərəqqiyə maraq göstərən hər bir insan kitabxanadan bəhrələnir. Ziyalılıq səviyyəsinə yüksələn elə bir insan tapılmaz ki, o, kitabxana auditoriyasından keçməsin. Ulu öndərimiz Heydər Əliyev əbəs yerə deməmişdir ki, «Kitabxana müqəddəs bir yer, mənəviyyat, bilik və zəka mənbəyidir».

   Ölkə prezidenti cənab İlham Əliyevin 20 aprel 2007-ci il tarixli «Azərbaycan Respublikasında kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında», 6 oktyabr 2008-ci il tarixli «Azərbaycan Respublikasında kitabxana-informasiya sahələrinin 2009-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında» sərəncamları kitabxana sisteminin gələcək inkişaf perspektivlərindən xəbər verir. Ölkə rəhbərinin müvafiq sərəncamlarını kitabxanalarla yanaşı, kitabxana işçilərinə olan diqqət və qayğının təzahürü kimi qiymətləndirmək olar.

   Diqqət və qayğıya böyük ehtiyacı olan kitabxanalardan biri də Cəlilabad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemidir. Böyük kollektivi və 600 mindən çox kitabı olan bu kitabxana sisteminin ayrıca binaya ehtiyacı olduğu halda, MKS rayon Mədəniyyət Evinin birinci mərtəbəsinin darısqal otaqlarında yerləşir. Oxucular üçün lazımi şərait yaradılmasına baxmayaraq bu yer heçmüasir standartlara cavab verə bilmir. 190 minə yaxın əhalisi olan böyük bir rayonda MKS böyük oxucu kütləsinin yüksək səviyyədə qiraət tələbatını ödəmək imkanından tam məhrumdur. Təbii ki, bu da oxucuların narazılığına səbəb olur.

   Bubaşqa məsələlərə aydınlıq gətirmək üçün MKS-nin direktor müavini Qənimət İsrafilova ilə görüşüb söhbət etdik.

   - Qənimət xanım, yaxşı olar ki, ilk olaraq kitabxana sisteminin fəaliyyəti haqqında məlumat verərdiniz.

   - Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü və diqqəti sayəsində 2009-cu ildən etibarən kitabxanalarda xidmət sahəsini yaxşılaşdırmaq məqsədilə təkliflər proqramı işlənib hazırlanmış, kitabxanaçıların maddi rifah halının yüksəldilməsi və əməkhaqqının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Əlbəttə, bu bizi sevindirməyə bilməz.

   Bu gün Cəlilabad rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemində 122 nəfərin çalışdığı 88 kitabxana fəaliyyət göstərir. 2008-ci ildə Mərkəzi Kitabxananın oxu zalında 28, Uşaq Kitabxanasının zalında isə 26 tədbir keçirilmişdir.

   Görkəmli alim, pedaqoq və yazıçı M.C.Paşayevin anadan olmasının 100 illiyi münasibətilə 3 dəfə, C. Novruzun anadan olmasının 75 illiyi münasibətilə 2 dəfə tədbir keçirilmiş, tədbirlərdə ədiblərin həyat və yaradıcılığı təhlil olunmuş, onların kitablarından ibarət sərgi təşkil edilmiş, əsərlərindən kompozisiyalar nümayiş etdirilmişdir.

   Ötən il ulu öndər Heydər Əliyevin 85 illik yubileyinin, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinin qeyd olunması ilə yadda qalmışdır. Biz bu münasibətlə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında, Astara Pedaqoji Texnikumunun Cəlilabad şöbəsində və şəhərimizin bir sıra məktəblərində təntənəli tədbirlər həyata keçirmişik. Bu tədbirlərin məzmun dolğunluğuna, oxucu zənginliyinə və planına uyğun keçirilməsində kitabxana işçilərindən Rəna Təhməzova, Xuraman Dadaşova, Elnarə Əhədova, Gülər Məmmədova, Rübabə Əliyeva, Nisə Əliyeva və başqaları xüsusi səy göstərmişlər.

   Bundan əlavə, MKS əhatəsində olan yaşayış məntəqələrində yerləşən hərbi hissələrdə səyyar kitabxanalar yaratmışıq ki, onların vasitəsilə həmin hərbi hissələrlə müntəzəm əlaqə saxlayır, əsgər və zabitlərin kitablara olan tələbatını ödəmək üçün onlardan sifarişlər qəbul edirik.

