Füzuli poeziyası və musiqi
dünyamız
Füzulinin şeir
dünyası sahilsiz bir ümmanı xatırladır.Bu sənət
ümmanına baş vurmaq, onun dərinliklərindən incilər
arayıb tapmaq, məna və sənətkarlıq məziyyətlərini
küll halında qavrayıb şərh etmək hər kəsə
nəsib olmamışdır. Görkəmli
ədəbiyyatşünas-alim, yazıçı Mir Cəlal
Paşayevin dediyi kimi, "Füzuli sənətinin qüdrətini,
miqyasını, məziyyətlərini təhlil və təyin
etmək bir nəfərin, bir elmi məktəbin, hətta bəlkə
də bir elmi nəslin işi deyildir". Bəli,
şairin poeziya aləmi müəmmalı mətləblərin,
incə nöqtələrin, yüksək bədii
idealların sənət dili ilə füsunkar bədii ifadəsidir.
Türkdilli, farsdilli xalqların
neçə-neçə musiqiçi və nəğməkarı
fəlsəfi lirika şahı olan Füzuli yaradıcığılığına
ehtiyacla müraciət etmiş və özlərinin bəstələrini
bu ecazkar sənət gülzarında tapmışlar...…
Azərbaycan müğənniləri
də böyük ilhamla Füzulidən oxumuşlar.
Füzulinin əlvan,
oynaq qəzəlləri neçə-neçə mahnıya,
melodiyaya qol-qanad vermişdir.Onun "Leyli və Məcnun"u
dahi Üzeyir təfəkkürünün qüdrəti ilə
yeni bədii vüsət almışdır. Axı, Füzuli
poeziyası başdan-başa musiqidir.Şairin ehtiraslı
lirikası, əruzun müvafiq qəliblərinə
qovuşaraq heyrətamiz təravət və məlahətlə
səslənir.
Füzuli
yaratdığı qəzəllərə sənət
möhürü vuraraq, onu əlçatmaz zirvəyə
qaldırmış, özündən sonra gələn
heç bir şair bu məqama ucala bilməmişdir.
Füzuli
yaradıcılığı bəstəkarlarımız
üçün də bitməz-tükənməz mövzu mənbəyidir.
Dahi bəstəkarımız Ü.Hacıbəyov Füzulinin
sirli kəlamlarına qəlbən vurğun və vaqif olan,
onun parlaq nümunələrindən özünün musiqi və
bədii əsərlərində zəka qüdrəti ilə
istifadə edən misilsiz sənətkardır.Onun qəlbində
bu məhəbbət qığılcımlarını
başda Cabbar Qaryağdıoğlu olmaqla səsi-ünü
dağı-daşı yandıran Qarabağ xanəndələri
oyatmışlar.Ü.Hacıbəyov Füzuliyə olan sonsuz
məhəbbəti sayəsində onun "Leyli və Məcnun"u
əsasında ilk Azərbaycan operasını
yaratmışdır.
Bu sənət əsərində
iki dahinin-söz və musiqi ustadının ecaskar qüdrəti
ruhla can kimi birləşmişdir.
Operada 11 bəhrsiz,
4 bəhrli muğam işlədilmişdir.
Göründüyü kimi, obrazların əhval-ruhiyyəsi
muğamların ahəngi fonunda açılmışdır.
İlk pərdə məşhur "Şəbi-hicran" xorunun sədaları altında açılır. Məcnun sevgilisinin həsrəti ilə odlandığını "Mahur-Hindi" muğamı üstündə bəyan edir.
İkinci pərdədə anasının Leylini danlaması, ona nəsihət etməsi "Şur"un təsirli şöbəsi olan "Simayi-Şəms" üstündədir.
Qeys tərəfi məyusluq içərisindədir.Bəstəkar belə ağır anları ifadə etmək üçün "Şahnaz" muğamından istifadə etmişdir.
Operanın ən təsirli lövhələrindən biri Qeysin çöllərə düşməsidir. Dahi Üzeyir sevimli qəhrəmanının acınacaqlı taleyinə sanki qəlbən ağlamış, onun aləminə "Bayatı-Şiraz", "Bayatı-Kürd" muğamlarının yanıqlı nalələri ilə "yaş saxlamışdır".
