Ağacları dilləndirən
adam
Usta! Onu hamı
belə çağırır.
Usta Qərib! Onu hamı belə
tanıyır. Parket ustası Qərib Həsənov! Onu hər kəs belə təqdim edir. Nə əlinin
işiylə öyünür,
nə tərif xoşlayır usta Qərib. Yaratdığı
kompozisiyalara tay, əlindən çıxan
işə söz ola bilməz! Bunu biz söyləmirik,
usta Qəribi tanıyanlar, işinə tamaşa edib heyranlıqlarını gizlədə
bilməyənlər deyir.
Onun işiylə tanışlıq adama qəlb rahatlığı,
göz sevinci gətirir. Əminliklə
rəssam, xalçaçı,
dülgər adlandıra
biləcəyimiz parket
ustası Qərib kişinin öz dünyası, öz aləmi var. Bu dünyada ustanın duyumu, arzuları, istəkləri,
rəngbərəng ağaclar,
bir-birilə uyarlaşan müxtəlif
ölçülü taxta
parçaları hökmranlıq
edir. O cansız taxta parçaları Qərib ustanın əlində "ipə-sapa yatır", cilalanır, sıralanır,
xoş ovqat yaradan bir sənət
əsərinə-" rəsmə,
xalıya, xalçaya,
ziliyə dönür.
Tamaşa edirsən, gördüklərinin həqiqət
olduğuna inana bilmirsən. Ürəyindən
xırdaca bir səhv, qüsur tapmaq keçir. İstəyindən, şübhəndən
özün utanırsan.
Sadəlikdə gözəllik, mürəkkəblikdə
sadəlik, harmoniya, çiçəklərin-nərgizin,
bənövşənin, lalənin,
qızılgülün rəqsi,
dənizin dalğası,
səhranın günəşi,
milli ornamentlərin yer aldığı mozaik pannolar, canlılar və cansızlar aləminin qovuşuğundan yaranan mənzərə-bunların hərəsi bir dünyadır.
Azərbaycanda adla
tanınan parket ustası Qərib Səməd oğlu Həsənov
Azərbaycan Neft-Kimya İnstitutunun texnologiya fakültəsini
bitirib. 3 il Rusiyanın
Tolyatti, 9 il də Surqut şəhərində kimyaçı
işləyib. Uşaqlıqdan
şəkil çəkməyi
xoşlayıb, rəssamlıqla
məşğul olub.
Ara-sıra Surqutda tərtibatçı-
rəssam kimi fərdi sifarişləri yerinə yetirib. 1989-cu ildə Azərbaycana qayıdıb. Sənətinə
uyğun, münasib iş tapmayanda dülgərliklə məşğul
olmağı qərara
alıb. Bu haqda özü belə deyir: "O çağlar Azərbaycandakı
dülgərlərin çoxu
başqa millətin nümayəndələri idi,
monopoliya yaratmışdılar.
Hara gedirdim qarşımı kəsir,
işimə mane olurdular. Onda yaxşı dülgər kimi tanınmağı, ad çıxarmağı
qərara aldım. İstəyirdim milli sənətkarlarımız yetişsin.
Az keçmədi, buna nail olduq.
Parket işində dönüş elədik.
İlk dəfə mürəkkəb kompozisiyalar
üzərində işlədik.
Get-gedə püxtələşdik. İndiyəcən
yüzdən çox
usta yetişdirmişəm".
Usta Qəribi şöhrətləndirən təkrarsız
kompozisiyaları, onların
mühitə uyğunlaşması,
yüksək keyfiyyət
və zövqdür. İndiyəcən 300-dən
çox iş təhvil verib, amma birində də özünü təkrarlamayıb. Qərib
usta deyir ki, "Ən mahir rəssam belə çəkdiyi əsəri olduğu kimi təkrarlaya bilməz. Mən də elə. Bu, səbəbi bəlli olmayan sənət sirridir. Mürəkkəb, xırda
işlərə üstünlük
verirəm. İstədiyim
alınanda xoşhal oluram".