   - Son dövrdə kitabxanalarınıza nə qədər yeni kitab daxil olub?

   - Hörmətli prezidentimizin sərəncamına uyğun olaraq, görülən tədbirlər nəticəsində Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə MKS-nin maddi-texniki bazası xeyli zənginləşdirilmişdir. Belə ki, yola saldığımız 2008-ci ildə MKS latın qrafikası ilə 18 443 kitab almışdır ki, onun 18 010 nüsxəsi ölkə başçısı tərəfindən hədiyyə edilmişdir.

   Ümumiyyətlə, kitabxana fondumuzda 619 851 nüsxə kitab vardır, o cümlədən, prezidentin sərəncamı ilə 281 adda 85 924 nüsxə fonda hədiyyə kimi göndərilmişdir.

   - Şəraitinizin oxucuların tələblərini ödəmədiyi göz qabağındadır...

   - Açığını deyim ki, müasir oxucu köhnə, yararsız kitabxanadan yararlana bilməz. Bu günün ziyalısı sabaha elektron informasiya xidmətinin gözü ilə baxmalıdır.

   Əlbəttə, bizim fəaliyyətimiz, işçilərin təcrübəsi, onların peşəkarlıq səviyyəsi nə qədər qənaətbəxş, yüksək və zəngin olsa da, oxucuların tələbatını ödəyə bilmirik. Çünki xidmət auditoriyası çox zəifdir. Hər hansı tədbir keçirmək üçün məktəblərə üz tutmağa məcbur oluruq. Rayon mərkəzi və uşaq kitabxanaları, eyni zamanda, Günəşli, Cəngan, Ləzran, Qarazəncir, Alar, Komanlı kənd filialları və 1 saylı şəhər kitabxanası istisna olmaqla, qalan bütün kitabxanalarda heç bir şərait yoxdur. Onlar öz tədbirlərini kənd məktəblərində keçirirlər ki, bu da bizim üçün böyük çətinliklər yaradır. Nəticədə, tədbirlər uğurlu alınmır.

    Kitabxanaların otaq şəraiti də ürəkaçan deyil. Əslində, yararsız, heç bir şəraiti olmayan kitabxanalarla elmi tərəqqiyə nail olmaq qeyri-mümkündür. Bəzən oxucuların haqlı qınağına da tuş gəlirik. Ziyalı oxucu müasir səviyyədə qiraət zalı, informasiya xidməti tələb edir.

   - Belə bir şəraitdə oxuculara kitabxana-informasiya işinin təkmilləşdirilməsi üzrə necə müasir kompyuter informasiya xidməti göstərəcəksiniz? Axı, sizin otaqlarda heç bir şərait yoxdur? Oxu zalı təmirsiz və darısqal, kitabxana özü pis vəziyyətdədir.

   - Təbii ki, rəhbərlik bu haqda bir tədbir görəcəkdir. Dövlət başçısının sərəncamına uyğun olaraq müasir kitabxana binasının tikilməsi məsələsi rayonumuzda da bir vəzifə kimi qarşıya qoyulmalıdır. Biz kitabxanaçılar inanırıq ki, Nazirlik tərəfindən bu problem tezliklə həll olunacaqdır.

   Eyni zamanda, Dövlət Proqramına əsasən regional kitabxanaların yaradılması da planlaşdırılır. Biz arzu edirik ki, Cəlilabad rayonunda belə bir kitabxana yaradılsın.

   Bironu qeyd etməyi vacib sayıram ki, hörmətli nazirimiz cənab Əbülfəs Qarayev bu məsələyə çox diqqətlə və həssaslıqla yanaşır. Buna görə biz çoxsaylı oxucu kontingentinin informasiya texnologiyaları və informasiya xidməti ilə təchiz olunmuş müasir kitabxana sistemi ilə təmin ediləcəyinə inanırıq.

   Yəqin ki, yaxın müddət ərzində oxucularımız yeni kitabxana sisteminin mədəni xidmətindən istifadə etmək imkanına malik olacaqlar.

   Bizöz növbəmizdə qarşımızda qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq, xalqımızın mənəvi tərəqqisi naminə bilik və zəka mənbəyi olan kitabxanamızın inkişaf etdirilməsinə səy göstərəcəyik.

  

   Asif HƏsƏnli,

   Cəlilabad

 

Mədəniyyət. - 2009.- 5 fevral.- S.6.