Ü.Hacıbəyov operada müvafiq olaraq "Rast", "Heyratı", "Şüştər", "Mani", "Arazbarı", "Segah", "Bayatı-Qacar" muğamlarından məharətlə istifadə etmişdir.
Ü.Hacıbəyovun dostu,bəstəkar Müslüm Maqomayev də xalq
musiqi folkloruna və ədəbiyyatına, həmçinin
klassik poeziyamıza könül verən bəstəkarlarımızdan
idi. "Şah İsmayıl", "Nərgiz"
kimi operaların, muğamlarımızdan su içən bir
sıra parlaq simfonik əsərlərin müəllifi olan
M.Maqomayev mədəniyyətimizin tarixində özünəməxsus
mövqe qazanmışdır.
Ü.Hacıbəyov ənənələrinə
sadiq olan M.Moqomayev özünün "Şah
İsmayıl" operasında "Segah",
"Bayatı-Şiraz", "Çahargah",
"Şur", "Şikəstə" və s.
muğamlardan istifadə etmişdir.
Klassik
poeziyamıza, xüsüsən Füzuli şeirinə
müraciət edən bəstəkarlarımızdan biri də
Cahangir Cahangirovdur.O, "Füzuli" kantatasını yüksək
sənətkarlıqla işləmiş, rəngarəng
üsullara əl ataraq, bitkin əsər yaratmışdır.
Bəstəkar
kantatanın sevgi motivlərinin güclü olduğu ikinci hissəsində
Füzulinin "Məni candan usandırdı" sözləri
ilə başlayan məşhur qəzəlini öz məqamında
işlətmişdir. Respublikanın xalq artisti, unudulmaz
müğənni Şövkət Ələkbərovanın
ifasında solo oxunan həmin misralar kantatanın
ideyasını nümayiş etdirə bilir və qanadlı
Füzuli kəlamı müğənninin zərif səsində
könüllərə yol açır.
Süleyman Ələsgərovun
"Bayatı-Şiraz" üstündə bəstələdiyi
"Vətənim" romansı da özünün dərin
lirizm və ahəngdarlığı ilə xoş təsir
bağışlayır.
Bəstəkarlarımızdan
Ramiz Mustafayev "Sultanıdır", Vasif Adıgözəlov
"Görüb" rədifli Füzuli qəzəlləri əsasında
məşhur romaslar yazmışlar.
Füzuli yaradıcılığı nəğməkarlarımız üçün də tükənməz söz xəzinəsi olmuşdur.Hacı Hüsü, Məşədi İsi, Mirzə Məhəmməd Həsən, Cabbar Qaryağdıoğlu. Əbülhəsən xan İqbal, Seyid Şuşinski kimi klassik xanəndələrimiz Füzulinin şeirlərini muğam və təsniflərdə sevə-sevə, ilhamla ifa etmişlər.Vokal sənətimizin fəxri Bülbül Füzuli şerinin pərəstişkarı, bilicisi və məharətli ifaçısı idi. Xan Şuşinski, Mütəllim Mütəllimov, Ağabala Abdullayev, Hacıbaba Hüseynov, Sara Qədimova, Rübabə Muradova, Əbülfət Əliyev, Arif Babayev, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Zeynəb Xanlarova, Bakir Haşımov, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Mənsum İbrahimov və başqaları ustad Füzulinin şeirlərindən muğamlarda məharətlə istifadə etmişlər.
Klassik poeziyamıza, xüsusən Füzuli yaradıcılığına dərindən bələd olan virtuoz xanəndə Cabbar Qaryağdıoğlu onun şerlərini ayrı-ayrı muğam və təsniflərdə özünəməxsus bir ustalıqla ifa etmişdir.