Qərib Həsənovun
yaradıcılığında milli ornamentlərlə Qərb
üslubunun vəhdətindən yaranan işlər
üstünlük təşkil edir. Görünür
buna səbəb bəzilərinin Qərbə
yaxınlaşmaq, Qərb
dəyərlərinə üstünlük
vermək arzusudur. Bəllidir ki, parket işində yaradıcılıq, təklif
tələbdən asılıdır.
Sifarişçinin zövqü,
tələbi, maddi imkanları ideyanın gerçəkləşməsində önəmli rol oynayır. Nə qədər qəribə olsa da usta
Qəribin işlərinin
arasında sırf Şərq üslubunda sifariş azdır. Hərdən Moskva şəhərindəki "Borokko"
firmasından maraqlı
sifarişlər alırlar.
Yeri gəlmişkən,
usta Qəribin fikrincə, Azərbaycanda parket işi inkişaf göstəricisinə
görə Moskva şəhərindən sonra
yaxın xaricdə ikinci yerdədir. Xarici ölkələrin çoxunda bu işə bir elə diqqət ayırmırlar. Azərbaycanda
isə parket işi günü-gündən inkişafdadır.
Üsta Qəriblə
həmkarları onlara
etibar edilən dövlət sifarişlərini
də yüksək sənətkarlıq və
keyfiyyətlə yerinə
yetirirlər. Dövlət
iqamətgahlarında, M. Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında,
Nəqliyyat Nazirliyindəki
işlər bu sifarişlərin çox
az hissəsidir.
Bəzən iş prosesində çətinliklər
yaranır. Kağız
üzərində qurulan
kompozisiya ağac üzərində alınmır.
Bunun əsas səbəbi bəzi materialların çatışmazlığıdır.
"Hərdən işləyərkən
ürəyimdən keçənləri
olduğu kimi gerçəkləşdirə bilmirəm. İstədiyim
ağacı əldə
edə bilməyəndə
rahatlıq tapmıram.
İnternetdən 535 rəngdə,
növdə ağac barədə məlumat toplamışam. Onların
hərəsindən bircə
kub Bakıda olsaydı, möcüzə
yaradar, portretlər işləyə bilərdim.
Bu portreti tavandan asmaq, ya elə divarda
yığmaq olardı.
Təəssüf ki, bizdə istənilən malı tapmaq çətindir. Onların
bir hissəsini Rusiyadan, Türkiyədən
gətirdirik. İndiyəcən
52 adda ağacla işləmişəm. Yerli
mallara üstünlük
veririk. Fıstıq, ardıc, palıd, qoz, vələs ağaclarından yararlanırıq.
Xaricdən amarant, keşil, bubinqo, venqe, zebrano, laysvod, tiqervod, platan ağaclarını gətirdirik. Eyvanlar, pilləkənlər, yataq
dəstləri, güzgülər
də hazırlayırıq.
Bəzən bütün
mənzilin divarlarını
oymalı taxta işləmələrlə bəzəyir,
ümumi ansamblı tamamlayan qapı, pəncərələr düzəldirik"-
bunları da Qərib Həsənov deyir.
Parket işi yüksək
zövq, istedad, bədii yaradıcılığa meyil və
diqqət, səbir, dözüm, iradə, ciddi
ölçü-biçi tələb edir. Gərəkdir ki, çəkilən xətlər
sınmasın, əyilməsin.
Dəqiqliyinə qədər
cilalansın. Əks halda, mənzərədə
zəiflik, passivlik yaranar, dəqiqlik, gözəllik itər. Bəzən kiçik bir naxışı almaq üçün saatlarla dəzgah arxasında vaxt keçirmək gərək
olur. İstədiyin çaları tapmaq üçün günlərlə
axtarış aparırsan.
İşıqlar, kölgələr
yerində olmayanda rahatlıq tapmırsan. Rənglər uyarlaşanda,
ölçülər düz
gələndə sanki
hər yan işıqlanır. Sevincindən
qanadlanıb uçmaq
istəyirsən, elə
o andaca yeni bir ideya
yaranır, təzə
iş başlayır...
Fimar
Mədəniyyət.-2009.-5 fevral.-S.11.