Cabbar Qaryağdıoğlu muğam dəstgahlarının hər birini 2, bəzən də 3 saat ifa etmək qüdrətinə malik "dəryanəfəs" xanəndə idi.Onun hər muğamın ruhuna və ahənginə uyğun söz seçməkdə müstəsna məharəti var idi.Hətta o, hər bir şöbə və guşənin sözlərini də bir-birinə zərgər incəliyi və dəqiqliyi ilə ilmələməyi bacarmışdır. "Mənsuriyyə" ritmik muğamında Füzulidən oxuduğu qəzəllər Cabbar səsinə, nəfəsinə ilahi bir məhəbbət qazandırmışdır. "Can vermə..." qəzəli Cabbar Qaryağdıoğlu ifasında heyrətamiz bir kəşf olduğundan, xeyli zamandır ki, xanəndələrimiz məhz Cabbar "Mənsuriyyə"sinin şaqraq zəngulələrini, gəzişmələrini təkrar etiməyə çalışırlar.
Füzulinin sənət dünyasına müraciət edən ustad xanəndələrimizdən biri də Seyid Şuşinski olmuşdur.
Seyid
Şuşinski söz üzərində sərraf kimi
düşünərək, onun məna gözəlliyini və
musiqidarlığını müəyyənləşdirmək
üçün səy göstərərdi. Elə bunun nəticəsi
idi ki, S.Şuşinski Füzulinin qəzəllərini
ayrı-ayrı muğamların münasib şöbə və
guşələrində ustalıqla ifa etmişdir.O,
"Rast", "Şur", "Mani"
muğamlarında, "Mahur" təsnifində Füzuli qəzəllərini
seçib yüksək zövq və emosionallıqla
oxumuşdur.
S.Şuşinski
özünün "şah əsəri" -
"Çahargah" muğamında Füzuli qəzəllərinin
melodiya ilə uyuşan keyfiyyətini ,
oynaqlığını, dinamikliyini, sözün məna
çalarlarını, həm də ahəngdarlığını
əsas tutub, onu məhz muğamın "Mayə"sində
oxumağı munasib bilmişdir.O, məharətli gəzişmələrdə
Füzuli şeirindən iki bənd ilə muğamın
"Bərdaşt" və "Mayə"sini müvəffəqiyyətlə
başa çatdırmışdır. Müqəddimə
təranələrinin müşayiəti ilə ustalıqla
"Mənsuriyyə"yə (həmin muğamın zirvəsinə)
səs həmlələri edən xanəndə şöbəni
notbanot gəzişib, pillə-pillə "Maye"yə enir.
Gözəl
pedaqoq olan S.Şuşinski tədris etdiyi muğamlarda ifa olunan
sözləri tələbələrə yazdırıb əzbərlədəndən
sonra muğamın məşqinə başlardı.
Füzuli
yaradıcılığı xalqımızın sevimli
müğənnisi Bülbül üçün də
doğma, əziz olmaqla yanaşı , həm
də qaynar ilham çeşməsi idi.
Poetik sərvətə
vurğun olan vokal ustadı Bülbül, Füzulinin şeirlərini
incə bir zövq, aydın tələffüz, təzə nəfəs
və gəzişmədə musiqiyə qoşur, həm
muğam, həm də təsnifdə özünəməxsus
məlahətlə dinləyicisinə
çatdırırdı.
Xan Şuşinski də
Füzulinin qəzəllərinə tez-tez müraciət edən
muğam ustadlarımızdandır.O, şairin bir sıra qəzəllərini
ayrı-ayrı muğamlarda məlahətli ifa etmişdir.Xanəndə
"Şur", "Rast" muğamlarında Füzulinin
poetik nümunələrini təkrarolunmaz ustalıq və
şirinliklə oxumuşdur. Muğamların
ifası zamanı bəzən dağ çayları kimi
kükrəyən, bəzən də zümzüməli bulaq
kimi axıb gedən Xanın məlahətli səsi-zənguləsi
Füzuli kəlamlarının ahəngdar və dolğun məna
çalarlarında heyrətamiz aləm, sehrli bir mənzərə
yaradır.
Ustad Xanın
"Şur"un "Sarəng" şöbəsində
Füzulinin sözlərinin necə ilahi qüdrətilə
oxuduğunu dinləyəndə insan valeh olur. Xanəndə şöbəyə,
bir növ sonluq olan "Qəməngiz" guşəsində
daha coşqun gəzişmələrlə Füzuli kəlmələrini
çilikləyib musiqi qəliblərinə tökür və
orijinal "ayaq"la muğamı tamamlayır.
Muğam
ustası Zülfü Adıgözəlov da Füzuli
yaradıcılığından həmişə bəhrələnmişdir. Özünə tələbkar
xanəndə səsi və ifaçılığı sayəsində
olduğu kimi , söz üzərində də ciddi işləyirdi.Onun
ifasında lentə alınmış "Şur",
"Rast", "Zabul-Segah", "Bayatı-Şiraz",
kimi çoxhissəli muğamlarda Füzulinin "Ey gül, nə
əcəb silsileyli-müşki-tərin var", "Məndə
Məcnundan Füzun aşiqlik istedadı var",
"Usanmazmı", "Ey həkim" və s. misralı və
rədifli qəzəllərini xüsusi ustalıqla
oxumuşdur.
Xanəndə
Mütəllim Mütəllimov muğam
ustadlarımızın ənənələrinə sadiq qalan
sənətkardır. O, Cabbar Qaryağdıoğlu, Ələsgər
Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü
Adıgözəlov kimi ustad xanəndələrdən
muğam sənətinin sirlərini öyrənmiş, onların
musiqi irsindən məharətlə istifadə edərək
özünə orijinal ifa üsulu yaratmışdır.
"Bayatı-Şiraz",
"Segah", "Mahur" muğamları Mütəllim
Mütəllimovun ifasında məharətlə səslənmişdir.
Xanəndənin
ifasında "Bayatı-Şiraz" muğamı xüsusi
yer tutur. O, muğamın
"Bayatı-İsfahan", "Zil Bayatı-Şiraz",
"Xavəran" və "Üzzal" şöbə və
guşələrində ustadların təcrübələrinə
istinad edərək Füzulinin "Sərvi-azad" tərkibi
ilə başlanan qəzəlini həzin intonasiya ilə
oxuyur.
Xanəndə muğamın əsasən
orta və zil yerlərində guşəxanlıq hesabına
sözə qənaət etmiş, melodiyanın sanballı səslənməsinə
nail olmuşdur…
Xanəndə
Hacıbaba Hüseynov zəhmətsevərliyi və
yaradıcılıq əzmkarlığı sayəsində
klassik poeziya nümunələrindən oxuduğu
muğamların ahənginə və ruhuna müvafiq seçmələri
repertuarına daxil etmişdir.
Füzuli qəzəlləri
də H.Hüseynovun yaradıcılığında
özünə möhkəm yer tutmuşdur.Xanəndə dərin
məna kəsb edən misra və beytləri muğamın məzmunu
ilə ustalıqla əlaqələndirir və onu gözəl
tələffüzlə dinləyicisinə
çatdırır.O, "Rast", "Çahargah",
"Zabul-segah", "Şüştər" ,
"Humayun" muğamlarını , habelə bir sıra təsniflərini
Füzuli şeirləri əsasında oxumuşdur.
Qəzəl
bilicisi H.Hüseynov beytlərində zəngin mənalar yatan
Füzuli qəzəllərini əzbərləyən anda
onları oxumağa tələsmir. Əvvəlcə onun mənasını
kəlmə-kəlmə, misra-misra öyrənir,
ayrı-ayrı ifadə və tərkiblərin düzgün tələffüzünə
nail olduqdan, necə deyərlər, mətni
yaradıcılıq süzgəcindən keçirtdikdən
sonra, onun hansı muğam şöbəsinə
"düşdüyünü" təcrübədən
keçirir.Bəli, sənət əsəri belə
yaranır.
Göründüyü kimi,
böyük Füzulinin solmaz və tükənməz söz
çəmənzarı incəsənətimizin şaxələri
ilə sıx təmasda olmuş, bu atəşfəşan
gülüstanın rayihədar gül-çiçəkləri,
minbir sədalı, minbir təranəli qəzəlləri
xalqın qəlbində və şüurunda özünə
daimi məskən salmışdır.
Ruzə İbişova,
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin müəllimi
Mədəniyyət.-2009.- 5 fevral.-S.13.